Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1554/2022 06.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən soya paxlası istehsalı və alqı-satqısı barədə 001-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, məhsul əkini texniki xidmətlərin göstərilməsi məqsədi ilə ödənilmiş 3111 manat, “Nitra ammofoska” şumaltı gübrənin alınması üçün 4023,80 manat, torpaq sahələrinin icarəyə verilməsi məqsədi ilə 6222 manat, ümumilikdə avans şəklində ödənilmiş 13356,80 manat pul vəsaitinin və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən soya paxlası istehsalı və alqı-satqısı barədə 001-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, məhsul əkini texniki xidmətlərin göstərilməsi məqsədi ilə ödənilmiş 3111 manat, “Nitra ammofoska” şumaltı gübrənin alınması üçün 4023,80 manat, torpaq sahələrinin icarəyə verilməsi məqsədi ilə 6222 manat, ümumilikdə avans şəklində ödənilmiş 13356,80 manat pul vəsaitinin və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001-S nömrəli müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ üzrə özünə məxsus olan və ya icarəyə götürdüyü Mosul kəndində yerləşən 15,77 ha və Qax rayonu, Fısdıqlı kəndində yerləşən 4,97 ha olmaqla, cəmi 20,74 ha sahədə soya paxlası əkinlərini həyata keçirməyi və Sifarişçiyə təhvil verilməsindən ibarətdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 62,22 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, icraçı tərəfindən istehsal olunacaq və Sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə razılaşdırılan “Soya paxlasının keyfiyyətinə dair tələblər”ə cavab verməlidir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri isə 62220 manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə 6222 manat icarə məbləğini, torpaq sahələrini hazırlanması üçün 3111 manat məbləğini və 3100 kq olan nitra amofoka gübrəsini qəbul etdiyi etiraf etmişdir. Bundan əlavə Paşa Bank vasitəsilə edilən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli 505141 nömrəli ödəniş sənədlərindən müəyyən edilir ki, 6222 manat və 3111 manat məbləğində vəsaitlər Cavabdeh bank hesabına köçürülmüşdür. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində 3100 kq gübrəni qəbul etdiyini bildirmiş, lakin dəyərini mübahisələndirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ölkə ərazisində arpa, buğda, paxla kimi bitkilərin əkilib becərilməsi fəaliyyəti ilə məşğuldur. Cavabdehlə mübahisə ondan ibarətdir ki, soya paxlası üçün ayrılmış avans müqabilində həmin məhsul təhvil verilməmişdir. Cavabdehlə bağlanan müqaviləyə əsasən ona torpaq sahəsinin icarəsi, əkini və gübrə üçün vəsait ödənilmişdir. Cavabdeh isə onları aldatmışdır. Mosul kəndində yerləşən 15,77 ha və Qax rayonu, Fısdıqlı kəndində yerləşən 4,97 ha olmaqla, cəmi 20,74 ha sahədə soya paxlası əkinlərini həyata keçirəcəkdir, lakin bunu etməmişdir. Həmin torpaq sahələrini başqa şəxslərə icarəyə vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahatlarında bildirmişdir ki, qeyd edilən Mosul kəndində yerləşən 15,77 ha torpaq sahəsini Mosul bələdiyyəsindən Qax rayonu, Fısdıqlı kəndində yerləşən 4,97 ha olmaqla icarəyə götürmüşdür. Həmin torpaq sahəsində soya paxlasının əkilməsi baş tutmayandan sonra Zaqatala rayonu, Mosul kəndində olan 15,77 ha torpaq sahəsində tütün və Qax rayonu, Fıstıqlı kəndində olan 4,97 ha torpaq sahəsində isə qarğıdalı əkmişdir. Daha sonra tütünü gec yığdığına görə torpaq sahələrini dəyişmiş və soyanı Zaqatala rayonu, Muxax kəndində yerləşən torpaq sahələrində əkmişdir. Həmin sahənin 10 hektarını əkmiş, 10 hektarını da arpa biçiləndən sonra əkəcəyini demişdir. O, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 10 ha torpaq sahəsini də biçiləndən sonra əkəcəyini demişdir. O, həmin kənddə yerləşən 3,60 ha torpaq sahəsini əkin üçün hazırlamışdı, lakin sonradan toxumu vermədiklərinə görə may ayında tütünü əkmiş, tütün isə yaxşı məhsul verməmişdir. Əkin üçün toxumu almağa gedəndə şirkətin işçisi olan Eldəniz adlı şəxs gec gəldiyinə görə toxumları götürə bilməmiş, gübrələri öz maşınıyla qaytarıb iddiaçının anbarına boşaltmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının sözləri ilə razı deyildir. İddiaçının tələb etdiyi 13000 manat pulun yarısını verəcək. Çünki 10 ha torpaq sahəsini o əkinə hazırlayıb qoymuşdu. Lakin, iddiaçı tərəf bununla razılaşmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də işləyir, işlədiyi hüquqi şəxslə iddiaçı hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi olduğundan iddiaçıya müvafiq köməklik göstərmişlər. Həmin şirkət müqavilə öhdəlikləri üzrə toxum, gübrə, pestisid və 1 hektara 450 manat olmaqla nağd pul ödəməyi öhdələrinə götürürlər və fermerlər isə həmin vəsait və materialın müqabilində kənd təsərrüfatı məhsulları hazırlayıb təhvil verir, həmin vəsaitdən artıq olanı isə iddiaçı tərəfindən satın alınır. Toxum verilən vaxt cavabdehin sahəsinə baxış zamanı müəyyən etmişlər ki, birinci sahədə qarğıdalı əkilib, ikinci sahədən isə artıq qarğıdalı əkini aparılır. Həmin əkin aparan şəxslər bildirmişlər ki, həmin torpağı icarəyə götürüblər. Fermer S.Şeyixov həmin torpaq sahələrində qarğıdalı səpənlərdən biri olmuşdur. Cavabdeh bildirmiş ki, onu aldadıblar, başqa sahədə əkəcəklər və təqdim edəcəkdir. Yeni əkiləsi torpaq sahələri göstərilmiş və göstərilən sahələrin sadəcə birində şum işi aparılmışdı, heç əkin aparılmamışdır. Həmin sahələr isə müqavilə üzrə əkiləcək sahələrin təxminən 1/3 hissəsini təşkil etmişdir. Lakin yeni əkiləcək sahələr iddiaçı ilə razılaşdırılmamışdır. Sözügedən 62 kisə nitro amofoz gübrəsini onların sahələrinə istifadə etdiyini desə də, cavabdehin anbarında oluşdur. Cavabdehin təxminən torpaq sahələrinə tütün əkilməsi ilə bağlı başqa şirkət ilə müqavilə bağlandığını öyrənmişlər. Ona görə toxum və gübrəni sonradan cavabdehə verməmişlər. X1 verdiyi ifadəsində bildirmişdir ki, Xuraman xanımla keçən ilin iyun ayında torpağın icarəyə götürülməsi ilə bağlı tanış olublar. Birinci torpaq sahəsi Zaqatalada, ikincisi isə Qax rayonu, Fıstıqlı kəndində idi. Cəmi 5 ha torpaq olmuşdur. Daha sonra Mosul kəndində yerləşən daha 16 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin sahələr ölçülmüş və 12 ha torpaq hesablanmışdır. Cavabdeh Mosul kəndində olan torpaq sahəsi üçün 6000 manat, digər torpaq sahəsi üçün isə 3000 manat icarə haqqı ödəmişdir. İddiaçı tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2022-ci il tarixli 001-S nömrəli müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM)maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). MM-in:
567. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında soya paxlası əkilməsi və satın alınması üzrə xidmət və satınalma müqaviləsi bağlanmış, müqavilə əsasında tərəflər arasında qarışıq şəkildə podrat və alqı-satqı münasibətləri yaranmışdır. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001-S nömrəli müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ üzrə özünə məxsus olan və ya icarəyə götürdüyü Mosul kəndində yerləşən 15,77 ha və Qax rayonu, Fısdıqlı kəndində yerləşən 4,97 ha olmaqla, cəmi 20,74 ha sahədə soya paxlası əkinlərini həyata keçirməyi və Sifarişçiyə təhvil verilməsindən ibarətdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 62,22 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, icraçı tərəfindən istehsal olunacaq və Sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə razılaşdırılan “Soya paxlasının keyfiyyətinə dair tələblər”ə cavab verməlidir. Məhkəmə iclasında tərəflərin və şahidlərinin ifadələri dinlənilmiş və aşağıdakı faktiki hallar iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarında təsdiqini tapmışdır: - tərəflər arasında müqavilə üzrə Zaqatala rayonu, Mosul kəndində olan 15,77 ha torpaq sahəsində tütün və Qax rayonu, Fıstıqlı kəndində olan 4,97 ha torpaq sahəsində soya paxlası əkilməli olduğu halda, cavabdeh tərəfindən həmin torpaq sahəsi başqa şəxsə icarəyə verilmiş və həmin torpaq sahəsinə görə cavabdeh icarə haqqı alınmışdır. - tərəflər arasında bağlanmış müqavilə predmeti olan torpaq sahələrində sonradan müvafq olaraq tütün və qarğıdalı bitkisi əkilmişdir. - cavabdeh tərəfin vədinə əsasən iddiaçı müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək üçün başqa ərazidə əkinə icazə vermiş, lakin əkin razılaşdırılmış ölçüyə uyğun sahədə aparılmamış, müqavilə ilə münasibətlər rəsmiləşdirilməmiş, əkin yarımçıq olmuş, iddiaçının cavabdehə verdiyi avans məbləğinə uyğun işlər görülməmiş və ümumiyyətlə iş təhvil verilməmişdir. - cavabdeh müqavilə üzrə iddiaçının tələbində olan icarə haqqı üçün, torpağın hazırlanması üçün vəsaaitin və gübrənin verilməsini qəbul edir. Məhkəmə sübutların araşdırlması nəticəsində mübahisənin yaranmasına səbəb cavabdehin müqavilə şərtlərinə uyğun torpaq sahəsində əkin aparmaması, həmin torpaq sahəsini başqa şəxsə icarəyə verməsi, bu müəyyən edildikdən sonra başqa torpaq sahəsi təklif etməsi, təklif edilən torpaq sahələrinin isə iddiaçının tələblərinə cavab verməməsi səbəbindən müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh aldığı vəsaiti isə digər şirkətlərlə əməkdaşlıq istiqamətində və ya öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb hesab edir ki, cavabdeh öhdəliklərini icra etmədiyindən tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərə alınmaqla torpaq sahələrinin icarəsi üçün ödənilmiş 6222 manat, əkinin hazırlanması üçün ödənilmiş 3111 manat və 3100 kq nitro amofoska gübrəsinin dəyəri olan 4023,80 manat məbləğində vəsaiti iddiaçı geri qaytarmasını tələb edə bilər. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə 3100 kq “nitro amofoska” gübrəsini qəbul etdiyini bildirmiş, həmin gübrənin dəyərinin 4023,80 manat olmasına hər hansı münasibət bildirməmiş və bunu mübahisələndirməmişdir. Ona görə də məhkəmə iddiaçının tələbi üzrə 3100 kq olan həmin gübrənin dəyərinin 4023,80 manat olması ilə razılaşır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 77.1, 81, 217.3, 217.4-cü maddələri). Cavabdehin iddia tələbinə etirazı iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə bağlı deyil, iddiaçı tərəfindən müqavilə ilə əhatə olunmayan əlavə güzəştlərin edilməməsi ilə bağlıdır ki, iddiaçı həmin hərəkətləri etməyə dair hər hansı öhdəlik götürməmişdir. Odur ki, həmin hərəkət və ya hərəkətsizliklər iddiaçı üçün hər hansı hüquqi məsuliyyət yaratmır və öhdəliklərinin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin, iş üzrə cavabdehin təqsirini birbaşa etiraf etmədiyi hissədə şahid ifadələri məhkəmə tərəfindən əsas sübut kimi qiymətləndirilir və cavabdeh istinad etdiyi hallar sübut edilə bilməmişdir. MPM-nin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Məhkəmə yekun olaraq nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi təmin edildiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 130,07 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh soya paxlası istehsalı və alqı-satqısı barədə 001-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, məhsul əkini, texniki xidmətlərin göstərilməsi məqsədi ilə ödənilmiş 3111 manat, “Nitra ammofoska” şumaltı gübrənin alınması üçün 4023,80 manat, torpaq sahələrinin icarəyə verilməsi məqsədi ilə 6222 manat, ümumilikdə avans şəklində ödənilmiş 13356,80 manat pul vəsaiti və 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Ödənilməli olan 130,07 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov