Məhkəmə qərarları › İş №e-2-2(121)-343/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-343/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № e-2-2(121)-343/2023 05.04.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Abbasov Zaur Vahid oğlunun sədrliyi, Musayev Fərhad Böyükağa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 71.722 manat məbləğində əsas, 5.000 manat məbləğində cərimə olmaqla, ümumilikdə 76.722 manat borcun və 400 manat mediyasiya prosesi zamanı mediatora ödənilən məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (VÖEN: **********) İddiaçı (VÖEN: **********) arasında 30 dekabr 2020-ci il tarixli, GP/2021/018 nömrəli “Distribütorluq Müqaviləsi” bağlanmışdır. İddiaçı MMC müqavilə ilə üzərinə götürdüyü ödəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş yem məhsullarını cavabdehə nisyə təhvil vermişdir və nəticədə cavabdehin nisyə götürdüyü yem məhsulları üzrə 71.722 manat məbləğində borcu yaranmışdır. Yem məhsullarının alınmasının üzərindən xeyli vaxt keçməsinə baxmayaraq borc cavabdeh tərəfindən ödənilməmişdir. Tələb olunan 71.722 manat borc məbləği sonuncu dəfə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 80 nömrəli “X4” ilə təsdiq edilməsinə baxmayaraq dəfələrlə müraciət edilsə də, İddiaçı MMC-nin satmış olduğu müxtəlif çeşidli yem məhsullarının müqabilində cavabdeh tərəfindən tam ödəniş edilməmiş, şirkətə həmin vəsait daxil olmamışdır. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Buna uyğun olaraq cavabdehin şirkətə 71.722 manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq cavabdehdən 5.000 manat məbləğində dəbbə pulunun tutulması məqsədəuyğundur. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət olunaraq cavabdehə son olaraq xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Eyni zamanda Sabirabad 1 saylı Mediasiya təşkilatı tərəfindən kommersiya mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, saat 11:30-da İmişlı şəhərində keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmədiyinə görə xx.xx.2022-ci il tarixli, MŞS/1/00829 nömrəli “X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış” təsdiq edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, istehsal etdikləri məhsullar cavabdehlə bağladıqları distribütorluq müqaviləsinin şərtlərinə uyğun olaraq üçüncü şəxslərə satılması və satışdan əldə olunan pulun hər ayın sonunda hesablarına yatırılması üçün tərəflərindən cavabdehə vaxtında və qüsursuz təhvil verilmişdir. Malların qiyməti onlar tərəfindən müəyyən edilirdi və distribütorların həmin məbləğdən hər hansı bir şəkildə kənarlaşmaları halında onlarla bağlanmış müqavilələrə birtərəfli qaydada dərhal xitam verilirdi. Cavabdeh tərəfindən satılan malların ümumi dəyərinin 5 %-i miqdarında xidmət haqqı cavabdehə ödənilirdi, təyin olunan satış hədəfinə nail olunması halında isə cavabdehə əlavə mükafat verilirdi. Cavabdeh iddia ərizəsində göstərilən məbləğdə malı qəbul edərək üçüncü şəxslərə satmışdır, lakin malların satışından əldə olunan pul onlara ödənilməmişdir. Nümayəndə qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında və xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə baxış iclasında verdiyi izahatlarında iddianı qismən qəbul edərək iddiaçıya 59.000 manat borcu olduğunu etiraf etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə iş münasibətləri 2017-ci ilin sonlarından etibarən başlanmışdır və 2020-ci ilin avqust ayına kimi davam etmişdir. Bu müddətdə iddiaçının istehsal etdiyi yem məhsullarını ondan qəbul edərək Bərdə, Ağdam və Ağcabədi rayonlarının ərazisində fəaliyyət göstərən iri və kiçik fermer təsərrüfatlatına öz adından satmış, satışdan əldə olunan pul vəsaitini aylıq olaraq iddiaçının bank hesabına ödəmişdir. İddiaçı ilə müntəzəm olaraq X4 tərtib edərək aralarında olan haqq-hesabı müəyyən etmişlər. Əvvəllər işlərinin yaxşı getməsinə baxmayaraq, sonradan satdığı məhsulların dəyərini fermerlərdən almaqda çətinliklər yaranmışdır və buna görə də iddiaçıya borcu yaranmışdır. 2020-ci ilin avqust ayında iddiaçı ilə birgə fəaliyyətlərini sonlandırarkən iddiaçıya 284.000 manat borcu qalmışdır. Sonradan həmin borcdan ilk olaraq 124.000 manat ödəniş etmiş, sonrakı tarixlərdə isə müxtəlif məbləğlərdə (38.000, 12.000, 5000, 10.000, yenə 5000 olmaqla) ödənişlər etmişdir. Bu qeyd edilən ödənişlərdən sonra onun iddiaçıya 90.000 manat borcu qalmışdır və bu borc məbləğini azaltmaq üçün dəyəri 20.000 manat olan iri və xırda buynuzlu heyvanları natura şəklində, 5000 manat pulu nağd olaraq iddiaçıya vermişdir. Lakin iddiaçı həmin heyvanların dəyərini 15.800 manat kimi qiymətləndirərək qəbul etmişdir. Sonrakı ödənişləri əsasən iddiaçının onun fəaliyyət göstərdiyi ərazidə olan nümayəndələrinə etmişdir, lakin həyata keçirdiyi ödənişlərə dair heç bir qəbz və ya digər sənəd almamışdır. Cavabdeh izahatının sonunda iddiaçıya borclu olduğu məbləği qaytarmaq niyyətində olduğunu, bunun üçün ona müəyyən vaxt tələb olunduğunu bildirdi və qərar qəbul edilərkən hazırki maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, işin müəyyən edilmiş hallarını və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və buna görə də ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2016-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X3r. İş materiallarından görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2015-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, halhazırda Ağcabədi rayonu, Qaravəlli kəndində qeydiyyatdadır İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli, GP/2021/018 nömrəli “Distribütorluq müqaviləsi”nin: - 1.1-ci bəndinə əsasən, "İstehsalçı” çeşidi bu Müqavilənin ayrılmaz hissəsi olan əlavələri ilə müəyyən edilmiş yem məhsullarını (bundan sonra "Mal" adlandırılacaq) istehsal edir və satış üçün "Distribütor"a təqdim edir; - 1.2-ci bəndinə əsasən, "Distribütor" "İstehsalçı"nın təqdim etdiyi "Mal"ları qəbul edir və Hindarxı, Ağdam rayonunda satışını təşkil edir; - 1.4-cü bəndinə əsasən, müqavilə üzrə "Distribütor"un minimal cari il sonuna satış hədəfi 1214.50 ton olmaqla, aylar üzrə rəhbərlik tərəfindən razılaşdırılmış aylıq hədəf üzrə müəyyən edilir; - 1.5-ci bəndinə əsasən, malın çeşidi və "İstehsalçı"dan alış qiyməti və müştərilərə maksimal satış qiyməti bu müqavilənin ayrılmaz hissǝsi olan Əlavələr ilə müəyyən edilir; - 2.3-cü bəndinə əsasən, “Tərəflər” arasında hər ayın sonunda alınmış mallar və ödənişin vəziyyəti ilə bağlı üzləşmə aktı tərtib olunacaqdır; - 2.4-cü bəndinə əsasən, hər ayın sonu “İstehsalçı”nın “Distribütor”a təqdim etdiyi üzləşmə aktı əsasında hesablaşmalar aşağıdakı şəkildə aparılır: 2.4.1. Ay ərzində satdığı “Mal”ın ümumi məbləğinin 5%-i “Distribütor”a mal və ya faktura altı endirim şəklində verilir; 2.4.2. Əgər “Distribütor” bu müqavilə ilə müəyyən edilən aylıq satış hədəfini və hədəf üzrə mal dəyərinin 95%-ni limitsiz, yəni “İstehsalçı”nın bank hesabına ödəmək şərti ilə yerinə yetirərsə ümumi satış dövriyyəsinin 1%-i əlavə olaraq mükafat olaraq verilir. - 3.1-ci bəndinə əsasən, “İstehsalçı”nın aşağıdakı hüquqları vardır: 3.1.2. “Distribütor”un satış işlərini həyata keçirdiyi anbarlarını nümayəndə göndərərək yoxlayır; 3.1.5. “Distribütor”a malların satışı ilə bağlı illik satış hədəfi təyin edir; 3.1.6. “Distribütor” təyin edilən satış hədəfini 4 ay davamlı olaraq 70%-dən aşağı icra edərsə birtərəfli olaraq müqaviləyə xitam verir. - 3.2-ci bəndinə əsasən, “Distribütor”: 3.2.1. Xidmətlərin göstərilməsi gedişində qüvvədə olan qanunvericiliyə və bu Müqavilənin şərtlərinə zidd olmayan “İstehsalçı”nın və səlahiyyətli nümayəndəsinin bütün göstərişlərinə əməl edir; 3.2.4. Müqavilə bağladığı bütün müştərilərin həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə “İstehsalçı”nın qarşısında tam məsuliyyət daşıyır; 3.2.5. “İstehsalçı”nın təqdim etdiyi Əlavələrdə əks olunan qiymət və tarif siyasətindən kənara çıxmamağı öhdəsinə götürür; 3.2.7. Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində digər istehsalçıların yem məhsullarının satışı, istifadəsi, təklifi və s. ilə bağlı hər hansı formada fəaliyyət göstərmir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, 03 nömrəli əmrinin surətinə əsasən, 784.82 manat; xx.xx.2020-ci il tarixli, 09 nömrəli əmrinin surətinə əsasən, 1.018,32 manat; xx.xx.2020-ci il tarixli,15 nömrəli əmrinin surətinə əsasən, 1.468,90 manat; xx.xx.2020-ci il tarixli, 27 nömrəli əmrinin surətinə əsasən, 2.928,79 manat; xx.xx.2020-ci il tarixli 34 nömrəli əmrinin surətinə əsasən, 2.139,56 manat məbləğində müəyyən aylar üzrə təyin olunmuş hədəfləri yerinə yetirmiş distribütor Cavabdeh satış dövriyyəsinin 1%-i həcmində endirimlər tətbiq olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 18 nömrəli qiymətlərin razılaşdırılması protokolunun surətindən görünür ki, İddiaçı MMC-nin direktoru X2 və distribütor Cavabdeh yem alqı-satqısında qiymətlərin müəyyənləşdirilməsi haqqında razılığa gəlmişdirlər. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və son olaraq xx.xx.2022-ci il tarixdə üzləşmə aktları imzalanmışdır. Tərəflər arasında imzalanmış son üzləşmə aktında Cavabdeh iddiaçıya borcunun 71.992,57 manat təşkil etdiyi və bu məbləğlə bağlı tərəflər arasında fikir ayrılığının olmadığı qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 71.722 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli, GP/2021/018 nömrəli “Distribütorluq müqaviləsi”nə əsasən yaranmış 71.992,57 manat məbləğində borc və 5.000 manat məbləğində cərimə borcunun pretenziyanın alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan “X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında iştirak edən Cavabdeh və İddiaçı MMC mediasiya prosesinin davam etdirilməsinə dair razılığa gəlməmişlər. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 400 manat vəsait ödəmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarına, təqdim olunmuş dəlillərə əsasən işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, tərəflər arasında, iddiaçının istehsal etdiyi yem məhsullarının, iddiaçı tərəfindən müəyyənləşdirilən qiymətə, şərtləşdirilən ərazidə cavabdeh tərəfindən və cavabdehin öz adından satışının təşkil edilməsi, malların üçüncü şəxslərə satışından əldə edilən pulun cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməsi, göstərilən xidmətin qarşılığında satılan malın dəyərindən iddiaçı tərəfindən cavabdehə müqavilə ilə müəyyən edilmiş miqdarda faiz ödənilməsinə dair razılıq əldə olunmuşdur və həmin razılığı tərəflər “Distribütorluq müqaviləsi” adlandırdıqları müqavilə ilə rəsmiləşdirmişlər. Bu zaman tərəflər əlavə olaraq cavabdeh tərəfindən həyata keçiriləcək satış hədəfinin müəyyən edilməsi, cavabdehin realizə edilməsi üçün iddiaçıdan götürəcəyi malın ümumi məbləğinə limit tətbiq edilməsi, iddiaçının müəyyən etdiyi satış hədəfinin cavabdeh tərəfindən təmin olunması və hədəf üzrə satılan malın dəyərinin iddiaçının bank hesabına limitsiz ödənilməsi şərti ilə cavabdehə əlavə olaraq 1 %-i miqdarında mükafat verilməsi, cavabdehin müqavilə bağladığı üçüncü şəxslər tərəfindən öz öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehin iddiaçı qarşısında tam məsuliyyət daşıması barədə razılığa gəlmişlər. Cavabdeh üçüncü şəxslərə satılması üçün iddiaçının ona təhvil verdiyi məhsulları fəaliyyət göstərdiyi ərazidə yerləşən təsərrüfatlara satmış, lakin özünün izahatında bildirdiyə görə satılan malların dəyərini tam şəkildə ala bilməmişdir. Nəticədə ayrı-ayrı şəxslərə satdığı malların dəyərinə görə iddiaçıya borcu yaranmışdır. Tərəflər arasında son olaraq xx.xx.2022-ci il tarixdə imzalanmış üzləşmə aktında cavabdehin borclu olduğu məbləğ 71.992,57 manat olaraq göstərilmişdir, lakin cavabdeh hazırda iddiaçıya 59000 manat borcu qaldığını bildirir. Məhkəmə ilk növbədə iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddia ərizəsində malların cavabdehə nisyə verilməsi, lakin cavabdeh tərəfindən nisyə aldığı malların dəyərinin ödənilməməsi qeyd olunmaqla tələbin hüquqi əsası kimi Mülki Məcəllənin alqı-satqı müqaviləsinə dair münasibətləri təmzimləyən müvafiq maddələrinə istinad olunsa da, həmçinin tərəflər arasında bağlanmış müqavilə distribütorluq müqaviləsi adlandırılsa da, müqavilənin məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olmuşdur ki, tərəflər arasında alqı-satqı və ya distribütorluq münasibətləri deyil, komissiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, tərəflərin iradə ifadəsi məhz komissiya müqaviləsinin bağlanmasına yönəlmişdir. Bu halda məhkəmə hesab edir ki, tərəflərin müqavilə münasibətlərinə daxil olarkən ifadə etdikləri iradələrinin əsil məzmunu əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə, eləcə də müqavilənin icrası ilə bağlı tərəflərin sonrakı hərəkətlərinə əsasən müəyyən edilən işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan komissiya müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 808.1-ci maddəsinə əsasən, komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. Həmin Məcəllənin 808.3-cü maddəsinə əsasən, komissiya müqaviləsi müəyyən müddətə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər. Yuxarıda qeyd olunan qanun normalarının dispozisiya şərtlərini hazırki işə tətbiq edərək məhkəmə müəyyən edir ki, iddiaçı (komitent) istehsal etdiyi məhsulları üçüncü şəxslərə satılması üçün cavabdehə (komisyonçuya) təqdim edir, cavabdeh (komisyonçu) iddiaçının (komitentin) istehsal etdiyi və ona təqdim etdiyi müəyyən çeşiddə olan məhsulları, şərtləşdirilən ərazidə öz adından, lakin iddiaçının hesabına üçüncü şəxslərə satmaq barədə iddiaçının tapşırığını, həmin məhsulların satışı nəticəsində əldə edilən dəyərdən faiz (komisyon muzdu) alması müqabilində yerinə yetirməyi öhdəsinə götürür. Bununla yanaşı müqavilənin digər şərtlərinin təfsiri də tərəflərin məhz komissiya müqaviləsi çərçivəsində hüquq münasibətlərinə daxil olmaları qənaətinə gəlməyə əsas verir. Belə ki, tərəflər müqavilə ilə razılaşdırmışlar ki, cavabdeh xidmətlərin göstərilməsi gedişində iddiaçının bütün göstərişlərinə əməl etməli, malları iddiaçının müəyyən etdiyi satış qiyməti ilə realizə etməlidir. Həmçinin cavabdeh öhdəlik götürür ki, xidmətlərin göstərilməsi (üçüncü şəxslərlə bağladığı əqdlər) ilə bağlı iddiaçıya yazılı və şifahi hesabatlar, rəylər və arayışlar verir, o cümlədən müqavilə bağladığı müştərilər barədə məlumatları iddiaçının istəyi əsasında təmin edir. Bu göstərilən öhdəlik və razılaşmaların hüquqi əsası isə komissiya müqaviləsinə dair normalarda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 810.1-ci maddəsinə görə, komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir; 811.1-ci maddəsinə görə, komisyonçu əqdin müqavilə şərtləri haqqında, öz adından və sifarişçinin hesabına hərəkətləri yerinə yetirməsi haqqında komitentə məlumat verməyə borcludur; 811.2-ci maddəsinə görə isə, razılaşmanın olmadığı halda komisyonçu üçüncü şəxsin adını bildirməyə borclu deyildir, amma komisyonçunun ödəniş qabiliyyətli olmadığından ehtiyat edildiyi hallar istisna təşkil edir. Məhkəmə tərəflərin daxil olduqları hüquq münasibətinin xarakterinin müəyyən edilməsi zamanı nəzərə aldığı əsas məqamları ümumiləşdirərək qeyd edir ki, iddiaçının istehsal etdiyi malları cavabdehə təqdim etməsinin məqsədi onlara mülkiyyət hüququnu cavabdehə vermək olmamışdır, həyata keçirilən satışın ümumi məbləğindən faiz şəklində cavabdehə muzd ödənilməsi şərti ilə üçüncü şəxslərə satılması və satışdan əldə olunan pul vəsaitinin iddiaçıya verilməsindən ibarət olmuşdur. Buna görə də, tərəflər arasında əşyanın mülkiyyətə verilməsinə dair münasibətləri tənzimləyən alqı-satqı müqaviləsi deyil, xidmət göstərilməsi üzrə münasibətləri tənzimləyən komissiya müqaviləsi bağlandığı qəbul edilir. Yenə tərəflərin münasibətlərini səciyyələndirən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hesabına olmaqla cavabdehin üçüncü şəxslərlə əqdləri öz adından bağladığı və əqd üzrə hüquq və vəzifələr ilk növbədə cavabdeh üçün əmələ gəldiyi üçün, eləcə də iddiaçı tərəfindən təqdim olunan mallar üzərində cavabdehin mülkiyyət hüququnun yaranmadığı, cavabdehin malları öz hesabına deyil, iddiaçının hesabına satmasının nəzərdə tutulduğu, cavabdehə öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən təkrar satış qiymətlərini sərbəst təyin etmək hüququ verilmədiyi üçün tərəflər arasında yaranmış münasibətlərə komissiya müqaviləsinə oxşar olan digər xidmət göstərilməsinə dair müqavilə konstruksiyaları olan Mülki Məcəllənin 42-ci fəsli ilə tənzimlənən ticarət nümayəndəsi (agent) haqqında müqavilənin, həmçinin 43-cü fəsildə nəzərdə tutulmuş konsessiya müqaviləsinin müddəaları tətbiq edilə bilməz. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı şəkildə bağlanılmış komissiya müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə iddiaçı istehsal etdiyi malları üçüncü şəxslərə satılması üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malları öz adından üçüncü şəxslərə sataraq əldə olunan pul vəsaitini iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan üzləşmə aktları, satış və ödəniş cədvəlləri, həmçinin tərəflərin məhkəmə iclaslarında verdikləri izahatları ilə iddiaçının üzərinə düşən öhdəliyi icra edərək razılaşdırılmış malları cavabdehə təhvil verməsi öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əsasən tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçının istehsal etdiyi çeşidi müəyyən edilmiş yem məhsullarını satış üçün cavabdehə təqdim etməsi və cavabdehin satdığı mallara görə iddiaçıya 59000 manat məbləğində borcunun olması işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halları belədir ki, iddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək satdığı malların dəyərini iddiaçıya tam ödəməmişdir və nəticədə cavabdehin iddiaçıya 71.722 manat borcu qalmışdır. İddiaçı öz tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 80 nömrəli “X4”na istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıya məxsus olan malların üçüncü şəxslərə satışından iddiaçıya 59.000 manat məbləğində ödənilməmiş borcunun olduğunu bildirir. Cavabdeh üzləşmə aktlarında olan imzaların ona məxsus olduğunu, həmin aktlarda göstərilən məbləğlərin düzgün olduğunu, lakin sonradan tərəfindən edilmiş ödənişlərin iddiaçı tərəfindən tam nəzərə alınmadığını və düzgün hesablanmadığını bildirir. Lakin cavabdeh öz etirazının əsasını təşkil edən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclaslarında cavabdehə xx.xx.2022-ci il tarixli 80 nömrəli “X4”nın imzalanmasından sonra iddiaçıya hər hansı bir ödənişi həyata keçirməsinə dair sübutu və ya bu xüsusatı təsdiq edə biləcək şəxsləri şahid qismində məhkəməyə təqdim etməsi təklif olunmuşdur, lakin cavabdeh belə sübutlarının olmadığını bildirmişdir. Məhkəmə, işin cavabdeh tərəfindən mübahisələndirilən halı ilə bağlı qeyd edir ki, cavabdeh mübahisələndirdiyi məsələ ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bununla yanaşı iddiaçının tələbinə qarşı cavabdeh tərəfindən heç bir əsaslı fikir və dəlil bildirilməmişdir. Cavabdehin qəbul etmədiyi borc məbləğini guya iddiaçının nümayəndələrinə müxtəlif vaxt aralıqları ilə ödəməsinə dair izahatına məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə cavabdeh tərəfindən ödənişin hansı qaydada ödənilməsi göstərilmişdir və cavabdeh də izahatında ödədiyi pul məbləğlərini hər zaman müqavilədə qeyd olunmuş qaydada, yəni cavabdehin bank hesabına ödənilməsi yolu ilə həyata keçirdiyini bildirmişdir. Cavabdeh ödədiyini iddia etdiyi digər pul məbləğlərinin hansı səbəbdən hər zaman olduğu mimi iddiaçının bank hesabına deyil, nağd şəkildə və iddiaçının nümayəndələrinə ödəməsinə aydınlıq gətirə bilməmişdir. Digər tərəfdən cavabdeh həmin şəxslərin dairəsini konkret göstərə bilməmiş, hansı qaydada, hansı tarixdə və şəraitdə ödəniş etməsini əsaslandıra bilməmişdir. Eyni zamanda həmin şəxslər barədə məlumat verilməsi, onların məhkəməyə şahid qismində cəlb edilməsi barədə cavabdehə edilmiş təklif onun tərəfindən təmin edilməmişdir. İddiaçı isə cavabdehdən tələb etdiyi əsas borca və həmin borcun məbləğinə dair tələbini məhkəmə araşdırmaları zamanı tam sübut edə bilmişdir. Buna görə də məhkəmə, cavabdeh tərəfindən mübahisələndirilən halın, yəni cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş əsas borcun 71.722 manat təşkil etdiyinə dair iddiaçının tələbini əsaslı və mötəbər dəlillərlə sübuta yetirilmiş hesab edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hüquqi əsas, tərəflər arasında mövcud olmuş komissiya müqaviləsinin komisyonçunun vəzifə və məsuliyyətini müəyyən edən müvafiq normalarına əsasən yaranmışdır. Belə ki, Mülki Məcəllənin 809-cu maddəsi ilə komisyonçunun ümumi vəzifələrinə, tapşırılmış işi vicdanla aparmaq və komitentin mənafelərini qorumaq (809.1), həmçinin əqdləri vicdanlı üçüncü şəxslərlə bağlamaq və komitentin razılığı olmadan üçüncü şəxslərə kredit (nisyə satış həyata keçirməmək) verməmək aid edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 3.2.4-cü bəndində cavabdeh öz üzərinə müqavilə bağladığı bütün müştərilərin həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçının qarşısında tam məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. Baxmayaraq ki, cavabdeh borcun yaranmasına səbəb kimi satdığı malların dəyərinin alıcılar tərəfindən ödənilməməsi ilə əsaslandırmışdır, onun yuxarıda qeyd olunan öhdəliyi üzərinə götüdüyünə görə cavabdehi bu əsasla məsuliyyətdən azad etmir. Belə ki, Mülki Məcəllənin 814.1-ci maddəsinə əsasən, komisyonçu komitentin hesabına əqd bağladığı üçüncü şəxsin öhdəliklərinin icrası üçün məsuliyyət daşıyır, bu şərtlə ki, o belə məsuliyyət götürmüş olsun. Məsuliyyət üçüncü şəxslə bağlanmış əqddən onun üçün irəli gələn bütün öhdəliklərə şamil edilir. Məhkəmə qeyd edir ki, cavabdehin ona təqdim olunmuş malların satışından əldə edilən pul vəsaitini tam şəkildə malın mülkiyyətiçisi olan iddiaçıya qaytarmaq öhdəliyinin hüquqi əsası mülki qanunvericiliyin bir sıra normalarında nəzərdə tutulmuşdur. Lakin xüsusi normada olan tənzimləmənin üstünlüyü prinsipini əsas tutaraq məhkəmə, hazırki işdə cavabdehin əldə etdiklərini qaytarmaq öhdəliyini komissiya müqaviləsi üzrə münasibətləri tənzimləyən normaya istinad etməklə əsaslandırılmasını məqbul və kifayət olduğunu hesab edir. Belə ki, Mülki Məcəllənin 819.2-ci maddəsinə əsasən, komisyonçu komissiya müqaviləsinin icrasından əldə etdiklərinin hamısını komitentə verməyə borcludur. Məhkəmə, iddia tələbini cavabdehdən 5.000 manat məbləğində cərimənin tutulması hissəsində əsassız hesab edərək qeyd edir ki, əvvəla tərəflər arasında imzalanmış müqavilədə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi halında cavabdehin cərimə ödəyəcəyi ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. Digər tərəfdən iddiaçı cərimə tələbini cavabdeh tərəfindən satılmış mallara görə ödəniş edilmədiyi üçün şirkətin dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalması, bununda öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olduğu ilə əsaslandırmağa çalışsa da, şirkətin cavabdehin borcu qaytarmaması nəticəsində əldən çıxmış fayda şəklində zərərə uğraması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə, iddianın 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsini əsaslı hesab edir. Belə ki, cavabdeh imzaladığı müqavilədən irəli gələn vəzifələrini icra etmədiyinə görə iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə iddiaçıya zərər vurmuşdur. Buna görə də, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 71.722 manat əsas borc və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 72.122 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İşdə iştirak edən şəxslərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar