Məhkəmə qərarları › İş №e-2-2(121)-1926/2023

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-1926/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-1926/2023 31.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5ci bəndinə əsasən vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Həmin Qaydalara əsasən hər bir orderdə vəkilin iştirakı üçün yalnız bir məhkəmə instansiyasının adı yazılmalı və bu order həmin məhkəmədə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək vəkilin iştirakını səlahiyyətli edir. Məhkəmə qeyd edir ki, hazırki ərizəyə iddiaçıya bütün məhkəmə instansiyaları və mediasiya təşkilatlarında, mötərizədə isə “Şirvan Kommersiya Məhkəməsində” hüquqi yardım göstərmək üçün verilmiş vəkil orderi əlavə edilmişdir. Halbuki, mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olduğundan vəkil orderində “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnaməyə əsasən tapşırığın yerinə yetirildiyi təşkilat kimi yalnız Şirvan Kommersiya Məhkəməsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Qeyd olunan Məcəllənin 150.1.3-cü maddəsinə əsasan, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Belə ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş, o cümlədən iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunan Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin nəzərinə çatdırır ki, hazırkı iddia ərizəsi üzrə artıq Şirvan Kommersiya Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, e-2-2(121)- 1878/2023 saylı qərardadı ilə iddia ərizəsində olan nöqsanlar göstərilmiş, lakin hazırkı iddia ərizəsində nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Odur ki, məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmış iddia ərizəsi yenidən məhkəməyə təqdim edilən zaman məhkəmənin qərardadında göstərilən nöqsanlar nəzərə alınmaqla aradan qaldırılmalı, işə düzgün və tezliklə baxılmasına maneçilik törədilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra iddia icraatı qaydasında ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar