Məhkəmə qərarları › İş №e-2-2(3-6)-946/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-946/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-946/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açıq sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim aktı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2024-cü il tarixli, ***/**** nömrəli məhsulların nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya nisyə borc olaraq dəyəri 5562,48 manat olan müxtəlif çeşidli məhsulları satır və alıcı həmin məhsulları nisyə qəbul edir və həmin məbləği 3 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürür.

2. ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC ##.##.2024-cü il tarixli, ***/**** nömrəli müqavilə üzrə 5562,48 manat məbləğində olan məhsulları Cavabdeh təhvil vermişdir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya məktubunda ##.##.2024-cü il tarixli, ***/**** nömrəli məhsulların nisyə alqı-satqı müqaviləsinə görə 5562,48 manat borcun 1 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. ##.##.2026-cı il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 75,63 manat dövlət rüsumu ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 5562,48 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75.63 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” ##.##.2024-cü il tarixli, ***/**** saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 5562,48 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3- cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh X1 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMCyə olan borcunun 5562,48 manat hissəsini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək ahüququnu ehtivaedən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etsələr də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır. Xəbərdarlığın və həmin xəbərdarlığın cavabdehə göndərildiyini təsdiq edən poçt sənədlərinin surəti iddiaərizəsinə əlavə edilir.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 389.1, 390.1, 442, 567, 598.1, 598.2, 445.2, 598.3, 443.1, 448.1-ci maddələri göstərilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 5562,48 (beş min beş yüz altmış iki manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 75.63 (yetmiş beş manat altmış üç qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsindən

9. irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif çeşidli 5562,48 manat dəyərində malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 5562,48 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edib ki, 75,63 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi sübutların toplanması və qiymətləndirilməsi üzrə əsas prinsipləri (MPM 77.1, 88, 217.3, 218.1) pozduğundan, həmin qətnamənin ləğv edilməsinə və işin sübutların tam və obyektiv toplanması əsasında apellyasiya icraatında yenidən araşdırılmasına ciddi əsas vardır. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə mülki dövriyyənin və müqavilə hüququnun ən fundamental prinsipi olan "iradə azadlığı və ifadəsi" prinsipinə fundamental zərbə vurmuşdur. Məhkəmə mühakiməsi zamanı cavabdeh tərəfindən açıq şəkildə bəyan edilməsinə və subyektiv hüquqlarının müdafiə olunmasına baxmayaraq, məhkəmə işin faktiki hallarını tamamilə təhrif etmişdir. Mübahisənin əsasını təşkil edən iddiada istinad olunan müqavilə şəxsən onun tərəfindən imzalanmamışdır. Hüquqi olaraq mövcud olmayan, üzərində cavabdeh tərəfə aid hər hansı bir imza və ya iradə ifadəsi tapılmayan sənəd əsasında üzərimə öhdəliklərin qoyulması qanunçuluq və ədalət mühakiməsi prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. (MM 389.1, 389.2, 324) Müqavilənin cavabdeh tərəfindən imzalanmaması o deməkdir ki, hüquqi baxımdan bu müqavilə heç vaxt bağlanmamış (nonexistent) hesab olunur. Məhkəmə, mövcud olmayan müqavilədən doğan hər hansı bir öhdəliyi ona yükləməklə Azərbaycan Respublikasının Mülki Məcləsinin müqavilələrin bağlanması formasına və şərtlərinə dair maddi hüquq normalarını birbaşa pozmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, müqavilən i öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası MülkiMəcəlləsinin 600.4-cü maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsində verdiyi izahatda aydın şəkildə qeyd etmişdir ki, Bərdə rayonunda işlətdiyi kiçik kənd mağazası yaranmış borclar səbəbindən bağlanmışdır və iddiaçı İddiaçı MMC-dən nisyə qaydada götürülmüş malların heç biri satılmamış, tam və zədəsiz şəkildə anbarda qorunub saxlanılmaqdadır. Cavabdehin hazırda pul şəklində ödəniş etməyə maddi imkanı yoxdur. Lakin həmin malları tamlığı ilə (yaxud digər ekvivalent mallarla əvəzləmə yolu ilə) iddiaçıya geri qaytarmağa hazır olduğunu bildirsə də, məhkəmə Mülki Məcəllənin 600.4-cü maddəsində təsbit olunmuş alternativ hüququ – yəni “ödənilməmiş malın qaytarılması” imkanını tamamilə gözardı etmiş, işin real icra olunma imkanlarını və tərəflərin maraqlar balansını nəzərə almamışdır. İddiaçının nümayəndəsi Nümayəndə da məhkəmədə etiraf etdiyi kimi, cavabdeh tərəfindən ilkin olaraq işin barışıq sazişi ilə həlli müzakirə edilmişdir. Lakin iddiaçının təklif etdiyi aylıq 500 manatlıq ödəniş planı cavabdehin hazırkı iflas və maddi çətinlik vəziyyətinə qətiyyən uyğun olmadığı üçün real imkanları daxilində – aylıq 100-200 manat ödəməklə borcu tam bağlamağa hazır olduğunu ifadə etmişdir. Məhkəmə tərəflər arasında barışığı təşviq etmək əvəzinə, icrası obyektiv olaraq qeyri-mümkün olan birdəfəlik pul tutulması qətnaməsi qəbul etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edə bilməməyinin isə cavabdehin öz mövqeyini və bu barışıq şərtlərini yenidən təqdim etməyinə mane olmuşdur. Həmin maddəyə əsasən, alıcı ödəniş etmədikdə satıcının iki alternativ hüququ vardır: 1. malın dəyərinin ödənilməsini tələb etmək; 2. ödənilməmiş malın geri qaytarılmasını tələb etmək. Bu norma yalnız satıcının seçim hüququnu müəyyən etmir. O, həm də onu göstərir ki, mübahisə həll edilərkən malın hüquqi və faktiki taleyi də araşdırılmalıdır. İş materiallarından görünür ki, cavabdeh məhkəmədə malların satılmadığını, istifadəyə verilmədiyini və anbarda saxlanıldığını bildirmişdir. Bu hal mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, məhkəmə həmin fakta heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə araşdırmalı idi: mallar həqiqətən mövcuddurmu; onların naturada qaytarılmasımümkündürmü; tərəflərin maraqları baxımından hansı həll daha proporsionaldır. Bu araşdırma aparılmadan qəbul edilmiş qətnamə işin faktiki hallarının tam müəyyən edilməsinə əsaslanmır. Müqavilə hüququnun əsas məqsədi yalnız formal öhdəliyin mövcudluğunu müəyyən etmək deyil, tərəflərin həqiqi iradəsini və hüquq münasibətinin real məzmununu müəyyən etməkdir. Müasir mülki hüquq doktrinasında müqavilə münasibətləri vicdanlılıq, dürüstlük və balans prinsiplər i əsasında qiymətləndirilir. Bu baxımdan məhkəmə aşağıdakı halları araşdırmalı idi: müqavilənin icrası hansımərhələdə dayanmışdır; öhdəliyin qismən və ya alternativ icrasımümkündürmü; tərəflərin davranışı vicdanlılıq prinsipinə uyğundurmu. Qətnamədə bu məsələlərin heç biri təhlil edilməmişdir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Sübütetmə yükünün qanunsuz olaraq cavabdehin üzərimə qoyulması: Müqavilədəki imza cavadehə məxsus deyil. Müqavilədəki imza saxtalaşdırlıbdır. Müqavilənin icra yeri Bərdə rayonu olubdur. Iddiaçı qəsdən müqavilədə icra yerini Bakı göstəribdir ki, sonradan cavabdehi Bakıda məhkəməyə verə bilsin. Ancaq məhkəmə də araşdırma zamanı bu faktı nəzərə almayıbdır ki, müqavilənin icra yeri Bərdə rayonu olduğu halda niyə Bakı şəhəri göstərilibdir. Hakim cavabdehi müqavilə ilə tanış olmağa izin vermədi də. Qarşı tərəf iddia etdiyi müqavilə münasibətlərinin mövcudluğunu subyektiv mülahizələrlə deyil, obyektiv və təkzibolunmaz maddi sübutlarla əsaslandırmalıdır. İş materiallarında əks olunan sənəddəki imzanın cavabdehə aid olmaması faktı qarşısında, birinci instansiya məhkəməsi prosessual olaraq xəttşünaslıq ekspertizası təyin etməli və ya bu sübutu icraatdan kənarlaşdırmalı idi. Məhkəmənin bu fəaliyyətsizliyi və ya faktı görməzdən gəlməsi çəkişmə prinsipi çərçivəsində tərəflərin bərabərliyi qaydasını alt-üst etmişdir. Məhkəmə yalnız belə nəticəyə gəlmişdir ki: müqavilə bağlanmışdır, mal verilmişdir, pul ödənilməmişdir. Lakin aşağıdakı məsələlər cavabsız qalmışdır: niyə malların geri qaytarılması mümkün hesab edilməmişdir; niyə cavabdehin izahatına üstünlük verilməmişdir; niyə alternativ hüquqi həll yolu araşdırılmamışdır. Bu isə qətnamənin motivlərinin natamam olduğunu göstərir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilk baxışdan qanunvericiliyin müvafiq maddələrinə istinad etsə də, həmin normaların tətbiqi formal xarakter daşımışdır. Məhkəmə yalnız aşağıdakı faktları müəyyən etmişdir: müqavilə bağlanmışdır; mallar təhvil verilmişdir; ödəniş edilməmişdir. Lakin mülki proses yalnız bu üç faktın müəyyən olunması ilə yekunlaşmır. Məhkəmə aşağıdakı mühüm halları araşdırmamışdır: malların faktiki vəziyyəti; malların satılıbsatılmaması; malların hazırda mövcud olub-olmaması; cavabdehin malları geri qaytarmaq iradəsi; bu iradənin hüquqi nəticələri. Beləliklə, məhkəmə mübahisənin yalnız bir hissəsini araşdırmış, digər hissəsini isə hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Hazırkı işdə isə məhkəmə cavabdehin aşağıdakı izahatını qətnamədə sadəcə qeyd etmişdir: "Mallar satılmamışdır, anbarda saxlanılır və onları xxxx MMC-yə qaytara bilər." Lakin qətnamədə bu izahatın niyə qəbul edilmədiyi barədə bir cümlə belə yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasıı xahiş etdi.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı və qanuniliyinin tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixli, ***/**** nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə mallar satmışdır. Cavabdeh Cavabdeh isə təqdim olunmuş malların dəyərini ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 5562,48 manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı iddiasında 5562,48 manat məbləğində pulun ödənilməsini tələb edir.

23. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsi təşkil edir.

24. Hazırkı halda iddiaçı iddia etdiyi dəyərdə malların təqdim edilməsini sübuta yetirmək məqsədilə tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak edən cavabdeh malların hazırda onun sahibliyində olduğunu, lakin maddi vəziyyətinin ağır olması səbəbindən onların dəyərini ödəyə bilmədiyini bildirməklə, faktiki olaraq malların təqdim edilməsi və mallara görə borcunun olması faktlarını təsdiq etmişdir. Göstərilən sübutlar məcmu şəkildə iddia olunan həcmdə malların təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilir.

25. Cavabdehin müqaviləni imzalamaması barədə dəlili, hazırkı işin faktiki halları nəzərə alındıqda, mübahisənin həlli üçün əhəmiyyət daşımır. Belə ki, cavabdehin özünün irəli sürdüyü dəlillərdən malların ona faktiki olaraq təhvil verildiyi, lakin satılmadığı və anbarda saxlanıldığı müəyyən edilir ki, tərəflər arasında faktiki alqı-satqı münasibətlərinin mövcudluğunu göstərir. Odur ki, hazırda tərəflər arasında yazılı müqavilənin mövcud olmaması ehtimal edilsə belə, həmin hal cavabdehin şifahi alqı-satqı müqaviləsinə əsasən yaranmış malların dəyərini ödəmək öhdəliyini aradan qaldırmır.

26. Malların hazırda anbarda olmasına və geri qaytarılmasının mümkünlüyünə gəldikdə isə, qeyd edilir ki, Mülki Məcəllənin istinad edilən 600.4-cü maddəsi malların dəyəri ödənilmədikdə satıcının öz seçimi ilə malın qaytarılmasını və ya onun dəyərinin ödənilməsini tələb etmək hüquqlarının olmasını təsbit edir. Bu baxımdan iddiaçının malın dəyərinin ödənilməsini tələb etməsi qanunvericiliklə ona verilmiş alternativ hüquqi müdafiə vasitələrindən birinin həyata keçirilməsi kimi qiymətləndirilir.

27. Məhkəmə aidiyyəti məsələsinə gəldikdə isə, MPM-in 40.2-ci maddəsinə əsasən tərəflər yazılı sazişlə ərazi aidiyyətini dəyişə bilərlər və mübahisəli müqavilənin 8-ci bəndində mübahisələrə satıcının olduğu yer üzrə baxılması nəzərdə tutulmuşdur. Satıcı İddiaçı MMC Bakı şəhərində qeydiyyatda olduğundan işin Bakı Kommesiya Məhkəməsində baxılması məhkəmə aidiyyəti qaydalarına uyğundur.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar