Məhkəmə qərarları › İş №e-2-2(121)-1061/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1061/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1061/2024 14.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı – pul tələbi barədə iddiasına dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı – 24.295,28 manat məbləğində qalıq borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 162,89 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, alıcı növü, miqdarı, keyfiyyəti, çeşidi, brendi və qiyməti tərəflər arasında razılaşdırılaraq müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən əlavələr ilə müəyyən olunan malları müqavilənin qüvvədə olduğu müddət ərzində satıcıya sifariş verməyi və müqavilədə göstərilən qaydada malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Malların qiyməti və alqı-satqıya dair digər sepisifik şərtlər müqaviləyə olan və onun ayrılmaz tərkib hissəsi sayılan əlavələrlə müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq sifariş olunan mallar iddiaçıya təhvil verilmiş və malların dəyəri cavabdehə ödənilmişdir. Qeyd olunan alışla bağlı malların dəyərinin ödənilməsini təsdiq edən ödəniş sənədləri iddia ərizəsinə əlavə olunmuşdur. Mallar iddiaçıya təhvil verildikdən sonra onların bir qisminin satıcıya geri qaytarılması və ödənilən vəsaitin alıcıya geri ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 520463 nömrəli, xx.xx.2023-cü il tarixli, 515305 nömrəli, xx.xx.2023-cü il tarixli, 518771 nömrəli, xx.xx.2023-cü il tarixli, 514715 nömrəli, xx.xx.2023-cü il tarixli, 520865 nömrəli elektron qaimə sənədlərinə və onların əsasında tərtib edilmiş “malların geri qaytarılması barədə elektron qaimə-faktura” sənədlərinə əsasən ümumi dəyəri 24.295,28 manat məbləğində mallar cavabdehə geri qaytarılmışdır. Müvafiq geri qaytarma əməliyyatları cavabdehin səlahiyyətli şəxsləri tərəfindən də təsdiq edilir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək geri qaytarılan malların dəyərini iddiaçıya ödəməmiş və nəticədə 24.295,28 manat məbləğində ödənilməmiş qalıq borcu yaranmışdır. Qalıq borcun ödənilməsi ilə bağlı cavabdehə çoxsaylı şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq ödənilmiş vəsaitlər bu günə kimi geri qaytarılmamışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh borcundan keçən dövr üzrə heç bir ödəniş etməmişdir və xx.xx.2023-cü il tarixə 24.295,28 manat ödənilməmiş qalıq borcu qalmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.2-ci bəndinin “i” yarımbəndinə əsasən, satıcıdan alıcıya keyfiyyətsiz (satışa yararsız) mal daxil olduğu halda satıcı həmin malı keyfiyyətli malla əvəz edir, bu mümkün olmadıqda, satıcı keyfiyyətsiz mala görə ödənilən məbləği 10 iş günü ərzində alıcıya geri qaytarır. Keyfiyyətsiz malın keyfiyyətlisi ilə əvəz edilməsinə görə bütün xərcləri satıcı çəkir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq tərtib olunmuş və onun ayrılmaz tərkib hissəsi olan “mallar, qiymətlər və digər məsələlər” barədə 1 saylı əlavə imzalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 0256 saylı; xx.xx.2020-ci il tarixli 0280 saylı; xx.xx.2020-ci il tarixli 2WD saylı ödəniş tapşırıqlarından; xx.xx.2023-cü il tarixli 515305 saylı; xx.xx.2023-cü il tarixli 520865 saylı; xx.xx.2023-cü il tarixli 514715 saylı; xx.xx.2023-cü il tarixli 518771 saylı; xx.xx.2023-cü il tarixli 520463 saylı elektron qaimələrdən; xx.xx.2023-cü il tarixli 515305 saylı; xx.xx.2023-cü il tarixli 520865 saylı; xx.xx.2023-cü il tarixli 514715 saylı; xx.xx.2023-cü il tarixli 518771 saylı; xx.xx.2023-cü il tarixli 520463 saylı malların qaytarılması barədə elektron qaimə-fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mallar geri qaytarılmışdır. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqısı müqavilə(lər)sinə əsasən Cavabdeh MMC-yə 24.295,28 manat borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materialında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair arayışın surətindən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixinə 24.295,28 manat ödənilməmiş borcu qalmışdır. Beləliklə, işin həqiqi halları ilə və işin materialları ilə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq sifariş olunan mallar iddiaçıya təhvil verilmiş və malların dəyəri cavabdehə ödənilmişdir. Mallar iddiaçıya təhvil verildikdən sonra onların bir qisminin satıcıya geri qaytarılması və ödənilən vəsaitin alıcıya geri ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur. Elektron qaimələrə və onların əsasında tərtib edilmiş “malların geri qaytarılması barədə elektron qaimə-faktura”lara əsasən ümumi dəyəri 24.295,28 manat məbləğində mallar cavabdehə geri qaytarılmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək geri qaytarılan malların dəyərini iddiaçıya ödəməmiş və nəticədə 24.295,28 manat məbləğində ödənilməmiş qalıq borcu yaranmışdır. Qalıq borcun ödənilməsi ilə bağlı cavabdehə çoxsaylı şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq ödənilmiş vəsaitlər bu günə kimi geri qaytarılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 580.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 580.2-ci maddəsinə əsasən, əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə: 580.2.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin; 580.2.2. verilmiş əşyaların hamısından imtina etsin; 580.2.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin; 580.2.4. verilmiş əşyaların hamısını qəbul etsin. Göstərilən Məcəllənin 580.3-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, malların iddiaçıya təhvil verildikdən sonra onların bir qisminin cavabdehə geri qaytarılması və ödənilən vəsaitin iddiaçıya geri ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunduğundan, həmin mallar elektron qaimələrə və onların əsasında tərtib edilmiş “malların geri qaytarılması barədə elektron qaimə-faktura”lara əsasən cavabdehə geri qaytarıldığından, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək geri qaytarılan malların dəyərini iddiaçıya ödəmədiyindən, iddiaçı ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “dövlət rüsumunun ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, 24.295,28 manat məbləğində tələb üzrə məhkəmə xərcinə daxil olan dövlət rüsumunun məbləği 162,89 manat məbləğində deyil, 162,88 manat təşkil etdiyindən, iddia tələbi bu hissədə qismən təmin edilməklə cavabdehdən 162,88 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 24295,28 manat məbləğində əsas borc və 162,88 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar