Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-572/2024 05.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 0907/2021ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdehdən 44104,76 manat məbləğində pul vəsaitinin və 223 manat miqdarında ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 0907/2021 saylı alqısatqı müqaviləsi bağlanmış, tərəfimizdən öhdəliyin icra edilməsinə, yəni müqavilə üzrə məhsulun tərəfə verilməsinə baxmayaraq, borclu müqavilə üzrə öhdəliyini tam icra etməmiş, onun faktiki olaraq İddiaçı MMC-yə 44104,76 manat borcu yaranmışdır. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, cavabdehin iştirakı ilə aparılmış üzləşdirmə zamanı onun borcunun 52189 manat, depozitdə olan məbləğin isə 6000 manat olması müəyyən edilmiş, o bununla razılaşmış və aktı imzası ilə təsdiq etmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu etiraf etdiyi məbləğdən depozit hesabında olan məbləğlə birlikdə cəmi 8084,24 manat ödəniş etmişdir. Beləliklə, işin faktiki və hüquqi əsasları ilə iddia tam sübuta yetirilir və görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməmiş və bunun nəticəsində də İddiaçı MMC-yə 44104,76 manat borcu yaranmışdır. Tərəflərindən cavabdehə borcunu icra etməsi barədə pretenziya verilsə də, o öhdəliyinin icrası tam təmin etməmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini müdafiə edirlər və məhkəmədən iddianın təmin edilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, oğlunun ticarətdən anlayışı olmayıb. Buna baxmayaraq iddiaçı şirkət tərəfindən ona necə 200000 manat məbləğində məhsul veriblər başa düşə bilmir. Bir də qeyd etmək istəyir ki, oğluna vaxtı keçmiş məhsul veriblər və buna görə oğluna cərimə yazılıb. Amma o cərimə məbləği iddia tələbində qeyd olunmayıb. Pul qazanmaq üçün özü hal-hazırda Rusiyaya gedib. Hər ay pul göndərir. O da həmin borcdan ödəniş edir. Mağaza uzun müddətdir ki, işləmir. Etdiyi ödənişlərin nəzərə alınmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, üzləşdirmə aktı, müştəri hərəkətləri hesabatı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2021-ci il tarixli müqaviləyə əsasən satıcı tərəfin təqdim etdiyi şərtlər və qaydalar daxilində istehsal idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və alkoqollu içkiləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə və ya hesab faktura, elektron qaimə, təhvil-təslim aktlarında qeyd edilən miqdarda, çeşiddə və qiymətdə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1ci bəndinə əsasən mal alıcıya təhvil veriləndə miqdarı, standartlara uyğunluğu, keyfiyyəti və çeşidi qəbul etdiyi zaman alıcı və ya nümayəndəsi tərəfindən yoxlanılır. Müəyyən olunan əksiklik dərhal qüsur aktı tərtib olunaraq sənədləşdirilir. İş materiallarında olan 18 may 2023-cü il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh 52189 manat debitor borcunun olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun borcu yaranmışdır. Məhkəmə cavabdehdən 44104,76 manat məbləğində pulun tutulması ilə bağlı qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli müştəri hərəkətləri hesabatından görünür ki, cavabdeh tərəfindən 29 fevral 2024-cü il və xx.xx.2024-cü il tarixlərində ayrı-ayrılıqda 500 manat ödəniş edilmiş və nəticədə cavabdehin 43104,76 manat borcu qalmışdır. Odur ki, iddia pulun tutulması ilə bağlı qalan hissədə rədd edilməlidir. Cavabdehin borcunun olması tərəflər arasında bağlanmış üzləşdirmə aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 43104,76 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı öz ərizəsində İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi barədə tələb irəli sürsə də, iş materiallarına əlavə edilmiş müqavilədən göründüyü kimi müqavilənin müddəti başa çatmışdır. Hazırki tarixə müddəti bitməklə qüvvədə olmayan müqavilənin ləğvi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də rədd edilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 223 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 219,32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 3,68 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 43104,76 manat məbləğində borc, 219,32 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 43104,76 manat məbləğində borc, 219,32 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 3,68 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-572/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-572/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver