Məhkəmə qərarları › İş №e-2-2(117)-1317/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1317/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1317/2023 12.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1276,55 manat borc və 60 manat mediasiya mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli, 18/21-89 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Səmədabad kəndində yerləşən 1 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, MMC isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında işlər görülmüş və avans məbləğləri verilsə də cavabdeh müqavilə öhdəliyini lazımınca icra etməmiş və nəticədə 2021-ci il mövsümü üzrə 243,80 manat məbləğində borcu qalmışdr. Cavabdehin 2021-ci il tarixli müqavilə üzrə borcu aktlar, ödənilmiş avans vəsaitinə dair ödəniş tapşırıqları, malların-təhvil-qəbul aktları, eləcə də qarşılıqlı üzləşmə aktları və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiqini tapır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli 18/22-097 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Səmədabad kəndində yerləşən 2 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, MMC isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 16 manat məbləğində çöp doğrama, 190 manat məbləğində şum, 25 manat məbləğində kanal çəkmə, 51 manat məbləğində mala çəkmə, 37,5 manat məbləğində çiyid səpini, 88 manat məbləğində kultivasiya, 195 manat məbləğində dərman səpini, 80 manat məbləğində baraza, 650 manat məbləğində pambığın becərilməsinə görə ödənilmiş avans vəsaiti, 450 manat məbləğində pambığın kombaynda yığımı, 1228,88 manat məbləğində gübrə və dərman, 399,36 manat məbləğində çiyid, 243,80 manat məbləğində ötən illərdən qalıq borc nəzərə alınmaqla, ümumilikdə 3654,54 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans vəsaiti verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktı, ödəniş tapşırıqları, Aktlar, malların təhvil-qəbul aktları və maliyyə arayışından göründüyü kimi MMC tərəfindən cavabdehin sifarişi əsasında 2022-ci il mövsümü üçün 3410,74 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini lazımıca yerinə yetirməmiş və mövsümlərin başa çatsamasına baxmayaraq xx.xx.2021-ci il tarixli, 18/21-89 nömrəli müqavilənin icrası ilə bağlı 243,80 manat, xx.xx.2022-ci il tarixli 18/22-097 nömrəli müqavilənin icrası ilə bağlı 1032,75 manat olmaqla ümumilikdə iddiaçıya ödənilməmiş 1276,55 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 1276,55 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə sonuncunun elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-89 nömrəli və xx.xx.2022-ci il tarixli 18/22-097 nömrəli müqavilələr, 2021-ci il və 2022-ci il tarixli Aktlar, 2021-ci il və 2022-ci ilə aid Ödəniş tapşırıqları, 2021-ci il və 2022-ci il tarixli Təhvil-qəbul aktları, Üzləşmə aktı, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli 18/22-097 nömrəli müqaviləyə əsasən fermer Cavabdeh ona məxsus Yevlax rayonunun Səmədabad kəndində yerləşən 2 ha torpaq sahəsində pambıq becərməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı, MMC isə məhsulu qəbul etməyi və müqavilə müəyyən olunmuş şərtlər daxilində istehsalçının borclarını çıxmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 16 manat məbləğində çöp doğrama, 190 manat məbləğində şum, 25 manat məbləğində kanal çəkmə, 51 manat məbləğində mala çəkmə, 37,5 manat məbləğində çiyid səpini, 88 manat məbləğində kultivasiya, 195 manat məbləğində dərman səpini, 80 manat məbləğində baraza, 650 manat məbləğində pambığın becərilməsinə görə ödənilmiş avans vəsaiti, 450 manat məbləğində pambığın kombaynda yığımı, 1228,88 manat məbləğində gübrə və dərman, 399,36 manat məbləğində çiyid, 243,80 manat məbləğində ötən illərdən qalıq borc nəzərə alınmaqla, ümumilikdə 3654,54 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans vəsaiti verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktı, ödəniş tapşırıqları, Aktlar, malların təhvil-qəbul aktları və maliyyə arayışından göründüyü kimi MMC tərəfindən cavabdehin sifarişi əsasında 2022-ci il mövsümü üçün 3410,74 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Eyni zamanda iddiaçı ötən illərdən qalıq borc kimi 243,80 manat məbləğində pulun ödənilməsinə dair həmin illərə aid sübut qismində xx.xx.2021-ci il tarixli, 18/21-89 nömrəli müqaviləni, Aktları, ödənilmiş avans vəsaitinə dair ödəniş tapşırıqlarını, malların-təhvil-qəbul aktlarını, eləcə də qarşılıqlı üzləşmə aktını məhkəməyə təqdim etmişdir ki, xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə Cavabdeh 243,82 manat borcunun mövcudluğunu öz imzası ilə etiraf etmişdir. Beləliklə müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitini və görülmüş işlərin dəyərini xam-pambıqla ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə iddaçı almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini lazımınca yerinə yetirməmiş və mövsüm başa çatsa da, 3410,74 manat məbləğdən ümumi dəyəri 2377,99 manat olan xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırki dövrə kimi, eləcə də ötən illərdən qalıq borc kimi 243,80 manat da daxil edilməklə ödənilməmiş 1276,55 manat məbləğində borcu qalmışdır. Bu səbəbədən həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1276,55 manat) ödənilməli dövlət rüsumu 32,76 manat təşkil edir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 32,76 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə və iddiaçı onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1276,55 manat borc, 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 32,76 manat Dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar