Məhkəmə qərarları › İş №e-2-2(3-6)-921/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-921/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-921/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: icarə müqaviləsi, icarə haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi İsayev İsa Əzizağa oğlunun iştirakı ilə, İddiaçı İddiaçı X3 cavabdeh Cavabdeh X1rşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İcarəyəverən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, ** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan “Avtoqreyder Liugong CLG 4215D” markalı nəqliyyat vasitəsi, (sonradan nəqliyyat vasitəsi adlandırılır; Dövlət nömrə nişanı: **AB***; buraxılış ili: 2003; mühərrik nömrəsi: 90254050; rəngi: sarı; Ban: CLG4215DAPL012052) icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir; 2.1-ci bəndinə əsasən icarəçinin nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını cari ay bitdikdən sonra növbəti ayın 10-na qədər ödəmək öhdəliyi vardır; 3.1-ci bəndinə əsasən icarəçi müqavilədə qeyd edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 təqvim günü müddətinə icarəsi üçün icarəyəverənə 499,230769 (ƏDV daxil) manat məbləğində icarə haqqını ödəyir; 5.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12480,76 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2024-cü il tarixli, ** nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

3. ##.##.2024-cü il tarixli, MT2412 seriyalı, ******** nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12181,23 manat təşkil edir. Qaimənin əsası kimi ##.##.2024-cü il tarixli, ** nömrəli xidmət müqaviləsi qeyd edilmişdir.

4. ##.##.2024-cü il tarixli, ** nömrəli təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən aktda adıçəkilən və ümumi dəyəri 12480,77 manat olan xidmətlər Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. ##.##.2024-cü il tarixli, ** nömrəli təhvil-qəbul aktına İddiaçı MMC tərəfindən aktda adıçəkilən və ümumi dəyəri 12181,23 manat olan xidmətlər Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 24662 manat pul vəsaitinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, * nömrəli müqavilə əsasında yaranmış 24662 manat (ƏDV daxil) məbləğində icarə haqqı, habelə ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, * nömrəli müqavilə bağlanmış, həmin müqavilə əsasında Avtoqreyder Liugong CLG 4215D markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı texnika Cavabdeh MMC-yə icarəyə verilmiş, həmin texnika ilə bağlı 1 təqvim günü üçün 499,23 manat (ƏDV daxil) icarə haqqının ödənilməsi razılaşdırılmışdır. Həmin texnikanın icarəsi ilə bağlı 2024-cü ilin sentyabr ayı üçün 12480,77 manat (ƏDV daxil) və 2024-cü ilin oktyabr ayı üçün 12181,23 manat (ƏDV daxil), ümumilikdə 24662 manat (ƏDV daxil) məbləğində icarə haqqı hesablanmış, bununla bağlı tərəflər arasında təhvil qəbul aktları imzalanmış, Cavabdeh MMC-yə elektron qaimələr göndərilmiş və həmin qaimələr Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir. Lakin həmin məbləğ hələ də İddiaçı MMC-yə ödənilməmişdir. Tərəflər arasında imzalanmış ##.##.2024cü il tarixli, * nömrəli müqavilənin 2.1.2-ci bəndinə əsasən icarə haqqı növbəti ayın 10-a qədər ödənilməlidir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 445.2, 448.1, 449.1, 700.1-ci maddələrinə istinad olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 24662 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 164 manat manat olmaqla, ümumilikdə 24826 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmə gəldiyi onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ona məxsus olan “Avtoqreyder Liugong CLG 4215D” markalı nəqliyyat vasitəsini cavabdehə icarəyə verməklə bağlı öhdəliyini yeriinə yetirmiş, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. İcarəçi həmin nəqliyyat vasitəsini ehtiyacları üçün istifadə etsə də, icarə haqqını ödəməmişdir. Belə ki, 2 ədəd təhvil-qəbul aktı və elektron qaimədən görünüb ki, cavabdehin iddiaçıya 24662 manat (12181,23+12480,77=24662) məbləğində ödənilməmiş öhdəliyi qalmışdır. Müqavilə şərtlərinə əsasən tərəflər müqavilə ilə qəbul edilən öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İddiaçı cavabdehdən 24662 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini, razılaşdırılmış icarə haqqını iddiaçıya ödəmədiyini və bununla da, iddiaçının göstərilmiş öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia təmin edilməli və cavabdeh Cavabdeh MMC-dən 24662 manat borc məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməlidir. Eləcə də, ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edib. Məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 164 manat (yüz altmış dörd) manat (iddia tələbinə uyğun dövlət rüsumu) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.1, 700.1, 700.2, 700.3-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan və tərəflər arasında bağlanmış müqavilənin 1.2 bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Müqavilənin 2.4-cü bəndinə görə isəicraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən qəbul edilir. İşlər görülübsə, borc varsa iddiaçı məhkəməyə təhvil təslim sənədlərini təqdim etsin. Müqavilə şərtlərinə zidd faktiki olaraq iddiaçı tərəfindən cavabdehə mal-material təhvil verilməmişdir. Təhvil verilibsə bu haqda sübutları məhkəməyə təqdim edilməli idi. Qeyd edilənlərə əməl edilmədiyi, müqavilə icra edilmədiyi halda hansı ödənişdən söhbət gedə bilər. Məhkəmə işdə mötəbər sənəd kimi yalnız iddiaçının cavabdehə göndərdiyi elektron qaimələri və cavabdehə aid olmayan təhvil-təslim sənədlərini sübut kimi qəbul etmişdir. Halbuki iddiaçı bununla bağlı hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. İşdəki elektron qaimələr isə sistem tərəfindən təsdiq olunmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir, lakin şikayət demək olar ki, əsaslandırılmamışdır, qeyd edilən əsaslar isə tərəflər arasında olan müqaviləyə uyğun deyildir. Belə ki, apellyasiya şikayətində qeyd edilir ki, “işdə olan və tərəflər arasında bağlanmış müqavilənin 1.2 bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir”. Halbuki tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, * nömrəli müqavilənin 1.2ci bəndində tamamilə başqa məsələ qeyd olunur. Həmin bənddə qeyd edilir ki, bu müqavilədə qeyd edilən nəqliyyat vasitəsinin icarəyə verilməsi ona mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Apellyasiya şikayətində qeyd edilmişdir ki, “2.4. icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən qəbul edilir”. Halbuki tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, * nömrəli müqavilənin 2.4-cü bəndində belə bir ifadə yoxdur. Müqavilənin 2.4-cü bəndində qeyd edilir ki, icarəyə alınmış nəqliyyat vasitəsi icarəyəverənin yazılı razılığı ilə yaxşılaşdırıldıqda (təkmilləşdirildikdə) bu müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra, icarəçinin hüququ var ki, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini icarəyəverəndən tələb etsin. Göründüyü kimi, apellyasiya şikayəti tamamilə əsassızdır, istinad edilən bəndlər belə yanlış qeyd edilmişdir. Elə bir ifadələr müqavilədə nəzərdə tutulmamışdır. Apellyasiya şikayətində qeyd edilir ki, “İşlər görülübsə, borc varsa iddiaçı məhkəməyə təhvil təslim sənədlərini təqdim etsin”. Halbuki təhvil-təslim aktları iddia ərizəsinə qoşma olaraq əlavə edilmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, “məhkəmə işdə mötəbər sənəd kimi yalnız iddiaçının cavabdehə göndərdiyi elektron qaimələri və cavabdehə aid olmayan təhvil təslim sənədlərini sübut kimi qəbul etmişdir”. Cavabdehə aid olmayan təhvil təslim sənədləri dedikdə nə başa düşülür? Əgər təhvil-təslim aktı hər iki tərəfdən imzalanıbsa, deməli akt cavabdehə aiddir. Ümumiyyətlə belə bir arqumentin apellyasiya şikayətinə yazılmasının heç bir hüquqi əsası yoxdur. Yekun olaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayəti tərəflər arasında imzalanmış müqavilə üzrə hesablanmış borcu ödəməkdən yayınmaq məqsədi daşıyır. Heç bir hüquqi və faktiki əsası yoxdur.

16. Etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 700.1-ci maddələrinə istinad edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən yalnız iddia tam şəkildə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, ** nömrəli «xidmət» müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarə obyekti olan nəqliyyat vasitəsi (avtoqreyder) iki təqvim günü ərzində cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh isə həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, icarə haqqını müqavilədə nəzərdə tutulan müddətdə ödəməmiş və nəticədə həmin müqavilə üzrə cəmi 24.662 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı İddiaçı MMC həmin borcun ödənilməsini tələb edir.

26. Məhkəmə tərkibi əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə “xidmət” müqaviləsi adlandırılsa da, müqavilənin predmeti nəqliyyat vasitələrinin icarə haqqı müqabilində icarəçinin istifadəsinə verilməsi təşkil edir. Belə olan halda həmin müqavilədən irəli gələn münasibətlərə Mülki Məcəllənin icarə müqaviləsini tənzimləyən normaları tətbiq edilməlidir.

27. Odur ki, icarə haqqının tutulması hissəsində iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsini təşkil edir.

28. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə, eləcə də faktiki halların hüquqi dəyərləndirilməsi ilə razılaşaraq qeyd edir ki, mübahisəli icarə müqaviləsi üzrə cavabdehin iddiaçıya 2024-cü ilin ## ####### və 26 dekabr tarixləri üçün cəmi 24662 manat (hər təqvim günü üçün ayrı-ayrılıqda ƏDV daxil 12181,23 manat və 12480,77 manat) məbləğində icarə haqqı borcunun olması faktı iş materiallarında olan, cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün geri qaytarılmamış elektron qaimələrlə yanaşı,hər iki tərəfin imzaladıqları ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli təhvil-qəbul aktları ilə öz təsdiqini tapır.

29. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı cavabdehdən ümumilikdə 24.662 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır.

30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar