Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1505/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Salmanov Zabil Şəkil oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi, pərakəndə alqı-satqı müqaviləsi, istehlakçı hüquqları) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Salmanov Zabil Şəkil oğluna qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ##.##.2025-ci il tarixli, ****** nömrəli satış çekindən görünür ki, 1 ədəd qiyməti 109.99 manat olan “LUMBERJACK SHOES MAN 5 (ədəd) M LİYO 5FX” məhsul satın alınmışdır.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçı İddiaçı göndərilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ““Flo” mağazasından aldığınız ayaqqabının ölçüsü uyğun olmadığından dəyişdirilməsi ilə bağlı ##.##.2025-ci il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: 3-54/1-Ə-800-32/2025, ##.##.2025-ci il) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma zamanı "Flo" mağazasından daxil olmuş məktubda 12 gün sonra mağazaya müraciət etdiyiniz, ayaqqabı geyinilib istifadə edildiyindən tələbinizin yerinə yetirilməsindən imtina edildiyi bildirilmişdir. Qeyd olunanlarla əlaqədar saxlanılan telefon əlaqəsi zamanı (050- 304-95- 95, q.n.: E181, ##.##.2025-ci il) 12 gün sonra mağazaya müraciət etdiyiniz, lakin cavabdehin mövqeyi ilə razı olmadığınızı bildirmisiniz. Bununla əlaqədar bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Bildiririk ki, “Flo” mağazasının mövqeyi ilə razılaşmadığınız təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddələrinə əsasən məhkəmədə iddia qaldıra bilərsiniz. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından ##.##.2025-ci il tarixində aldığı “Lumberjack” adlı ayaqqabının geri qaytarılması və həmin ayaqqabıya görə ödədiyi 109,99 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci tarixində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından “Lumberjack” adlı ayaqqabı almışdır. Bütün ayaqqabılarının ölçüsü 41 olduğundan o çox da yoxlamadan həmin ölçüdə olan ayaqqabını almışdır. Ayaqqabını alıb evə gətirəndən sonra görmüşdür ki, aldığı ayaqqabı vitrində olan ayaqqabı idi və yoxlanmaq məqsədilə digər müştərilər tərəfindən də geyinilərək yoxlanmışdır. Buna baxmayaraq ayaqqabını sonra geyinmək məqsədilə evə qoymuş və bir neçə gün sonra həmin ayaqqabını geyinib çölə çıxmaq istəyəndə ayaqqabının ölçüsünün ayağına uyğun olmadığını və ayağını sıxdığını hiss etmiş, nəticədə ayaqqabını dəyişdirmək qərarına gəlmiş və Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasına yaxınlaşmışdır. Ayaqqabını aldığı tarixdən 12 gün keçməsinə baxmayaraq “FLO” mağazasından bildirmişlər ki, aldığı ayaqqabını dəyişə bilməzlər. Səbəbini soruşduqda guya ayaqqabını istifadə etdiyini bildirdilər. Halbuki onu yalnız evdə yoxlamaq məqsədilə geyinmiş və istifadə etməmişdir. Digər tərəfdən ayaqqabı onsuz da vitrində olan ayaqqabı idi və digər müştərilər tərəfindən də geyinilərək yoxlanmışdı və bu barədə ona mağazadakı satıcılar tərəfindən məlumat verilməmişdi, bunu yalnız ayaqqabını alıb evə gətirdikdən sonra bilmişdir. Nə qədər təkid etsə də mağazadan ona ayaqqabını dəyişdirməyəcəklərini bildirdilər. Belə olan halda o, istehlakçı hüquqlarının pozulması barədə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. ##.##.2025-ci tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar ve İstehlak Bazarına X3 yazılı cavab verildi ki, “FLO” mağazası tələbinin yerinə yetirilməsindən imtina edir və bununla bağlı ona məhkəməyə müraciət etməyini tövsiyə etdilər.
5. Cavabdeh Salmanov Zabil Şəkil oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və ərizədə qeyd olunanlar heç bir mötəbər dəlillərlə sübut edilməmişdir. Belə ki, şəxs məhsulu müəyyən müddət (12 gün) geyindikdən sonra ayağını sıxdığı üçün dəyişdirilməsini istəmişdir. Məhsula ilkin fiziki baxış zamanı onun geyinilərək köhnəlməsi faktı aşkar şəkildə görünürdü (hətta ekspertizası keçirilsə, bu bir daha təsdiq olunacaqdır). Ona görə də məhsulun qaytarılması və ya başqa bir məhsul ilə əvəz olunması yol verilməz haldır. Hətta şəxsə ayaqqabının geyinildiyi dedikdə cavab olaraq ayaqqabını yuyub təmizlədiyini dedi. Onlar isə bu ayaqqabını geyinildiyi üçün sata bilməyəcəklərini və bunun gigiyenik olaraq mümkün olmadığını bildirmişlər. İdidaçı ayaqqabını avqust ayında alsa da sentyabr ayında qaytarmaq üçün gətirmişdir. Yəni 12 gün geyinilib, amma ayaqqabı iddiaçıda 14 gündən çox qalıb (avqustun əvvəli ayaqqabı alınıb, sentyabrın əvvəli dəyişidirilməsi üçün gətirilib.) İddiaçı ##.##.2025-ci il tarixli *- **/*-Ə-***-**/**** saylı şikayət məktubu ilə AR Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət etmişdir. Onlarda öz adlarından eyni məzmunlu məktubla Agentliyə öz mövqelərini bildirmiş və onlara qarşı hər hansısa tədbir həyata keçirilmədi. Məhsul köhnəlmiş, onun əvəzlənmə nəticədə yenidən satışa qoyulması mümkünsüz hal almışdır. Həmçinin, məhsul müştəriyə təqdim edilən zaman onun heç bir qüsuru olmamışdır. Müştəri məhsulu geyinib istifadə etdiyinə görə məhsulun əmtəə nişanı və görünüşü pozulmuşdur. Hətta ayaqqabını 12 gün geyindiyini iddiaçı da təsdiqləyir. Sonda Zabil Salmanov iddiaçı İddiaçı iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə, “xxxx” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən etmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə ölkədən çıxmış, ##.##.2025-ci il tarixdə ölkəyə geri qayıtmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, mal iddiaçıya ##.##.2025-ci il tarixdə verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə malı dəyişdirmək məqsəidlə “FLO” mağazasına yaxınlaşmasını qeyd etsə də, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da göründüyü kimi o, həmin tarixdə (##.##.2025 - ##.##.2025) ölkə xaricində olmuş, yəni fiziki olaraq onun satıcıya bu barədə tələb irəli sürməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda satıcı tərəfindən malın dəyişdirilməsi ilə bağlı daha uzun müddət elan edilməmişdir.
9. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, iddiaçı malın ona verildiyi andan on dörd gün ərzində satıcıya alış yerində və satıcının elan etdiyi digər yerlərdə müraciət etməsi ilə bağlı sübutetmə yükü daşıyır. Lakin iddiaçı tərəfindən malın ona verildiyi andan on dörd gün ərzində satıcıya alış yerində və satıcının elan etdiyi digər yerlərdə müraciət etdiyinə dair hər hansı şübhədənkənar, mötəbər sübutlar təqdim edilməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməklə satıcıya qarşı malın dəyişdirilməsi barədə tələb irəli sürmüş və cavabdehin bu barədə mövqeyi əsaslı olmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 386.1, 567, 623.1, 623.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, ##.##.2025-ci tarixində ölkə xaricində olarkən mobil telefon vasitəsilə Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazası ilə əlaqə saxlamış və onlardan aldığı “Lumberjack” markalı 41 ölçülü ayaqqabını ölçüsü uyğun gəlmədiyinə görə dəyişdirmək istədiyii və ölkə xaricində olduğuna görə ancaq Bakıya qayıtdıqdan sonra mağazaya yaxınlaşa biləcəyini bildirmişdir. “FLO” mağazasından mənə həmin ayaqqabını dəyişdirə biləcəyini, heç bir problem olmadığını və Bakıya qayıtdıqdan sonra mağazaya yaxınlaşa biləcəyini bildirdilər. O, da buna arxayın olaraq Bakıya qayıdandan sonra “FLO” mağazasına yaxınlaşıb ayaqqabını dəyişdirmək istəmiş, lakin mağaza ayaqqabını dəyişdirməkdən imtina etmişdir. Halbuki o, 14 gün ərzində mağazaya ayaqqabını dəyişdirmək istədiyini mobil telefon vasitəsilə bildirmişdir. Bunu Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevə dəfələrlə bildirsə də və bunu sübut etmək üçün onun adına olan nömrəmin (**********) avqust ayı üzrə çıxarışını əldə etmək üçün “xxxx” MMC mobil operatoruna sorğu verməsini xahiş etsə də hakim ona əhəmiyyət vermədi və məhkəməni ona görə uzatmayacağını bildirdi. Belə ki, “xxxx” MMC mobil operatoru ona yalnız nömrəmin son 3 ayının çıxarışını verə biləcəyini və daha uzun müddət üçün çıxarışın yalnız məhkəmə vasitəsilə verə biləcəyini qeyd etmişdir. Daxili İşlər Nazirliyinə müraciət etsə də, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis şöbəsi bunun yalnız məhkəmə vasitəsilə mümkün olacağı barədə ona rəsmi cavab verdilər. Göründüyü kimi, hakim Şəhriyar Əliyev nömrəmin çıxarışını ala bilməyi üçün sorğu vermək əvəzinə məhkəməni qanunsuz olaraq uzatmayaraq tələsik qətnamə qəbul etdi.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müfadiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
17. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
18. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
20. Maddə 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir.
21. Maddə 615. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır.
22. Maddə 623.1. Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.
23. Maddə 623.2. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göründüyü kimi, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından dəyəri 109.99 manat olan “Lumberjack” markalı ayaqqabı almış, lakin ölçüsünün uyğun olmaması səbəbindən geri qaytarmaq üçün mağazaya müraciət etmiş, mağaza məhsulun istifadə edilməsi və malın 14 gündən çox iddiaçıda olması səbəbindən iddiaçının müraciətini rədd etmişdir.
34. Tərəflər arasında pərakəndə alqı-satqı müqaviləsi ##.##.2025-ci il tarixdə bağlanmışdır. İddiaçı ##.##.2025-ci il tarixdə malı dəyişdirmək məqsəidlə “FLO” mağazasına yaxınlaşmasını qeyd etsə də, “xxxx” Elektron Məhkəmə İnformasiya Sistemindən göründüyü kimi o həmin tarixdə (##.##.2025 - ##.##.2025) ölkə ərazisində olmamışdır. Göründüyü kimi, fiziki olaraq istehlakçının satıcıya bu barədə tələb irəli sürməsi qeyrimümkün olmuşdur. Satıcı tərəfindən malın dəyişdirilməsi ilə bağlı daha uzun müddət elan etməsi də işin araşdırılan halları ilə müəyyən olunmur.
35. İddiaçının apellyasiya şikayətinin dəlilləri olan cavabdehə telefon vasitəsi ilə müraciət etməsi, birinci instansiya məhkəməsinin aidiyyəti üzrə “xxxx” MMC-yə sorğu verməməsinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə sübut toplayan orqan deyil.
36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. İşin halları ilə iddiaçının özünün telefon nömrəsindən çıxarışların alınması barədə mobil operatora müraciət etməsi, müraciətinin təmin olunmaması halları müəyyən edilməmişdir.
38. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının özünün toplamağa cəhd etmədiyi sübutları toplamamaqda haqlı olmuşdur.
39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
40. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.