Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3887/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı “İrşad-Electroniks” MMC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə 012301669, 012301670 və ********* saylı müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqısatqı qiyməti 329,98 manat olan “XM Iron Tefal FV9850E1 Pure Max”, alqı-satqı qiyməti 1489,89 manat olan “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” və alqı-satqı qiyməti 729,98 manat olan “Midea” markalı tozsoran pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Hazırda iddiaçı borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “İrşad-Electroniks” MMC cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2026-cı il tarixinə yaranmış ##.##.2025-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 200,4 manat əsas, 30 manat cərimə, cəmi 230,4 manat borc, ##.##.2025-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 729,9 manat əsas 109,4 manat cərimə, cəmi 839,3 manat borc, ##.##.2025-ci il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 736,6 manat əsas, 110,4 manat cərimə, cəmi 847 manat borc, ümumilikdə üç müqavilə üzrə 1666,9 manat əsas, 249,8 manat cərimə, 1916,7 manat cəmi borcun və 39,16 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq “İrşad-Electronics” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixində ********* saylı,********* saylı ********* saylı müqavilələri bağlanılmışdır. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “XM Iron Tefal FV9850E1 Pure Max” görə 18 ay ödəniş cədvəli üzrə hər ay 19 manat olmaqla, cəmi 329,98 manat ödəməyi öhdəsinə götürmüşdür. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” 12 ay ödəniş cədvəli üzrə hər ay 125 manat olmaqla cəmi 1489,98 manat ödəməyi öhdəsinə götürmüşdür. ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Tozsoran “Midea” 18 ay ödəniş cədvəli üzrə hər ay 41 manat olmaqla cəmi 729,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin №* saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir)% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin ##.##.2025-ci il tarixli ********* saylı müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 300 manat, ##.##.2025-ci il tarixli ********* saylı müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 1.104 manat, ##.##.2025-ci il tarixli ********* saylı müqavilə üzrə gecikdirdiyi günlərin faktiki cərimə borcu 1.094 manat təşkil edir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90% olmaqla, ##.##.2025-ci il tarixli ********* saylı müqavilə üzrə 30 manat, ##.##.2025-ci il tarixli ********* saylı müqavilə üzrə 109,4 manat, ##.##.2025-ci il tarixli ********* saylı müqavilə üzrə ödəniləcək cərimə məbləği 110,4 manat təşkil edir. Bakı şəhər Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin yazılı etirazında göstərilən dəlillərin araşdırılma zəruriliyini nəzərə alaraq iddiaçı “İrşad- Electronics” MMC nin cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iş kiçik iddialara dair sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə 012301669, 012301670 və ********* saylı müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 329,98 manat olan “XM Iron Tefal FV9850E1 Pure Max”, alqı-satqı qiyməti 1489,89 manat olan “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” və alqı-satqı qiyməti 729,98 manat olan “Midea” markalı tozsoran pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Midea” markalı tozsoranın adapterı enerji saxlamadığına görə cavabdeh ##.##.2025-ci il tarixdə “xxxx“ MMC-yə müraciət etmiş və “xxxx“ MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli texniki rəyinə əsasən “Midea” markalı tozsoranın adapterinin yanması, istifadə nəticəsində yaranan qüsur olması, tozsoranın təmiri mümkün olmaması müəyyən edilmiş, cavabdehdən təmir xərci kimi 80 manat məbləğində pul tələb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi “Midea” markalı tozsoranın adapterinin təmir olunmasını, təmirə görə xərc tələb edilməsinin anlaşılmazlıq olduğunu, texniki rəyin iddiaçı təşkilatın mütəxəssislər tərəfindən verilməsini, bununla da həmin rəyin maraqlı şəxs tərəfindən tərtib olunmasını nəzərə alaraq hesab etmişdir ki, həmin rəy sübut növü kimi dəyərləndirilə bilməz. Eyni zamanda, məhkəmə iddiaçının özləri tərəfindən xərc çəkərək təmirdən sonra tozsoranın tam işlək vəziyyətdə cavabdehə təqdim olunması barədə mövqeyini nəzərə alaraq hesab etmişdir ki, tozsoranın adapterində olan qüsur istehsal qüsuru kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehə satıldıqdan sonra tozsoranda istehsal qüsuru mövcud olmuş, yaranmış qüsurla bağlı cavabdeh iddiaçıya müraciət etsə də, təmirlə bağlı ondan xərc tələb edilmiş, cavabdeh bundan imtina etmiş, sonra təmir olunmuş vəziyyətdə tozsoranın alınmasından da imtina etmişdir. Məhkəmə satılmış tozsoranda olan qüsur aşkar edildikdən sonra qanunvericiliyin istehlakçıya hüquqlardan hər hansı birindən istifadə etmə imkanı verdiyini, cavabdehin isə qüsurlu malı iddiaçıya qaytararaq onun təkrar təmir olunandan sonra qəbul edilməsindən imtina etməsini, bununla da istehlakçı kimi müqaviləni ləğv edərək həmin malı təkrar əldə etməməsinə dair hüquqa malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi tozsorana görə yaranmış borcun tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən yaranmış qüsurla bağlı tozsoran geri qaytarıldığından və həmin əmlakla bağlı müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən həyata keçirilmədiyindən, iddiaçı digər 2 müqavilə üzrə ödənişlərin edilməsini bloklamış, cavabdeh isə qeyri-iradi və özündən asılı olmayan səbəblərə görə müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının digər müqavilələr üzrə əsas və dəbbə pulunun tutulması hissəsində tələbi də əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə ”Midea” markalı tozsoranın müayinəsinin iddiaçı təşkilatın mütəxəssisləri tərəfindən həyata keçirildiyi qeyd olunmuşdur. Lakin məhkəməyə sübut qismində təqdim edilmiş texniki rəydən də göründüyü kimi, tozsoranın müayinəsi rəsmi servis mərkəzi olan “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Tərəflərindən məhkəməyə təqdim olunan texniki rəy və rəydə qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, qətnamədə tozsoranın istehsal qüsurlu olduğu qeyd edilsə də, tərəflərindən məhkəməyə təqdim edilmiş tozsoranın müayinəsi ilə bağlı texniki rəydə, adapterin yandığı və cihazda yaranan qüsurun istifadə nəticəsində meydana gəldiyi qeyd olunmuşdur. Təqdim edilmiş sübut məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Bundan başqa, cavabdehin etirazına əsasən, cihaz servisə veriləndən sonra iddiaçının nümayəndəsi onun yanında telefonun səsgücləndiricisi qoşulmaqla servisdə olan mütəxəssislə danışarkən mütəxəssis,həqiqətən adapterin enerji qəbul etsə də, tam saxlamadığını bildirən kimi, nümayəndə telefonu gücləndiricidən çıxarıb özü ona müəyyən iradlar bildirmişdir. Lakin qeyd olunan hallarla bağlı cavabdeh öz etirazını heç bir sübutla əsaslandırmamış, məhkəməyə bununla bağlı heç bir sübut növü təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 657-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakcılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımı keyfiyyətdə olması, malların (işlərin, xidmətlərin) təhlükəsizliyi, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və duzgün məlumat əldə etmək, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımı keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni manafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüquqlarına malikdirlər. 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. İstehlakçıya keyfiyyətsiz qida məhsulu satılan halda, keyfiyyətsizlik məhsulun yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin məhsulu keyfiyyətli məhsula dəyişdirməli və ya məhsulun dəyərinin dəyərinin məbləğini qaytarmalıdır. Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada aparılır. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. 13.1-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. 26-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə “XM Iron Tefal FV9850E1 Pure Max” və “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” əşyalarına görə borcun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə, yəni “Midea” markalı tozsorana münasibətdə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası, ilk olaraq qeyd edir ki, iş materialları ilə iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə 012301669, 012301670 və ********* saylı üç ayrı müddətli (nisyə) alqı-satqı müqaviləsinin bağlanması və həmin müqavilələrə əsasən “XM Iron Tefal FV9850E1 Pure Max”, “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” və “Midea” markalı tozsoranın cavabdehə təhvil verilməsi mübahisələndirilmir. Mülki Məcəllənin 385.1, 600.1, 600.4-cü maddələrinin tələbləri baxından Məhkəmə Kollegiyası qeyd edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə əşyanı təhvil alan alıcının həmin əşyanın müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə dəyərini ödəmək öhdəliyi yaranır. Alıcının bu öhdəliyi yalnız qanunla və ya müqavilədən irəli gələn əsaslar mövcud olduqda dəyişdirilə və ya aradan qalxa bilər. Hazırkı iş üzrə “Midea” markalı tozsoranla bağlı müəyyən edilmiş hallardan görünür ki, cavabdeh əşyanın keyfiyyəti ilə bağlı irad irəli sürmüş, tozsoran “xxxx” MMC-yə təqdim edilmiş və həmin əşya sonradan iddiaçı tərəfindən geri qəbul edilmişdir. Birinci instansiya məhkəməsi də tozsoranla bağlı istehlakçının hüquqlarının yarandığını və cavabdehin həmin malı geri qaytarması ilə əlaqədar onun dəyərinin tutulmasının mümkün olmadığını müəyyən etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbləri baxımından Məhkəmə Kollegiyası həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli texniki rəylə “Midea” markalı tozsoranın adapterinin yanması və qüsurun istifadə nəticəsində yaranması qeyd edilmiş olsa da, hazırkı apellyasiya baxışının predmeti həmin tozsoran üzrə qüsurun istehsal qüsuru, yoxsa istifadə nəticəsində yaranmış qüsur olmasının ayrıca müəyyən edilməsindən ibarət deyildir. Əsas məsələ həmin əşyanın cavabdehdə qalıb-qalmaması və onun dəyərinin tutulması üçün hüquqi əsasın mövcud olub-olmamasıdır. Müəyyən edilmişdir ki, “Midea” markalı tozsoran cavabdeh tərəfindən geri qaytarılmış, iddiaçı isə həmin əşyanı qəbul etmişdir. Buna görə də Mülki Məcəllənin 600.4-cü maddəsində nəzərdə tutulan seçim baxımından iddiaçı “Midea” markalı tozsorana münasibətdə verilmiş əşyanın ödənilməsini deyil, ödənilməmiş malın qaytarılmasını həyata keçirmişdir. Əşya artıq satıcıya qaytarıldığından həmin əşyanın dəyərinin cavabdehdən tutulması üçün əsas mövcud deyildir. Başqa sözlə, tərəflər arasında sözügedən predmetlə bağlı müqavilə münasibətlərinə son qoyulmuş, qarşılıqlı öhdəliklərə xitam verilmişdir. Lakin birinci instansiya məhkəməsi bu nəticədən çıxış edərək digər iki alqı-satqı müqaviləsi üzrə də cavabdehin ödəniş öhdəliyinin aradan qalxdığını qəbul etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, “XM Iron Tefal FV9850E1 Pure Max” və “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” əşyalarının cavabdeh tərəfindən geri qaytarılması müəyyən edilməmişdir. Əksinə, həmin əşyalar cavabdehin sahibliyində və istifadəsində qalmış, onlar ilə bağlı müqavilələrin ləğv edilməsi, cavabdehin həmin əşyaları geri qaytarması və ya onun ödəniş öhdəliyindən azad edilməsini şərtləndirən hər hansı başqa hüquqi əsas da müəyyən olunmamışdır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, “Midea” markalı tozsoranla bağlı yaranmış vəziyyətin digər iki əşyanın alqı-satqısı üzrə müqavilə münasibətlərinə avtomatik şamil edilməsi yolverilməzdir. Çünki hər üç müqavilə ayrı-ayrı əşyalara dair bağlanmış müstəqil nisyə alqı-satqı müqavilələridir və hər bir müqavilə üzrə tərəflərin hüquq və vəzifələri ayrıca müəyyən edilir. Birinci instansiya məhkəməsi “Midea” markalı tozsoranın qaytarılmasını və həmin əşya üzrə ödənişlərin həyata keçirilməməsini əsas götürərək iddiaçının digər iki müqavilə üzrə ödənişlərin edilməsini bloklamasını və cavabdehin qeyri-iradi, özündən asılı olmayan səbəblərə görə həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsini qeyd etmişdir. Lakin məhkəmə tərəfindən bu nəticəni təsdiq edən hər hansı müqavilə şərti, qanun norması və ya digər hüquqi əsas müəyyən edilməmişdir. Əksinə, Mülki Məcəllənin 600.4-cü maddəsinin məzmunundan göründüyü kimi, əşyanı təhvil almış alıcı müqavilədə nəzərdə tutulan müddətdə ödəniş etmək vəzifəsini icra etmədikdə satıcının iki hüquqi imkanı vardır: verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək. Hazırkı işdə iddiaçı “Midea” markalı tozsoranı geri qəbul etməklə həmin əşya üzrə “ödənilməmiş malın qaytarılmasını” nəzərdə tutan hüquqi nəticəni qəbul etmişdir. Bununla belə, “XM Iron Tefal FV9850E1 Pure Max” və “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” cavabdehdə qaldığından, həmin əşyalar üzrə iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsində nəzərdə tutulmuş digər hüquqdan-verilmiş əşyanın ödənilməsini tələb etmək hüququndan istifadə etməkdə haqlı olmuşdur. Başqa sözlə, bir müqavilə üzrə satıcının öz hüququndan istifadə etməsi və əşyanı geri qəbul etməsi onun digər müqavilələr üzrə alıcının artıq təhvil aldığı və onda qalan əşyaların dəyərini ödəmək vəzifəsini aradan qaldırmır. Həmçinin cavabdehin digər iki əşyanın dəyərini ödəməməsinin “Midea” markalı tozsoranla bağlı yaranmış mübahisə ilə əlaqədar olaraq qeyri-iradi və özündən asılı olmayan səbəbdən baş verməsi barədə nəticə də iş materialları ilə təsdiq olunmur. Cavabdeh hazırki vaxta kimi digər iki müqavilə üzrə ödənişləri dayandırmaq hüququ verən ayrıca hüquqi əsasın mövcudluğunu sübuta yetirməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin iclasında o, digər iki müqavilə üzrə ödənişləri bu vaxta kimi etməməsinə baxmayayaraq yaranmış borcu ödəmək niyyətinin olmasını bəyan etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Mülki Məcəllənin 600.1 və 600.4-cü maddələrinin tələbləri baxımından cavabdeh təhvil aldığı “XM Iron Tefal FV9850E1 Pure Max” və “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” əşyalarının müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə dəyərini ödəməli olduğu halda, bunu tam şəkildə həyata keçirməmişdir. Buna görə həmin müqavilələr üzrə yaranmış əsas borcun tutulması üçün hüquqi əsas mövcuddur. Bu səbəbdən apellyasiya şikayəti “XM Iron Tefal FV9850E1 Pure Max” və “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” əşyalarına görə borcun tutulması tələbinin rədd edilməsi hissəsində əsaslı hesab edilməli, qətnamə həmin hissədə ləğv edilməli və iddia tələbi həmin müqavilələr üzrə əsas borc hissəsində təmin edilməlidir. Eyni zamanda, müqavilələr üzrə ödənişlərin vaxtında həyata keçirilməməsi nəticəsində müqavilə şərtlərinə əsasən dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, həmin müqavilələr üzrə əsas borcla yanaşı dəbbə pulunun tutulması məsələsi də müqavilə şərtləri və qanunvericiliyin tələbləri nəzərə alınmaqla həll edilməli olsa da, Məhkəmə Kollegiyası əsas borc məbləğinin əhəmiyyətli dərəcədə az olmasını nəzərə alaraq dəbbə pulunun tutulmasını məqsədə müvafiq saymır. Məhkəmə Kollegiyası əsas borcun məbləğinin müqavilə münasibətlərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğunu nəzərə alaraq həmin hissədə iddia tələbinin əsassız olduğu qənaətinə gəlir. Beləliklə, № ********* saylı müqavilə üzrə cavabdehdən tutulmalı məbləğ: 736,60 manat, № ********* saylı müqavilə üzrə 200,40 manat, ümumilikdə 937 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsi qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 9,16 manat hissəsi isə iddiaçını özünə aid edilməlidir. Həmçinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
İddiaçı “İrşad-Electroniks” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi “XM Iron Tefal FV9850E1 Pure Max” və “Noutbook HONOR Magic Book X16 2024 i5 8+512 WIN11 Space Gray” əşyalarına görə borcun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddiaçı “İrşad-Electronics” MMC-nin iddiası həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavabdeh iddiaçı “İrşad-Electronics” MMC-nin xeyrinə ##.##.2025-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 200,40 (iki yüz manat, qırx qəpik) manta, borc ##.##.2025-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 736,60 (yeddi yüz otuz altı manat, altmış qəpik) manat borc, ümumilikdə 937 (doqquz yüz otuz yeddi) manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə “Midea” markalı tozsorana görə borcun tutulması tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 9,16 manat hissəsi isə iddiaçını özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.