Məhkəmə qərarları › İş №e-2-2(115)-947/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-947/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-947/2023 27.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30298 manat əsas borc və 230599,15 manat cərimə borcu olmaqla, ümumilikdə 260897,15 manat borcun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin və 150,90 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, 455730 kq arpa məhsulu, 1 kq qiyməti 0,44 manat olmaqla, ümumilikdə 200521,98 manata İddiaçı QSC tərəfindən Şəmkir Un-Yem MMC-yə satılmışdır. Eyni tarixdə tərəflər arasında bağlanmış akta əsasən, bütün malların Alıcıya təhvil verilməsi təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, malın ümumi qiyməti 5 iş günü ərzində (yəni xx.xx.2022-ci il tarixinədək) ödənilməlidir. Müqavilənin 7.2-ci bəndinə əsasən isə, alıcı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə, gecikdirilən hər 1 təqvim günü üçün malın dəyərinin 1% miqdarında cərimə ödəməlidir. Cavabdeh MMC tərəfindən bugünədək əsas borc üzrə 30298 manat ödənməmiş borc məbləği qalmışdır. Məsələ ilə bağlı bir neçə dəfə müraciət olunmuş, lakin ödənişlər olmamışdır. Müqavilə üzrə bugünədək 115 təqvim günü gecikmə günü var və müqaviləyə görə həmin müddətə görə (1 təqvim günü 2005,21 manat olmaqla) 230599,15 manat cərimə ödənilməlidir. Beləliklə İddiaçı QSC üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC buna əməl etməyərək, təqdim edilən mala görə məbləğlərin ödənilməsinə dair üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. İddiaçı QSC xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3988 manat əsas borc, 230599,15 manat cərimə borcu olmaqla, ümumilikdə 234587,15 manat pulun, ödənilmiş 400 manat mediasiya xərci, 150,90 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC sonuncu dəfə xx.xx.2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 3988 manat ödəniş edildiyini, lakin cərimə və çəkilən xərclər hissəsində hər hansı ödəniş etmədiklərini, İddiaçı QSC isə Cavabdeh MMC-yə bütün borc məbləğini ödədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, ilkin iddia ərizəsi üzrə iddianın cərimə, dövlət rüsumu və mediasiya xərci hissəsində təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3987,32 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun İddiaçı QSC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanan saxlama müqaviləsinə əsasən İddiaçı QSC-yə məxsus 456,44 ton arpanın saxlanılması nəzərdə tutulmuşdur. Saxlama müddəti nəzərə alınmaqla 456,44 ton arpanın saxlanılmasının 4 aylıq dəyəri 3651,56 manat təşkil edir və arpanın qurudulması üçün isə 335.76 manat xidmət haqqı təşkil edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi, əlavə olaraq göstərdi ki, tərəflər arasında müqavilə bağlanan zaman ödənişin ən geci 1 həftə ərzində ediləcəyi söz verilmişdi. Belə ki, onların özlərinin də başqa yerə ödəyəcəkləri məbləğlər var idi. Lakin cavabdeh tərəfindən ödəniş 8 aya kimi gecikdirildiyi üçün onlar bankdan kredit götürüb faiz ödəmək məcburiyyətində qalmışlar. Qarşı tərəf onlara olan borcunu ödədiyi gün cavabdehə olan borclarını ödəyəcəklər. Məhkəmənin hazırlıq iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, onların saxlanc anbarı var və iddiaçı ilə cavabdeh arasında 15 iyun 2022-ci il tarixində saxlama müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 500 ton, tonu 2 manatdan olmaqla 4 ay müddətinə arpa cavabdehə saxlanca təhvil verilmişdir. Saxlanca verilən malı iddiaçıya qaytarmamışlar. Tərəflər arasında müqavilə bağlanaraq həmin saxlancda olan arpanı iddaçıdan satın almışlar. Müqavilə üzrə aldıqları malın çox hissəsini ödəmişlər, qalan borc isə saxlanc müqaviləsinə əsasən İddiaçı QSC-nin Cavabdeh MMC-nə olan borcu ilə əvəzləşdirilmişdir. Beləliklə də, onların bir-birlərinə olan borc məbləği bir-birini ödəyir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 izahatında göstərdi ki, tərflər arasında uzun müddətə dayanan əməkdaşlıq olmuş, belə bir mübahisə əvvəllər yaranmamışdır. Tərəflər arasında 15 iyun 2022-ci il tarixində saxlama müqaviləsi imzalanmışdır, lakin qarşı tərəf müqavilə üzrə öhdəliklərini icra etməmiş, saxlama haqqını ödəməmişdir. Nümayəndəsi olduğu şirkətin fəaliyyətində yaranmış problemlərə görə alqı-satqı müqaviləsi üzrə ödənişlər gecikmişdir. Cavabdeh MMC ilkin iddia üzrə iddiaçıya olan borcunu tamamilə ödəmişdir. İddiaçı QSC isə onlara olan borcdan 3379 manat ödəniş etmiş, lakin borcunu tam ödəməmişdir. Tərəflərindən qarşı tərəfə olan borcun ödənilməsinin nəzərə alınmasını və qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı QSC 1 kq-nın qiyməti 0.44 manat olmaqla ümumi çəkisi 455730 kq olan 200521,98 manat dəyərində arpanı alıcı Cavabdeh MMC-nə satmağı, alıcı isə həmin malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədikdə gecikdirilən hər gün üçün malın dəyərinin 1% miqdarında cərimə ödəməsi nəzərdə tululmuşdur. İş materiallarında xx.xx.2022-ci il tarixli malların təhvil-təsliminə dair aktdan görünür ki, ümumi dəyəri 200521,98 manat olan 455,73 ton arpanın satıcı tərəfindən alıcıya təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 15 iyun 2022-ci il tarixli 001 saylı saxlama müqaviləsindən görünür ki, malı saxlayan Cavabdeh MMC, tərəflərin iştirakı ilə tərtib edilmiş akta əsasən təhvil almış olduğu malı saxladan İddiaçı QSCyə məxsus olan arpa məhsulunu müəyyən olunmuş müddətdə lazımı şəraitdə saxlamağı və sonda təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mallar qəbul olunarkən, hər bir maşından arpanın nəmliyini laboratoriyada ölçmək üçün nümunə götürülür. Nəmliyi 12%-dən çox olan arpa qurudularaq nəmliyi 12%-ə çatdırılır və 12%-dən artıq olan faiz fərqi qədər akta əsasən qəbul olunan malın miqdarı azaldılır. Əlavə olaraq laboratoriya nəticələrinə əsasən nəmliyi 16% faizdən artıq olan hər bir ton arpanın qurudulması üçün 3 manat xidmət haqqı hesablanır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən malların kisələrə doldurularaq anbarda saxlama haqqı bir ton arpa məhsulu üçün aylıq 2 manat (ƏDV daxil) olmaqla hesablanır. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli 411478 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nə 3987,33 manat dəyərində qaimə ötürülmüşdür. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, 15 iyun 2022-ci il tarixli saxlama müqaviləsi üzrə yaranmış borcundan İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nə 3379 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. İlk öncə məhkəmə ilkin iddia ilə bağlı bildirir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 29 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı QSC 1 kiloqramının qiyməti 0,44 manat olmaqla ümumi çəkisi 455730 kiloqram olan 200521,98 manat dəyərində arpanı alıcı Cavabdeh MMC-nə satmağı, alıcı isə həmin malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. İlkin iddia üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, satdığı malı Alıcıya vermiş, Alıcı isə malın pulunu müqavilədə nəzərdə tutulduğu müddətdə tam ödəməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsi üzrə 30298 manat əsas borcun və 230599,15 manat cərimə borcunun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi ilkin iddia üzrə cavabdeh ödəyəcəyi məbləğin böyük bir hissəsini iddia qaldırılmazdan əvvəl ilkin iddiaçıya ödəmiş, iddia tələbində qeyd edilən əsas borc məbləğinin xeyli hisssəsini məhkəmə hazırlıq iclası keçirilənədək, qalan hissəsini olan 3988 manatını hazırlıq iclası zamanı ilkin iddia üzrə iddiaçıya ödəmişdir. Beləliklə ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya hər hansı əsas borcu qalmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia cərimənin ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun ilkin iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Satıcı malı satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə ilkin iddia üzrə cavabdeh tərəfindən əsas borc məbləğinin tamamilə ödənilməsini, habelə əsas borc məbləğinin xeyli hissəsinin ilkin iddiaçı məhkəmədə iddia qaldırdığı ərəfədə ödənilməsini nəzərə hesab edir ki, 230599 manat 15 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə 200 manat cərimə borcu ilkin iddia üzrə Cavabdeh MMCdən tutularaq ilkin iddia üzrə İddiaçı QSC-yə ödənilməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 15 iyun 2022-ci il tarixli saxlama müqaviləsi bağlanmış, müqaviləyə əsasən malı saxlayan Cavabdeh MMC tərəflərin iştirakı ilə tərtib edilmiş akta əsasən təhvil almış olduğu malı saxladan İddiaçı QSC-yə məxsus olan arpa məhsulunu müəyyən olunmuş müddətdə lazımı şəraitdə saxlamağı və sonda təhvil verməyi öhdəsinə götürmüşdür. Saxlayıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, Malı verən isə öhdəliklərini yerinə yetirməmiş, müqavilə üzrə ödəyəcəyi məbləği müqavilədə nəzərdə tutulan müddətdə ödəməmişdir. Məhkəmə icraatı zamanı isə İddiaçı QSC 3379 manat ödəniş etmişdir. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC iddia tələbində saxlama müqaviləsi üzrə İddiaçı QSC-dən 3987,32 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbində həmin məbləğin 3651,56 manatının 456,44 ton arpanın 4 ay ərzində saxlanılması haqqı, 335,76 manatının isə nəmlik faizi 16%-dən artıq arpanın qurudulmasına çəkilmiş xərc qismində tələb etmişdir. Məhkəmə tələb edilən məbləğlərlə bağlı bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, 2022-ci ilin iyun ayı ərzində Saxlayıcıya 456,44 ton deyil, 410,56 ton apra saxlanılması üçün təhvil verilmişdir ki, həmin miqdarın müqavilə üzrə saxlanılma haqqı 812,12 manat təşkil edir. 2022-ci ilin iyul ayında isə əlavə olaraq 45,88 ton arpa saxlanılması üçün təhvil verilmiş və iyul ayında saxlanılması üçün verilmiş arpa 456,44 ton təşkil etmiş, bir aylıq saxlama haqqı isə 912,88 manat təşkil etmişdir. Arpa məhsulu isə alqısatqı müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə Alıcıya təhvil verilmişdir. Belə olan halda arpa məhsulunun 4 ay ərzində saxlanılması üçün haqq 3651,56 manat deyil, 3559,76 manat təşkil edir. Həmin məbləğlə arpanın nəmliyinin qurudulmasına çəkilmiş xərc birlikdə 3895,52 manat təşkil edir. Nəzərə alınsa ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 3379 manat ödəniş edilmiş, o zaman qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya olun borcu 516,52 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış saxlama müqaviləsi üzrə 516 manat 52 qəpik məbləğində borc qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-dən tutularaq qarşılıqılı iddia üzrə iddiaçı Cavabdeh MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 150,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 30219 nömrəli qəbzdən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 60 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 150,40 manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq ilkin iddia üzrə İddiaçı QSC-yə ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 60 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-dən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 200 (iki yüz) manat cərimə borcu, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 150 (bir yüz əlli) manat 90 (doxsan) qəpik dövlət rüsumu ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2022-ciil tarixli 001 saylı saxlama müqaviləsi üzrə 516 (beş yüz on altı) manat 52 (əlli iki) qəpik borc və 60 (altmış) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. İlkin iddianın və qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar