Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1001/2024 15.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “4740.11 manat borc və 67.41 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 151 nömrəli alğı-satqı müqaviləsinə əsasən fermer Cavabdeh ona məxsus Zərdab rayonunun Bəyimli kəndində yerləşən 10 ha torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, sonuncu isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi ilə 462,00 manat məbləğində çöp doğrama, 710,00 manat məbləğində şum, 560,00 manat məbləğində mala, 112,00 manat məbləğində kanal çəkmə, 238,00 manat məbləğində çiyid səpini, 600,00 manat məbləğində pambığın maşınla yığımı, 250,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2106,00 manat məbləğində toxumluq çiyid olmaqla ümumilikdə 5038 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal aqrotexniki xidmətlərin görülməsi barədə akt, malların təhvil-qəbul aktları, ödəniş tapşırığı, qiymətlərin razılaşdırılma protokolu ilə təsdiq edilir. İddiaçı həmçinin gübrə kultivasiya ilə bağlı 20 manat dəyərində xidmət göstərildiyini və ötən illərdən qalıq borc kimi 2135.64 manat borcun olduğunu iddia edir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 2453,53 manat məbləğində, 3066,91 kq xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi borcu qalmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehə müraciət etməsinə baxmayaraq sonuncu borcunu ödəməkdən üzrsüz səbəblərdən yayındığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada göndərilmiş və xx.xx.2024-cü il tarixdə ünvanı üzrə şəxsən təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış cavabdehin etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış müqavilə, Aktlar, Ödəniş tapşırığı, Qaimə-Fakturalar, Qiymətlərin razılaşdırma protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə məhkəmə onu qeyd edir ki, 4740,11 manat borc tələbi 2 hissədən (2023cüil tarixli müqavilə üzrə 2604,47 manat borcun ödənilməsi və ötən illərdən qalıq borc kimi 2135,64 manat borcun ödənilməsindən) ibarətdir. 2135,64 manat borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 151 nömrəli alğı-satqı müqaviləsinin icrası ilə əlaqədar cavabdehin sifarişi 462,00 manat məbləğində çöp doğrama, 710,00 manat məbləğində şum, 560,00 manat məbləğində mala, 112,00 manat məbləğində kanal çəkmə, 238,00 manat məbləğində çiyid səpini, 600,00 manat məbləğində pambığın maşınla yığımı, 250,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2106,00 manat məbləğində toxumluq çiyid olmaqla ümumilikdə 5038 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Bu hal aqrotexniki xidmətlərin görülməsi barədə akt, malların təhvil-qəbul aktları, ödəniş tapşırığı, qiymətlərin razılaşdırılma protokolu ilə təsdiq edilir. Eyni zamanda iddiaçı 20 manat məbləğində gübrə kultivasiya xidmətinin göstərilməsini iddia etsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Ümumilikdə müqavilənin icrası ilə əlaqədar 5058 manat xidmət göstərildiyi iddia edilsə də, 20 manat gübrə kultivasiya xidmətinin göstərilməsi sübut edilmədiyindən 5038 manat xidmət göstərilməsini məhkəmə qəbul edir ki, həmin yerinə yetirilmiş iş və xidmətlər qarşılığında cavabdeh tərəfindən iddiaçının etiraf etdiyi kimi 2453.53 manat dəyərində 3066.91 kq xam-pambıq təhvil verilmiş, qalan görülmüş iş və xidmətlərin qarşılığı ödənmədiyindən ödənilməmiş 2584,47 manat borc öhdəliyi qalmıdşır (5038 - 2453.53 = 2584,47). Cavabdehin qeyd edilən məbləğdə borcunun olması iş materiallarında olan ödəniş tapşırığı, aktlar ilə öz təsdiqini tapır. Bu səbəbdən xx.xx.2023-cü il tarixli 151 nömrəli alğısatqı müqaviləsinin icrası ilə əlaqədar yerinə yetirilmiş iş və xidmətlərin dəyərinin qalıq 2584,47 manat borc hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin ötən illərdən qalıq borc kimi 2135,64 manat borcun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə təkrar qeyd edir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə araşdırması zamanı ötən illərdən 2135,64 manat qalıq borc ilə bağlı müqavilənin bağlanması və onun icrası ilə bağlı hansı işlərin və xidmətlərin görülməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdehlı iddiaçı arasında 2023-cü ildən öncəki tarixlərdə müqavilə münasibətinin olmasını və ötən illərdən qalıq borcun həqiqi dəyərinin iddiaçının iddia etdiyi kimi olmasını müəyyən etmək mümkün deyildir. Odur ki, tələb bu hissədə sübuta yetirilmədiyindən əsassızdır və rədd edilməlidir. Halbuki Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2584,47 manat borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə rədd ediləmlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən 4740,11 manat) ödənilməli dövlət rüsumu 67,40 manat təşkil edir ki, iddia tələbi qismən təmin edildiyindən həmin dövlət rüsumunun 30.65 manatı iddiaçıdan, 36.75 manatı cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 64.41 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. İddiaçı tərəfindən ödənilmiş 64.41 manat dövlət rüsumundan iddiaçı tərəfindən ödənilməli 30.65 manat çıxılmaqla qalan 36.75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2584,47 manat borc, 36.75 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1001/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1001/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver