Məhkəmə qərarları › İş №e-2-2(117)-443/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-443/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-443/2024 29.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “1237,40 manat dəyərində borcun və 32,38 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 43 nömrəli müqaviləyə əsasən iddiaçı 4 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer isə yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsini bunun müqabilində iddiaçı fermerin borclarını çıxmaq şərti ilə hazır məhsulun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 29,90 manat məbləğində çöp doğrama, 145 manat məbləğində şum, 42,50 manat məbləğində ağır diskli mala, 30 manat məbləğində çiyid səpini, 34 manat məbləğində şirvan malası, 256 manat məbləğində toxumluq çiyid, pambığın becərilməsinə görə 700 manat məbləğində avans nəzərə alınmaqla, 1237,40 manat məbləğində xidmət göstərilmiş, avans vəsait ödənilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, xam-pambıq təhvil verməmiş, hazırki dövrə kimi 1237,40 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair maliyyə arayışı, ödəniş tapşırığı, qaimə-faktura məhkəməyə təqdim edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 1237,40 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə ünvanı üzrə şəxsən təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Ödəniş tapşırıqları, Maliyyə arayışı, Qaimə faktura və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alğı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin xam pambıq şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş xam pambığın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Cavabdeh öhdəliyini lazımınca icra etməyərək borcunu ödəmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamış və yalnızca tərəflər arasında münasibətlər podratdan irəli gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilələr həqiqi hüquqi vəziyyəti əks etdirməklə tərəflərin iradə ifadəsinə uyğun bağlanılmış və etibarsız olmamışdr. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xam pambığın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 43 nömrəli müqaviləyə əsasən iddiaçı 4 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddətdə və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer isə yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsini bunun müqabilində iddiaçı fermerin borclarını çıxmaq şərti ilə hazır məhsulun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehin sifarişi əsasında 29,90 manat məbləğində çöp doğrama, 145 manat məbləğində şum, 42,50 manat məbləğində ağır diskli mala, 30 manat məbləğində çiyid səpini, 34 manat məbləğində şirvan malası, 256 manat məbləğində toxumluq çiyid, pambığın becərilməsinə görə 700 manat məbləğində avans nəzərə alınmaqla, 1237,40 manat məbləğində xidmət göstərilmiş, avans vəsait ödənilmişdir. İddiaçı tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsinə dair maliyyə arayışı, ödəniş tapşırığı, qaimə-faktura məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 43 nömrəli müqavilənin 2.1.7-ci bəndinin şərtinə əsasən icraçı fermerin sifarişi əsasında bu müqavilə ilə göstərilən aqrotexniki xidmətləri (1-ci şum 30 manat, 2-ci şum 27 manat və s.) fermerlə razılaşdırılmış müddətdə və həcmdə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında 2-ci şumun dəyərinin 28 manat olduğu göstərilmişdir. İddiaçı müqavilədə razılaşdırılmış şərtlərdən kənara çıxmaqla maliyyə arayışına əsasən 2,5 ha ərazidə aparılan 2-ci şumun dəyəri olaraq 28 manat məbləği əsas götürmüş və bunun üçün 70 manat (2,5 x 28 = 70) məbləğində xidmət göstərildiyini iddia etmişdir. Göründüyü kimi iddiaçı özünün tərtib etdiyi maliyyə arayışına əsasən mövcud borcu hesablamaqla müqavilənin göstərilən bəndinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 2-ci şum üçün görülən işlərin dəyəri olaraq tələb etdiyi 70 manat deyil, tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən olunmuş qiymət üzrə 2.5 ha ərazidə 2-ci şum üçün görülən işlərin dəyəri olan 27 manat üzrə (2.5 x 27 = 67,5) hesablanmaqla 67,5 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, xam-pambıq təhvil verməmiş, hazırkı dövrə kimi tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuş qiymət üzrə görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri ümumlikdə 1234,90 manat (1237,40 - 2,5 = 1234,90) təşkil edir. Cavabdeh tərəfindən borc ödənilmədiyindən 1234,90 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1234,90 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1237,40 manat) ödənilməli dövlət rüsumu 32,37 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən 32,37 manat dövlət rüsumunun 0,07 manatı iddiaçıdan, 32,30 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 32,38 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan 0,07 manat iddiaçıya aid edlməli, qalan 32,31 manat iddiaçı tərəfindən tələb edilsə də, təmin edilmiş hissəyə uyğun 32,30 cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1234,90 manat borc və 32,30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar