Məhkəmə qərarları › İş №1(001)-58/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-58/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-58/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İkinci Qarabağ müharibəsi qazisi, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(005)-45/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci və 69.3-cü maddəsi ilə qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2 bükümdə ümumi təmiz çəkisi 1,570 qram olan çəkidə narkotik vasitə heroini və təmiz çəkisi 0,280 qram olan psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 22:05-də Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində saxlanılıb oradan ünvan 2 ünvanda yerləşən 4-cü PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən “Magna” markalı siqaret qutusunun içərisində 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,360 qr və 0,210 qr olmaqla ümumi təmiz çəkisi 1,570 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızının içərisində ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,280 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməmiş, lakin CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilərək göstərmişdir ki, 30 iyun 2022-ci il saat 22.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində piyada gəzən zaman mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Magna” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra onun boz rəngli şalvarının ciblərini açmağı tələb olunduqda sonuncunun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Belə ki, ondan üzərindən aşkar olunmuş 01 ədəd “Magna” markalı siqaret qutusunu açmaq tələb olunmuşdur.Onun üzərindən aşkar edilmiş qeyd olunan markalı siqaret qutusunu açan zaman həmin qutunun içərisində ümumilikdə 02 ədəd şəffaf rəngli və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlər aşkar edilmişdir ki, həmin bükümlər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman 01 ədəd gümüşü rəngli kağızın içərisində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə olan “metamfetamin” və ümumilikdə 02 ədəd şəffaf rəngli sellofanlara bükülmüş bükümlərin içərisindən çıxan qəhvəyi rəngli tozşəkilli maddələrin isə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir.Həmin bükümləri xx.xx.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerdən tapdığını bildirmişdir. Belə ki, o, İkinci Qarabağ müharibəsi iştirakçısıdır və müharibədən qayıtdıqdan sonra müəyyən problemləri olduğuna görə narkotik vasitədən istifadə etməyə başlamışdır.Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Sadəcə narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsi qazisi olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini, əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadə verən Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır.30 iyun 2022-ci il tarixdə 4-cü PŞ-nə mötəbər mənbədən daxil olan məlumata əsasən xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, ev 35, mənzil 10-da qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə etməsi barədə məlumat daxil olmuşdur.Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 4-cü PŞ-nin inzibati ərazisinə aid olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır.Həmin qrupa o və həmin PŞ-nin sahə müvəkkili, polis mayoru Şahid2 daxil olmuşlar.Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsi yaxınlığında 30 iyun 2022-ci il tarixdə, saat 22:05 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Onlar ona narkotik maddə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib onu 4-cü PŞ-nə dəvət etmişlər.4-cü PŞ-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir.Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Magna” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur.Daha sonra Məlikdən həmin siqaret qutusunu açmaq tələb olunmuşdur.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qeyd olunan markalı siqaret qutusunu açan zaman həmin qutunun içərisində içərisində ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana büküm və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm aşkar edilmişdir ki, həmin bükümlər iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə olan “metamfetamin” və ümumilikdə 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisindən çıxan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir.Həmin bükümləri xx.xx.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerdən tapdığını qeyd etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən bükülülər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir.Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı ifadə verən Şahid2 məhkəmədə ifadə verən Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ilk olaraq Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə edib saxlanılması faktı ilə bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-nin TŞ-də toplanmış materiallar əsasında fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3639 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs... imza” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə “Magna” yazılan siqaret qutusunda 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,360 qr və 0,210 qram olmaqla ümumi çəkisi 1,570 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış vasitə-heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,280 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5217 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl həmin maddədən CM-in 234.2-ci maddəsinə tövsif edilmiş, lakin həmin qərar kifayət qədər əsaslandırılmamışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramadək müəyyənləşdirilmişdir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə hökmün surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(005)-45/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci və 69.3-cü maddəsi ilə qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, məhkəmə iclasında əldə edilən, qiymətləndirilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir.Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. CM-in 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,360 qr və 0,210 qr olmaqla ümumi təmiz çəkisi 1,570 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızının içərisində ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,280 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsinə tövsif edilə bilməz. Həmin şəxsin əməli yalnız narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşıması və xx.xx.2022-ci il tarixdə saat 22:05-də Binəqədi RPİ-nin 4-cü Pşnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində saxlanılıb oradan ünvan 2 ünvanda yerləşən 4-cü PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən “Magna” markalı siqaret qutusunun içərisində 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,360 qr və 0,210 qr olmaqla ümumi təmiz çəkisi 1,570 qram qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızının içərisində ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,280 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan - narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “X6 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X4 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1 maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, AR CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və İİ Qarabağ müharibəsi qazisi olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, İİ Qarabağ müharibəsi qazisidir, “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir, əməlində cəzanı ağırlaşdıran hallar isə ümumiyyətlə yoxdur.Məlum olduğu kimi, Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən 2 iyul 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİnin 4-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Malik Əhmədov tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 30 iyun 2022ci il tarixdə tutulmuşdur.Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(00)- 776/2022 saylı, 02 iyul 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal azad edilmişdir.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(005)-45/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci və 69.3-cü maddəsi ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində çəkməli və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan heroinin 1,470 qram olan qalığı və psixotrop maddə metafetaminin 0,230 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir.Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cəmi 38 (otuz səkkiz) iş saatı sərf olunmuşdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Odur ki, CPM-in 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi adına onun vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdən – 02 iyul 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət 1 (bir) günə 2 (iki) gün olmaqla Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(005)-45/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci və 69.3cü maddəsi ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 1.470 qram qalığı və psixotrop maddə metamfetaminin 0.230 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 38 saat hüquqi xidmətin dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************VÖEN- 1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar