Məhkəmə qərarları › İş №e-2-2(113)-9661/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9661/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9661/2025 04.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “X2. (NİCO) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2. (NİCO) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 2.379.473,14 ABŞ dolları (iki milyon üç yüz yetmiş doqquz min dörd yüz yetmiş üç dollar on dörd sent) məbləğində xidmət haqqı qismində əsas borc, 3.075.773,58 ABŞ dolları (üç milyon yetmiş beş min yeddi yüz yetmiş üç dollar əlli səkkiz sent) məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 5.455.246,72 ABŞ dolları (beş milyon dörd yüz əlli beş min iki yüz qırx altı dollar yetmiş iki sent) məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq iddiaçı QAFQAZ TRANS SERVİCE MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNƏ ödənilməsi; İşə kommresiya məhkəmə baxılması üçün nəzərdə tutulmuş prosessul xərclər olan 500.00 AZN hüquqi yardıma görə xərcin əvəzi və 5427.00 AZN dövlət rüsumunun əvəzinin cavabdehə aid edilməsi və cavabdehdən məcburi qaydada alınaraq iddiaçıya ödənilməsi; Qeyd olunan əsas borcun, cərimə borcunun, prosessural xərclərin və digər ödənişlərin ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehin mülkiyyətində olan və faktiki olaraq iddiaçının sahibliyində (Qaradağ Terminalında yerləşən) olan 10.621,573 ton qaz kondensatı yükünə tutma yönəldilməsi və qeyd olunan borcların ödənilməsi yükün satışından əldə olunmuş məbləğin tutulması yolu ilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə elektron qaydada yazılı etiraz vermiş və etirazında qeyd etmişdir ki, bu etiraz mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə olan etirazdır. Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsini rəhbər tutaraq, "X2. (NİCO) Limited" şirkəti (bundan sonra “Naftiran”) "xxxx" MMC-nin (bundan sonra “QTS”) iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmasına etiraz edir. Etirazın əsasında duran hal odur ki, tərəflər arasında mövcud olan arbitraj sazişinə əsasən tərəflər 29 yanvar 2009-cu il tarixli QST/TRA/290109/T001 nömrəli Daşıma Xidmətləri Müqaviləsindən irəli gələn bütün mübahisələrin arbitraja verilməsi barədə razılaşmışlar. QTS-in İddia Ərizəsindən tam bəllidir ki, 5.455.246,72 ABŞ dolları məbləğində tələb 29 yanvar 2009-cu il tarixli QST/TRA/290109/T001 nömrəli Daşıma Xidmətləri Müqaviləsindən (“Xidmət Müqaviləsi”) irəli gəlir. Bununla əlaqədar qeyd edirik ki, Xidmət Müqaviləsinin 29.4-cü maddəsinə görə tərəflər Xidmət Müqaviləsindən və ya onunla əlaqədar yaranan bütün mübahisələrin Stokholmda (İsveç) UNCİTRAL Arbitraj Qaydalarına uyğun olaraq arbitraj vasitəsilə yekun həlli barədə arbitraj razılaşması bağlamışlar. Belə ki, Xidmət Müqaviləsinin Maddə 29.1 nəzərdə tutur ki, Xidmət Müqaviləsi İngiltərə və Uels qanunları ilə tənzimlənir. Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa məhkəmə ərizə baxılmamış saxlamalıdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, tərəflər aralarındakı kommersiya mübahisəsi ilə bağlı məhkəmədən kənar qaydada razılığa gəlmişlər, ancaq bəzi siyasi proseslərə görə cavabdeh barışıq sazişini imza və möhürlə təsdiq edə bilmir. Bununla belə, son danışıqlarda cavabdeh tərəf bildirdi ki, onlar mübahisənin Azərbaycan Respublikası məhkəmələrində həll edilib rəsmiləşdirilməsini, yəni həm işə baxılmasını, həm də sazişin məhkəmə qaydasında təsdiq edilməsini istəmirlər. İşin baxılmamış saxlanılması ilə bağlı cavabdehin etirazının dəlillərinə münasibətdə isə bildirir ki, hazırki mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun baxılmalıdır. Belə ki, tərəflər arasında bağlanan müqavilə yükdaşıma müqaviləsidir, bundan əlavə müqavilənin icra yeri Azərbaycan ərazisində yerləşir. Ali Məhkəmə Plenumunun Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında qərarına da dəyişikliklər olmuşdur. Həmin dəyişikliklərə əsasən Azərbaycan Respublikası daxilində qeydiyyata alınmış iki şirkət arasında olan mübahisə xarici dövlətlərin məhkəmələrində həll edilə bilməz. Həmin işlərə Azərbaycan Respublikasının məhkəmələri baxmalıdır. Ona görə də etirazın təmin edilməməsini və işin baxılmasının davam etdirilməsini xahiş edir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili yazılı etirazının məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin verdiyi məlumata görə danışıqlar hal-hazırda davam etdirilir və konkret nəticə yoxdur. Onda olan məlumata görə qarşı tərəf barışıq sazişinin layihəsini tərtib edərək cavabdehə təqdim edib və cavabdehin nümayəndələri də hazırda həmin layihəyə baxırlar. Hansı hissələrdə razılığın olub-olmaması barədə isə məlumatlı deyil. Müstəsna aidiyyət qaydasına münasibətdə isə nəzərə alınmalıdır ki, yükdaşıyanlara qarşı iddialarda məhkəmələrin müstəsna səlahiyyəti təsbit edilmişdir. Halbuki, hazırki mübahisə yükdaşıyanın iddiası ilə bağlıdır. Eyni zamanda tərəflər arasında barışıq sazişi bağlansa belə, bunun məhkəmə qaydasında təsdiqinin əleyhinədirlər. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh “X2. (NİCO) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “pul” tələbinə dair iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, təchizatçı İddiaçı MMC ilə sifarişçi “X2. (NİCO) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (İran İslam Respublikası) arasında 29 yanvar 2009-cu il tarixli, QST/TRA/290109/T001 saylı “Daşıma Xidmətləri Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin aşağıdakı şərtlərinə görə tərəflər arasında mübahisənin arbitraja verilməsi barədə razılıq vardır. 29.1-ci bəndinə əsasən Bu Müqavilə, başqa bir yurisdiksiyanın qanunlarının bu Müqaviləyə tətbiqini tələb edəcək hər hansı İngiltərə hüquq qaydaları və ya prinsipləri istisna olmaqla, İngiltərə və Uels qanunlarına əsasən tənzimlənir, təfsir edilir və tətbiq edilir.” 29.2-ci bəndinə əsasən … bu Müqavilənin təfsiri və ya icrasından, onunla əlaqədar və ya onunla bağlı olan hər hansı mübahisə, ziddiyyət və ya tələb, o cümlədən, bunlarla məhdudlaşdırılmadan, bu Müqavilənin mövcudluğu, tərtibi, etibarlılığı, təfsiri, icra olunma qabiliyyətinə malik olması, xitamı və ya onun şərtlərini pozulması ilə bağlı hər hansı mübahisə (bundan sonra “Mübahisə”) müstəsna və yekun olaraq bu 29-cu Maddədə göstərilən qaydada həll edilməlidir.” 29.3-cü bəndinə əsasən Tərəflər bütün Mübahisələri dostcasına həll etməyə çalışmalıdırlar. Mübahisənin birbaşa danışıqlar yolu ilə otuz (30) gün ərzində həll edilməməsi halında, Tərəflərdən hər biri 29.4-cü maddəyə uyğun olaraq məcburi arbitraj icraatını başlada bilər.” 29.4-cü bəndinə əsasən Hər bir Mübahisə, bu müqavilə tarixində qüvvədə olan Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyasının (“UNCİTRAL”) Arbitraj Qaydalarına (“UNCİTRAL Qaydaları”) uyğun olaraq, üç arbitrdən ibarət arbitraj məhkəməsi tərəfindən arbitraj yolu ilə yekun və qəti şəkildə həll edilməlidir; bir şərtlə ki, əgər hər iki Tərəf razılaşarsa, yalnız bir arbitr olacaqdır. Arbitrajın yeri Stokholm, İsveç olacaqdır. UNCİTRAL Qaydalarının İİ Bölməsində istinad edilən təyinat orqanı Stokholm Ticarət X1caqdır.” Bununla bağlı Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 14 dekabr 2023-cü il tarixli, 16/2023 nömrəli Qərarında qeyd olunur ki, MPM-in 29, 32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı birinin etirazı daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. İddia ərizəsinin məhkəməyə təqdim olunması və işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi barədə lazımi qaydada məlumatlı olan cavabdehin işə mahiyyəti üzrə baxılmasından sonra verdiyi etiraz qəbul edilməməli və icraat ümumi qaydada davam etdirilməlidir. Arbitraj şərtinin mövcud olduğu hallarda yuxarıda göstərilən səbəblərdən iddia ərizəsi baxılmamış saxlanılarsa və ya mülki mühakimə icraatı ümumi qaydada davam etdirilərsə, məhkəmə yekun məhkəmə aktında bununla əlaqədar müvafiq əsaslandırma aparmalıdır. Tərəflər arasında arbitraj şərtinin mövcud olmasına baxmayaraq, məhkəməyə iddia ərizəsi daxil olduqda, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixdə qoşulduğu “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının 2-ci maddəsinin 3-cü bəndinə və MPM-in 167.1 və 167.1.5-ci maddələrinə uyğun olaraq tərəflərin arbitraja müraciət etmək hüququ və bu hərəkətin nəticəsi onlara izah edilməlidir. Odur ki, tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın olduğunu, işə mahiyyəti üzrə baxılanadək mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdehin etiraz verdiyini, mübahisənin Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aid olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın, bu zaman məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda həmin məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X2. (NİCO) LİMİTED” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı 29 yanvar 2009-cu il tarixli, QST/TRA/290109/T001 saylı Daşıma Xidmətləri Müqaviləsi üzrə “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 5427(beş min dörd yüz iyirmi yeddi) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar