Məhkəmə qərarları › İş №1(001)-143/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-143/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-143/2022 09.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu, Bulduq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, “Şabalıd” restoranında xidmətçi işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Bulduq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair

2. xx.xx.1957-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 244-1.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə ünvan 5 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranının 6 nömrəli kabinetində müxtəlif şəxslərin qumar oynamaları üçün 2021-ci ilin iyun ayının ortalarından etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Şahid4, Şahid6 və Şahid5 həmin restoranın 6 nömrəli kabinetində qumar oynamaları müəyyən edilmiş, eləcə də kabinetdən qumar oyunları üçün nəzərdə tutulmuş 03 ədəd kart dəstləri və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilib götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 244- 1.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə ünvan 5 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranının 6 nömrəli kabinetində müxtəlif şəxslərin qumar oynamaları üçün 2021-ci ilin iyun ayının ortalarından etibarən qumarxana, yəni pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Şahid4, Şahid6 və Şahid5 həmin restoranın 6 nömrəli kabinetində qumar oynamaları müəyyən edilmiş, eləcə də kabinetdən qumar oyunları üçün nəzərdə tutulmuş 03 ədəd kart dəstləri və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilib götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 244- 1.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1, CM-in 244-1.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayından etibarən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Şabalıd” adlı restoranında xidmətçi kimi işləməyə başlamış və onu işə həmin restoranı işlədən Təqsirləndirilən şəxs2 götürmüşdür. Onun işi restorana gələn müştərilərin yemək sifarişini qəbul etmək və həmin sifarişləri müştərilərə çatdırmaqdan ibarət olmuş və bunun müqabilində ona günlük 15-20 manat əmək haqqı verilmişdir. Restoranın daimi müştərilərindən olan Şükür, Sadiq və Eldəniz adlı şəxsləri o, 2021-ci ilin iyun ayının ortalarından etibarən tanımış və sonuncular axşamlar mütəmadi olaraq onun işlədiyi restorana gələrək 6 nömrəli otağında yemək yemiş, o da həmin müştərilərə qulluq etmişdir. Həmin müştərilər yemək yedikdən sonra kart vasitəsi ilə poker oyunları oynamış, o da müştərilərin qumar oynamalarına göz yummuş və şərait yaratmışdır. Buna görə də həmin müştərilər hər dəfə ona 10-15 manat pul vermişlər. Müştərilərin qumar oynamaq üçün kart da əksər vaxtlarda elə həmin kabinetdə qalmışdır. Təqsirləndirilən şəxs2 də bundan xəbəri olmuş, yəni Xaliq də müştərilərin həmin kabinetdə qumar oynadıqlarını bilmiş, lakin müştərilər qaçmasın deyə qumar oynamalarına göz yummuşdur. 08 iyul 2021ci ildə həmin müştərilər yenə də onun işlədiyi restorana gəlmiş və 6 nömrəli kabinetdə əyləşmişlər. O da müştərilərin yemək sifarişlərini qəbul etmiş və onlara yemək vermişdir. Həmin şəxslər yemək yedikdən sonra oturduqları kabinetdə kart vasitəsi ilə qumar oynamağa başlamışlar. Bir az sonra restorana polis əməkdaşları gəlmiş, onlar restorana baxış keçirməyə başlamışlar. Baxış keçirilərkən restoranın 6 nömrəli kabinetində 3 nəfər şəxsin kart vasitəsi ilə qumar oynamaları müəyyən edilmişdir. O da öz növbəsində həmin şəxslərin qumar oynamalarına göz yumduğunu, şərait yaratdığını, buna görə də hər dəfə 10-15 manat arası pul aldığını bildirmişdir. Baxış keçirilərkən masanın üzərində 3 ədəd kart dəsti və 1232 manat pul aşkar edilmiş, polislər həmin maddi sübutları götürmüş, bu barədə protokol yazmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2, CM-in 244-1.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Şabalıd” adlı restoranı icarəyə götürüb işlətmişdir. O, 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 xidmətçi kimi işə götürmüş və sonuncuya günlük 15-20 manat pul vermişdir. 2021-ci ilin iyun ayının ortalarından etibarən restorana Şükür, Sadiq və Eldəniz adlı müştərilər gəlmiş, onlar əsasən restoranın 6-cı kabinetində əyləşmişlər. Elgün həmin müştərilərə xidmət göstərmiş, yəni onların sifarişlərini qəbul etmiş və onlara həmin sifarişləri gətirmişdir. Sonradan Elgün restoranın 6-cı kabinetində əyləşən həmin şəxslərin kart vasitəsi ilə qumar oynamalarına şərait yaratmışdır. Onun bu halda məlumatı olmuş, lakin müştəriləri itirməmək üçün həmin hala göz yummuşdur. 08 iyul 2021-ci ildə həmin müştərilər yenə də restorana gəlmiş və 6 nömrəli kabinetdə əyləşmişlər. Elgün həmin müştərilərin yemək sifarişlərini qəbul etmiş və onlara yemək vermişdir. Həmin şəxslər yemək yedikdən sonra oturduqları kabinetdə kart vasitəsi ilə qumar oynamağa başlamışdır. Həmin müddət ərzində restorana polis əməkdaşları gəlmiş və restoranın 6 nömrəli kabinetinə baxış keçirmişlər. Bu zaman həmin kabinetdə 3 nəfər şəxsin kart vasitəsi ilə qumar oynamaları müəyyən edilmişdir. Polis işçiləri həmin şəxslərdən nə işlə məşğul olduqlarını soruşmuş, həmin şəxslər restoranın 6 nömrəli kabinetində qumar oynadıqlarını bildirmişlər. Baxış keçirilərkən masanın üzərində 3 ədəd kart dəsti və 1232 manat pul aşkar edilərək götürmüş və protokol yazmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumatlarda ünvan 6 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranında qumarxana təşkil edildiyi bildirilmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq alındıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə 08 iyul 2021-ci il tarixdə həmin restorana getmişlər. Onları həmin restoranda Təqsirləndirilən şəxs2 qarşılamış və sonuncu həmin restoranın inzibatçısı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 idarəyə daxil olmuş əməliyyat məlumatı barədə məlumat verilmiş və sonuncu restorana baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə yazmışdır. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə birlikdə restorana baxış keçirməyə başlamışlar. Baxış keçirilərkən restoranın 6 nömrəli kabinetində 3 nəfər şəxsin kart vasitəsi ilə qumar oynamaları aşkar edilmiş və həmin şəxslərin Şahid5, Şahid4 və Şahid6 olmaları müəyyən edilmişdir. Həmin şəxslər verilmiş suallara cavab olaraq kart vasitəsi ilə qumar oyunları oynadıqları, qumar oyunları oynamalarına restoranda xidmətçi işləyən Təqsirləndirilən şəxs1 tərəfindən şərait yaradıldığını bildirmişlər. Həmin şəxslərin restoranın 6-cı kabinetində kart vasitəsi ilə qumar oynamalarına şərait yaratmasını Təqsirləndirilən şəxs1 da təsdiq etmiş və bundan restoranın inzibatçısı Təqsirləndirilən şəxs2 da məlumatı olduğunu bildirmişdir. Baxış keçirilərkən 6 nömrəli kabinetdə masanın üzərində 3 ədəd kart dəsti və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid3 və Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ilə oxşar məzmunda ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, 08 iyul 2021-ci il tarixdə polis işçiləri tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi kimi iştirak etmişdir. Həmin tarixdə polis işçiləri Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Şabalıd” adlı restorana getmiş və onları həmin restoranda Təqsirləndirilən şəxs2 qarşılayaraq restoranın inzibatçısı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 polis işçilərinin restorana baxış keçirilməsinə etiraz etməyərək bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Bundan sonra polis işçiləri onun və digər hal şahidinin iştirakı ilə restorana baxış keçirməyə başlamışlar. Baxış keçirilərkən restoranın 6 nömrəli kabinetində 3 nəfər şəxsin kart vasitəsi ilə qumar oynamaları aşkar edilmiş və həmin şəxslər bunu etiraf edərək qumar oyunları oynamalarına restoranda xidmətçi işləyən Elgün tərəfindən şərait yaradıldığını bildirmişlər. Elgün adlı şəxs də, deyilənləri təsdiq edərək müştərilərin restoranda qumar oynamaları üçün şərait yaratdığını və bundan restoranın inzibatçısı Təqsirləndirilən şəxs2 da məlumatı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən baxış keçirilərkən 6 nömrəli kabinetdə masanın üzərində 3 ədəd kart dəsti və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid7 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, asudə vaxtlarında tanışları Şahid4 və Şahid6 ilə birlikdə ünvan 6 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranında kabinetlərdən birində qumar oyunları oynamışlar. Qumar oyunları oynamalarına restoranda xidmətçi işləyən Elgün adlı şəxs şərait yaratmış, onlar da hərdən Elgünə10-15 manat arası pul vermişlər. Onların qeyd edilən restoranda qumar oyunları oynaması barədə restoranın müdiri Xaliq adlı şəxsində məlumatı olmuşdur. 08 iyul 2021-ci il tarixdə tanışları Şahid4 və Şahid6 ilə birlikdə yenə də həmin restorana gedərək əksər hallarda oturduqları 6 nömrəli kabinetində oturaraq yemək yemiş və onlara Elgün adlı şəxs xidmət etmişdir. Onlar yemək yeyib qurtardıqdan sonra həmin kabinetində kart vasitəsi ilə qumar oynamağa başlamışlar. Onlar qumar oynayan zaman polis əməkdaşları içəri daxil olmuş və onların qumar oynamaları müəyyən edilmişdir. Polis əməkdaşlar tərəfindən həmin kabinetə baxış keçirilmiş və baxış zamanı masanın üzərində 3 ədəd kart dəsti və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Şahid4 və Şahid6, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid5 ilə oxşar məzmunda ifadələr verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaları faktına görə CM-in 244-1.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 08.07.2021-ci il tarixli qərardan görünür ki, ünvan 7 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranında qanunsuz qumar oyunlarının təşkil edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. 08.07.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında fəaliyyət göstərən «Şabalıd» restoranının 6 nömrəli kabinetinə keçirilmiş baxış keçirilmiş və baxış zamanı Şahid4, Şahid6 və Şahid5 həmin kabinetdə qumar oynamaları müəyyən edilmiş, eləcə də kabinetdən qumar oyunları üçün nəzərdə tutulmuş 03 ədəd kart dəstləri və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilib götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli, 5(001)-962/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 08.07.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. 12.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 iyul 2021-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. 12.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 iyul 2021-ci il tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. 14.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 244-1.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 14.07.2021-ci il tarixli qərarlardandan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. 14.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 244-1.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 14.07.2021-ci il tarixli qərarlardandan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. 26.07.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 18.12.2021-ci il tarixli qərardan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı hadisə yerindən aşkar edilib götürülmüş 03 ədəd kart dəsti və 1232 manat pul vəsaiti maddi sübut kimi tanınaraq saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində təhvil verilmişdir. 107 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsi tərəfindən verilmiş 07.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yer üzrə müsbət xarakterizə olunmuşdur. 24.12.2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun məhkumluğu yoxdur. AA1040904 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 07.02.2014-cü il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Sabirabad rayonu İcra Hakimiyyəti Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyat yer üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməli törətməsi onların etiraf edici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli onların cinayət əməlini törədiyi zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ibtidai istintaq orqanı tərəfindən CM-in 244-1.2.2-ci maddəsi ilə düzgün tövsif edilsə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli hazırda qüvvədə olan CM-in 244-1.2.4-cü maddəsinin təsiri altına düşür. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd edilən cinayət əməlinin törədildiyi zaman qüvvədə olan CM-in 244-1-ci maddəsi aşağıdakı qaydada redaksiyada verilmişdir: “244-1.1. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244-1.2. Eyni əməllər: 244-1.2.1. təkrar törədildikdə; 244-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” 01 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2021-ci il tarixli Qanununun 1.4-cü bəndinə əsasən CM-in 244-1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “244-1.1. Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama – beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244-1.2. Eyni əməllər: 244-1.2.1. təkrar törədildikdə; 244-1.2.2. internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə; 244-1.2.3. yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə; 244-1.2.4. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 244-1.2.5. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə – on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244-1.3. Bu Məcəllənin 244-1.1-ci və ya 244-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 244-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 244-1.3.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə – üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 244-1.4. Bu Məcəllənin 244-1.1 – 244-1.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə – dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edərək saxlamalarına dair elan edilmiş ittiham üzrə cinayət əməli hazırda qüvvədə olan CM-in 244-1.2.4-cü maddəsinin təsiri altına düşür. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli törədildiyi zaman qüvvədə olan CM-in 244-1.2.2-ci maddəsindən hazırda qüvvədə olan həmin Məcəllənin 244-1.2.4cü maddəsinə tövsif edilməlidir. Eyni zamanda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar, habelə sonuncuların vəziyyətini ağırlaşdıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Çünki CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, 01 yanvar 2022-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2021-ci il tarixli Qanunu ilə yeni redaksiyada verilmiş CM-in 244-1.2.4-cü maddəsinin dispozisiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini tam əhatə etməklə yanaşı, sanksiyası sonuncuların vəziyyətini yüngülləşdirir. Qanunvericiliyin tələblərinə əsasən CM-in 244-1.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunması), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 244-1.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi üzrə 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunması), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 244-1.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 14 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi üzrə 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 132 və CM-in 99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 3 (üç) ədəd kart dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 1232 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməlidır. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsindən həmin Məcəllənin 244-1.2.4-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsindən həmin Məcəllənin 244-1.2.4-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 iyul 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 1232 manat pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 3 (üç) ədəd kart dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar