Məhkəmə qərarları › İş №e-2-2(117)-1287/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1287/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1287/2024 30.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilməmiş sığorta haqqı borcuna görə 214.54 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddiasında bildirmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC ilə sahibkar Cavabdeh arasında xx.xx.2023-cü il tarixində **********922 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və həmin müqaviləyə QH********** nömrəli Qoşma imzalanmışdır. Həmin Qoşmanın qüvvədə olma müddəti xx.xx.2023–xx.xx.2024-cü il tarixinədək və ödənilməli sığorta haqqı cəmi məbləği 745.2 manat müəyyən edilmişdir. Cavabdeh QH********** nömrəli Qoşma üzrə 380 manat ödəniş etsə də, sonradan sığorta haqqını ödəmədiyindən xx.xx.2023-cü il tarixində müqaviləyə vaxtından əvvəl xitam verilmiş, bu səbəbdən sığorta haqqı borcuna görə yenidən hesablanma aparılmış,150.66 manat qaytarılan məbləğ çıxılmaqla qalıq sığorta haqqı borcu 214.54 manat məbləğində olmuşdur. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sığortalı (Cavabdeh) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığortaçı qeyd edilən qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişini ödəməyi öhdəsinə götürmüşdür. 5.1-ci bəndinə əsasən qeyd edilən qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə göstərildiyi kimi razılaşdırılır. 5.2-ci bəndinə əsasən müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin qoşmasının təsdiq edildiyi gün ödənilir. 5.3-cü bəndinə əsasən bu müqavilədə sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda sığorta haqqının razılaşdırılmış ilk hissəsi ümumi sığorta haqqının 25%-dən az olmamaqla müqavilənin qoşmasının təsdiq edildiyi gün, qalan hissəsi isə sığorta haqqı iki, üç, və ya dörd hissəyə bölünməklə müqavilənin qoşmasında göstərildiyi kimi ödənilir. 7.3.1-ci bəndinə əsasən müqavilə ilin sonuna azı 30 gün qalmış müqaviləyə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında müqaviləyə xitam verilir. 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumaların zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və ya əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri, habelə xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Müqaviləyə QH********** nömrəli xx.xx.2023-cü il tarixli illik qoşmadan görünür ki, cavabdeh MMC-nin sığorta olunan işçiləri üçün cəmi ödənilməli sığorta haqqı 745.2 manat təşkil edir. İddiaçı pretenziya ilə borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə ünvanı üzrə çatdırılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, fiziki şəxs olaraq 2024-cü ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Maddi vəziyyətini nəzərə alaraq yaranmış 214.54 manat məbləğində sığorta haqqı borcunu bərabər hissələrlə 2024-cü ilin sonuna qədər ödəyəcəyinə zəmanət verir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış sığorta müqaviləsi, QH********** nömrəli qoşma, QH**********/1 nömrəli əlavə, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). MM-in: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 921.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında” Qanun) 1-ci maddəsində sığorta hüququnun bir sıra əsas məfhumların anlayışı təsbit edilmişdir. Həmin Qanunun 1.1.3, 1.1.4 və 1.1.5-ci maddələrində sığortaçı - bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığorta olunan isə sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.1.14-cü maddəsinə əsasən isə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən sığortalı (Cavabdeh) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığortaçı qeyd edilən qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişini ödəməyi öhdəsinə götürmüşdür. 5.1-ci bəndinə əsasən qeyd edilən qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, habelə sığorta haqqının müqavilə üzrə bir illik ümumi məbləği müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan cədvəldə göstərildiyi kimi razılaşdırılır. 5.2-ci bəndinə əsasən müqavilədə razılaşdırılmış sığorta haqqının ümumi məbləği müqavilənin qoşmasının təsdiq edildiyi gün ödənilir. 5.3-cü bəndinə əsasən bu müqavilədə sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda sığorta haqqının razılaşdırılmış ilk hissəsi ümumi sığorta haqqının 25%-dən az olmamaqla müqavilənin qoşmasının təsdiq edildiyi gün, qalan hissəsi isə sığorta haqqı iki, üç, və ya dörd hissəyə bölünməklə müqavilənin qoşmasında göstərildiyi kimi ödənilir. 7.3.1-ci bəndinə əsasən müqavilə ilin sonuna azı 30 gün qalmış müqaviləyə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında müqaviləyə xitam verilir. 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumaların zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və ya əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri, habelə xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Müqaviləyə QH********** nömrəli xx.xx.2023-cü il tarixli illik qoşmadan görünür ki, cavabdeh MMC-nin sığorta olunan işçiləri üçün cəmi ödənilməli sığorta haqqı 745.2 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, müqaviləyə qoşmadan göründüyü kimi sığortalı Cavabdeh 9 nəfər işçisi üçün cəmi ödənilməli sığorta haqqı 745.2 manat təşkil etmişdir ki, cavabdeh müqavilə öhdəliyini tam icra etməyərək sığorta haqqını tam şəkildə ödəməmişdir. Sonuncu müqavilə üzrə öhdəliyini pozduğundan iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə müqaviləyə vaxtından əvvəl xitam verilmiş və sonuncunun 214.54 manat sığorta haqqı borcu ödənilməmiş qalmışdır. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə sığorta haqqı olaraq 380 manat, xx.xx.2023-cü il tarixdə isə 365,2 manat cəmi 745,2 manat ödəməli idi. Cavabdeh xx.xx.2023-cü il tarixdə olan sığorta haqqını tam ödəsə də, xx.xx.2023-cü il tarixdə ödəməli olduğu 365,2 manatı ödəməmiş, tərəflər arasındakı müqaviləyə isə xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl xitam verildiyindən, qaytarılmalı məbləğ 150,66 manat müəyyən edilmiş, ödənilməli 365,2 manat məbləğdən həmin məbləğ çıxılarsa yerdə qalan məbləğ 214,54 manat təşkil edir. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, fiziki şəxs olaraq 2024-cü ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Maddi vəziyyətini nəzərə alaraq yaranmış 214.54 manat məbləğində sığorta haqqı borcunu bərabər hissələrlə 2024-cü ilin sonuna qədər ödəyəcəyinə zəmanət verir. Məhkəmə qeyd edilən ərizəni cavabdehin iddia tələbini etiraf etməsi kimi qəbul edir. Belə ki, cavabdeh borcunun mövcudluğunu təsdiq etməklə həmin borcu ödəyycəyini təsdiq edir. Məhkəmə hesab edir ki, 214.54 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, cavabdeh tərəf öz ərizəsi ilə iddia tələbində qeyd edilən məbləğdə borcu olduğunu qəbul etmiş və hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Cavabdeh borcunu etiraf etdiyindən məhkəmə əlavə araşdırma aparmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 214.54 manat sığorta borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia təmin edildiyindən cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 214.54 manat sığorta borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar