Məhkəmə qərarları › İş №e-2-2(3-6)-915/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-915/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-915/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. İcarəyə verən qismində İddiaçı ilə icarəçi qismində Cavabdeh arasında ## ### 2025ci il tarixli avtomobil icarə müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan “TOYOTO PRİUS C” markalı minik nəqliyyat vasitəsini (Dövlət nömrə nişanı: **RZ***, Buraxılış ili: 2016, Mühərrik № R******, Rəngi: gümüşü metallik, Tip: XETCBEK, Ban:JTDKDTB32G1131490) icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir.

3. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən icarəçinin nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək öhdəliyi vardır.

4. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəyə verənə 45 manat məbləğində icarə haqqını ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə ##.##.2025-ci il tarixdən ##.##.2027-cü il tarixədək bağlanır.

5. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir.

6. Tərəflər arasında imzalanmış ## ### 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “TOYOTO PRİUS C” markalı minik nəqliyyat vasitəsi (Dövlət nömrə nişanı: **RZ***, Buraxılış ili: 2016, Mühərrik № R******, Rəngi: gümüşü metallik, Tip: XETCBEK, Ban:JTDKDTB32G1131490) Cavabdeh təhvil verilmişdir.

7. İddiaçı tərəfindən iş materiallarına **QT*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin fotoşəkli əlavə edilmişdir.

8. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 945 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** RZ *** dövlət qeydiyyat nömrəli avtomobil iddiaçıya məxsusdur. ##.##.2025-ci il tarixdə cavabdehlə aralarında ** RZ *** dövlət qeydiyyat nömrəli avtomobilin icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən və təhvil-təslim aktı əsasında sözügedən avtomobil cavabdehə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarəçi nəqliyyat vasitəsini 1 təqvim günü müddətinə icarəsi üçün icarəverənə 45 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüş, lakin icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. ##.##.2025- cü il tarixli icarə müqaviləsi üzrə cavabdehin 945 manat borcu movcuddur. Avtomobilin icarəsi ilə bağlı aralarında bağlanmış ##.##.2025-cü il tarixli icarə müqaviləsinə əsasən yaranmış borcun iddiaçıya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh dəymiş ziyanın ödənilməsindən boyun qaçırmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148, 152 157, 700, 324.1, 425, 425.2, 442, 452.1, 752, 442-ci maddələrinə istinad edilmişdir.

12. Daha sonra iddiaçı tərəfindən ərizə daxil olmuşdur.

13. Ərizədə qeyd edilmişdir ki, elektron sistemə baxan zaman aydın olmuşdur ki, məhkəməyə müraciət edən zaman cavabdehin borcu 20 iyul tarixinə yox, ## #### 2025-ci il tarixinə yaranmışdır. Ümumilikdə avtomobil cavabdehdə 46 gün olmuş, cavabdeh onun 25 gününün ödənişini etmiş, 21 günün ödənişini isə etməmişdir.

14. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ərizədə deyilir ki, cavabdeh iddiaçı ilə ##.##.2025-ci il tarixdə tanış olmuşdur. ##.##.2025-ci il tarixdə cavabdeh iddiaçı ilə görüşmüş, iddiaçı “Toyoto Prius C” avtomobilini cavabdehə günlük icarəyə vermişdir. Həmin günün səhərisi cavabdeh iddiaçıya bildirmişdir ki, bu, sağlam maşın deyil. Ayın 7-si axşam cavabdeh müştəri ilə getdiyi zaman aeroport yolunda təxminən axşam saat 22.00-da maşın sönmüş və o, iddiaçıya bildirmişdir ki, maşın xarabdır. Cavabdeh gecə saat 03.00-da usta tapıb, maşını bərpa etmişdir. Səhərisi gün iddiaçı cavabdehə zəng etmiş və ondan maşını servisə gətirməyini tələb etmişdir. Ona aid şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sertifikatı və “kaşelok” **RZ*** nömrəli avtomobildə qalmışdır. Daha sonra o, iddiaçıya zəng edərək, sənədlərini istəmiş, iddiaçı ona gözləməyi, 2 saat sonra isə o, yenidən iddiaçıya zəng vurduqda, avtomobilin axşam düzələcəyini bildirmişdir. Cavabdeh əşyalarını istədikdə isə iddiaçı ona zəng edəcəyini demiş, daha sonra isə zəng etməmişdir. O, yenidən sənədlərini istədikdə iddiaçı bildirmişdir ki, cavabdehin 160 manat radar borcu var, onun isə 84 manat radar borcu olmuşdur. İddiaçı ona 160 manatı verməsə, sənədləri verməyəcəyini demişdir. Beləliklə, iddiaçı cavabdehin sənədlərini verməmiş və onun sənədlərindən istifadə etmişdir. İddiaçı cavabdeh olmadan **QT*** nömrəli maşın üçün ona etibarnamə vermiş, lakin o, ##.##.2025-ci il tarixdə bu maşını idarə etməmişdir. Onun idarə etdiyi maşının nömrəsi **RZ*** olmuşdur.

15. İddiaçı İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh Cavabdeh məhkəmə iclasında etiraz xarakterli ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

18. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, qətnaməsinin ləğv edilməsini, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apelyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehə verilmiş avtomobil nasaz vəziyyətdə olmuşdur. İddiaçı avtomobilin həmin müddət onda olduğuna dair hər hansı sübut da məhkəməyə təqdim etməmiş özündən ixtıyari bir rəqəm götürməklə 945 manat borc hesablamışdır. "Toyota Prius C" markalı avtomobil ##.##.2025-ci il tarixində mənə təhvil verildikdən cəmi üç gün sonra texniki nasazlıq səbəbindən istifadə edə bilmədiyi üçün iddiaçıya təhvil vermiş və bundan sonra o həmin avtomobil istifadə etməmişdir. Bundan 6 gün sonra ##.##.2025-ci il tarixdə iddiaçının atası X1 tərəfindən ondan xəbərsiz "BYD Destroyer 05" markalı avtomobilə dair ona etibarnamə verilmişdir ki, həmin avtomobil də onun istifadəsində olmamışdır. Radar xəbərdarlığı gələndə çəkilmiş fotodan görünür ki, avtomobili idarə edən sürücü o deyil. O əgər ilk avtomobilə görə icarə haqqını ödəməmişəmsə niyə ona başqa avtomobilə dair etibarnamə verilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apelyasiya şikayətinə qarşı tərəfindən etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

22. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ AR Mülki Məcəlləsi

23. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

27. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

29. 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır

30. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

31. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

32. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

33. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır

APELYASİYA BAXIŞININ HƏDLƏRİ

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamə tam yoxlanılması təşkil edir.

APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən iddiaçı ona məxsus nəqliyyat vasitəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

43. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qedy edir ki,. cavabdehin nəqliyyat vasitəsinin texniki nasaz olması, avtomobilin servisdə qalması, sənədlərin və şəxsi əşyaların qaytarılmaması, radar cərimələri ilə bağlı mübahisə və digər nəqliyyat vasitəsinə dair etibarnamənin verilməsi barədə istinadları ##.##.2025ci il tarixli icarə müqaviləsi üzrə yaranmış icarə haqqının ödənilməsi öhdəliyini aradan qaldıran və ya cavabdehi həmin öhdəliyin icrasından azad edən hallar kimi qəbul edilə bilməz.

44. Belə ki, İş materiallarında olan ##.##.2025-ci il tarixli icarə müqaviləsi və təhvil-təslim aktı ilə müəyyən olunur ki, iddiaçı nəqliyyat vasitəsini cavabdehə təhvil verməklə müqavilə üzrə üzərinə düşən əsas öhdəliyi yerinə yetirmiş, cavabdeh isə avtomobili qəbul edərək müqavilənin 3.1-ci bəndinə əsasən hər təqvim günü üçün 45 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

45. Cavabdeh avtomobilin nasazlığına qeyd etsə də, bu halın icarə haqqının ödənilməməsinə hüquqi əsas yaratdığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, müqavilənin ləğvi və ya vaxtından əvvəl xitamı, habelə icarə haqqının ödənilməsindən azad olunması ilə bağlı iddiaçıya müraciət edildiyini təsdiq edən sübut da mövcud deyildir.

46. Cavabdehin sənədlərin və şəxsi əşyaların qaytarılmaması barədə istinadı da sübutlarla təsdiqlənməmişdir. Radar cərimələri və üçüncü nəqliyyat vasitəsinə dair etibarnamə ilə bağlı hallar isə tərəflər arasında mövcud icarə müqaviləsindən irəli gələn icarə haqqının ödənilməsi öhdəliyini aradan qaldırmır.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh istinad etdiyi halları təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etmədiyindən, həmin halların iddianın rədd edilməsi üçün əsas hesab edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

48. Göründüyü kimi müəyyən günlər üzrə icarə haqqı ödənilsə də, ## #### 2025-ci ilin tarixinə cavabdehin 945 manat borcu yaranmışdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, avtomobil cavabdehdə ümumilikdə 46 gün olmuş, cavabdeh onun 25 gününün icarə haqqını ödəmiş, 21 günün ödənişini isə etməmişdir. Nəzərə alınsa ki, avtomobil cavabdehə ##.##.2025-ci il tarixdə təhvil verilib, ##.##.2025-ci ilə qədərki müddət 46 gün edir. Avtomobilin daha tez qaytarılmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir .

49. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar