Məhkəmə qərarları › İş №e-2-2(3-6)-949/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-949/2026

03.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-949/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X12 və X10 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi vəkili vəkil1 iştirakları ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. xxxx” MMC ilə Cavabdeh MMC arasında ## ######## 2023-cü il tarixli **/**** saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən:

2. Müqavilən 1.1-ci bəndinə əsasən İcraçı Sifarişçinin tələblərinə əsasən bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə (Bundan sonra "Əlavə") göstərilən xidmətləri (bundan sonra "Xidmətlər" adlandırılacaq) yerinə yetirir,

3. Sifarişçi isə icra müqabilində bu Müqavilə ilə müəyyən olunmuş müddət, qayda və həcmdə icra haqqını İcraçıya ödəmək öhdəliyi götürür.

4. . Müqavilən 2.1-ci bəndinə əsasən Sifarişçinin hüquqları:

5. Müqavilən 2.1.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə icra edilən Xidmətlərin gedişatına və keyfiyyətinə bütün mərhələlərdə nəzarət etmək;

6. Müqavilən 2.1.2-ci bəndinə əsasən İcraçıdan Xidmətlərin müvafiq texniki tələblərə uyğun, peşəkar səviyyədə, keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirilməsini tələb etmək;

7. Müqavilən 2.1.3-ci bəndinə əsasən Xidmətlərin təhvili zamanı Xidmətlərin nəticəsinin keyfiyyətini yoxlamaq;

8. Müqavilən 2.2-ci bəndinə əsasən Sifarişçinin vəzifələri:

9. Müqavilən 2.2.1-ci bəndinə əsasən İcraçı tərəfindən texniki tələblərə uyğun olaraq yerinə yetirilmiş və Sifarişçinin müvafiq tələblərinə cavab verən Xidmətlərin nəticələrini qəbul etmək və Xidmətlərin dəyərini ödəmək;

10. Müqavilən 2.3-ci bəndinə əsasən İcraçının hüquqları:

11. Müqavilən 2.3.1-ci bəndinə əsasən İcraçı tərəfindən texniki tələblərə uyğun olaraq yerinə yetirilmiş və Sifarişçinin müvafiq tələblərinə cavab verən Xidmətlərin dəyərinin ödənilməsini bu müqavilənin tələblərinə uyğun olaraq Sifarişçidən tələb etmək.

12. Müqavilən 2.3.2-ci bəndinə əsasən Xidmətlərin təhvili zamanı Xidmətlərin nəticəsinin keyfiyyətinin Sifarişçi tərəfindən yoxlanılmasında öz nümayəndəsinin iştirakını təmin etmək.

13. Müqavilən 2.4-ci bəndinə əsasən İcraçının vəzifələri:

14. Müqavilən 2.4.1-ci bəndinə əsasən Xidmətləri Sifarişçi tərəfindən müəyyən edilmiş tələblərə, yerli və beynəlxalq standartlara uyğun şəkildə qüsursuz, keyfiyyətlə, razılaşdırılmış qrafikə uyğun və vaxtında Sifarişçinin əmlakına zərər vurmadan, yüksək keyfiyyətlə icra etmək;

15. Müqavilən 2.4.2-ci bəndinə əsasən Müqavilə üzrə göstərilən Xidmətlərin nəticəsini qüsurlardan və üçüncü şəxslərin iddialarından azad olacaq şəkildə təhvil vermək;

16. Müqavilən 3.1.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə Xidmətlərin nəticələrinin təhvil verilməsi və qəbul edilməsi Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanan və bu Müqavilənin tərkib hissəsi olan "Təhvil-Təslim Aktı" əsasında aşağıdakı qaydada rəsmiləşdirilir:

17. Müqavilən 3.1.2-ci bəndinə əsasən İcraçı Xidmətlərin nəticələrini əks etdirən Təhvil-Təslim Aktını 2 (iki) nüsxədə Sifarişçiyə təqdim edir.

18. Müqavilən 3.1.3-ci bəndinə əsasən Sifarişçi Xidmətləri qəbul edərək, əgər onlarda hər hansı qüsur, nöqsan və ya çatışmazlıq aşkar edilməzsə Xidmətlərin təhvil verildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində müvafiq Təhvil-Təslim Aktlarını imzalayıb, bir nüsxəsini İcraçıya qaytarır. Aktın imzalandığı tarix faktiki olaraq Xidmətlərin təhvil verilməsi tarixi hesab olunur.

19. Müqavilən 3.1.4-ci bəndinə əsasən Sifarişçi bu Müqavilə üzrə təhvil verilən Xidmətlərdə və ya onların nəticəsində hər hansı qüsur, nöqsan və ya çatışmazlıq aşkar edərək Təhvil-Təslim Aktını imzalamaqdan imtina etdikdə, 15 (on beş) gün müddətində bu cür qüsur, nöqsan və ya çatışmazlıqların siyahısı və onların aradan qaldırılması müddətlərini və tarixini müəyyən edəcək müvafiq Akt (bundan sonra - Qüsur Aktı) tərtib edir.

20. Müqavilən 3.1.5-ci bəndinə əsasən Aşkar edilmiş qüsur, nöqsan və çatışmazlıqların rəsmiləşdirilməsi, aradan qaldırılması müddətlərinin müəyyən edilərək müvafiq Qüsur Aktının tərtib edilməsi üçün İcraçı bu barədə bildirişi aldığı tarixdən 2 (iki) gün ərzində öz səlahiyyətli nümayəndəsini göndərir.

21. Müqavilən 3.1.6-ci bəndinə əsasən İcraçı Qüsur Aktı İmzalandığı tarixdən 2 (iki) gündən gec olmayaraq Xidmətlərin təhvil-təslim edilməsi prosesində, aşkar edilmiş qüsur, nöqsan və çatışmazlıqların öz hesabına aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsinə başlamalı və müəyyən ediləcək müddətdə aradan qaldırmalıdır. İcraçı həmin qüsurları Tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş müddətlərdə aradan qaldıra bilmədikdə Sifarişçi bu qüsurların aradan qaldırılmasını öz üzərinə və ya onun sub- podratçılarınn üzərinə götürəcək və çəkilən bütün xərclər İcraçının hesabından kəsiləcək.

22. Müqavilən 3.1.7-ci bəndinə əsasən İcraçının xidmətlərinin təhvil edilməsi prosesində meydana çıxan hər hansı qüsur, nöqsan və ya çatışmazlığı aradan qaldırıldıqdan sonra Sifarişçi müvafiq Təhvil-Təslim Aktlarını imzalayıb, bir nüsxəsini İcraçıya qaytarır. Təhvil-Təslim Aktı hər iki Tərəf tərəfindən imzalandıqdan sonra Sifarişçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəyə uyğun olaraq İcraçıya ödəniş edir.

23. Müqavilən 6.1-ci bəndinə əsasən Bu Müqavilədə qeyd edilmiş xidmət haqqı Tərəflərin qarşılıqlı razılığına əsasən və bu Müqavilənin Əlavə 1 (bir) sənədində göstərilmiş qiymət üzrə təyin edilir və İcraçı tərəfindən İcraya verənə elektron qaimə faktura əsasında bütün ödənişlər bank köçürülmə yolu ilə manatla həyata keçirilir. Əlavə 1 (bir) sənədində qeyd olunan ödənişə bütün vergilər daxildir.

24. Tərəflər arasında bağlanmış ## ######## 2023-cü il tarixli **/**** saylı xidmət müqaviləsinə əlavə olunan qiymətlərin razılaşdırılması protokoluna əsasən HYUNDAI R 290LC -7 (21T 554), bir günün qiyməti 423.07 AZN, ümumi günlərin sayı 26 gün, yekun məbləğ 11000.00 AZN.: FOTON FL 958G (21 T 556), bir günün qiyməti 250 AZN, ümumi günlərin sayı 26 gün, yekun məbləğ 6500.00 AZN.: CASE BULDOZER (***FB***), bir günün qiyməti 442.3 AZN, ümumi günlərin sayı 26 gün, yekun məbləğ 11500.00 AZN.: CAT323 (21T591), bir günün qiyməti 423.07 AZN, ümumi günlərin sayı 26 gün, yekun məbləğ 11000.00 AZN olaraq razılaşdırılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

25. İddiaçı İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, *-*(*-**)-***/**** saylı kommersiya işi üzrə cavabdeh Cavabdeh MMC-dən tərəflər arasında bağlanılmış müqavilə üzrə ödənilməmiş 26.350 manat əsas, texnikaların daşınma xərcinə görə 6800 manat və hesablanmış 5000 manat cərimə borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bir il müddətinə yəni ##.##.2024-cü il tarixədək “Xidmət” müqaviləsi bağlanmışdır. Belə ki, bağlanmış müqaviləyə əsasən iddiaçı ona məxsus və müqavilənin predmeti olan dörd növ texnika ilə cavabdeh Cavabdeh MMC tərəfindən aparılan tikinti abadlıq işlərində müəyyən xidmətlərin göstərilməsini üzərinə götürmüş, cavabdeh şirkət isə göstərilən xidmət müqabilində hər ay aylıq olaraq iddiaçı şirkətə 40.000 manat (qiymətlərin razılaşdırılması protokoluna əsasən) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı İddiaçı MMC tərəfindən müqavilə üzrə xidmətlər ##.##.2023-cü il tarixədək qüsursuz olaraq icra edilsə də razılaşmaya uyğun olaraq ayın sonu cavabdeh şirkət tərəfindən icra haqqı ödənilməmişdir. Nəticədə cavabdeh şirkətin 32.600 manat əsas, texnikaların daşınma xərcinə görə 6800 manat və ödənilməmiş əsas borca hesablanmış 5000 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında şifahi olaraq dəfələrlə danışıqlar baş tutsa da cavabdeh şirkət borcun ödəniləcəyini bildirmiş, lakin bugünədək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Daha sonra iddiaçı şirkət polisə müraciət etmiş və nəticədə Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, R Ruhid Yaqublu tərəfindən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan təqdirdə iddiaçı şirkət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəticədə hesab edirik ki, cavabdeh şirkətdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 32.600 manat əsas, texnikaların daşınma xərcinə görə 6800 manat və ödənilməmiş əsas borca hesablanmış 5000 manat cərimə borcu tutularaq ödənilməlidir

27. . Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, xxxx" MMC Cavabdeh MMC-yə qarşı 44 400 manat pul tələbi ilə bağlı iddiası əsasında kommersiya işi vardır (iş nömrə e-2-2(4-11)-107/2026). Bildirir ki, Rusiya vətəndaşıdır, uzun illər Rusiya Federasiyasında yaşayaraq orada işləyib. 2023-cü ilin fevral ayında Azərbaycana gələrək Laçın rayonunda tikinti-abadlıq işlərində iştirak etmişəm. İmişli rayonundan olan keçmiş deputat (deputat mandatı ləğv edilib) X2 (tel *** *** ** **) 2023-cü ilin axırlarında ona zəng edib bildirdi ki, Biləsuvar rayonunda X8 ilə əlaqəli böyük bir tikinti işi var və tez bir zamanda görüşüb bu işləri müzakirə etməyi bildirdi. Həmin vaxt o Laçın şəhərində idi və ora gələndə görüşməyini bildirdi. Lakin, Əhəd bildirdi ki, Dubay “iş adamı” olan İsrail adlı şəxs Azərbaycandadır və tezliklə Dubaya qayıdacaq, bu səbəbdən İsrail Dubaya qayıtmamış onunla görüşmək lazımdı. O Biləsuvar rayonuna getdi. Astara Bakı yolunun üstündə yerləşən kafelerin birində görüşüblər. Əhəd onu Dubayda yaşayan İsrail (tel: *** *** ** **, +971563060229) adlı şəxslə tanış etdi və bu işlərin onun nəzarətində olduğunu bildirdi. Əhəd və İsrail ona yerlə bağlı sənədlər və proyektlər göstərdilər. Əhəd ona bildirdi ki, bu işin işin ona verilməsinə görə Prezident Aparatına 2 000 000 (iki milyon) dollar pul verib ki, işi Əhədə versinlər. Əhəd və İsrail hər ikisi birlikdə ona bildirdilər ki, “Tikintiyə icazə yoxdur, amma, Dubay Şeyxinə Azərbaycan Prezidenti özü xeyir dua verib, hər bir sənəd tədricən öz yerini tapacaq”. Əhəd ilə bu işlərdə şərik olacağımız barədə razılaşdıq. Sabahısı gün Əhəd ondan işlərin aparılması üçün 2 000 000 (iki milyon) manat pul istədi. Əhəd dedi ki, 2 000 000 (iki milyon) manatı ona ona tez verməliyəm ki, müqavilə hazırlaşana qədər işin digər şəxslərə verilmə ehtimalı azalsın. O Əhədə bildirib, müqaviləsiz və avanssız işə başlamayacaq və Əhədə pulu vermədi. Sonrao Laçına qayıtdı. Əhəd ona zəng edib dedi ki, “Gəl sənin şirkətin ilə işin başlanması üçün lazım olan şirkətlərlə müqavilə bağlayaq, o cavabdehdir və o hələlik pul qoyacaq”. O Əhədin onu aldatması ilə bağlı heç nə ehtimal etmədən Laçında olduğu üçün Samir (+************) adlı şəxsdən (Samir bizim “xxxx” MMC də layihə rəhbəri işləyirdi) Cavabdeh MMC ilə müqavilə bağlanmasını xahiş etdi və Samirə bildirdi ki, bütün məsuliyyətlər Əhədin üstündədir, çünki, Əhəd bu işin məsuliyyətini öz üzərinə götürüb. Əhəd Samirə 10 000 (on min) manat pul verib ki, bu işə görə mən ona verdiyim 2 ədəd konteynerləri aparsın və texnikaların daşınmasını həyata keçirsin. Əhəd hər gün ondan təhdidlə pul istəyirdi. O Dubaya gedib bu işlərin nə yerdə olduğunu bilmək və müqavilə bağlamaqçün Dubaya getdi. Dubayda o əmin oldu ki, bu işlər heç də İsrail və Əhədin mənə dediyi kimi deyil və onların ona dedikləri hamısı yalandır. Bu barədə Əhədə dedi, lakin Əhəd yenə onu inandırmağa çalışırdı. Əhədin onu inandırmaq cəhdlərinə baxmayaraq işin dayandırılmasını istədi. Əhəd Əhmədov onunla bir rayondan, İmişli rayonundan olduğuna və mandatı ləğv olunsa da keçmiş deputat olduğuna görə həmin vaxt Əhəddən şübhələnmədi və belə qərara gəldi ki, bu işdə yalnız İsrail onu aldatmaq istəyib. İndiki məlum olur ki, (Samirin indi dediyi məlumata görə) borc 35 000 manat yox, 26250 manat təşkil edir. Onda olan əvvəlki, məlumatlara görə, Samir Əhədin verdiyi 15 000 manat pulu texnika yiyələrinə borc yazıldığına görə pul nəzərə alınmasa təsisçisi və direktoru olduğum texnika yiyələrinə verib. Ancaq indi məlum olur ki, aldığım məlumatlara görə Əhəd 6100 manatı Samirə verib, o isə özünün şəxsi istifadəsinə xərcləyib. İndi Samirdə olan pul nəzərə alınmasa təsisçisi və direktoru olduğum Cavabdeh MMC nin texnika vasitələrinin yiyələrinə (İddiaçı MMC-yə) borcu yaranıb. Məhz bu borca görə İddiaçı MMC Cavabdeh MMC yə qarşı 44 400 manat pul tələbi ilə bağlı iddia qaldırıb və hazırda işə Bakı Kommersiya Məhkəməsində baxılır (iş nömrə e2-2(4-11)-107/2026, hakim Günay Namazova). 2024-cü ilin mart ayında Əhəd mənə dedi ki, Xarici Dillər Universitetinin 2 yataqxanasının sökülüb yerində yeni yaşayış binasının tikilməsi işi var və bu işlə bağlı məni Emil adlı şəxslə (tel *** *** ** **) görüşdürdü. Görüş zamanı Əhəd və Emil özü mənə bildirdilər ki, Emil Prezident ailəsinə yaxın olan bir iş adamıdır. Bu görüşdə Emilin köməkçisi kimi təqdim edilən Fuad (tel: +************) da iştirak edirdi. Danışıqlar zamanı Əhəd və Emil mənə bildirdilər ki, Xarici Dillər Universitetinin 2 yataqxanası qəzalı olduğuna görə sökülməlidir. Həmin yataqxanaların yerləşdiyi torpaq sahəsində tikiləcək yeni tikintinin neçə kvadrat metr olmasından asılı olmayaraq tikintinin 3150 kvadrat metri Təhsil Nazirliyinin balansına verilməli idi. Balansa veriləcək 3150m2 sahəyə görə yataqxanalar yerləşən torpaq sahələri biz tərəfindən alınmış sayılacaq və bizim şirkətin balansına keçəcəkdi. Danışıqlar zamanı Əhəd və Emil ona bildirdilər ki, bu işlərlə bağlı Emilə 1 500 000 (bir milyon beş yüz min) manat verilməlidir. Bildirdilər ki, yaranacaq tikinti həcminin 20 faizi “Prezident ailəsindən olan Səməd bəyə”. (Əhədin, Emilin dediyinə əsasən Səməd bəy prezidentin yeznəsidir) Emil ona 80% və Səməd bəyə 20% məxsus olacağı yeni bir şirkət açmaq lazım olduğunu bildirdi. 80/20% bölgüsü ilə “xxxx” MMC adlı şirkət açdıq. Ancaq Səməd bəyin əvəzinə guya Səməd bəyin qohumu olan Seymur Abdullayevin adına şirkət açıldı. Bu işlərin dəqiqliyini bilmək üçün Xarici Dillər Universitetinin dekanının kabinetində professor Kamal Abdulla ilə Emil, Əhəd, Fuad və mən görüşdük. Danışıqlar zamanı bildirildi ki, yataqxanalar qəzalı vəziyyətdədir, əgər bütün sənədlər əldə edilə bilərsə yataqxanaların sökülüb yerində nəsə tikilməsinə narazılıq yoxdur. Amma, qaçqın ailələrinin yataqxanalarda yaşaması işi çətinləşdirəcək, Emil bildirdi ki, bu barədə qaçqınkomla (Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə) razılıq əldə olunub. Bu görüşdən sonra Əhəd onu təhdid edərək bildirdi ki, yataqxanada məcburi köçkünlər olduğuna görə Emilə ilkin olaraq 50 000 manat pul verməliyəm. Əhədin məni təhdidi ilə Emilə 50 000 (əlli min) manat pul verdim, qalan hissəni, yəni 1 450 000 (bir milyon dörd yüz əlli min) manatı isə yataqxana boşalandan və bütün sənədlər qaydasında olandan sonra verəcəyim barədə razılıq əldə olundu. Həmin ərəfədə Əhəd mənə bildirdi ki, tikinti işlərinin aparılması üçün əmlakdan torpaq ala bilər və bu işləri həll edə bilər. Məhz torpaq alınması söhbətləri ilə bağlı Əhəd onunla bir neçə dəfə görüşdü. Həmin görüşlərdə Əhədin yanına müxtəlif insanlar gəlib ondan kupça alır, ödəniş edirdilər. Əhədlə görüşüm zamanı Əhədin oğlu Abbas (*** *** ** **) öz torpaqlarının kupçalarını gətirdi və ona göstərdi. Başqalarının da sənədlərinin əmlakdan tezliklə alacağını Əhəd bildirdi. Demək olar ki, bütün günü sənədlər barəsində danışıqlar aparır və sənədlər alırdılar (o günün çox hissəsini Əhədlə bir yerdə olurdu). Həmin dövrdə Rövşən (*** *** ** **) deyilən şəxs də Əhəddən kupça aldı. Rövşən Əhədin bu işdə mahir bir insan olduğu barədə danışırdı. O gördüklərimə inanb Əhədlə işə başladım. X1 ərazisində məcburi köçkünlərə sənədsiz məxsus olan 3 kiçik torpaq sahəsi tapdım və həmin köçkünlərlə razılaşdım ki, kupça alandan sonra razılaşdı'mız məbləğləri həmin məcburi köçkünlərə verəcəyik. Əhədlə razılaşdıq ki, torpağın hər sotuna görə Əhədə 20 000 (iyirmi min) manat verəcəyəm. Əhəd bundan sonra Vüsal adlı şəxsi (*** *** ** **) mənimlə tanış etdi. Vüsal özünü əmlak işçisi kimi qələmə verirdi. Vüsal və Əhəd 3,9 sot, 3,9 sot, 3 sot sahəsi olan torpaqların sxemini hazırlamaq üçün ölçü və koordinat təyinatı etdilər və 3 gündən sonra Əhəd mənə 3 yerin icra hakimiyyəti ilə təsdiqlənmiş sənədlərini verdi. Bir neçə gündən sonra isə əmlak saytına oxşayan sayt ilə işin icrası barədə mesajlar aldım. Həmin vaxt elə bilirdim ki, bu mesajlar doğrudan da Əmlak Komitəsindən gəlir. Bu mesajdan sonra o Əhədə pul verməyə başladı. Hazırda Əhədə hansı tarixlərdə və nə qədər pul verdiyini dəqiq xatırlamır. Əhədə verdiyi pulların tarixi və məbləğlərini telefona yazmışdı, hazırda bu qeydlər telefondan silinib. O İş Baş Müstəntiqli Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılarkən müstəntiq X3 verdiyim pulların təxmini tarixi və məbləğlərinin siyahısını vermişdim və onu Əhəd təsdiq etmişdi. Qeyd edim ki, Əhəd mənə Əhədin dediyinə görə əmlakın balansında olan, Yeni Günəşli ərazisində yerləşən 16,88 ha torpaq sahəsi təklif etdi. Əhədlə torpağın 1 500 000 manat təşkil edəcəyi barədə razılaşdıq. Bu yerin də təsdiq olunmuş sxemini verdilər. Bir neçə gün içində mənə sənədlərin qəbulu və icrasına başlanması haqda əmlak xidmətinin saytı bildiyim saytdan mesaj gəldi. Təxminən 1,5-2 ay ərzində mənə bütün yerlər barədə kupça linki mesajları gəldi. Əhəd mənə dedi ki, müəyyən vaxt gözləmək lazımdır ki, asan xidmətdən kupçaları götürə bilim.O Əhədə 4 torpaq sahəsinə görə ümumilikdə 803 000 manat pul vermişəm. Kupçaların verilməsi vaxtı uzandığına görə mən Əhədə, Vüsala narazılıq etdim. Vüsalla görüşdə sənədlərin tez alınması üçün 31600 azn pul istədi və mən Xətai metrosu yaxınlığında Vüsala 31600 manat pul verdim. İşlərin bu cür gedişatından şübhələnməyə başladım və vaxt gözləmədən sənədləri yoxlatmağa qərar verdim, nəticədə bütün sənədlərin saxta olduğu üzə çıxdı. Mən Əhəd və Vüsalla olan səs və mesaj danışıqlarını, əmlak saytına oxşayan saytdan göndərdikləri sənədləri skan edib saxlamışam. Onların dələduz olduqlarını sübut edən bütün dəlillər mövcuddur. Şikayətim Baş Müstəntəqil Cinayətkarlıqla Mübarizə İdarəsinin Baş müstəntiqi Ramin Məmmədov tərəfindən araşdırılarkən flaş kartda bütün dəlilləri: səs yazıları, saxta kupça, mesaj skanların, bütünlüklə Əhəd Əhmədovun, Vüsalın və digər qrup üzvlərinin dələduzluqlarını sübut edən bütün materialları bütövlüklə Əhəd Əhmədovun, Vüsalın və digər qrup üzvlərinin dələduzluqlarını sübut edən bütün materialları X7 verib. X7 Əhəd ilə onu üzləşdirdi. Üzləşmə zamanı Əhəd ondan 904600 manat aldığını etiraf etdi və öhdəlik götürdü ki, 2 həftə ərzində pulları qaytaracaq. 5 gündən sonra X7 mənə 250 000 manat pul verdi və məndən ödəniş qəbzi aldı, 2-3 gündən sonra yenə 50 000 manat verdi və qəbz aldı. Bundan sonra 1 il ərzində heç bir ödəniş olmadı. Sonra müstəntiq X4 mənə Əhədin özünə və oğluna məxsus olan, Bakıda yerləşən 2 mənzilinin zərərin əvəzi olaraq veriləcəyini bildirdi. Mən mənzillərə baxdım və ödənilməmiş 604600 manat əvəzində mənzillərin verilməsinə razılaşdım. X7 mənzillərin sənədlərinin kserosurətlərini çıxardı və məndən pul ödənilmə razılaşmasına imza etməyimi istədi. Sonra biz Əhədlə notariusa gəldik. Notariusda o vurulmuş zərərin əvəzində rəsmiləşdiriləcək mənzillərin sənədlərinə baxarkən məlum oldu ki, mənzillərin biri Bakı şəhərində yerləşən yox, Beyləqan rayonunda yerləşən bir mənzildir. O notariat orqanından çıxıb X7 zəng etdi və Əhədin mənə qarşı təkrarən dələduzluq etdiyini bildirdi. Bundan bir neçə ay sonra Əhədin 1 mənzilini 300 000 manat zərərin əvəzi olaraq rəsmiləşdirdik. Həmin vaxt mən X7 dedim ki, mənzil 300 000 manat olaraq baha qiymətləndirilib və bildirdim ki, çəkiləcək xərclər, sonradan satacağım bu mənzilin hansı qiymətə satılacağından asılı olaraq Əhəd tərəfindən mənə vurulmuş ziyanın qalan məbləği hesablanacaq. Həmin mənzili 265 000 manata satdım. Mənzilin satılması ilə bağlı maklerə, notariusa çəkilən xərclər çıxılmaqla mənzilin alqı satqısından mənə 251 945 manat qaldı. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq Əhəd Əhmədov tərəfindən mənə heç bir pul ödənilməyib. Qeyd edim ki, Emil deyilən şəxs Fairmont Bakı otelində insanları aldatmaqda davam edir, Mən otelin lobbisində onu gördüm və yaxınlaşıb danışdım. Emil mənə dedi ki, ona heç kim heç nə deyə və edə bilməz və məni öldürməklə hədələdi. X7 bildirmişdim ki, Əhəd məni Rusiyadan olan "vor zakon" cinayətkar qrup üzvlərinə sifariş edib. Oğlumu da orada təqib edirdilər və ölümlə hədələyirdilər. Əhəd Əhmədov tərəfindən mənə ödənilməmiş məbləğ 358 905 manat təşkil edir. Göstərilənlərə əsasən Əhəd Əhmədov və digərlərinin əməllərində cinayət tərkibi olduğundan bu barədə prokurora məlumat verilməsi məhkəmədən xahiş edilmişdir.

28. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 iddianın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilən foto-şəkillərdən görünür ki, cavabdehin bildirdiyindən fərqli olaraq buldozer həmin ərazidə işləmişdir. Samir adlı şəxslə olan yazışmalar fləşkartda vardır və yazışmalardan görünür ki, həmin şəxs pulu ona bugünsabah ödəyəcəyinə dair söz verir. Həmin səsləri Samir adlı şəxs Hasil müəllimə atır, ordan da ona yönləndirilir. Səslərdə 26.250 manata razı olmur və iş günlərini düzgün müəyyən etmədiyini bildirib daha az məbləğ təklif edirlər. Samir adlı şəxs sonradan ortadan yoxa çıxır və onu Əhəd adlı şəxslə calaşdırır. Şəkillərdən aydın olur ki, avadanlığın üstündəki silindiri götürüb təmir edib yerinə yenisini qoyulub. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəf özü etiraf etmişdir ki, boşaltma yerində buldozer iş başında olmuşdur. Cinayət işində də ona 27.000 manat veriləcəyi qeyd olunmuşdur. Tabel vərəqəsində texnikalarının neçə gün cavabdehin ərazisində olduğu qeyd olunur. O eyni zamanda bildirilmişdir ki, müqavilə üzrə işlərin görülməsinə görə Samir adlı şəxs 6250 manat məbləğində pul vəsaitini ona ödəyib. Şahid ifadələri ilə cavabdeh tərəfin mövqeyidə ziddiyyətli olduğuna görə müəyyən olunur ki, şahidlər yalan ifadə verir. Samir adlı şəxs ona bildirib ki, şirkət bağlıdır və vəsaiti yoxdur, boşuna qaimə vurulmasın. Qaimə vurduqda o, vergi ödəyicisi olurdu, artıq ƏDV ödəməmək üçün e-qaimələr göndərilməyib cavabdehə

29. . Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 bildirmişdir ki, onlar avadanlıqların orada işləməsi ilə bağlı foto-şəkilləri məhkəməyə təqdim ediblər. Ünvanla bağlı şübhə varsa bunu cavabdeh tərəf sübut etməlidir. Eyni zamanda o bildirmişdir ki, 6250 manat məbləğində pul iddiaçıya Samir adlı şəxs tərəfindən istintaqda ödənmişdir. Ona görə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Samir adlı şəxs polisdə etiraf etmişdir ki, texnikaların geri daşınması ilə bağlı özü üçün Khasil və Əhəd adlı şəxsdən aldığı pulu xərcləmişdir. Cinayət işinin rədd olunması barədə qərardadda da iddiaçı və cavabdeh arasında müqaviləyə istinad olunmuşdur. Əhəd adlı şəxs də bildirmişdir ki, müqavilə cavabdeh şirkətlə olmuşdur. Şahidlərin ifadəsinə gəldikdə isə, onlar mütəmadi olaraq texnikaların olduğu ərazidə olmamışdırlar. Elektron qaimə və təhvil-təslim aktı ona görə qarşı tərəfə göndərilməmişdir ki, cavabdeh tərəflə əlaqə yaratmaq mümkün olmamışdır. Cavabdehlə iddiaçı şirkət arasında müqavilə və qiymət-razılaşdırma protokolu vardır. İddiaçının texnikası heç bir iş görməsə belə bu cavabdeh şirkətin təqsirinə görə yaranmış haldır. Həmçinin cavabdeh şirkət iddiaçıya müqavilənin ləğvi ilə bağlı heç bir müraciət etməmişdir. Torpağın daşınmasını onlar etməyiblər. İddiaçının verdiyi texnikaların ümumiyyətlə, daşıma qabilliyəti yoxdur.

30. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri bildirmişdir ki, iddia əsassızdır, qəbul etmirlər. İddianı əsaslı edəcək heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Tərəflər arasındakı müqavilənin 2.3.1, 3.1.1, 6.1-ci bəndlərinin heç birinə əməl olunmamışdır. İşin görülməsini sübut edəcək heç bir sübutları yoxdur. İddiaçı tərəf təxmini 3 gün müddətində kanalın içində təmizləmə işləri görmüşdür, maksimum 2000 manat məbləğində iş görülmüş hesab edilə bilər, Samir adlı şəxs tərəfindən 6250 manat ödənərək artıqlamasilə məbləğ bağlanmışdır. İddiaçı tərəfin gördüyü işlər cavabdehin nəzərdə tutduğu işlər deyildi, gələcəkdə görüləcək işlər üçün qurunt suların çəkilməsi və subasma hadisəsi olmaması üçün idi. İddiaçı tərəfindən göndərilən yükləyicilərdən 2-si işlək vəziyyətdə olmamışdır. Ekskovatorlardan 1-i də işlək olmamışdır, texniki nasaz olmuşdur. 150-200 metr cavabdehin işinə aid olmayan kanal qazılmışdır, bu da ekskovatorun 1 gündə gördüyü işdir. İddiaçı tərəf orda işlərə başlamamışdır. 1 ekskavator- Hyundai R 290LC - 79(21T 554) vasitəsilə ona 3-4 gün müddərtində iddiaçı tərəfindən xidmət göstərilmişdir. Bu xidmətin müqabilində iddiaçıya cavabdeh şirkət tərəfindən pul ödənilməmişdir. Digər bütün maşınlar nasaz vəziyyətdə olmuşdur. Əhəd adlı şəxs onun köməkçisinə bu işlərin görülməsi ilə bağlı 10.000 manat məbləğində pul vermişdir, həmin şəxs, yəni onun işçisi həmin pul vəsaitini mənimsəmişdir. Samirlə yazışmaların işə aiddiyyatı yoxdur, çünki Samir adlı şəxs əmək müqaviləsi ilə cavabdeh şirkətin rəsmi işçisi deyil. Fləşkartda olan görüntülərdə avadanlıqların gördüyü işlərin qiyməti 3000 manatdır, texnikaların işlədiyi ərazi tamamilə fərqlidir və buldozerin cavabdeh şirkət üçün işləməsi öz təsdiqini tapmır. Yazışmaların heç biri cavabdehin qanuni nümayəndəsi Khasil bəy ilə deyil. Hazırkı mübahisə Samir və Əhəd adlı şəxslərlə iddiaçı arasındakı yaranmış problemdir. Həmçinin işlərin görülməsi ilə bağlı cavabdehə elektron qaimə, təhvil-təslim aktları göndərilməmişdir. İş cavabdehə təhvil verilməmiş, iddiaçı tərəfindən müqavilə öhdəlikləri pozulmuşdur.

31. . Məhkəmə iclasında iştirak edən Şahid şahid3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında belə bir məlumat yayılmışdır ki, Biləsavur- Salyan kəsişməsində ərazidə layihə planlaşdırılır. Həmin ərazinin alt hissəsi işlənməli, torpaq daşınmalı idi. Hasil müəllim ona layihə rəhbəri kimi iş təklif etdi. O vaxta qədər bərabər iş görməsələr də tanışlıqları var idi. Rəsmi işçi kimi fəaliyyətə başlamayıb. Sadəcə gedib əraziyə tanış olub və tərəflər öz aralarında razılaşıblar ki, bura texnikalar gələcək iş başlayacaq. İlkin mərhələ olaraq müəyyən işlər görüldü, lakin hesaba pul köçmədiyi üçün davam etdirilmədi. Onlar əraziyə baxdıqda Hasil müəllim yox idi, Əhəd müəlimin tanışı Əlpaşa müəllim onlara ərazini gəzdirmişdi. Onlar ora baxış keçirdikdə başqa texnikalar da var idi, ordan belə müəyyən olundu ki, həmin şəxslər (Əhəd, İsrail, Əlpaşa) başqa şəxsləri də aldadıb. İddiaçının 2 traktoru, bir neçə konu orda işləmək üçün gəlsə də, işlər başlamadı. Ərazidə buldozer görməyib. Yükləyici görsə də, orda iş görülməyib. 2 ədəd ekskavator isə var idi. 3-4 gün sonra ərazidən ayrıldı və birdə qayıtmadı. 3-4 gün texnikalar həmin ərazidə qalmışdır. Texnikaların işə başlamasına göstərişi verəcək şəxs o idi, o isə heç bir göstəriş verməyib. Sürücüləri də iddiaçı tərəf təmin etməli idi, onlar sadəcə yanacaq verməli idi. 3- 4 gün sürücülərin yeməklərini və s. təmin ediblər, lakin işə başlamayıblar yükləmə, yük daşıma işləri görülməmişdir. 4-5 gün əraziyə gedib gəlib. Ümumiyyətlə, ərazidə iş başlamadı. Həmin o şəxslər ərəb investorlarının gözündə böyük bir layihə başlamaq görüntüsü yaratmaq üçün çalışdılar. Sonradan məlumat əldə etdilər ki, həmin sahə ölü bir sahə idi. O ərazidə iddiaçı ilə qarşılaşmadığını bildirmişdir.

32. Məhkəmə iclasında iştirak edən Şahid şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh MMC rəhbəri kimi Hasil müəllimi tanıyır. Onlar çoxdan bərabər işləyiblər. Hasil müəllim ona tikinti olası yerdə işləmək üçün təklif irəli sürmüşdür. Bir neçə dəfə əraziyə yolu düşüb, ərazidə daimi işi olmayıb. Cavabdeh MMC-də rəsmi işçi olmayıb. Bir dəfə gəldikdə ərazidə 2 trektor və 1 kon var idi, növbəti dəfə gəldikdə isə traktorun sındığını bildirdilər. O, olduğu müddət ərzində ərazi cəmi 100 metrə yaxın qazılmışdır. O, ərazidə qalmayıb, sadəcə işlərə nəzarət etmək üçün təxmini üç dəfə texnikaların olduğu əraziyə gedib gəlib, ərazi yağışlı olduğu üçün çox gedə bilmədiyini bildirmişdir.

33. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

34. İddiaçı İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

35. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəməinin isitnad etdiyi 390.4-cü maddəsi qarışıq müqavilələrin hüquqi tənzimlənməsinin xüsusi mexanizmini müəyyən edir. Həmin mexanizm ondan ibarətdir ki, qarışıq müqavilə ayrıca müqavilə növü hesab olunmur, lakin onun tərkibində olan müqavilələrin hüquqi rejimi müvafiq hissələr üzrə tətbiq edilir . Belə olan halda məhkəmə klassik icarə münasibətinin hansı hüquqi əlamətlərinin mövcud olduğunu göstərmədən müqavilədə icarə elementinin olmasını qəbul etmişdir. Hazırkı müqavilənin məzmunundan isə görünür ki, tərəflər arasında razılaşdırılmış ödəniş konkret tikinti obyektinin, qurğunun və ya digər maddi nəticənin yaradılmasına görə deyil, xüsusi texnikaların müəyyən müddət ərzində istifadəsi ilə əlaqədar göstərilən xidmətlərə görə müəyyən edilmişdir. Qiymətlərin razılaşdırılması protokolunda da ödəniş texnikaların günlük işləməsinə görə hesablanmışdır. Məhkəmə bir tərəfdən müqaviləni xidmət müqaviləsi kimi qiymətləndirmiş, digər tərəfdən isə podrat normalarını tətbiq etmiş, lakin podrat münasibətinin yaranmasına səbəb olan hüquqi əlamətləri göstərməmişdir. Bundan başqa, podrat müqaviləsində əsas öhdəlik iş nəticəsinin yaradılması olduğu halda, hazırkı müqavilədə icraçının əsas öhdəliyi xüsusi texnikaları operatorlarla birlikdə təqdim etmək və onların vasitəsilə sifarişçinin tapşırıqlarını icra etməkdən ibarət olmuşdur. Bu hal podrat münasibətinə xas olan müstəqil iş nəticəsinin yaradılması əlamətindən fərqlənir. Əgər məhkəmə hesab edirdisə ki, müqavilədə podrat elementləri mövcuddur, o halda həmin elementlərin hansı müqavilə şərtlərindən irəli gəldiyini, podratın hansı hissədə tətbiq olunduğunu və konkret mübahisənin məhz podrat elementindən irəli gəldiyini əsaslandırmalı idi. Məhkəmə tərəfindən araşdırılmamışdır ki, təhvil-təslim aktlarının, elektron qaimələrin və ikitərəfli tabellərin təqdim edilməməsi həmin sənədlərin tərtib edilməməsinə hansı tərəfin hərəkət və ya hərəkətsizliyi səbəb olduğu,sifarişçi müqavilənin 3.1.3 və 3.1.4-cü bəndlərində nəzərdə tutulmuş qəbul və ya qüsur aktı tərtib etmək öhdəliyini yerinə yetirməməsi, sifarişçinin xidmətləri qəbul etməkdən imtina etmişdirsə, bunun hüquqi nəticələrinin nədən ibarət olması. Cavabdeh tərəf ilkin məhkəmə baxışında iddianı qəbul etməməsinin əsas səbəbi kimi iddiaçının digər şəxslərlə əlbir olaraq cavabdehə qarşı dələduzluq etməsi ehtimalını göstərmişdir. Lakin sonrakı məhkəmə baxışlarında cavabdeh tamamilə fərqli məzmunlu izahat vermiş və görülmüş işlərin həcminin təxminən 3000 manat civarında olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Samir tərəfindən iddiaçıya 6250 manat ödənilməsi faktı cavabdeh tərəfin müqavilədən irəli gələn pul öhdəliyinin ən azı qismən mövcudluğunu təsdiq edən hal kimi qiymətləndirilməli olduğu halda, məhkəmə həmin ödənişin hüquqi təyinatını araşdırmamış, hansı əsasla həyata keçirildiyini müəyyən etməmiş və heç bir sübuta istinad etmədən bu məbləğin guya 4 günlük xidmət haqqını tam əhatə etdiyi nəticəsinə gəlmişdir. Bu isə sübutların tam və obyektiv qiymətləndirilməsi prinsipinə uyğun gəlmir. Həmçinin “cinayətin rədd olunması qərarında qeyd olunan izahatlar lazımi qaydada nəzərə alınmamışdır. Məhkəmə şahid ifadələrinin düzgün qiymətləndirilməmişdir.

36. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Apellyasiya şikayətinə qarşı tərəfindən etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə iclasında iştriak edən iddiaçının qanuni nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

39. Məhkəmə iclasında iştriak edən cavabdehin nümayəndəsi vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

40. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

41. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

43. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

44. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir

45. 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

46. 700.3-cü maddəsinə əsasən, əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

47. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

48. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

55. qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. İddiaçı və cavabdeh arasında bağlanmış xxxx” MMC ilə Cavabdeh MMC arasında ## ######## 2023-cü il tarixli **/**** saylı xidmət müqaviləsinini müqavilənin predmeti adlanan 1-ci bəndində qeyd olunmuşdur ki, İcraçı Sifarişçinin tələblərinə əsasən bu Müqavilədə və bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə (Bundan sonra "Əlavə") göstərilən xidmətləri yerinə yetirir, sifarişçi isə icra müqabilində bu Müqavilə ilə müəyyən olunmuş müddət, qayda və həcmdə icra haqqını İcraçıya ödəmək öhdəliyi götürür.

60. Məhkəmə kollegiyası qeyd edir ki,müqavilənin hüquqi mahiyyəti yalnız onun adından və ya ayrı-ayrı şərtlərindən deyil, tərəflərin üzərinə götürdüyü öhdəliklərin məzmunundan, müqavilənin məqsədindən və faktiki icra mexanizmindən müəyyən edilir. Müqavilənin predmetinin xüsusi texnikaların operatorlarla birlikdə müəyyən müddət ərzində təqdim edilməsindən və həmin texnikalar vasitəsilə sifarişçinin tapşırıqlarının yerinə yetirilməsindən ibarətdir.

61. Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarına əsasən, icraçının həyata keçirdiyi fəaliyyət xidmətlərin göstərilməsi ilə bağlı olduqda və müqavilənin məqsədi sifarişçiyə maddiləşdirilə bilən və müstəqil nəticənin təqdim edilməsindən ibarət olmadıqda, habelə icraçının məsuliyyəti həmin fəaliyyətin lazımi qaydada, yəni lazımi diqqət, ehtiyat və peşəkarlıq göstərməklə və vicdanla icrası ilə bağlı olduqda tərəflər arasında yaranan münasibətlər xidmət kimi qiymətləndirilməlidir. Bu hallarda yaranmış mübahisələr Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair (tapşırıq, brokerlik, daşıma və s.) müddəaları əsasında, müqavilənin növünə dair qanunvericilikdə konkret normalar müəyyən edilmədikdə isə işin hallarından asılı olaraq tərəflər arasındakı müqavilə şərtləri, işgüzar adətlər və mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi normalarının tələbləri əsasında həll olunmalıdır. Belə mübahisələrə qanunun və ya hüququn analogiyasının tətbiq edilməsinə yalnız Mülki Məcəllənin 11-ci maddəsinin bütün dispozisiya şərtlərinin mövcudluğu halında, yəni mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda yol verilir. Podratla birgə digər müqavilələrin əlamətlərini ehtiva edən qarışıq tipli müqavilələr də (podrat-xidmət-alğı-satqı, podrat-xidmət-icarə və s.) bağlanıla bilər. Belə növ müqavilələrin bağlanması imkanı Mülki Məcəllənin 390.4-cü maddəsində nəzərdə tutulmuşdur. Qarışıq müqavilədən yaranan mübahisə üzrə ilk olaraq mübahisənin ünsürləri olan müqavilələrin hansı birinə aid hissədə əmələ gəldiyi müəyyən edilməli və mübahisə həmin müqaviləyə dair qaydalar tətbiq edilməklə həll edilməlidir (məsələn, podrat və alğısatqı müqavilələrinin ünsürləri olan qarışıq müqavilədən yaranan mübahisə yalnız satılmış əşyaların komplektliliyi ilə bağlı olduqda mübahisə alğı-satqı müqaviləsinə dair qaydalar tətbiq edilməklə həll olunmalıdır).

62. Kollegiya qeyd edir ki, tərəflər arasında razılaşdırılmış texnikaların qiymət razılaşdırılma protokolun qeyd olunmuş (26 gün) müddətə sifarişçinin icarəsinə verməyi və həmin texnikaları sürücü ilə təmin etmək xidmətinin göstərilməsi müəyyən olunmuşdur.

63. Göründüyü kimi müqavilənin tənzimlənməsi üçün icarə hüquq münasibətlərini tənzimləyən normalara, həmçinin xidmət müqaviləsini tənzimləyən normalara isitnad olunmalıdı.

64. Birinci instansiya məhkəməsi tərəfindən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq müəyyən edilmişdir ki, xidmət müqaviləsindən irəli gələn hüquq münasibətlərini birbaşa və konkret şəkildə tənzimləyən xüsusi normalar mövcud olmadığından, həmin münasibətlərə öhdəlik hüququnu tənzimləyən ümumi normalar əsasında hüquqi qiymət verilməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətləri öhdəlik hüququnun ümumi müddəaları əsasında qiymətləndirmişdir.

65. Apellyator ona ödənilmiş 6250 manat ödənişin hüquqi təyinatını araşdırılmaması dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı tərəf cavabdehə müqavilə üzrə xidmətlərin göstərilməsinə dair hər hansı sübut təqdim etməmiş, 3-4 günlük texnikaların orada olması isə cavabdeh tərəfindən etiraf olumuş, qeyd olunan məbləğində alınması iddiaçı tərəfindən etiraf olunduğundan məhkəmə haqlı olaraq ehtimal olunan dörd günlük istifadə üzrə ödənişin artıq həyata keçirildiyi qənaətinə gəlmişdir.

66. Beləıiklə kollegiya qeyd edir ki, iddiaçı tərəf müqavilə üzrə 26.350 manat məbləğində öhdəliyin icrasını təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, müqaviləyə əsasən texnikaların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları, onların cavabdehdə olduğu müddəti və görülmüş işləri təsdiq edən ikitərəfli tabelər, habelə elektron qaimə-fakturalar təqdim edilməli olduğu halda, həmin sənədlər mövcud deyildir.

67. İddiaçı ilə cavabdeh şirkətə rəsmi aidiyyəti olmayan Samir adlı şəxs arasındakı yazışma və danışıqlar da müqavilənin icrasını və tələb olunan məbləğin yaranmasını təsdiq edən74. sübut kimi qiymətləndirilə bilməz.

68. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

69. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

70. Apellyator cavabdehin izahatının və şahid ifadələrinin düzgün qiymətləndirilmədiyini bildirsə də, şahid şahid3 ifadəsindən müəyyən olunur ki, iddiaçıya məxsus texnikalar mübahisəli əraziyə gətirilsə də, həmin texnikalarla faktiki iş görülməmiş, yalnız 3-4 gün ərazidə saxlanılmış və sonradan ərazidən çıxarılmışdır. Şahid texnikaların işə başlaması üçün göstəriş verməli şəxs kimi heç bir göstəriş vermədiyini, yükləmə və yükdaşıma işlərinin görülmədiyini, habelə ərazidə ümumiyyətlə işlərin başlamadığını bildirmiş, şahid şahid2 ifadəsinə görə isə, ərazidə iddiaçıya məxsus iki traktor və bir kon görmüş, texnikaların olduğu müddətdə ərazidə cəmi təxminən 100 metr qazıntı aparıldığını müşahidə etmişdir. Şahid ərazidə daimi fəaliyyət göstərmədiyini və texnikaların işinə nəzarət məqsədilə təxminən üç dəfə həmin əraziyə getdiyini bildirmişdir.

71. Beləliklə, hər iki şahidin ifadələri texnikaların ərazidə olmasını təsdiq etsə də, onların müqavilədə nəzərdə tutulmuş işləri faktiki olaraq yerinə yetirməsini və iddiaçı tərəfindən tələb olunan məbləğdə xidmət göstərilməsini təsdiq etmir. Əksinə, ifadələrdən texnikaların ərazidə məhdud müddət ərzində olduğu və görülmüş işlərin iddiaçının tələb etdiyi məbləğin yaranmasını əsaslandıracaq həcmdə olmadığı müəyyən edilir.

72. Cavabdehin nümayəndələrinin izahatlarına görə də, iddiaçıya məxsus texnikalar ərazidə təxminən 3-4 gün olmuş, lakin müqavilə üzrə nəzərdə tutulan işlər faktiki olaraq yerinə yetirilməmişdir. Yalnız bir ekskavatorla məhdud həcmdə iş görülmüş, digər texnikaların isə nasaz vəziyyətdə olduğu bildirilmişdir.

73. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kollegiya şahidlərin ifadələrini və cavabdeh tərəfin izahatlarını birlikdə qiymətləndirərək qeyd edir ki, iddiaçıya məxsus texnikaların mübahisəli ərazidə qısa müddət ərzində olması müəyyən edilsə də, müqavilə üzrə nəzərdə tutulan işlərin tam və lazımi qaydada yerinə yetirilməsi, habelə tələb olunan 26.350 manat məbləğində xidmət göstərilməsi öz təsdiqini tapmır. Əksinə, iş materiallarından texnikaların bir hissəsinin nasaz olduğu, yalnız məhdud həcmdə iş görüldüyü və həmin işlərin dəyərinin tələb olunan məbləğə uyğun olmadığı müəyyən edilir. Həmçinin müqavilədə nəzərdə tutulan təhviltəslim aktları, elektron qaimə-fakturalar və digər təsdiqedici sənədlər də təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının müqavilə üzrə 26.350 manat məbləğində tələb irəli sürməsi əsaslı hesab edilə bilməz.

75. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

76. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar