Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-273/2025 14.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə pul tələbi, qiyabi qətnamə) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, A22/23 saylı Təchizat Müqaviləsi əsasında 3715,58 manat əsas, 5684,84 manat dəbbə pulu və 114 manat ödəniləcək dövlət rüsumu olmaqla cəmi, 9514,42 manat pulun cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən “X7 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “X7 Company” MMC ilə fiziki şəxs Cavabdeh arasında A22/23 saylı “Təchizat” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X7 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri, xx.xx.2023-cü il tarixli EBCN seriyalı 992636 №-li, EBDB seriyalı xx.xx.2023-cü il tarixli 575511 saylı, EBDA seriayalı 381638 saylı, xx.xx.2023-cü il tarixli, ABDA Seriaylı, 956141 saylı xx.xx.2023 elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı Cavabdeh elektron-qaimələrə əsasən ƏDV daxil 3715,58 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də,alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni "xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
3. 24.01.2025-ci il tarixdə iddiaçının nümayəndəsi X3 elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, hazirki iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilən şəxs Cavabdeh Rich Qarabaq MMC-nin direktorudur, həmçinin maliyyə arayışında və təchizat müqaviləsində də Cavabdeh adı və VÖEN-i qeyd edilmişdir. Odur ki, qərar qəbul edilən zaman qeyd olunanların nəzərə alınması xahiş olunur.
4. xx.xx.2025-ci tarixdə iddiaçının nümayəndəsi X1 “iddia tələbinin azaldılması barədə” təqdim edərək, xx.xx.2023-cü il tarixli, A22/23 saylı Təchizat Müqaviləsi əsasında 3715,58 manat əsas, hər il üçün 5% olmaqla cəmi 185,78 manat dəbbə pulu və 114 manat dövlət rüsumunun (cəmi 4015,36 manat) cavabdeh tərəfindən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeyi
5. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.
6. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-273/2025 nömrəli iş üzrə qəbul etdiyi 14 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işinə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
İİİ. Sübutların tədqiqi
8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A 22/23 nömrəli “Təchizat müqaviləsi”nə İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni, alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
9. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 3715,58 manat borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
10. 12.12.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh yazılan qaimələr üzrə İddiaçı MMC-yə 9400,42 manat əsas borcu və 5684,84 AZN cərimə borcunun olması göstərilmişdir.
11. xx.xx.2025-ci il tarixli qarşılıqlı üzləşdirmə aktından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə olan borcu 3715,58 manat təşkil edir.
12. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ("xxxx" MMC, Bərəkət market) xx.xx.2023-cü il tarixli 381638 nömrəli qaimə üzrə 2276,64 manat, xx.xx.2023-cü il tarixli 956141 nömrəli qaimə üzrə 463,44 manat, xx.xx.2023-cü il tarixli 992636 nömrəli qaimə üzrə 763,14 manat, xx.xx.2023-cü il tarixli 575511 nömrəli qaimə üzrə 712,36 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
13. Sifariş qaimələrindən görünür ki, İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh xx.xx.2023-cü il tarixdə 116,40 manat ƏDV daxil ümumilikdə 763,14 manat, xx.xx.2023-cü il tarixdə 347,28 manat ƏDV daxil ümumilkidə 2276,64 manat, xx.xx.2023-cü il tarixdə 70,70 manat ƏDV daxil ümumilikdə 463,44 manat, xx.xx.2023-cü il tarixdə isə 108,66 manat ƏDV daxil ümumilikdə 712,36 manat məbləğində mallar çatdırılmış və Bərəkət marketin işçiləri Zahid və Ceyhun tərəfindən təhvil alınmışdır.
İV. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 238. Qiyabi icraatın əsasları 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Maddə 241. Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Maddə 242. Qiyabi qətnamənin məzmunu Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 252. Qiyabi qətnamənin qanuni qüvvəyə minməsi Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Maddə 253. Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə. 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər.
III. Məhkəmənin mövqeyi
a) müqavilə üzrə əsas borcun ödənilməsi tələbi ilə bağlı
16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
18. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli, A 22/23 nömrəli “Təchizat müqaviləsi”nə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni, alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 3715,58 manat borcu qalmışdır.
19. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli, A 22/23 nömrəli “Təchizat müqaviləsi”nə müqaviləsi üzrə 3715,58 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
20. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
21. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
23. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
26. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 3715,58 tutulması hissəsində əsaslıdır.
b) müqavilə üzrə cərimənin tutulması tələbi ilə bağlı
27. İddia ərizəsində iddiaçı 185,78 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
28. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A 22/23 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir.
29. Məhkəmə hesab edir ki, 185,78 manat məbləğində dəbbə pulu (penya) ağlabatan və ədalətlidir və buna görə də cərimə olaraq 185,78 manat (əsas borcun 5% həddində) məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı, elecədə 114 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********32 nömrəli mədaxil qəbzi ilə 114 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 114 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
IV. Məhkəmənin gəldiyi nəticə
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A22/23 nömrəli təchizat müqaviləsinə əsasən 3715,58 manat əsas borc, 185,78 manat cərimə borcu olmaqla, cəmi 3901,36 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
35. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 238 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A22/23 nömrəli təchizat müqaviləsinə əsasən 3715,58 manat əsas borc, 185,78 manat cərimə borcu olmaqla, cəmi 3901,36 (üç min doqquz yüz bir manat otuz altı qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114 (bir yüz on dörd) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli