Məhkəmə qərarları › İş №e-2-2(119)-1129/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1129/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1129/2021 14.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12 iyul 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 887-ci məhəllə ünvanında yerləşən “Caspian Shoping” Ticarət Mərkəzinin “Qadın Geyimləri” adlı 38 saylı mağazasında **********0 saylı Protokolla rəsmiləşdirimiş 27 ədəd qadın üçün “kofta” və 10 ədəd “ziyafət geyimləri” olmaqla, ümumilikdə 1630 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində Büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və cavabdehin 12 iyul 2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat məbləğində borcuna görə 27 ədəd qadın üçün “kofta” və 10 ədəd “ziyafət geyimləri” olmaqla, ümumilikdə 1630 manat məbləğində əmlakı siyahıya alınmışdır (Siyahıya alınmış əmlakların siyahısı iddia ərizəsinə əlavə edilmişdir). Əmlakın siyahıya alınması haqqında cavabdehin və müşahidəçilərin iştirakı ilə 23 iyul 2021-ci il tarixli **********0 nömrəli protokol tərtib edilmiş və siyahıya alınmış həmin əmlak məsul saxlanma üçün müvafiq aktla cavabdehə təhvil verilmişdir. İş üzrə 14 oktyabr 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbində qeyd olunan 12 iyul 2021-ci il tarixinə hesablanmış və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 801,78 manat məbləğində borcun məhkəmə araşdırması zamanı 12 oktyabr 2021-ci ildə onun tərəfindən ödənildiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən ona qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Lakin, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi 14 oktyabr 2021-ci ilə təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 12 iyul 2021-ci il tarixə hesablanmış borcunun 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat hissəsi ödənilməmişdir. Həmin borcun ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin 12 iyul 2021-ci il tarixinə olan 801,78 manat məbləğində ödənilməmiş borcuna görə ümumi dəyəri cəmi 1630 manat məbləğində qiymətləndirilmiş əmlakları siyahıya alınaraq, bu barədə 23 iyul 2021-ci il tarixli **********0 saylı protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin Protokol əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi “Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 887-ci məhəllə” ünvanında yerləşən “Caspian Shoping” Ticarət Mərkəzinin “Qadın Geyimləri” adlı 38 saylı mağazasında **********0 saylı Protokolla rəsmiləşdirimiş 27 ədəd qadın üçün “kofta” və 10 ədəd “ziyafət geyimləri” siyahıya alınmış və həmin əmlaklar siyahıya alındıqdan sonra saxlanılması üçün Cavabdeh məsul saxlancına verilərək, bu barədə 23 iyul 2021-ci il tarixli “Vergi ödəyicisinin siyahıya allnmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” Akt tərtib edilmişdir. Həmin Protokolda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlaklarla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri Cavabdeh elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Bundan sonra məlum borc ödənilmədiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi hazırkı iddia ərizəsi ilə Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 12 iyul 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə” həmin siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 12 oktyabr 2021-ci il tarixli ********* və ********* nömrəli Mədaxil qəbzləri ilə müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) tərəfindən 12 oktyabr 2021-ci il tarixdə “X2” vasitəsi ilə Dövlət Vergi Xidməti – “DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin” hesabına müvafiq olaraq 590 (beş yüz doxsan) manat və 210 (iki yüz on) manat məbləğlərində olmaqla, cəmi 800 (səkkiz yüz) manat məbləğində ödəniş edilmiş və bununla da, 12 iyul 2021-ci il tarixə hesablanmış 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat məbləğində borcun 800 (səkkiz yüz) manat hissəsinin Dövlət Sosial Müdafiə Fonduna tam ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş hazırkı iddia ərizəsi üzrə “siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılmaqla ödənilməsi” tələb olunan Dövlət Sosial Müdafiə Fonduna 12 iyul 2021-ci il tarixinə hesablanmış 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat məbləğində borcun əsas hissəsi, yəni 800 (səkkiz yüz) manat hissəsi məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tam olaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilmiş və bununla da, hal-hazırda həmin borcun ödənilməsi üçün siyahıya alınmış məlum əmlakların hərrac vasitəsi ilə satılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 12 iyul 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi tələb olunan 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat məbləğində borcun 800 (səkkiz yüz) manat hissəsi məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən tam olaraq ödənildiyi üçün iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi, yəni “cavabdehin 12 iyul 2021-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 801,78 (səkkiz yüz bir manat 78 qəpik) manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 887-ci məhəllə ünvanında yerləşən “Caspian Shoping” Ticarət Mərkəzinin “Qadın Geyimləri” adlı 38 saylı mağazasında **********0 saylı Protokolla rəsmiləşdirimiş 27 ədəd qadın üçün “kofta” və 10 ədəd “ziyafət geyimləri” olmaqla, ümumilikdə 1630 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar