Məhkəmə qərarları › İş №e-2-2(117)-1620/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1620/2024

16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1620/2024 16.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 1150 manat pulun tutulması” tələbinə dair iş üzrə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 1150 manat pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi hazırki işin ümumi məhkəməyə aid olmaması qənaətinə gələrək xx.xx.2024-cü il tarixli e-2(019)-691/2024 nömrəli qərardadı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş elektron sorğu məlumatından görünür ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mübahisədir. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğu olan fiziki şəxslər kimi vergi orqanında qeydiyyata alınmışlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirirlər və vergi orqanında uçotdan çıxarılmamışlar. Belə olan halda qanun normasının tələbinə əsasən iddiaçı və cavabdeh fərdi sahibkar statusunu itirməmiş sayılırlar. Ona görə də onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə kommersiya məhkəməsinə aiddir. Məhkəmə işin hallarını, iddiaçının və cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmasını, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğunu və mübahisə üzrə hüquq münasibətlərinin xarakterini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair e-2(019)-691/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Balakən Rayon Məhkəməsi mülki işi baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. İşin aidiyyəti üzrə göndərilməsi barədə Balakən Rayon Məhkəməsinin qərardadı ilə razılaşmayan məhkəmə qeyd edir ki, hazırki tələbə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 926 nömrəli müqaviləyə əsasən satıcı İddiaçı özünə məxsus olan LGE 24 T3 adda kondisoneri bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq müştəriyə (Cavabdeh) vermiş, sonuncu isə malı bu müqavilədə göstərilmiş şərtlərlə qəbul etmişdir. Göründüyü kimi mübahisə predmeti olan malın kommersiya məqsədilə verilməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamış və bu səbəbdən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq Balakən Rayon Məhkəməsi işi tərəflərin hər ikisinin VÖEN-i olması əsası ilə hazırki məhkəməyə göndərmişdir. Buna münasibətdə məhkəmə qeyd edir ki, mübahisənin Kommersiya Məhkəməsinə aid olması üçün tək subyekt tərkibi deyil, həmçinin mübahisə predmeti də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlı olmalıdır. Hazırki vəziyyətdə cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq onunla iddiaçı arasındakı hazırki mübahisə onların birgə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gəlməsi iş materialları ilə də sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). Hazırki iş üzrə cavabdehin fərdi sahibkar olması işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olmasına dəlalət etmir. Eyni zamanda tərəflərin VÖEN-nin olmasına və tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq hazırki mübahisə hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından kommersiya fəaliyyəti ilə əlaqədar olmayan pul tələbindən yaranan mübahisədir ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinin tələbinə əsasən bu qəbildən olan müraciətlərə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.” Həmin qərarın 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, yəni cavabdehə verilmiş bir ədəd kondisoner sonuncunun kommersiya fəaliyyətinin deyil, istehlak məqsədlərinin nəticəsi olaraq yarandığından hazırkı müraciətə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır. İşi aidiyyəti üzrə göndərən məhkəmə müqavilə şərtlərinə və tərəflər arasındakı mübahisənin predmeti və xarakterini nəzərə almadan yalnız tərəflərin subyekt tərkibinə istinad edərək işi aidiyyəti üzrə göndərməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Sonda məhkəmə onu da qeyd edir ki, iddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(019)-691/2024 nömrəli qərardadından şikayət vermiş, Balakən Rayon Məhkəməsi şikayəti təmin etməyib, işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(102)-3768/2024 nömrəli qərardadı ilə şikayət məhkəməniin icraatına qəbul edilməmiş və şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Balakən Rayon Məhkəməsinə geri qaytarılmışdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(102)-3768/2024 nömrəli qərardadında hazırki mübahisələndirmə ilə əlaqədar qiymətləndirilmə aparılmadığından e-2-2(117)-1620/2024 nömrəli məhkəmə qərardadı işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 1150 manat pulun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar