Məhkəmə qərarları › İş №e-2-2(113)-7168/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-7168/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-7168/2025 17.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:

1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, S296/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Təchizatçı (iddiaçı) Alıcıya (cavabdehə) mal satır, Alıcı isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürür. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Müqavilənin: 1.1. 1.2-ci bəndinə görə malların miqdarı, çeşidi, qiyməti və dəyəri ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə əks olunur; 1.2. 2.1-ci bəndinə əsasən malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə əlavələr və onun ayrılmaz hissəsi olan Spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarla hissə-hissə həyata keçirilir; 1.3. 2.2-ci bəndinə görə malların təchizatı tərəflərin yazılı şəkildə razılaşdığı əraziyə (o cümlədən elektron poçtdan istifadə etməklə) uyğun olaraq partiyalarla həyata keçirilir; 1.4. 2.3-cü bəndinə əsasən Alıcı malların qəbulunu təmin etməyə, ona baxış keçirməyə, keyfiyyətini, çeşidini və kəmiyyətini (o cümlədən əlavələrin tamlığını) yoxlamağa borcludur. Bu “Müqavilə”yə əsasən tədarük olunan mallar lazımi keyfiyyətə malik olmalıdır. 1.5. 2.4-cü bəndinə əsasən mallar Təchizatçı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən Alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə Alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların Alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski Alıcının üzərinə düşür; 1.6. 2.5-ci bəndinə əsasən, mallara mülkiyyət hüququ tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən mallar üzrə qaimə sənədlərinin imzalandığı andan təchizatçıdan alıcıya keçir. 1.7. 3.1-ci bəndinə görə, Təchizatçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq malları alıcıya istehlak qablaşdırmasında təhvil verməyə borcludur. 1.8. 3.2-ci bəndinə əsasən, Xarici görünüşü, çeşidi, yer sayı və işlərinin tamlıqla doluluğu üzrə malların qəbulu alıcının anbarında həyata keçirilir və qaimədə malı qəbul etmiş şəxsin vəzifəsi, imzasının açıqlaması qeyd olunmaqla, eləcə də alıcının möhürü ilə təsdiqlənərək rəsmiləşdirilir. Malları qəbul edən şəxsin səlahiyyəti müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq edilməlidir. 1.9. 3.3-cü bəndinə əsasən, Tərəflər razılığa gəldilər ki, malalrın qəbulu və təhvil-təslimi zamanı keyfiyyətə dair heç bir pretenziya olmadığı təqdirdə qaimələrin imzalanması malların keyfiyyətinə əsasdır və malın təhvil-təslimi üzrə sənədlər imzalandıqdan sonra onun keyfiyyəti ilə bağlı pretenziya qəbul olunmur. 1.10. 4.1.-ci bəndinə görə bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların Təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində Təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, Alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. 1.11. 5.1-ci bəndinə əsasən, alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu (cərimə) ödəyir.

2. İş materiallarına əlavə edilmiş müştəri sifarişərində ümumilikdə 166,19 manat məbləğində, qaimə fakturalarda 1669,88 manat məbləğində malların cavabdehə təhvil verilməsi əks olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1857,32 manat məbləğində malların verilməsinə dair elektron qaimələr göndərilmişdir.

3. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən ümumilikdə 415 manat məbləğində ödəniş həyata keçirilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2022-ci il tarixli, S296/22 saylı Alqı-Satqı Müqaviləsi əsasında 1442.32 manat əsas, 144.23 manat dəbbə pulu və 36 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 1622.55 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında S296/22 saylı “Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1442.32 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni iddiaçıya ödəməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh iddia tələbinə etiraz edərək malların dəyərini iddiaçının səlahiyyətli nümayəndəsi olan ekspeditora ödədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən şahid X3 öz izahatında bildirdi ki, o, iddiaçı MMC-də 2023-cü ilin aprel ayından noyabr ayına qədər ekspeditor kimi fəaliyyət göstərmişdir. Onun vəzifəsi mağazalardan sifarişlər götürərək şirkətə təqdim etmək olmuşdur. Ümumi formalaşmış qaydaya görə həmin sifarişlər əsasında şirkət tərəfindən qaimələr tərtib edilir və mallar sürücü vasitəsi ilə mağazalara daşınır. Cavabdehi şəxsən tanımır, sadəcə şirkət adından 25% endirim ilə ona mal təklif etmişdir. Cavabdeh təklifi qəbul etmiş və ödənişi 2 həftə ərzində nağd şəkildə ödəməklə bağlı öhdəlik götürmüşdür. Həmin dövrdə iddiaçı MMC-də satış zəif olduğu üçün mallar rəsmi qaydada mağazalara verilməsinə baxmayaraq ödənişi qısa müddət ərzində qeyrirəsmi qaydada almaqla bağlı MMC-dən göstəriş almışdır. Bundan sonra cavabdeh öz öhdəliyinə əməl etmiş, 2 hissəyə bölməklə təxmini 1600 manat məbləğində vəsaiti ona ödəmişdir. O isə həmin pulu şirkətə təhvil vermişdir. Pulun cavabdehdən alınaraq MMC-yə təhvil verilməsinə dair hər hansı sənədləşmə mövcud olmamış, şirkət tərəfindən ona bu barədə sənəd verilməmiş, lakin ümumi formalaşmış qayda belə olmuşdur. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olmadığından rədd edilməlidir.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. Tərəflər arasında mübahisə cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi ilə bağlıdır.

22. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanunla müəyyən edilmiş əsaslardan - əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgəsinin işlərini tapşırıqsız aparma, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

23. Mülki Məcəllənin 567-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

24. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, S296/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası ilə təsdiq edilmiş “müştəri sifarişi” adlı sənəd əsasında müxtəlif çeşidli spirtli içki məhsulları cavabdehə təhvil verilmişdir. Məhkəmə malların təhvil verilməsini “müştəri sifarişi” adlı sənəd əsasında icra edildiyini tərəflər arasında artıq formalaşmış işgüzar qayda olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan öhdəliyini, yəni malların ayrı-ayrı hissələrlə lazımınca çatdırılmasını yerinə yetirmişdir.

25. Bundan başqa, malların cavabdeh tərəfindən təhvil alınması həm də onunla öz təsdiqini tapır ki, cavabdeh özü məhkəmə iclaslarında iştirak edərək malların ona təhvil verildiyini qəbul etmişdir.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Belə olan halda, məhkəmə qeyd edir ki, növbəti mərhələdə cavabdehin belə öhdəliyini yerinə yetirib-yetirmədiyi araşdırılmalıdır.

27. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında bildirmişdir ki, 25 % endirimlə olmaqla mallar cavabdehə onun iddiaçı MMC-də ekspeditor kimi fəaliyyət göstərdiyi dövrdə razılaşdırılaraq təhvil verilmiş, cavabdeh isə təhvil aldığı malların dəyərini 2 həftə ərzində ödəməklə bağlı öhdəlik götürmüşdür. Bundan sonra, cavabdeh öz öhdəliyini icra etmiş, 2 hissəyə bölməklə təxmini 1600 manat məbləğində vəsaiti ona ödəmişdir. O isə həmin pulu şirkətə təhvil vermişdir. Pulun cavabdehdən alınaraq MMC-yə təhvil verilməsinə dair hər hansı sənədləşmə mövcud olmamış, şirkət tərəfindən ona bu barədə sənəd verilməmişdir.

28. Beləliklə, cavabdehin aldığı mallara dair ödəniş etməsi iddiaçının belə ödənişləri qəbul etmək səlahiyyəti verilmiş nümayəndəsi (ekspeditor) tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, malların dəyəri cavabdeh tərəfindən ödənilmiş hesab edilməlidir.

29. Belə olan halda, məhkəmə işin hallarını, tərəflərin izahatlarını və şahidin ifadəsini nəzərə alaraq hesab edir ki, cavabdehin təhvil aldığı malların dəyərini ödəməsi işin məhkəmə araşdırması zamanı sübut edildiyindən iddia təmin edilməməlidir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 36 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş 36 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar