Məhkəmə qərarları › İş №1(002)-180/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-180/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-180/2024 14.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Füzuli rayonu, Qərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin 6 saylı Rabitə Xidmətləri Mərkəzinin mülkiyyətində olan Qaradağ rayonu, Ümid qəsəbəsi, ev 2 ünvanının zirzəmisindən keçən 2 ədəd TPP 100x2 naqilinin 18 metrlik hissəsini kəsərək zərərçəkmiş hüquqi şəxs Bakı Telefon Rabitəsi MMC-nin 6 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus 327.10 manat dəyərində əmlakı gizli yolla talayaraq, ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən X1 icarə əsasında işlətdiyi ərzaq mağazasının qapısını sındırıb qanunsuz olaraq daxil olaraq mağazadan hər birinin qiyməti 15 manat olmaqla 10 ədəd butulkada, cəmi 150 manat dəyərində müxtəlif çeşidli spirtli içkilər, bir qutusunun qiyməti 6,50 qəpik olmaqla 65 manat dəyərində 10 qutu «Berqa» markalı quru çay, bir ədədi 8,50 manat olmaqla 68 manat dəyərində 8 qab «Besta» düyüsü, bir qutusunun qiyməti 4,50 qəpik olmaqla 67,50 manat dəyərində 15 qutu «Sobranie» siqareti, bir qutusunun qiyməti 4 manat olmaqla 60 manat dəyərində 4 qutu «Arqo» siqareti, bir qutusunun qiyməti 3 manat olmaqla 12 manat dəyərində 4 qutu «Prima» siqareti, bir ədədinin qiyməti 6,60 qəpik olmaqla 66 manat dəyərində 10 ədəd «Elidor» şampunu, 1 kiloqramı 2 manat olmaqla 20 manat dəyərində 10 kq armud, 1 kiloqramı 1 manat 50 qəpik olmaqla 15 manat dəyərində 10 kiloqram nar, 1 kiloqramı 4 manat olmaqla 40 manat dəyərində 10 kq xiyar, 1 kiloqramı 4 manat olmaqla 60 manat dəyərində 15 kq mandarin, ümumilikdə zərərçəkmiş X3 məxsus 641 manat 50 qəpik dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Qaradağ rayonu, Ümid qəsəbəsi, Sosial evlər, 18 saylı mənzilin eyvanına qanunsuz daxil olaraq 700 manat dəyərində "UniTherm" markalı su qızdırıcısını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə yaşadıqları binanın zirzəmisində mis naqillərin yararsız halda olduğunu görmüş, həmin gün axşam saatlarında yaşadığı mənzildən qayçını götürmüş, zirzəmiyə düşmüş, naqillərdən bir hissə kəsərək özü ilə gətirdiyi torbaya yığaraq oranı tərk etmişdir. O, həmin naqillərin rezinlərini yandırıb soyaraq onu səyyar əlvan metal qəbulunu həyata keçirən şəxsə 70 manata satmışdır. O, 12 noyabr 2023-cü il tarixdə gecə saatlarında Lökbatan qəsəbəsində yerləşən İbrahim adlı şəxsin işlətdiyi ərzaq mağazasından oğurluq etmək qərarına gəlmişdir. O, mağazaya yaxınlaşıb qapısının şüşəsini mişar daşı parçası ilə sındırıb qapını aşaraq içəri daxil olmuş və mağazanın içərisində yerləşən masanın üzərində 60 qəpik pulu, müxtəlif araq şüşələrini, 4 qutu çayı, 6-7 kiloqram meyvəni və 5 ədəd saç şampunu, mağazadakı vitrinlərdən 6 blok "Argo" va "Sobranie" markalı siqaretləri sellofan torbalara yığaraq yaşadığı evə gətirmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Sehran adlı şəxsin yaşadığı mənzilin balkonuna daxil olaraq orada olan kombini divardan çıxarmış, həyətdə yerləşən su çəlləkləri olan yerdə gizlətmişdir. Daha sonra oğurladığı kombini tanımadığı taksi sürücüsü ilə Lökbatan qəsəbəsində yerləşən sexə gətirmiş, Zamin adlı şəxsə 220 manata satmışdır. O, son olaraq bütün cinayət əməllərini tək törətdiyini, zərərçəkmiş şəxslərə vurulmuş zərərlərin ödənildiyini, onlarla barışıq əldə etdiyini bildirmiş, əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan bir neçǝ telefon abunəçiləri tərəfindən telefon xətlərinin işləməməsi ilə bağlı işlədiyi idarəyə daxil olmuş ərizələr əsasında, ərazidə monitoring yoxlamalarına başlanmış və müəyyən olunmuşdur ki, telefon xətlərinin işləməməsinin səbəbi Ümid qəsəbəsində yerləşən 2 saylı binanın zirzəmisindən keçən telefon xətlərinin kəsilərək oğurlanmasıdır. Aşkar edilmişdir ki, Ümid qəsəbəsi, 2 saylı binanın zirzəmisindən keçən 6 saylı RXM-nə məxsus 2 ədəd hər birinin uzunluğu 18 metr olan mis naqillər naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. Bundan sonra dərhal "xxxx" MMC-nin dispetçerinə zəng edərək bildirilmiş və oğurluqla bağlı "102" zəng mərkəzinə məlumat verilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən elektron məhkəmə informasiya sisteminə xx.xx.2024-cü il tarixdə ərizə daxil edilərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyi, mülki iddiadan imtina edildiyi, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığı bildirilmiş, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən ərzaq mağazasını işlədir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində mağazaya gəldikdə mağazanın giriş qapısının şüşəsinin sındırıldığını görmüş, oğurluq olduğunu aşkar etmiş və dərhal Qaradağ RPİ-nin 10-cu PŞ-nǝ gedərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra sənədləşmə aparılmış və o, mağazadan 10 şüşə spirtli içki olan arağın, "Berqa" adlı çay məhsullarının, "Besta” sortlu düyü kisələrinin, "Sobranie", "Vinston" “Argo" "Prima" adlı tütün məmulatlarının, "Elidor" adlı şampunların və müxtəlif miqdarda olan meyvə-tərəvəz məhsullarının oğurlandığını aşkar etmiş, kamera görüntülərində mağazadan oğurluq edən şəxsin tanıdığı Mirkazım adlı şəxs olduğu görünmüşdür. Zərərçəkmiş şəxs X6 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində yuxudan oyanıb evin soyuq olduğunu görmüş, kombinin işləyib-işləməməsini müəyyən etmək üçün eyvana çıxmış və kombinin yerində olmadığını görmüşdür. “102” xidməti zəng mərkəzinə evində baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. O, Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edildikdə, evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu ona bildirilmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Şahid məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində o, göstərmişdir ki, 2024-cü ilin yanvar ayının axırlarında gündüz saatlarında Lökbatan qəsəbəsində iş yerində olduğu zaman Mirkazım onun işlədiyi yerə bir ədəd su qızdırıcısı (kombi) gətirərək, evləri üçün təzə su qızdırıcı aldığı üçün köhnəni satdığını bildirmişdir. Su qızdırıcısını (kombini) Mirkazıma məxsus olduğuna inandığı üçün oğurluq olmasından şübhələnməmiş və ondan 220 manata almışdır. Bir gün sonra Mirkazımın su qızdırıcısı oğurladığına görə polis tərəfindən tutulduğunu öyrənmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ünvanından su qızdırıcısının oğurlanması ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 13-14-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 30-31-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə, saat 20:30-da tutulmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 51-52-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 06 noyabr 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən kabelin kəsilərək oğurlanması ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 75-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi kimi Zərərçəkmiş şəxs1 tanınmışdır. Cinayət işinin 86-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00-da tutulmuşdur. Cinayət işinin 126-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İ.M.Vəliyev zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 156-160-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat verilməsi ilə bağlı müstəntiqin vəsatəti rədd edilmiş, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 165-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsin 19142 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü, Füzuli rayonu, Kürdlər kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müayinədə olub. Diaqnoz: Hal-hazırda psixi xəstəlik aşkar olunmur." Verilən məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin (və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət edilməsi tövsiyə edilmişdir. Cinayət işinin 166-167-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli tələbnamədən və cinayət işinin 230-236-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 175-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 3623 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin 179-180-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9739 nömrəli rəyindən görünür ki, "xxxx" MMC 6 saylı RXM tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ekspertiza tədqiqatına təqdim edilmiş TPP-100x2 ölçülü kabelin 01 metrinin 2023cü ilin oktyabr ayına ola orta bazar qiyməti təxminən 5,60 manat müəyyən edilir. Cinayət işinin 178-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 190-191-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 193-194-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 15:00) Cinayət işinin 210-214-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbs edilmişdir. Cinayət işinin 217-221-ci vərəqəsində olan protokollardan görünür ki, Şahid təqdim etdiyi bir ədəd “Uni Therm” markalı, üzərində «Otaplivaemna ploşad m 2 140 Odnofaznaya (220/23)B),7 İt sözləri olan su qızdırıcısı maddi sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 239-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1391 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd “Uni Therm” markalı, üzərində «Otaplivaemna ploşad m 2 140 Odnofaznaya (220/23)B),7 İt sözləri olan su qızdırıcının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 300,00 manat müəyyən olunur. Cinayət işinin 238-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 241-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Uni Therm” markalı su qızdırıcısı sahibi Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınmışdır. Cinayət işinin 254-255-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 294-cü vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, Nümayəndə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsi təqdim edilmiş və daha sonra xx.xx.2024-cü il tarixli ərizə ilə mülki iddiadan imtina edildiyi bildirilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X6 məhkəməyə yazılı ərizələr təqdim edərək təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanların onlara ödənildiyi, ona qarşı şikayət və tələblərinin olmadığı bildirilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 13 gün hissəsini çəkmiş, 02 il 08 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyləri və digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talama cinayətini təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, şikayət və tələbin olmaması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının 02 il 08 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər törətdiyi cinayət əməli ilə bağlı azadlıqdan məhrumetməyə münasibətdə daha yüngül cəza almasının onun islah olunması üçün yetərli olmadığını, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)- 200/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 08 ay 13 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, CM-in 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməli, onun şübhəli şəxs qismində tutulub saxlandığı 28 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 04 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq ona təyin ediləcək cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Uni Therm” markalı su qızdırıcısının sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən mülki iddiadan imtina edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)- 200/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 13 (on üç) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 04 (dörd) ay 6 (altı) gün kimi nəzərə alınmaqla həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona 02 il 03 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulub saxlandığı 04 (dörd) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Uni Therm” markalı su qızdırıcısının sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən mülki iddiadan imtina edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar