Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-199/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1982-ci il tarixdə Zərdab rayonunda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Abşeron rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsi, ev 36-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 21, mənzil 24-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əvvəllər Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanmış, S.X9 orqanı tərəfindən ona tətbiq olunan 9.000 manat cərimənin silinməsinə, almış olduğu zəlilərin Rusiya Fedarasiyasına aparılması üçün sənəd düzəldilməsinə, oğlu 2008-ci il təvəllüdlü X1 Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyata götürülməsinə nail olacağı və bu yolla onu pulsuz müalicə etdirəcəyi köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələlərlə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 22 iyul 2021-ci il tarixdə Bakı şəhəri 54 saylı Notariat ofisində 600 manat, 2021-ci ilin avqust ayının əvvəlində ünvan 1 ünvanında yerləşən "Ləvəngi" restoranında 1210 manat, 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2050 manat, 2021-ci ilin sentyabr ayından noyabın ayının əvvəllərinə qədər müxtəlif tarixlərdə ünvan 2 ünvanında yerləşən "Ləvəngi" restoranında 2220 manat və Bakı şəhəri Xətai rayonu Ali Məhkəmənin inzibati binasının qarşısında 100 manat olmaqla ümumilikdə 2320 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən "Ləvəngi" restoranında 300 manat, 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən "Ləvəngi" restoranında 210 manat, 2022-ci ilin mart ayının əvəllərində hər dəfə 25 manat olmaqla 50 manat və 2022-ci ilin mart ayının sonlarında ünvan 2 ünvanında yerləşən "Ləvəngi" restoranında 100 manat olmaqla ümumilikdə ümumilikdə 6840 (altı min səkkiz yüz qırx) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublkası Fövqəladə Hallar Nazirliyinin bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 oğlu Fuad Həsənovu Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə Xidmətinə qəbul etdirməsi məqsədi ilə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2021-ci ilin sentyabr ayının sonlarında ünvan 2 ünvanında fəaliyyət göstərən «Ləvəngi» restoranında ümumilikdə 3500 (üç min beş yüz) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2lə bağlı hissədə heç bir problem yoxdur, Rafiqin ifadəsi ilə razılaşır, Rafiqdən 3500 manat pulu almışdır. Rafiqlə bağlı ittihamla razıdır və özünü təqsirli bilir. Ziyanı ödəməyə çalışır, biraz maddi çətinliyi var. Saməddini isə tanıyır. Əslində Saməddin cəmi 500 manat xidmət haqqı ödəyib ona, onun müqabilində də Saməddinin gömrüklə bağlı inzibati xətası var idi, bütün yazışmaları apardı. Ortada Saməddin ona 2000 manat pul verib. O 2000 manatı da işlə bağlı yox, bir məsələ ilə bağlı borc verib. Saməddin hər kafedə oturmağı, hər şeyi götürüb hesablayıb və nəticə çıxarıb ki, guya ki, 7000 manatdır, halbuki onun verdiyi 500- 600 manatdır. Saməddindən ümumilikdə, 600 manat pul alıb. Saməddin özü daimi olaraq “Ləvəngi” restoranında otururdu. Onun Saməddindən o məsələdə narazılığı ondan ibarətdir ki, o, 2000 manatı götürüb, əslində iş ilə bağlı idi. Ordakı iki şahid Saməddinin şahidləridir. Yekunda əməlini etiraf etmiş, peşman olmasını, evli olmasını, iki övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Nəsimi ilə Saməddinə görə tanış olmuşdur, o, onda Saməddinin evində işləyirmiş, ona deyib ki, belə bir iş görmək istəyir, o da deyib ki, Nəsimi adlı tanışı var, görüşəndə onun işi barədə danışacaq. Bir gün də zəng edib ki, Nəsimi ilə görüşü var, gəlsin biryerdə getsinlər, gediblər Nəsimi ilə “Ləvəngi” restoranında görüşüblər, danışıblar, Nəsimi telefonda kiminləsə danışıb və deyib ki, iki günə həll edər, danışıb yoluna qoyar onun işini, o da oğlunu işə düzəltmək istəyirmiş. İki-üç gün keçəndən sonra zəng edib, görüşməklərini istəyib, gedib görüşüb, deyib bu qədər pul lazımdır, bu qədər pul verilməlidir. Samədinin iştirakı ilə Nəsimiyə 3500 manat pul vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, hazırda Təqsirləndirilən şəxs görə 2 dəfə xəstəxanaya düşmüşdür. İbtidai istintaq dövründəki ifadəsini təsdiq edir. 7000 manat zərər var. İbtidai istintaq dövründə 6840 manat göstərilir, ona da razıdır. Pulunu hissə - hissə alıb. Hazırda şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. İş materiallarında olan X4 ilə Təqsirləndirilən şəxs arasında baş tutumuş telefon danışıqlarının əks olunan 01 ədəd diskdə Təqsirləndirilən şəxs X2 aldığı 6790 manat pulu qısa müddətə qaytaracağı ilə bağlı Səməddin Ağalıyevlə söhbət etməsi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə qismən imtina etdiyini bildirib, yəni 2021-ci ilin sentyabr ayının sonlarında zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı törədilmiş əməl üzrə imtina edilməsi barədə təklifini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 177.2.4-cü maddələri ilə verilmiş ittihamnan Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda bir nüçə dəfə məhkum edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya haqqında qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Daha sonra Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2019cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 02 il 03 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan sonra Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Daha sonra Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)– 16/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib, ona CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli xx.xx.2023-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)–16/2023 saylı hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il tarixli X6 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, evli olmasını, iki övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)–16/2023 saylı hökmü ilə o, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 03 iyun 2022ci il tarixdən hesablanmışdır. Cəza çəkməsi ilə əlaqədar barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)–16/2023 saylı hökmü ilə təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(057)– 16/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 500 (beş yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-199/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-199/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver