Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1713/2025 03.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “İddiaçı”nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı”nin nümayəndəsi Vəkil1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlılq iclası xx.xx.2025-ci il tarixdə, saat 12:45-ə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iş üzrə təyin edilmiş məhkəmənin hazırlıq iclasında Bakı Kommersiya Məhkəməsində iclaslarının olması səbəbindən iştirak etməkləri mümkün olmayacaqdır. O, iddia tələbini müdafiə edir, hazırlıq iclasını iştirakları olmadan keçirilərək, iş üzrə məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə il müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5ci maddəsinin tələblərini rəhbər tutaraq iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi” ilə cavabdeh "xxxx" MMC arasında 07 mart 2016-cı il tarixində distribyutorluq müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi” Titiz markalı təmizlik, məişət və kağız məhsullarını "xxxx" MMCyə satmağı, "xxxx" MMC isə müqavilə üzrə satılmış olan malların qiymətini “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi”nə ödəməyi öhdəsinə götürür. Qeyd edilən müqaviləyə 01 may 2024-cü il tarixində dəyişiklik edilməklə müqavilənin müddəti 01 may 2025-ci il tarixinə qədər uzadılmışdır. “X1 Ürünleri Sanayi və Ticaret Limited Şirketi”nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun, dəbbə pulunun ödənilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi tələbinə” dair kommersiya mübahisələrinə dair işə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməz. Belə ki, tərəflər arasında imzalanmış olan 07 mart 2016-cı il tarixli müqavilənin 15-ci maddəsinin şərtlərinə əsasən bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə İstanbul məhkəmələrinin Barışıq və Arbitraj qaydalarına uyğun olaraq sonda həll edilir. Tərəflər arasında imzalanmış distribyutorluq müqaviləsinin şərtlərindən də göründüyü kimi müqavilə üzrə yaranan mübahisələrə Türkiyə Respublikasının İstanbul məhkəmələrində Arbitraj və Barışıq qaydalarına uyğun həll ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinin tələblərinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirik ki, tərəflər aralarında olan mübahisənin həlli üçün arbitraj məhkəməsində baxılması üçün aritraj sazişi bağladqıları üçün hazırki iş üzrə Şirvan Kommersiya Məhkəməsi təərfindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərarda qəbul edilməsi üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış distribyutorluq müqaviləsinin şərtlərindən də göründüyü kimi həmin müqavilə üzrə yaranan mübahisələrə Türkiyə Respublikasının İstanbul məhkəmələrində Arbitraj və Barışıq qaydalarına uyğun həll ediləcəkdir. O, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.5-ci maddəsinin tələbinə əsasən hazırki mübahisənin məhkəmədə həll edilməsinə etiraz etdiklərini və bu əsasla iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il, 16/2023 №-li qərarının 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 69- cu maddəsinin İ bəndi və əlaqəli qanunvericilik aktları, xarici fiziki və hüquqi şəxslərin statusunu qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, milli rejim (öz vətəndaşları ilə bərabər hüquq və vəzifələr) əsasında müəyyən edir. Eyni rejim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 439-cu maddəsində də nəzərdə tutulmuşdur. Bu baxımdan nəzərə alınmalıdır ki, xarici şəxslərin prosessual hüquq və vəzifələri Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin prosessual hüquq və vəzifələri ilə eynilik təşkil edir. Həmin qərarın 1.6-ci bəndinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. Həmin qərarın 1.7-ci bəndinə əsasən, xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti onların yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən öz ölkəsində prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər (MPM-in 442.1-ci maddəsi). Həmin qərarın 2.1-ci bəndinə əsasən, məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Həmin qərarın 2.2-ci bəndinə əsasən, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi) beynəlxalq müqavilələr aiddir. Həmin qərarın 2.4-cü bəndinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin qərarın 2.5-ci bəndinə əsasən, həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; - cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; - iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. Həmin qərarın 2.10-cu bəndinə əsasən, qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. Həmin qərarın 2.11-ci bəndinə əsasən, xarici elementli mübahisələrə baxılarkən ilk öncə xarici elementin olub olmaması müəyyən edilməlidir. Mülki dövriyyədəki “xarici element” müəyyən edilərkən nəzərə alınmalıdır ki, “xarici element” aşağıdakı kateqoriyalar baxımından fərqləndirilir: - Hüquq münasibətinin subyektində ifadə olunan xarici element. Münasibətin iştirakçısı kimi müxtəlif dövlətlərin hüquqi və ya fiziki şəxsləri, yaxud beynəlxalq təşkilat çıxış edir. - Hüquq münasibətinin obyektində ifadə olunan xarici element. Münasibətin iştirakçıları (subyektləri) Azərbaycan Respublikasının vətəndaşları olan hüquq münasibətinin obyekti xaricdə yerləşdiyinə görə bu münasibət beynəlxalq xarakterli hesab edilir. Digər bir halda Azərbaycan Respublikasında yerləşən xarici şəxslərin əmlakları ilə bağlı xarici şəxslər arasında baş verən münasibət də obyektinə görə beynəlxalq xarakterli hesab edilir. Həmin qərarın 3.3-cü bəndinə əsasən, MPM-in 29, 32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. Həmin qərarın 3.5-ci bəndinə əsasən, Arbitraj şərtinin mövcud olduğu hallarda yuxarıda göstərilən səbəblərdən iddia ərizəsi baxılmamış saxlanılarsa və ya mülki mühakimə icraatı ümumi qaydada davam etdirilərsə, məhkəmə bununla əlaqədar müvafiq əsaslandırma aparmalıdır. Məhkəmə, iş materiallarına əsasən, ilk öncə qeyd edir ki, hazırki mübahisə xarici elementli olub, “xarici element” hüquq münasibətinin subyektində ifadə olunur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “İddiaçı” xarici hüquqi şəxsdir (Türkiyə Respublikası). Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə Azərbaycan Respublikasının hüquqi şəxsidir. "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" xx.xx.2002-ci il tarixli Müqavilənin (Azərbaycan Respublikasının 22 oktyabr 2002-ci il tarixli, 369-İİQ № li qanunu ilə təsdiq edilmişdir) 2ci maddəsinə əsasən Razılığa gələn bir Tərəfin vətəndaşları Razılığa gələn digər Tərəfin ədliyyə idarələrində baxılan mülki və ticarət işlərində Razılığa gələn həmin Tərəfin vətəndaşları ilə eyni şərtlərlə hüquqi müdafiəyə malikdirlər. Razılığa gələn bir Tərəfin vətəndaşları mülki və ticarət işlərində Razılığa gələn digər Tərəfin ədliyyə idarələrinə Razılığa gələn həmin Tərəfin vətəndaşları ilə eyni şərtlərlə sərbəst iddia qaldırmaq hüququna malikdirlər. Razılığa gələn Tərəflərdən birinin ərazisində iqamətgahı yerləşən və həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq təsis edilmiş hüquqi şəxslərə də bu Müqavilənin müddəaları şamil edilir. Tərəflər arasında bağlanmış 07 mart 2016-cı il tarixli “Yeganə idxalçı - Distribyutorluq Müqaviləsi”nin 15-ci bəndində əsasən, bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan hər hansı mübahisə İstanbul Məhkəmələrinin Barışıq və Arbitraj qaydalarına uyğun olaraq sonda həll edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən nelə qənaətə gəlir ki, hazırki iş üzrə məhkəmə beynəlxalq səlahiyyətə malik olsa da, tərəflər aralarında bağlanmış müqavilədə mübahisənin İstanbul Məhkəmələrinin Barışıq və Arbitraj qaydalarına uyğun olaraq həlli qaydası nəzərdə tutulduğundan və hazırlıq iclasında cavabdehin nümayəndəsi işə baxılmasına etiraz etdiyindən, AR MPM-in 259.0.5-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il, 16/2023 №-li qərarının 3.6-cı bəndinə əsasən, tərəflər arasında arbitraj şərtinin mövcud olmasına baxmayaraq, məhkəməyə iddia ərizəsi daxil olduqda, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixində qoşulduğu “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının 2-ci maddəsinin 3-cü bəndinə və MPM-in 167.1 və 167.1.5-ci maddələrinə uyğun olaraq tərəflərin arbitraja müraciət etmək hüququ və bu hərəkətin nəticəsi onlara izah edilməlidir. “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının 2-ci maddəsinin 3-cü bəndinə, əsasən, Razılaşan Dövlətin məhkəməsi, tərəflərin bu maddənin mənasına uyğun olaraq razılaşma bağladıqları məsələyə dair iddiaya baxdıqda, tərəflərdən birinin tələbi ilə, sözügedən razılaşmanı etibarsız, qüvvədən düşmüş və ya icrasını qeyri-mümkün hesab etməzsə tərəfləri arbitraja yönləndirir. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçının nümayəndəsi Vəkil1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə 546 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********83) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı “İddiaçı”nin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfə izah edilsin ki, tərəflər arasındakı mübahisənin həlli ilə əlaqədar olaraq arbitraj məhkəməsinə müraciət edə bilər. İddiaçının nümayəndəsi Vəkil1 tərəfindən Şirvan Kommersiya Məhkəməsinə ödənilmiş 546 (beş yüz qırx altı) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********83), Vəkil1 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəmzi Nəbiyev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1713/2025
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1713/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver