Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-132/2025 13.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Nümayəndə1, Vəkil3, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul və əldən çıxmış faydanın qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 52.000 manat və Cavabdeh2 47.000 manat məbləğində əsas borcun, 30.000 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pulun, cəmi 130.000 manat məbləğində pulun və 420 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı X2 ödənilməsi, borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 52.000 manat və Cavabdeh2 47.000 manat məbləğində əsas borcun, 30.000 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pulun, cəmi 130.000 manat məbləğində pulun və 420 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X2 ödənilməsi, borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 (xx.xx.2024-cü il tarixli 19 nömrəli “Yaşıl tütünün alqı-satqısına” dair müqavilə və xx.xx.2024-cü il tarixli 1 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi) və Cavabdeh2 arasında (xx.xx.2024-cü il tarixli 20 nömrəli “Yaşıl tütünün alqı-satqısına” dair müqavilə və xx.xx.2024-cü il tarixli 2 nömrəli “Zəmanət və alqı-satqı” müqaviləsi) “Yaşıl tütünün alqısatqısına” dair müqavilə və “Zəmanət və alqı-satqı” müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən müəyyən edilmiş vaxtlarda o, cavabdehlərə ödəniş etməli və bunun müqabilində onlar iddiaçıya tütün verməyi öhdələrinə götürmüşlər. Artıq müqavilənin bağlanmasından 7 ay keçməsinə baxmayaraq müqavilə üzrə o, üzərinə götürdüyü öhdəliyi icra etsə də, onlar müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışlar. Bununla bağlı tərəfindən dəfələrlə şifahi müraciət olunsa da, heç bir nəticə əldə olunmadı və alqı-satqı müqaviləsinin 6.1.- ci bəndinin tələbinə əsasən pretenziya qaydasında alıcılara onlara verilən ümumilikdə 99.000 manat məbləğində pulun 10 gün müddətində qaytarılması barədə pretenziya qaydalarına əməl olunaraq müraciət olundu. Lakin, pretenziya məktubuna heç bir cavab verilmədi. Müqavilə üzrə tərəfindən Cavabdeh1 bank hesabına 52000 (əlli iki min) manat, Cavabdeh2 bank hesabına 47000 (qırx yeddi min) manat pul köçürülmüşdür. Lakin qeyd olunan ödənişlər qarşılığında heç bir məhsul onlara təqdim olunmamış və müqavilə üzrə heç bir öhdəliyi icrra etməmişlər. Belə olduğu təqdirdə onun da xarici ölkələrdə olan partnyorları qarşısında öhdəliyi yaranır və həmin ödənişlərlə əlaqədar gecikdirdiyi hər gün üçün əlavə faiz ödəmək məcburiyyətində qalır. Digər tərəfdən bankdan götürdüyü kreditlərin, faizlərin qaytarılması üçün əlavə borcları yaranmışdır. Eyni zamanda “Zəmanət və alqı-satqı” müqaviləsinin 4.2.3-cü bəndinin tələbindən də görünür ki, Satıcı tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında həyata keçirilməyəcəyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcək və alıcıya dəyən ziyanın 2 misli qədər ödəniş satıcı tərəfindən həyata keçirilməlidir. Həmin müqavilənin 3.1-ci bəındində qeyd olunmuşdur ki, qurudulmuş tütün 25-30 tondan az olmayaraq, Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameraları alıcının tam ixtiyarına verilməsi nəzərdə tutulmuşdur. İddia tələbinin məzmunundan və tərəflər arasında olan müqavilələrdən görünür ki, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişlər və hal-hazırda da icra etməkdən boyun qaçırırlar. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək və cavabdehlərdən ödədiyi 99.000 (doxsan doqquz min manat) manat əsas borcun və 30.000 (otuz min manat) manat məbləğində əldən çıxmış faydanı tələb etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı X4 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, aprel ayında tütün ştili sahəyə əkilir, yığım başlanır iyul ayının axırından noyabr ayınadək davam edir. Müqavilənin şərtlərinə görə iyul ayından başlayıb noyabr ayınadək tütünü ona verməli idilər. Lakin tütünü ona verməyiblər. Sonra tütünü başqa adama satıb. Müqavilənin şərtlərini yerinə yetirməyib. Müqavilənin şərtlərində də quru və yaş tütünün verilməsi nəzərdə tutulmuşdur. Əgər qrudulmuş tütün verə bilməsə yaş tütün verməli idi. Ona nə yaş tütün, nə də qrudulmuş tütün verilmədi. Bankdan kredit götürüb onlara vəsait verib. Tütün sahəyə əkilməyən vaxtı vəsait ayırıblar. Ona tütün verilsəydi cavabdehlərdən əldə çıxmış faydanı istəməzdi. Müqavilə bağlandıqdan sonra nə tütünü, nə də pulunu ala bilmir. Sonra cavabdehlər ona 1 ton 850 kq tütün verdi. Həmin tütün keyfiyyətsiz olduğundan qəbul etməyib anbarda qalıb, istədiyi vaxt geri götürə bilər. Banka hal-hazırda kredit ödəyir. Cavabdehlərə verdiyi pulu və ona dəymiş ziyanı onlardan tələb edir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehlər iddiaçı aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməmişlər. İddiaçıya nə tütün, nə fə ödədiyi pulu geri qaytarmırlar. Həmçinin iddiaçı tərəf digər şirkətlərlə yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə iş görür. Gecikmə olduğu təqdirdə malların verilməsində avtomatik olaraq digər partnyorların qarşısında məsuliyyət daşıyır. Tütündən məhsul əldə edildikdən sonra tütünü alıb digər partnyorlara verib gəlir əldə edirdi. Tütünü verə bilmədiyi üçün partnyor itirir və qazanc əldə edə bilmir. Bu səbəbdən iddiaçı əldən çıxmış faydanı da tələb edir. İddia tələbi üzrə borcun tütün qurudulma kameralarına yönəldilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, cavabdehlər iddiaçıya olan borclarını qəbul edirlər. Sadəcə cavabdeh tərəfin maliyyə problemləri olduğu üçün borcu ödəyə bilməyib. . İddia tələbi üzrə borcun tütün qurudulma kameralarına yönəldilməsi müqavilə şərtlərində göstərilməyib. Odur ki, iddia tələbinin borcun tutulması hissəsində təmin edilməsini, digər hissələrdə rədd edilməsini xahiş etdi.
7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, alıcı fərdi sahibkar X4 ilə cavabdehlər yaş tütün istehsalçısı fermerlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 20 nömrəli və 19 nömrəli “Yaşıl tütünün alqı-satqısına dair” müqavilələr bağlanmışdır. Qeyd olunan müqavilələrin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 10 ha torpaq əkin sahəsini virciniya sortlu tütün toxumunun və ya şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi və yetişdirilməsi və yığımı həyata keçirib tam həcmdə alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaşılı tütünü texniki şərtlərlə və növlərə uyğun qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirməyi, alıcı isə qəbul olumuş yaşıl tütünün müəyyənləşdirmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulan əkin sahəsində alıcı tərəfindən təqdim olunan tütün toxumunu və ya şitilini tam miqdarda əkmək və becərmək, lazımi aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirmək habelə istehsal etdiyi yaşıl tütün məhsulunu tam yararlı həcmdə alıcıya təhvil vermək fermerin vəzifələrinə aiddir. 2.3.1-ci bəndinə əsasən fermerin istehsal etdiyi yaşıl tütünü müqavilənin şərtlərinə uyğun olaraq satın almaq və dəyərini ödəmək alıcının vəzifələrinə aid edilmişdir. 2.4.2-ci bəndinə əsasən fermer istehsal etdiyi tütün məhsulunu alıcıya təhvil vermədikdə, təhvil verməkdən imtina etdikdə və ya üçüncü tərəfə təhvil verərsə bununla əlaqədar olaraq alıcıya dəymiş ziyanın tam ödənilməsini və əldən çıxmış faydanı müəyyənləşdirməklə tələb etmək alıcının hüquqlarına aiddir. 4.1-ci bəndinə əsasən qəbul edilmiş yaşıl tütün məhsulunun dəyərinin ödənilməsi 2 aydan bir dəfə olmaqla alıcı tərəfindən fermerin müvafiq bank hesabına köçürmə yolu ilə həyata keçirir. 5.2-ci bəndinə əsasən isə müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixə qüvvədədir. Qeyd olunan müqavilələr hər iki Cavabdeh2 və Cavabdeh1 arasında ayrılıqda bağlanmış, lakin eyni məzmun və mahiyyəti təşkil edir. Həmin müqavilələr iddiaçı və cavabdehlər tərəfindən öz imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
10. Bundan sonra alıcı fərdi sahibkar X4 ilə cavabdeh yaş tütün istehsalçısı fermerlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 1 nömrəli və 2 nömrəli “Zəmanət və alqı-satqı müqaviləsi” müqavilələri bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmenti hazırki müqaviləyə əlavələrdə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malın qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 3.1-ci bəndinə əsasən qurudulmuş tütün 25-30 tondan az olmayaraq Şəki şəhəri Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsus olan 3 ədəd tütün qurutma kameralarının alıcının tam ixtiyarına verilməsi satıcı və alıcı arasında bağlanan etibarnamə sənədlərində öz əksini göstərir. Qeyd olunan müqavilələr hər iki Cavabdeh2 və Cavabdeh1 arasında ayrılıqda bağlanmış, lakin eyni məzmun və mahiyyət təşkil edir. Həmin müqavilələr iddiaçı və cavabdehlər tərəfindən öz imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İT240815003 nömrəli ödəniş tapşırığına əsasən X4 tərəfindən Cavabdeh1 məxsus "xxxx" ASC-də olan bank hesabına 5000 manat, xx.xx.2024-cü il tarixli İT240529002 nömrəli ödəniş tapşırığına əsasən 15000 manat, xx.xx.2024-cü il tarixli İT240510001 nömrəli ödəniş tapşırığına əsasən 16000 manat, xx.xx.2024-cü il tarixli İT240408002 nömrəli ödəniş tapşırığına əsasən isə 16000 manat məbləğində pul köçürülmüşdür.
12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İT240529002 nömrəli ödəniş tapşırığına əsasən 15000 manat, xx.xx.2024-cü il tarixli İT240408003 nömrəli ödəniş tapşırığına əsasən 16000 manat, xx.xx.2024-cü il tarixli İT240408001 nömrəli ödəniş tapşırığına əsasən 16000 manat məbləğində pul X4 tərəfindən Cavabdeh2 məxsus "xxxx" ASC-də olan bank hesabına köçürülmüşdür.
13. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 002 nömrəli "xxxx" ASC-nin Şəki Filialı tərəfindən verilən arayışdan görünür ki, X4 tərəfindən Cavabdeh2 məxsus bank hesabına 47000 manat və Cavabdeh1 məxsus bank hesabına isə 52000 manat məbləğində pul köçürülmüşdür.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh1 tərəfindən imzalanan əlyazma formasında olan qəbzdə qeyd olunmuşdur ki, “Mən Cavabdeh1 yazıb, sizə bildirirəm ki, 20 gün müddətində sahədə tütünümü yığıb yekunlaşdıracam. Bundan sonra sataraq sizin pulunuzu ödəyəcəm”.
15. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh2 tərəfindən imzalanan əlyazma formasında olan məlumatda qeyd olunmuşdur ki, “Mən Cavabdeh2 yazıb, sizə bildirirəm ki, 20 gün müddətində sahədə tütünümü yığıb yekunlaşdıracam. Bundan sonra sataraq sizin pulunuzu ödəyəcəm”.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EM-2086-14475/24 nömrəli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, X3 “Universal” vəkil bürosunun vəkili tərəfindən hüquqi yardım göstərilməsi barədə razılığa gəlinmiş və həmin hüquqi yardımın dəyəri 1000 manat müəyyən edilmişdir.
V. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 271.2. Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 271.3. Hüququ girov qoyan həmin hüququn mənsub olduğu şəxs ola bilər. 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.
VI. Məhkəmənin mövqeyi:
18. Məhkəmə əvvəlcə edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
19. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
20. Məhkəmə ilk öncə cavabdehlər Cavabdeh1 52000 manat və Cavabdeh2 47000 manat məbləğində əsas borcun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı və podrat müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi, podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı və podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehlər Cavabdeh1 52000 manat, Cavabdeh2 isə 47000 manat məbləğində pulu tütün əkib-becrəmək və əldə olunmuş məhsulu iddiaçıya satmaq məqsədi ilə vermişdir. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Lakin cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, yəni müqavilədə nəzərdə tutulan yaşıl tütün məhsulunu cavabdehlər iddiaçıya təhvil verməmiş və nəticədə müqavilə şərtləri pozulmuşdur. Cavabdeh tərəf iddia tələbini bu hissədə qəbul edir. İddiaçının cavabdehlərə qarşı borc tələbi iddianın mübahisələndirilməyən hissəsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və cavabdehlər Cavabdeh1 52000 manat, Cavabdeh2 isə 47000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə iddia tələbinin “30000 manat məbləğində əldən çıxmış faydanın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 19 nömrəli və 20 nömrəli “Yaşıl tütünün alqısatqısına dair” müqavilələr xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilələr cavabdehlər tərəfindən icra edilmədiyi üçün iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin müqavilələrdə alıcıya pulun geri qaytarılması müddəti barədə şərt göstərilmədiyindən iddiaçının bu hüququ xx.xx.2024-cü il tarixdən yaranmışdır. İş materiallarından müəyyən edildiyi kimi iddiaçı S.Abdullayev tərəfindən Cavabdeh1 52000 manat pul ödənilmişdir. Həmin məbləğin xx.xx.2024-cü il tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği – 52000 x 5%= 2600 manat olmaqla, 6 aylıq- 2600: 12 x 6 = 1300 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. Eyni zamanada iddiaçı tərəfindən Cavabdeh2 47000 manat pul ödənilmişdir. Həmin məbləğin xx.xx.2024-cü il tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği – 47000 x 5% = 2350 manat olmaqla, 6 aylıq- 2350: 12 x 6 = 1175 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. İddiaçı tələb etdiyi kimi əldən çıxmış faydanın məbləğinin 30000 manat olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulan pul məbləğinə mütənasib olaraq, Cavabdeh1 1300 manat əldən çıxmış fayda, Cavabdeh2 1175 manat əldən çıxmış faydanın əvəzi tutularaq iddiaçı X3 ödənilməlidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
24. Məhkəmə iddia tələbinin “borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, ümumiyyətlə hər-hansı bir mülki hüquq subyektləri arasında bağlanan əsas müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə əlavə öhdəlik müqaviləsi imzalana bilər. Hansı ki, həmin əlavə öhdəlik əsas öhdəlikdən asılı olur və ondan irəli gələn öhdəliklərin icra olunması şərtləri altında məhdudlaşır. Bu əlavə öhdəliklərin yaradılması üçün əsasən ipoteka və girov müqaviləsinə müraciət olunur. Hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış “zəmanət vəalqı-satqı müqaviləsi”-nə iddiaçı tərəfindən əlavə öhdəlik müqaviləsi kimi qiymət verilərək onun əsasında cavabdehin əmlakına tutmanın yönəldilməsi xahiş edilmişdir.
25. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış “zəmanət və alqı-satqı müqaviləsi”nin 3.1-ci bəndinə əsasən qurudulmuş tütün 25-30 tondan az olmayaraq Şəki şəhəri Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsus olan 3 ədəd tütün qurutma kameralarının alıcının tam ixtiyarına verilməsi satıcı və alıcı arasında bağlanan etibarnamə sənədlərində öz əksini göstərir. Müqavilədə göstərilən 3 ədəd tütün qurutma kamerasının kimin mülkiyyətində olması, eləcə də harada yerləşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
26. Məhkəmə həmçinin qeyd edir ki, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. (MM 280-ci maddəsi) Göründüyü kimi tərəflər arasında bağlanmış “zəmanət və alqı-satqı müqaviləsi” bağlandıqda girov müqaviləsinin forma və məzmumuna riayət olunmamış, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti və yönəldiləcəyi əmlakın dəyəri barədə müddəa öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “zəmanət alqı-satqı müqaviləsi”-nə əlavə öhdəlik müqaviləsi kimi qiymət verilməsi mülki qanunvericiliyin normaları ilə uzlaşmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi” hissəsində əsassız olduğundan rədd edilməlidir.
27. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi yardımla bağlı ödənilmiş 1000 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsində təmin edilməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Vəkillər X5 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
29. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 1000 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 391,48 manat dövlət rüsumu iddianın təmin edilən hissəsinə münasibətdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
31. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 52000 manat borc, 1300 manat əldən çıxmış fayda olmaqla cəmi 53300 manat məbləğində pul, Cavabdeh2 47000 manat borc, 1175 manat əldən çıxmış fayda olmaqla cəmi 48175 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməli, iddia qalan hissədə rədd edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pul və 391,48 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçı X3 ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Vİ. Nəticə:
32. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 52000 manat borc, 1300 manat əldən çıxmış fayda olmaqla cəmi 53300 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. Cavabdeh2 47000 manat borc, 1175 manat əldən çıxmış fayda olmaqla cəmi 48175 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pul və 391,48 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçı X3 ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova