Məhkəmə qərarları › İş №e-2-2(121)-3006/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(121)-3006/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-2(121)-3006/2024 20.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Misirzadə Namidar Əlöysət oğlu – İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilən ******* saylı, xx.xx.2024-cü il tarixli orderin surətindən görünür ki, həmin orderdə tapşırığın yerinə yetirildiyi təşkilat kimi Sumqayıt Kommersiya Məhkəməsi göstərilmişdir. Lakin, Şirvan Kommersiya Məhkəməsi üçün ayrıca order təqdim edilməmişdir. Göründüyü kimi, elektron iddia ərizəsi nümayəndə və Vəkil tərəfindən imzalanmışdır, lakin Vəkil qismində Şirvan Kommersiya Məhkəməsində təmsilçilik səlahiyyətini təsdiq edən vəkil orderi iddia ərizəsinə əlavə edilməmişdir. Bu xüsusatla bağlı məhkəmə əlavə olaraq xatırladır ki, mülki prosessual qanunvericilik mülki iş üzrə tərəflərə məhkəmə prosesində öz hüquqlarının müdafiəsini şəxsən və ya nümayəndə vasitəsi ilə həyata keçirmək imkanını vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Bu zaman nəzərə alınmalıdır ki, MPM-nin 69.1-1-ci maddəsinin tələbinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Yaxın qohum olan nümayəndənin (MPM-nin 19-cu maddəsinin qeyd hissəsində yaxın qohumların siyahısı göstərilmişdir) səlahiyyəti MPM-nin 73.1 və 73.2-ci maddələrinə əsasən qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Vəkilin mülki prosesdə iştirakının əsasları isə yaxın qohum olan nümayəndədən fərqli qaydada tənzimlənmişdir. Belə ki, MPM-nin 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Mülki prosesdə vəkilin hüquq və vəzifələri MPM-nin 68-ci maddəsində müəyyən edilmişdir. Adı çəkilən prosessual hüquq normasının tələblərinə görə, iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur (68.1), məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir (68.2), işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir (68.3). Vəkilin nümayəndə kimi səlahiyyətləri isə hüquqlarını müdafiə etdiyi şəxsin ona verdiyi etibarnamə ilə müəyyən olunur və bu halda da nümayəndə qismində səlahiyyətləri MPM-nin 73.1, 73.2, 73.5 və 74-cü maddələrinə əsasən qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə göstərilir. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi qaydasını müəyyən edən MPM-nin 73-cü maddəsi ilə nümayəndənin səlahiyyətinin qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməli olması (73.1), vəkilin səlahiyyətinin qanunla müəyyən olunmuş qaydada təsdiq edilməli olması (73.5) nəzərdə tutulmuşdur. Göründüyü kimi, MPM-nin 73.5-ci maddəsi göndərici normadır və vəkilin nümayəndə qismində səlahiyyətinin rəsmiləşdirilməsi qaydasının başqa (sahəvi) qanunla müəyyən edildiyini nəzərdə tutur. Vəkillərin fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarını müəyyən edən 5-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən, vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, vəkilin mülki prosesdə yalnız vəkil qismində iştirak etməsi ilə yanaşı, həm də vəkil və nümayəndə qismində hüquqi yardım göstərməsi nəzərdə tutulsa da, yalnız nümayəndə qismində yaxın qohumu olmayan şəxsi məhkəmədə təmsil etməsi nəzərdə tutulmamışdır. Buna görə də, vəkilin mülki prosesdə nümayəndə qismində səlahiyyətli sayılması üçün hüquqlarını müdafiə etdiyi şəxsin ona bu barədə etibarnamə verməsi kifayət etmir. Vəkil etibarnamə ilə yanaşı, mütləq şəkildə təmsil etdiyi şəxslə hüquqi yardım haqqında müqavilə bağlamalı və həmin müqavilənin bağlanmasının təsdiqi kimi order tərtib edilməlidir. Buna görə də, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Bu zərurilik həm MPM-nin yuxarıda sadalanan normalarının tələblərindən, həm də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun göstərişlərindən irəli gəlir. Vəkil orderinin vəkilin iştirak etdiyi hər bir məhkəmə instansiyası üçün tərtib edilməsinin zəruriliyi isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə ilə təsbit olunmuşdur. Belə ki, həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi vəkil orderinin yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsini təsdiq edən sənəd olması normativ qaydada tənzimlənmişdir. Sadalanan xüsusatlarla müəyyən edilir ki, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Həmin müqavilənin bağlanması və müqaviləyə əsasən vəkilin səlahiyyəti isə orderlə təsdiq olunur. Buna görə də vəkilin ədalət mühakiməsində istər yalnız vəkil, istərsə də həm vəkil, həm də nümayəndə qismində tam səlahiyyətli şəxs kimi iştirak etməsi üçün order təqdim etməsi zəruridir. Məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2024-cü il tarixdə verilmiş ******* nömrəli vəkil orderi iddianın tərtibinə dair tapşırığın yerinə yetirilməsi üçün və Sumqayıt Kommersiya Məhkəməsində işin aparılması məqsədi ilə verilmişdir və həmin order Şirvan Kommersiya Məhkəməsinə verilmiş iddia ərizəsinin imzalanması səlahiyyətini özündə əks etdirmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilməmişdir. Buna görə də, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Şirvan Kommersiya Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 256 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar