Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-369/2026 30.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Məmmədov Elçin Qüdrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru dövlət ittihamçısı2, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü (hakim S.İsmayılov) ilə ##.##.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə ##.##.2026-сı il tarixdə saat 10:52-də Sumqayıt şəhəri Novxanı bağlar ərazisində Sahil küçəsinin kənarında Xəzər dənizi sahilində yerləşən İsgəndərov Qafar Vəzir oğluna məxsus olan “Relax” restoranının həyətinə qanunsuz daxil olaraq qeyri-yaşayış sahəsi hesab edilən anbarın plastik giriş qapısını kilidini dizi ilə qırıb içəriyə daxil olaraq oradan bir metri 2 manat 40 qəpiy, cəmi 480 manat dəyərində olan 200 metr uzunluğunda, diametri 2,5 olan kabeli və 120 manat dəyərində olan 70 metr uzunluğunda uzadıcını (udliniteli) gizli olaraq talayaraq, zərərçəkmiş şəxs Qafar İsgəndərova ümumilikdə 600 manat maddi ziyan vurmaqda oğurluq cinayətini törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs hökmdən vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdən narazıdır. Onun barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxarılmasını şəxsin ittiham olunduğu əməl üzrə təqsirinin sübut olunması ilə əsaslandırmış, cəza təyin edərkən əməldə cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmasını, yüngülləşdirən hal kimi isə özünü təqsirli bilməsini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, barəsində olan işə ədalətli baxılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apellyasiya şikayətləri əsassız hesab edilməklə formal mülahizə kimi dəyərləndirilməli, gəlinən nəticənin ləğvi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətinin dəlilləri ilə bağlı fikirlərini dinləyərək müəyyən edir ki, hazırkı cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı faktlar, həmin faktları sübut edən dəlillər və həmin dəlillərin birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymətləndirilməsi mübahisələndirilmir. Apellyasiya şikayətində təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və cinayət prosesi iştirakçılarının işin halları və şikayətin dəlilləri ilə bağlı fikirlərini dinləyərək qeyd edir ki, təqirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və aparılmış istintaq hərəkətlərinin nəticəsində toplanılmış sübutların müqayisəli təhlili nəticəsində təsdiq edilir. Təqsirləndirilən şəxsin təqsirliliyinə dair birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham üzrə gəlinən nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduğundan, həmin hissədə də gəlinən nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmidir; 2) Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələrinə əsasən 03 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə isə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən cəzanı ağırlaşdıran hal kimi əməldə cinayətlərin residivinin olmasını, yüngülləşdirən hal kimi isə təqsirinin etiraf etməsini nəzərə almışdır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2010-cu il tarixli qərarı). Əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarı). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur (CM-nin 65.3-cü maddəsi). Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirkar şəxs barəsində cəzanın tətbiqi əsasları müzakirə edilərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən yüngülləşdirən hal ilə yanaşı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olması müəyyən edilmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək, CM-nin 65.2-ci maddəsinin müddəlalarının nəzərə alınmamasını xahiş etsə də, zərərçəkmiş şəxs cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxması, onun barəsində cəza təyini zamanı müstəsna hal kimi dəyərləndirilə bilməz. Çünki zərərçəkmiş şəxs onunla barışmamışdır. Zərərçəkmiş şəxsə dəymiş zərər könüllü olaraq da aradan qaldırılmamış, DİN əməkdaşları tərəfindən təqsirləndirilən şəxs saxlanılarkən sonuncu tərəfindən onlara təqdim edilmiş, onlar tərəfindən də həmin əmlak zərərçəkmiş şəxsə qaytarılmışdır. Bu hallar isə müdafiə tərəfinin dəlillərinin formal mülahizə kimi dəyərləndirilməli olması qənaətini formalaşdırır. Qeyd edilənlər üzrə dəyərləndirmə apararaq kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əmələ görə cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi maddə üzrə sərt cəza tədbirinin tətbiq edilməli olması, həmin cəzanın da son həddinin yarısından az ola bilməməsi barədə cinayət qanunu normasına əsasən təyin edilmiş cəza cəzanın məqsəd və prinsipləri baxımından təyin edilmiş cəzanın həddi qanuni və ədalətlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarları). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apelyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-369/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-369/2026
30.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver