Məhkəmə qərarları › İş №e-2-2(117)-1399/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1399/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1399/2023 29.12.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 1620,50 manat borcun və 60 manat rüsum xərclərinin tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında Balakən rayonunda yerləşən cavabdehə məxsus qeyri yaşayış sahəsinə qazın verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli AMX-2378/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmış və cavabdehə **********00011 nömrəli abonent kodu verilmişdir. İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin nümayəndələri tərəfindən Balakən rayonunda cavabdehə məxsus qeyri-yaşayış sahəsində istismarda olan G-6 markalı 40384062 nömrəli sayğacın göstəricilərinə baxış keçirərkən sayğacda müdaxilə halı aşkar edilmişdir. Bununla əlaqədar olaraq mövcud istismarda olan qaz cihazları nəzərə alınmaqla təbii X1nın pozulması haqqında xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş,“sayğacın hesablama mexanizminin alt hissəsinin deşici alətlə deşildiyi” müəyyən edilmiş, tərtib edilmiş akt abonent tərəfindən imzalanmışdır. Sözügedən sayğac götürülmüş, iddiaçının xx.xx.2021-ci il tarixli məktubuna əsasən yoxlamaya göndərilmiş və xx.xx.2022-ci il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi və sayğacın yararsız olduğu müəyyən edilmişdir. Bu barədə qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında 29/1640-03223-01 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə 123 nömrəli aktla yarnmış borcla əlaqədar təbii qazın verilişi dayandırılmış, abonent aktı imzalamaqdan imtina etmişdir. Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsi ilə xx.xx.2021-ci il tarixli akta əsasən, qaz sayğacının nominal qaz sərfi 6 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6480 m3 və ya onun pul dəyəri olan 1620 manat həcmində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə xx.xx.2023cü il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, dəymiş ziyanla bağlı tələbnamə, aktlar, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçı 1620,50 manatı təbii qazdan istifadəyə görə yaranmış borc olaraq tələb etsə də, iddia ərizəsində 0,50 manat məbləğin sayğaca əsasən təbii qazdan istifadəyə görə yaranan borc, 1620 manat məbləğin isə itirilmiş qazın dəyəri olaraq hesablanmış borc olduğunu iddia edir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş abonentin saldosundan müəyyən olunur ki, cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında 1 manat ödəniş edilmiş və son borc 1619,50 manat təşkil etmişdir. Göründüyü kimi cavabdehin təbii qazdan istifadəyə görə borcu qalmamışdır. İddiaçı 1620 manatı aktlar əsasında hesablanmış itirilmiş qazın dəyəri olaraq mübahisələndirdiyindən məhkəmə iddia tələbindəki 1620,50 manata deyil, 1620 manat borc məbləğinin ödənilməsinə hüquqi qiymət verir. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisə predmeti olan 1620 manat borc istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında itirilmiş qazın dəyəri olaraq cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə qeyd edir ki, əvvəla iddiaçı tərəfindən Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı İB-yə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış verilməsi və ya belə bir çıxarışın olması ilə bağlı hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aparılmış yoxlama qanunsuz olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində sayğaca bildiriş verilməsi məqsədi ilə baxış keçirildiyi zaman adı müşahidə nəticəsində qüsurların aşkar edildiyini bildir. Bununla bağlı Qaz Təchizatı haqqında Qanunun tələblərinə əsasən qeyd edir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər (maddə -5, 5-1, 5-2). Göründüyü kimi, qaz sayğacının oxunması zamanı hər hansı qüsur və ya qanunsuz qoşulma hallarının müəyyən edilməsi iddiaçıya dərhal yoxlamanın keçirilməsinə hüququ vermir. Əksinə qanunun tələblərinə əsasən belə hallar aşkar edildikdə iddiaçı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidir ki, bu tədbirləri görməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə məxsus qaz sayğacının götürülməsi və yoxlanılması qanunvericiliyin tələblərinə uyğun olmadığından keçirilmiş yoxlama qanunsuz olmuş və keçirilmiş yoxlamanın hec bir hüquqi qüvvəsi yoxdur. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X1”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun (sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi və sayğacın yararsız olduğu müəyyən edilmiş) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək 1620 manat borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanmış 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı İB tərəfindən fiziki şəxs (fərdi sahibkar) Cavabdeh istifadəsində Balakən rayonunda yerləşən qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğaçına baxış keçirilmiş və qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün açılaraq götürülmüş və bununla bağlı akt tərtib edilmişdir. Yoxlamanın nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi və sayğacın yararsız olduğu aşkar edilmiş və təbii qaz itkisi yaranmışdır, bununla bağlı aktla tərtib edilmişdir. İtirilmiş qaz 6480 m3 olmaqla dəyəri 1620 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1nın” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan cavabdehin istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan iddiaçı daşıyır. Bundan başqa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əvvəla yoxlamanın qanunsuz aparılması müəyyən edilməklə, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqiqəti əks etdirsə belə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından borcun hesablanmasına dair iddiaçının hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 36,2 manat təşkil edir. İddiaçı mediasiya xərcini ödədiyindən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək imkanı əldə etmiş və iddia tələbi rədd edildiyindən ödənilməmiş 36,2 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən təbii qazdan istifadəyə görə 1620,50 manat borc və 60 manat rüsum xərclərinin tutularaq ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 36,2 manat dövlət rüsumu İddiaçı İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar