Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-156/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, 28 iyul 2020-ci il tarixdə saat 23:40 radələrində ünvan 2 ünvanında yerləşən «Murad» kafesinin yaxınlığında qardaşı X6 və istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şahid1 söz demələrini bəhanə edib heç bir əsaslı səbəb olmadan bir qrup şəxs tərəfindən ictimai yerdə ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayiş etdirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, orada toplaşan insanların gözü qarşısında Zərərçəkmiş şəxs2 yerə yıxdıqdan sonra naməlum şəxslə birlikdə əl və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq başın alın nahiyəsinin şişkinliyi qançırı, sol gözün alt qapağının və gözaltı nahiyənin qançır və sıyrığı, sağ dirsək oynağı nahiyəsinin sıyrığı xəsarətləri ilə müşaiyət olunan, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlər və Zərərçəkmiş şəxs1 yerə yıxıb əl və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nayihənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sol dirsək oynağı nahiyəsinin qançırı, sağ gözaltı nahiyənin, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, bel nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, dəmir qırıntıları yığıb satmaqla məşğul olur. 28 iyul 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında küçədə olarkən bacıları Dilanla Həmidə mağazaya getmişlər. Həmin vaxt küçədən bacısı Həmidənin səs-küyünü eşidərək onlara yaxınlaşmışdır. Bacısı Həmidə ona demişdir ki, onun arxasınca iki nəfər şəxs velosiped sürərək ona sataşmaq istəmişlər. Həmidə eyni zamanda da həmin iki nəfər şəxsi ona göstərmişdir. O həqiqətən də orada iki nəfər şəxsin velosiped sürməsini görmüşdür. Qaranlıq olmasına baxmayaraq onlara yaxınlaşanda tanımışdır, onların iki qardaş olduqlarını, yaşadıqları evdən bir az aralıda qaldıqlarını bilmişdir. O, onlara yaxınlaşan kimi demişdir ki, nəyə görə bacılarına sataşırlar və onların hər ikisinə yumruq zərbələri endirməklə ikisini də yerə yıxmışdır. Yerdə də onları vurmağa başlamışdır. Yaranmış səsküyə anası və tanımadığı adamlar gəlmişlər. Bundan sonra o qaçıb getmişdir. Xəsarət yetirdiyi iki qardaşı əvvəlcədən tanımışdır, onlarla əvvəlcədən mübahisələri olmamışdır. Həmin iki qardaş ona demişlər ki, onun bacısına söz atmamışlar. Lakin bacısı ona demişdir ki, ona söz atıblar. O, iki qardaşın bacısına söz atmasını görməmişdir. Hər iki qardaşı vurarkən ətrafdan onları aralaşdıran şəxs olmamışdır. O, daş parçası ilə onları və ya sürdükləri velosipedi vurmamışdır. Dava zamanı qardaşı Rəşid orada olmamışdır. Ətrafa kənar şəxslər yığışmışlar. Rəşid və başqa şəxslər zərərçəkmiş şəxsləri vurmamışdır, hər iki qardaşı özü döydüyünü bildirmişdir. Həmin iki qardaşdan biri onu vurmuşdur. Lakin bədənində heç bir xəsarət olmadığı üçün ekspertizadan keçməyə ehtiyac duymamışdır. Münaqişə təxminən 20 dəqiqə davam etmişdir. Yaranmış səs-küyə ətrafa bir neçə şəxs yığışmış, sonradan onun anası ora gələndə oradan qaçıb getmişdir. Axtarışda olduğunu bilməmiş, polislər bu barədə ona sonradan bildirmişlər. O, zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq hərəkətləri etməmiş və onlara qarşı xuliqanlıq niyyəti olmamışdır. Zərərçəkmiş şəxsləri konkret olaraq bacılarına söz atdığına görə vurmuşdur, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını bildirərək məhkəmədən barəsində cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, Zərərçəkmiş şəxs1 onun qardaşıdır, o biraz aralıda M.Abdin küçəsi, döngə 9 ünvanında ailə üzvləri ilə kirayədə yaşayır. Qardaşı Vəli ilə birlikdə fərdi qaydada evlərdə kondisioner quraşdırmaqla məşğul olur, Vəli kondisioner ustasıdır, o isə Vəliyə kömək edir. Hər ikisinin velosipedi var, belə ki, ünvanlara gedib kondisioner quraşdırarkən ləvazimatları kisəyə yığıb velosipedlərinin yük yerinə qoymaqla daşıyırlar. 28 iyul 2020-ci il tarixdə qardaşı Vəli ilə birlikdə Biləcəri qəsəbəsindəki evlərin birində kondisioner quraşdırıb velosiped sürərək evlərinə qayıdarkən saat 23:30 radələrində Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 2 ünvanında yerləşən Murad marketin yaxınlığına çatanda Vəli demişdir ki, sən sür düz get, mən isə buradan dönüb evə gedəcəyəm. Belə ki,o velosipedi sürməklə qabaqda gedir, Vəli isə ondan arxada olmuşdur. Vəliyə demişdir ki, o da onunla birlikdə evinə gedəcək və velosipeddəki yükü boşaltmaqda ona kömək etdikdən sonra qayıdacaq. Həmin vaxt onlardan bir az irəlidə iki nəfər qız piyada gedirdilər. Onlar iti addımlarla getməklə tez-tez yolun sağına və soluna keçirdilər. Qızlardan biri uşaq, digəri isə yetkinlik yaşına çatmış bir qız idi. Onların hər ikisi qaraçı idilər. Həmin qaraçıları o əvvəllər oradan keçəndə aradabir görmüşdür. Sonradan bilmişdir ki, həmin qaraçılardan uşaq olanın adı Dilan, yetkinik yaşına çatan isə Həmidədir. O Vəli ilə evə getmək barədə söhbət etdikdə Həmidə geri dönərək ona və qardaşına demişdir ki, utanmırsız bizə söz atırsınız. O Həmidəyə demişdir ki, heç kim sizə söz atmır, biz öz aramızda söhbət edirik. Bu zaman Həmidə onlara yaxınlaşaraq üstünə qışqıraraq demişdir ki, sizin ananız bacınız yoxdur, gedin onlara sataşın. Həmidə bu sözü deyərək üstlərinə gəlmiş və aralıdan da bir neçə nəfərin gəldiyini görmüşlər. Knyazın arxasınca gələn tanımadığı digər şəxs onları itələyərək velosipeddən yerə salmışlar. Belə ki, hər şey anidən baş verdiyi üçün özünü itirmişdir. Yerdə olarkən Knyaz və yanındakı bir nəfər tanımadığı şəxs onu təpik və yumruq zərbələri ilə vurmuşar. Knyaz özü isə onun qardaşı Vəlini yerdə yumruq və təpkilə vurmuşdur. Onları vurarkən qışqırdıqları üçün ətrafa bir neçə şəxs də yığışmışdı. Səsküyə Knyazın anası da gəlmişdi. Bunu o vaxt bilmişdir ki, onları döyəndən sonra qadınlardan biri ona demişdir ki, o Knyazın anasıdır, adı Zenfiradır. Lakin Zenfira onları döymürdü, o onlardan üzrxahlıq istəmiş və Həmidənin, Knyazın üstünə qışqırmışdır. Onun və qardaşının köynəyi cırılmış vəziyyətdə idi, özlərinin də bədəni zərbələrdən ağrayırdı. Oradan velosipedi sürməklə Binəqədi RPİ 6-cı PB-nə gələrək şikayət ərizəsi yazmışlar, hadisə baş verdiyi yeri də polislərə göstərmişlər. O, təqsirləndirilən şəxs və onun ailəsi ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək, onun barəsində qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. O, məhkəmədə prosesində təkrar dindirilərkən də Knyazın qardaşı Rəşidin onları döyənlərin arasında olmadığını bildirmişdir. İbtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq etmir. Həmin ifadədə Rəşidin adını yazarkən onlara əsəbi olmuşdur, lakin məhkəmə prosesində düzünü deyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə qardaşı Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, təqsirləndirilən şəxs və onun ailəsi ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. O, məhkəmə prosesində təkrar dindirilərkən də Knyazın qardaşı Rəşidin onları döyənlərin arasında olmadığını bildirmişdir. İbtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq etmir. Həmin ifadədə Rəşidin adını yazarkən onlara əsəbi olmuşdur, lakin məhkəmə prosesində düzünü deyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 28 iyul 2020-ci il tarixdə saat 23 radələrində azyaşlı bacısı Dilanla yaşadığı evin yaxınlığındakı mağazaya getmişdir. Belə ki, yolda gedərkən arxadan iki nəfər şəxsin velosiped sürə-sürə gəldiklərini görmüşdür. Onlar hündur səslə danışırdılar. Əvvəlcə onlara əhəmiyyət verməmiş, lakin onlar gülərək danışdıqları üçün zənn etmişdir ki, onlar ona və bacısına söz atırlar. Belə ki arxaya dönüb onlara demişdir ki, nəyə görə bizə söz atırsınız. Bu zaman həmin iki nəfər şəxs onu acılamağa başlamışlar. Sonradan bilmişdir ki, onlar iki qardaşdırlar. Onlara tərəf gələrək bildirmişdir ki, sizin ananız bacınız yoxdur. Bu zaman qardaşı Knyaz ora gəlmiş və soruşmuşdur ki, nə məsələdir. O qardaşı Knyaza demişdir ki, həmin qardaşlar onlara söz atmışlar. Bu zaman qardaşı Knyaz onları vurmağa başlamış və onların ikisi də velosipeddən yıxılmışlar. Knyaz onları vuranda həmin qardaşlardan biri də Knyazı vurmaq istəmişdir. Bu zaman səs-küyə anası Zenfira gəlmişdir. Anası gələndə qardaşı Knyaz qaçıb çıxıb getmişdir. Anası həmin iki qardaşdan üzrxahlıq etmişdir. Qardaşlarından Rəşid orada olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid3 ifadəsindən məlum olur ki, o, 28 iyul 2020-ci il tarixdə saat 23 radələrində bacısı Həmidə ilə yaşadıqları evin yaxınlığındakı mağazaya getmişdir. Belə ki, yolda gedərkən arxadan iki nəfər şəxsin velosiped sürə-sürə gəldiklərini görmüşdür. Onlar hündur səslə danışaraq onlara söz atmışlar. Bu zaman həmin iki nəfər şəxs bacısını acılamağa başlamışdır. Həmidə onlara tərəf gələrək bildirmişdir ki, söz atmasınlar, həmin şəxslər iki qardaş olmuşlar. Bu zaman qardaşı Knyaz ora gəlmiş və soruşmuşdur ki, nə məsələdir. Həmidə qardaşı Knyaza demişdir ki, onlar bizə söz atırlar. Bu zaman qardaşı Knyaz onları vurmağa başlamışdır. Onların ikisi də velosipeddən yıxılmışlar. Knyaz onları vuranda həmin qardaşlardan biri də Knyazı vurmuşdur. Bu zaman səs-küyə anası gəlmişdir. Anası gələndə qardaşı Knyaz qaçıb çıxıb getmişdir. Anası həmin iki qardaşdan üzrxahlıq etmişdir. Onlar da velosipedlərinə minib sürüb getmişlər. Həmin iki qardaşı əvvəlcədən tanımamışdır. Rəşid iki qardaşı vurmamışdır. Knyaz onları vurmuş, qardaşlardan biri də Knyazı vurmuşdur. Hava qaranlıq olduğu üçün dəqiqliklə görə bilməmişdir ki, kim onun qardaşını vurmuşdur. Dava-dalaş təxminən 20 dəqiqə davam etmiş, yaranmış səs-küyə ətrafa bir neçə şəxs yığışmışdır. Sonradan anası Zenfira gələmiş və o gələndə qardaşı Knyaz qaçıb çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən məlum olur ki, qızları Dilan və Həmidə, oğlanları Rəşid və Knyazla birlikdə kirayədə yaşayırlar. Oğlu Knyaz müxtəlif yerlərdən dəmir yığaraq satmaqla məşğul olur. 28 iyul 2020-ci il tarixdə saat 23 radələrində evdə olarkən, qızları Dilanla Həmidə yaşadığı evin yaxınlığındakı mağazaya getmişlər. Oğlu Knyaz da bayırda idi. Küçədən bərk səs-küy eşitmiş və bayıra çıxanda görmüşdür ki, qızları Həmidə, Dilanla oğlu Knyaz oradadırlar və bir neçə başqa şəxs də orada var. Evdən çıxaraq onlara tərəf gəlmiş və həmin vaxt iki nəfər velosipedçini görmüşdür. Onlar üst-başlarını təmizləmişlər və köynəkləri cırılmış vəziyyətdə olmuşlar. Onlardan başqa digər şəxslər də ora yığışmışdılar. Bu zaman Knyaz qaçıb getmiş, qızı Həmidə isə ona demişdir ki, həmin iki nəfər velosipedçi ona söz atdıqları üçün Knyaz onları vurub. Onlara yaxınlaşanda həmin iki qardaş ona demişlər ki, onlar heç kimə söz atmayıblar. Eyni zamanda da qardaş olduqlarını ona demişlər. Onlardan oğlunun yerinə üzrxahlıq etmiş və onlar velosipedi sürüb getmişlər. Həmin iki qardaşı əvvəlcədən tanımamışdır. Knyazın onları vurduğunu görməmişdir. Rəşid isə oraya sonradan gəlmişdir, ətrafa da çoxlu adamlar yığışmışdır. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqənda” 24.10.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən məlum olur ki, xx.xx.2002-ci il tarixdə X7 ilə Şahid2 birgə nikahlarından Təqsirləndirilən şəxs adlı övladları doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən məlum olur ki, xx.xx.2008-ci il tarixdə X7 ilə Şahid2 birgə nikahlarından Şahid3 adlı övladları doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən məlum olur ki, 20.12.2004-cü il tarixdə X7 ilə Şahid2 birgə nikahlarından X6 adlı övladları doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 29 iyul 2020-ci il tarixli, 1180 nömrəli ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin şişkinlikli qançırı, sol gözün alt qapağının və gözaltı nahiyənin qançır və sıyrığı, sağ dirsək oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti zərərçəkənin göstərdiyi 28.07.2020-ci il tarixinə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 29 iyul 2020-ci il tarixli, 1177 nömrəli ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması, sol dirsək oynağı nahiyəsinin qançırı, sağ gözaltı nahiyənin, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, bel nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nahiyənin, sağ almacıq nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, digər xəsarətlər isə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs1 bədənində bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 28.07.2020-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədənində bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi qeyri-mümkündür. İş materiallarında olan “məcburi gətirmə haqqında” 26.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada istintaq hərəkətlərində iştirak etməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə qətirilməsi qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 01.11.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 05.11.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət iş üzrə əməlin tövsif edilməsi haqqında” 23.12.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” 01.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulan təqdirdə Binəqədi RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub İŞ-nə təqdim edilənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 13.01.2021-ci il tarixdə ünvan 4 ünvanının yaxınlığında yaxalanaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir. İş materiallarında olan “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 19.01.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 (iyirmi bir) gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi və həbsetmənin əvvəlinin 13.01.2021-ci il tarixindən hesablanması qərara alınmışdır. İş materiallarında olan “yetkinlik yaşına çatmamış şahidin qanuni nümayəndəsi kimi tanınması haqqında” 18.01.2021-ci il tarixli qərardan görünür ki, 18 yaşına çatmamış xx.xx.2008-ci il tarixdə anadan olmuş Şahid3 1975-ci il təvəllüdlü Şahid2 qanuni nümyəndəsi kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx xxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 24.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qəbul olunmuş qərar və ona elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan “cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında” 25.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən X4 və şəxsiyyəti istintaqa məlum olmayan şəxsin, eləcə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərinə hüquqi qiymət verilməsi üçün göstərilən şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılaraq icraata qəbul edilməsi, mövcud cinayət işində olan müvafiq sənədlərin əsilləri və digər sənədlərin kserosurətləri çıxarılaraq ayrılmış cinayət işinə əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə, yəni 23 fevral 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxs və onun ailəsi ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir maddi və digər tələbi yoxdur, onun barəsində qərar qəbul edilərkən barışmaqlarının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən məlum olur ki, o, Təqsirləndirilən şəxs və onun ailəsi ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir maddi və digər tələbi yoxdur, onun barəsində qərar qəbul edilərkən barışmaqlarının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə prosesində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X6 hadisə vaxtı orada olmamış, zərərçəkmiş şəxslərə qarşı qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə xuliqanlıq hərəkətləri etməmişdir, bununla əlaqədar istintaq orqanının gəldiyi nəticə şahid ifadələri və zərərçəkmiş şəxslərin özlərinin məhkəmə prosesində verdikləri ifadələrlə təkzib olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti qardaşı X6 ilə birlikdə törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun zərərçəkmiş şəxslərə qarşı qardaşı X6 və istintaqa məlum olmayan digər şəxslə birlikdə xuliqanlıq etməsinə dair hissəsi X5 münasibətdə ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs ona elan edilmiş cinayət əməlini istintaq orqanına məlum olmayan digər şəxslə birlikdə törətdiyi üçün ona verilmiş Azərbaycan Respubliası CM-in 221.2.1-ci maddəsi üzrə ittiham dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələrlə, ekspertiza rəyləri və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətlərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.01.2021-ci il tarixdən 18.05.2021-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) ay 5 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamdan onun zərərçəkmiş şəxslərə qarşı qardaşı X6 ilə birlikdə xuliqanlıq etməsinə dair hissəsi məhkəmə prosesində sübuta yetmədiyi üçün ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13.01.2021-ci il tarixdən 18.05.2021-ci il tarixə qədər həbsdə saxlandığı 4 (dörd) ay 5 (beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 8 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində elektron nəzarət vasitəsi tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Yevlax şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-156/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-156/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver