Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1320/2025 22.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçının nümyəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “X3” İctimai Birliyinə qarşı “2571 manat məbləğində maddi ziyanın, 300 manat vəkil xidmətlərinin dəyərinin, 46 manat ödənilmiş dövlət rüsumun qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “X3” İctimai Birliyinə qarşı “2571 manat məbləğində maddi ziyanın, 300 manat vəkil xidmətlərinin dəyərinin, 46 manat ödənilmiş dövlət rüsumun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı iclasın keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “X4” İctimai Birliyi, kommersiya fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsdir. Belə ki, Mülki Prosessual Məcəllənin : 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublı̇ kası Alı̇ Məhkəməsi nunumunelṖ 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə qeyd edilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 13-cü bəndinə əsasən Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan ictimai birlikdir, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Qeyd edilən İctmai birliyin üzvləri iddiaçıya məxsus oteldə qalmış və müvafiq olaraq borcları yaranmışdır. Buna görə də məhkəmə icraatında iddiaçı tərəf müvafiq sahibkarlıq subyekti olaraq çıxış etsə də, cavabdehin sahibkarlıq subyekti olmadığından hazırkı işə kommersiya məhkəməsi tərəfindən baxılması qanunvericiliyin tələbinə ziddir. Mülki Prosessual Məcəllənin: 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “X4” İctimai Birliyinə qarşı “2571 manat məbləğində maddi ziyanın, 300 manat vəkil xidmətlərinin dəyərinin, 46 manat ödənilmiş dövlət rüsumun qaytarılması” barədə iddiası məhkəmə aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1320/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1320/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver