Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(4-12)-125/2026 23.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Cavabdeh şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “SHİRİN DAROU Co” şirkətindən 27604.80 ABŞ dolları məbləğində borc və 231 manat məbləğində dövlət rusumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ********** Dövlət qeydiyyat nömrəsi ilə (VÖEN) xx.xx.2024-cü il tarixdə mikro sahibkar subyekti kimi qeydiyyata alınmışdır. Mikro sahibkar subyekti olan və hal-hazırda iddia ərizəsi üzrə iddiaçı olan İddiaçı MMC biyan kökü istehsalı-emalı işləri ilə məşğul olmuşdur. İddiaçı öz nizamnaməsinə uyğun iqtisadi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə 05 iyul 2024cü il tarixində iddia ərizəsi üzrə cavabdeh olan “SHİRİN DAROU Co” şirkəti ilə 0524 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında yaş biyan kökü yığımı təşkil olunaraq alınmış və qurudulmuş biyan kökü məhsulu istehsal olunaraq qanunvericiliyə müvafiq qaydada gömrük rəsmiləşməsindən keçirilərək İran İslam Respublikasının Şiraz əyalətinin “SHİRİN DAROU Co” şirkətinə ixrac olunmuşdur. Həmin ixrac olunmuş cavabdehə çatmışdır. Hal-hazıradək cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, aldığı malın invoys dəyərini ödəməmiş və İddiaçı MMC-yə yaranmış borcunu ödəməmişdir. Cavabdehin aşağıda qeyd edildiyi kimi 4 gömrük bəyannaməsi üzrə aldığı qurudulmuş biyan kökü məhsuluna görə İddiaçı MMCyə yaranmış 27 604.80 ABŞ dolları (hazırdakı məzənnə ilə 46 928.16 manat) məbləğində borcu vardır və bu günkü tarixədək ödənilməmişdir: 1) xx/xx/2024 – İran – Contract №0524 - dat: 2024/07/05 invoys/-07001/01-Avtomobil: 36AB127/36AB128, GB-**********7279=23004.00 kq.= 6901.20 $ x 1.7 = 11732.04 manat; 2)xx/xx/2024 – İran – Contract №0524 - dat: 2024/07/05 invoys/-07001/02- Avtomobil:45AB363/45AB364, GB-**********2447= 23004.00 kq.= 6901.20 $ x 1.7 = 11732.04 manat; 3)xx/xx/2024 – İran – Contract №0524 - dat: 2024/07/05 invoys/- 07001/03-Avtomobil:60AB231/60AB232, GB-**********7587= 23004.00 kq.= 6901.20 $ x 1.7 = 11732.04 manat; 4) xx/xx/2024 – İran – Contract №0524 - dat: 2024/07/05 invoys/-07001/01-Avtomobil:95AD735/95AD736, GB-**********6113= 23004.00 kq.= 6901.20 $ x 1.7 = 11732.04 manat; CƏMİ: = 92016.00 kq. = 27604.80 $ x 1.7 = 46928.16 manat. Tərəfimizdən MMC-yə məxsus elektron ünvan (Elektron ünvan ) vasitəsi ilə 05 may 2025-ci il tarixində cavabdehə yazılmış 03/02052025 saylı pretenziya məktubu cavabdehin elektron ünvanı olmadığından ona göndərilməsi mümkün olmamış, lakin cavabdeh “SHİRİN DAROU Co” İran İslam Respublikasının ərazisində yerləşdiyi və ixrac olunan mal gömrükdən bu ünvana göndərildiyi üçün İran İslam Respublikasının Azərbaycan Respublikasında yerləşən Səfirliyinə, tərəfdar olduqları beynəlxalq normalara, həmçinin müvafiq dövlətlə olan ticarət anlaşması barədəki Protokol, Memorandum və Müqavilələrə əsaslanıb 02 iyul 2025-ci il tarixdə 05/02072025 saylı məlumat məktubu ilə İİR Səfirliyinin elektron ünvanına (iranemb.@mfa.gov.ir) 07 iyul 2025-ci il tarixdə rəsmi müraciət olunmuşdur. Lakin müraciətləri cavabsız qalmışdır. Belə olan təqdirdə “SHİRİN DAROU Co.” şirkəti ilə bağlanmış 05 iyul 2024-cü il tarixli, 0524 saylı alqı satqı müqaviləsində, həmçinin ixrac olunan malın gömrük bəyannaməsində əks edilmiş poçt ünvanına 08 oktyabr 2025-ci il tarixdə 07/08102025 saylı məktubla borcun ödənilməsinə dair tələb məktubu Azər Poçt vasitəsi ilə 23 oktyabr 2025-ci il tarixdə (qəbz: RR014499569AZ) göndərilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsi: Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Maddə 444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə; 444.0.2. hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa; 444.0.3. patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər, əgər bu hüquqların qeydə alınması və ya onların qeydə alınması üçün ərizələrin verilməsi Azərbaycan Respublikasında olmuşdursa; 444.0.4. məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul edilmiş qətnamə Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə; 444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər; 444.0.6. əgər ər-arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər. Maddə 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli qərarının: 2.1-ci bəndinə əsasən məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. 2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-in 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi) beynəlxalq müqavilələr aiddir. 2.4-cü bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. 2.5-ci bəndinə əsasən həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: - iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yerin olması; - xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; cavabdehin Azərbaycan Respublikasının ərazisində əmlaka malik olması; - əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər halın Azərbaycan Respublikasının ərazisində baş verməsi; - iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi; iddianın Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəlməsi. 2.10-cu bəndində qeyd olunmuşdur ki, qeyd olununlara əsasən, məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 05 iyul 2024-cü il tarixli, 0524 nömrəli alğı-satqı müqaviləsində gələcəkdə tərəflər arasında yaranacaq mübahisələrin Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən həll edilməsi ilə bağlı hər hansı razılaşma mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də mövcud deyildir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh şirkəti İran İslam Respublikası, Şiraz şəhəri, 8 km, Nasr Blvd ünvanında yerləşir. Qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olduqda və onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer, həmçinin adətən gəldiyi yer olduqda malikdirlər. Şirkətin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer mövcud deyil və iddiaçı tərəfindən bununla bağlı hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443 və 444-cü maddələrinin tələbləri baxımından da Azərbaycan Respublikasının Məhkəmələrinin hazırki işə baxılmasında hər hansı səlahiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Məhkəmələri tərəflər arasında yaranmış hazırki mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığından İddiaçı Cavabdeh şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli qərarının Həmin qərarın 3.1-ci bəndinə əsasən beynəlxalq səlahiyyətlə əlaqədar prosessual məsələlərin həllinə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən etibarən diqqət yetirilməlidir. İddia ərizəsinin icraata qəbulu mərhələsində məhkəmənin mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olmadığı müəyyən edilərsə, MPM-in 153.2.1-ci maddəsinə əsasən həmin ərizənin qəbul edilməsindən imtina edilməli və bununla əlaqədar MPM-in 153.3-cü maddəsinə uyğun olaraq, əsaslandırılmış qərardad qəbul edilməli, eyni zamanda tərəflərə xarici ölkənin məhkəməsinə müraciət hüququ izah edilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cu və 153.4-cü maddələrinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunsun ki, sözügedən mübahisə üzrə İran İslam Respublikasının səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ vardır. Ödənilmiş 231 manat dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(4-12)-125/2026
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(4-12)-125/2026
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver