Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-621/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1996-cı ildə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmək və keçirmək məqsədilə 2023-ci ilin mart ayının ortalarında ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “Fastloto.com” və “Chcplay.net” internet saytlarında təşkil edilmiş qanunsuz idman və loto oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adına həmin saytlarda “ana kassa”, yəni istifadəçi hesabı yaratmış, bundan sonra istifadə etdiyi 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon vasitəsilə “İnstagram” sosial şəbəkəsində “chcplay.comm”, “casino_777” və “Fastloto777” adlı səhifələr yaradaraq orada qanunsuz təşkil etdiyi qumar oyunlarının reklamını yerləşdirməklə həmin tarixdən 03 aprel 2023-cü il tarixədək olan müddət ərzində müraciət edən şəxslərə pul müqabilində “Fastloto.com” və “Chcplay.net” internet saytlarında öz istifadəçi hesabında olan kodları yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.İmanov küçəsində yerləşən fərdi evdə vahid niyyətlə əhatə olunan qəsdlə sataraq onların həmin saytlarda internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları oynamalarını təşkil edərək keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif restoranlarda ofisant işləmişdir. Təxminən 2020-ci ilin əvvəllərindən online qumar oyunları oynamağa başlamışdır. Əsasən “Fastloto.com” saytında belə oyunları oynamışdır. Oyun oynayan zaman xeyli pul uduzduğu üçün internetdə axtarış edərək belə oyunda necə udmaq olar onunla maraqlanmışdır. “Youtube” platformasında bu barədə videolara baxan zaman kassa satışı ilə bağlı elan verildiyini görmüşdür. O həmin zaman orada qeyd edilən hazırda xatırlamadığı xarici mobil operatora məxsus mobil nömrə ilə vatsap ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs onun dediyi hazırda xatırlamdığı mobil nömrənin “M10” hesabına 50 manat pul göndərəcəyini və bunun qarşılığında ona balansında 200 manatlıq depozit olan kassa verəcəyini bildirmişdir. O da həmin şəxslə razılaşmış və 2023-cü ilin mart ayının ortalarında həmin şəxsin dediyi M10 hesabına ödəniş terminallarından 50 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs “chcgreen.net” saytına daxil olmasını demişdir. Həmin şəxs ona sayta daxil olması üçün “AAA 1084” nömrəli kassa kodu vermişdir. O həmin kod ilə sayta daxil olduqda kassada 200 manatlıq depozit olduğunu görmüşdür. Bundan sonra ona həmin kodlarla oynuyaraq kassadakı kodları 2100 manata qaldırmışdır. Bundan sona instagram sosial şəbəkəsində “chcplay.comm”, “casino_777” və “Fastloto777” adlı səhifələr yaradaraq həmin səhifələrdə qanunsuz online qumar oyunlarının reklamını etmişdir. Orada “kazinoya xoş gəlmisiniz, Minumum 10 azn ödəniş. Minimum 40 azn çıxarış” məzmunda reklam yerləşdirmişdir. Həmçinin orada istifadə etdiyi +**********134 saylı vatsap nömrəsini qeyd etmişdir. İstəyən şəxslər orada onunla əlaqə saxlamışlar. Onlara pulu 4098-5844-9741-8077 nömrəli “Leobank” kartına göndərmələrini istəmişdir. Bundan sonra həmin şəxslərə kod vermişdir. Həmin şəxslərə “Chcplay.net” və “fastloto.com” saytlarında meyvələrin barabanda fırlanması fonunda loto oyunu üçün kod satışı etmişdir. Həmin şəxs oynayan zaman uduş olarsa ona pulu özü göndərmişdir. Uduzan zaman isə pul ona qalmışdır. O, kod alışını və satışını, istifadə etdiyi mobil telefon vasitəsilə yaşadığı Biləcəri qəsəbəsində olan evindən həyata keçirmişdir. Kassada ona aid dövriyyə ümumilikdə 3000 manat olmuşdur. Ümumilikdə 2000 manata yaxın pul qazanmışdır. Lakin pulu da yenidən uduzmuşdur. Məhkəmə istintaqı zamanı əməlindən peşman olduğunu nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 231900347 nömrəli cinayət işi 05 may 2023-cü il tarixdə tərəfimdən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Azərbaycan Respublikası CMin 244-1.2.2-ci maddəsi ilə başlanaraq istintaqı aparılır. Cinayət işi 16 iyun 2023-cü il tarixdə Respublika Baş Prokurorluğu tərəfindən ibtidai istintaqın davam etdirilməsi üçün Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə göndərildiyindən qeyd edilən tarixdə icraata qəbul edilərək istintaq davam etdirilir. 13 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244-1.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə komputer-texniki ekspertizanın 04 aprel 2023-cü il tarixli 5/455 nömrəli rəyində qeyd edilmişdir ki: 1.Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “**********98425, **********98429” imei kodlu “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Təqdim edilmiş “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli mobil smartfonun yaddaşında əldə edilməsi mümkün ola biləcək hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-455” adlı iş çantasında 05 (beş) ədəd üzərində “Verbatim” yazısı olan “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. 3.Tədqiq olunan “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli mobil smartfonun yaddaşında “Qalareya” bölməsində “fastloto.com”, “g4y.biz” və bu kimi “qumar oyunları” məzmunlu saytlara dair şəkillər, “chcgreen.net” adlı sayta girişi özündə əks etdirən şəkillər və “Whatsapp” proqram təminatında müxtəlif şəxslərlə aparılmış “qumar oyunları tərəflərinin pul köçürülmələri və hesab məlumatlarının paylaşılmasına dair” söhbətlərin ekran görüntüləri müəyyən olundu. 4.Tədqiq olunan “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli mobil smartfonun yaddaşında “İnstagram” sosial şəbəkəsinə aid profillərə girişi təmin edən müvafiq proqram təminatına baxış keçirilən zaman “fastloto777”, “chcplay.comm” adlı istifadəçi profilləri və həmin profillərdə “qumar oyunları” məzmunlu paylaşımların edilməsi müəyyən edildi. 5.Mobil smartfonun yaddaşına quraşdırılmış tətbiqlər içərisində “orca player” adlı proqram müəyyən edildi. Aşkar olunmuş “orca player” adlı proqram təminatı online oyunlar, köçürmələr və bu kimi əməliyyatların yerinə yetirilməsi üçün proqram komponentlərini özündə birləşdirən proqram arxividir. 6.Tədqiq olunan mobil smartfonun yaddaşında “+**********34” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” proqram təminatında müxtəlif şəxslərlə əksər hissəsi “LeoBank” bankına məxsus “4098 5844 9741 8077” nömrəli kart hesabına müəyyən məbləğdə pulun köçürülməsi və pul köçürülməsi qarşılığında qumar oyunlarına aid satışların həyata keçirilməsi haqqında yazışmalar müəyyən edildi.
7. Mobil smartfonun yaddaşında olan “İnternet” brauzerinə aid axtarış tarixçəsinə baxış keçirildikdə “chcgreen.net”, “fastloto.com”, “green-grey.net”, “g4y.biz” və bu kimi saytlara giriş olunduğunu göstərən rəqəmsal izlər müəyyən edildi (Şəkil 11, 12). 8.Tədqiq olunan “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli mobil smartfonun yaddaşında aşkar edilimiş proqram komponentləri, texniki qeydlər və bu kimi rəqəmsal izlərin təhlili nəticəsində belə nəticəyə gəlinir ki, qeyd olunan vasitələrin istifadəsi ilə qumar oyunlarının təşkili və oynanılması mümkündür. 9.Tədqiq olunan mobil cihaz yaddaşında olan “Leobank” tətbiqinin daxilində qeyd edilmiş 4098 5844 9741 8077 nömrəli kartın balasındakı məbləğin “0.80 AZN” olması müəyyən edildi və qeyd olunan hesabda aparılmış əməliyyatlar “Leobank” tətbiqinin əks olunan “Kart üzrə çıxarış” əmri vasitəsilə əldə edilərək “.PDF” formatında hazırkı ekspert rəyinə əlavə olundu. 10.Mobil smartfonun “Menyu” hissəsində olan “İnternet” brauzerində son daxil olunmuş saytlar siyahısına qeyd edilən “chcgreen.net” internet resursuna baxış keçirildikdə “AAA1084” loginli “ana kassa” müəyyən edildi. Ana kassa hesabına baxış zamanı “AAA1084” adlı hesabın müvafiq bölmələrinə uyğun “Balans – 0”, “Djekpot – 241.31”, “Bonus – 118.01” məlumatları aşkar olundu. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 2555 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” 03 aprel 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs online kazinoqumar oyunlarının təşkilində istifadə etdiyi 01 ədəd “Samsung Galaxy A21 S” markalı mobil telefon istintaq orqanı tərəfindən götürülmüş və baxış zamanı həmin mobil telefonun video albomunda fastloto oyunlarına aid izahlı videolar olması, internet brauzerinə daxil olan zaman “chcgreen.net” saytının açılması, həmçinin vatsap tətbiqində online kazinoqumar oyunlarının satışı ilə bağlı yazışmalar olması müəyyən edildi. Həmçinin mobil telefonla insatgram sosial şəbəkəsində “chcplay.comm” və “fastloto777” adlı səhifələrin idarə edilməsi müəyyən edildi. Baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatların ekran görüntüləri (screen shot) götürülərək protokola əlavə edilmişdir. Məhkəmə komputer-texniki ekspertizasının rəyə əlavə etdiyi 06 ədəd DVD disk, eləcə də Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və 06 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi “Samsung Galaxy A21 S” markalı mobil telefona baxış zamanı telefondan götürülərək iş materiallarına əlavə edilmiş ekran görüntülərinə (screen shot) və ekspertiza tədqiqatı zamanı telefonun yaddaşında olan “Leobank” tətbiqindən götürülərək rəyə əlavə edilmiş 4098 5844 9741 8077 nömrəli kart üzrə hesabdan çıxarışa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, ekran görüntülərində Elvin Məmədovun istifadə etdiyi “Samsung Galaxy A21 S” markalı mobil telefon aparatında instagram sosial şəbəkəsi mövcuddur. Həmin sosial şəbəkədə Təqsirləndirilən şəxs “Fastloto777” və “chcplay.comm” adlı iki hesab işlətmişdir. “Fastloto777” adlı hesabda “Fastloto”, alışveriş və pərakəndə, vatsap +**********34, salam fastloto777, kazinoya xoş gəlmisiz, oyun haqqında məlumat, minimum 10 azn ödəniş, minimum 40 azn çıxarış, məzmunlu yazılar olduğu və oyun haqqında şəkillər paylaşıldığı müəyyən edilmişdir. Həmçinin “chcplay.comm” adlı hesabda “casino_777”, vatsap +**********34, salam fastloto.com, “chcplay.com” kazinoya xoş gəlmisiz, oyun haqqında məlumat, minimum 10 azn ödəniş, minimum 40 azn çıxarış, məzmunlu yazılar olduğu müəyyən edilmişdir. Bundan başqa baxış zamanı mobil telefonda vatsap proqramı olduğu müəyyən edilmişdir. Vatsap proqramına baxış zamnaı orada +998 97 357 11 34 saylı mobil nömrə ilə qeydiyyatdan keçildiyi, profil şəklində online-kazino oyunun reklam şəklinin yerləşdirildiyi, “salam, Fastloto777, casino” məzmunlu hər kəs tərəfindən görülə bilən yazı yazıldığı, eləcə də müxtəlif şəxslərin ondan online kazino oynaması üçün kod istədiyi, Təqsirləndirilən şəxs öz adına olan 4098 5844 9741 8077 nömrəli kartın şəklini atması, həmin şəxslərin də karta pul göndərmələri ilə bağlı qəbzin şəklini göndərmələri və bu kimi xeyli sayda mesajlar aşkar edilmişdir. Bundan başqa ekspert rəyinə əlavə edilmiş 4098 5844 9741 8077 nömrəli kart üzrə hesabdan çıxarışa baxış zamanı müəyyən edilmiş ki, "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş “4098 5844 9741 8077” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixdək ümumilikdə 2488 manatdan artıq pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. İstintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşdə olan MedEra Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixə aid sənəddən görünür ki, Təqsirləndirilən şəxs sağ aşağı ətrafında oturaq sinirinin tibial şaxəsində daha nəzərə çarpan olmaqla xroniki dövr aksonal degenerasiyalı zədələnməsi lehinədir. İşdə olan Azərbaycan Respublikası “Azərbaycan Elmi Tədqiqat X4” X3 xx.xx.2023-cü il tarixli, 206 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ambulator müalicəsi davam etdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 244-1.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət törətməsini, gənc olmasını və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra geri qaytarılmalıdır. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. İş üzrə maddi sübut kimi tanınmış 06 (altı) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244- 1.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 24:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın.. İş üzrə maddi sübut kimi tanınmış 06 (altı) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Aygün Qurbanova