Məhkəmə qərarları › İş №1(004)-376/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-376/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-376/2024 30.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X26, X12 və X16 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 müdafiəçisi Müdafiəçi2 və X7 müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, X26, X12 və X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X26, X12 və X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi və əməlin törədilməsində təqsirli bilinərək barələrində hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X26 , X12, X27 Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi, Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi, 156-cı maddənin 1-ci bəndi, ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR Maddə 286., 286.1, C.M.289 maddə, Cinayət Məcəlləsinin 182-ci maddəsi, 182.1 maddəsi ilə nəzərdə tutulmuş X3, X13, X4, X5, X6 Qeyri qanuni Yollarla Şəxsin xəbəri olmadan yazılmış səs yazıları ilə şanjat etmək, məhkəmə zalında təhqir etmək. Belə ki, qardaşı X11 ilə 27 İyun 2022-ci il birgə nigaha daxil olmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il nigaha qardaşının müraciətinə əsasən xitam verilmişdir. Təqribən 40 günün gəlini olmuşdur. O və ailəsi üçün önəmli fiqur deyil, heç bir vaxt maraqlı olmamışdır. 2022-ci ildən bugünə kimi heç bir vaxt onunla maraqlanmamışdır. xx.xx.2023-cü il onun barəsində GETKONTAKTDA gizli adla qeydiyyatdan keçərək onun haqqında petuğdu yazmışdır. Çətinliylədə olsa bunun kimin yazdığını bilmişdir. X14 məxsus 050 *** ** ** nömrəylə qeydiyyatdan keçmiş, bu barədə 102 qaynar xəttə dəfələrlə şikayətindən sonra, rəsmi məktubla ayrı-ayrı hüquq mühafizə orqanlarına şikayətindən sonra, Yasamal Rayonu 29-cu polis bölməsindən Qərib X2 çağıraraq sildirmiş, islah edici söhbətlər aparmışdır. Yenidən islah olunmayan Şəfiyeva Fəridə yenə də yazıb bu barədə 102 qaynar xəttə şikayət etmişdir. Bakı şəhəri baş polis idarəsinə şikayət etmiş, bu dəfə Nicat Məmmədov polisə dəvət edib qardaşı etibarnamə aldığı üçün gəlib izahat vermişdir, onunla islah edici söhbət aparılmış, xəbərdarlıq edilmişdir. Yenədə islah olunmayan Fəridə Şəfiyeva yenədə oxşar əmələ əl atıb bu dəfə Ysamal Rayonu polis idarəsindən 29-cu polis bölməsinin əməkdaşı Pərviz Qəmbərov onun şikayətinə əsasən Şəfiyeva Fəridəni polisə dəvət etmiş qardaşı gəlib izahat vermişdir. Sildirilib. Yenidən yazan islah olunmayan Fəridə Şəfiyeva eyni əmələ əl atmış, yenə yasamal rayonu 29-cu polis idarəsinə şəxsən özü dəvət olunmuş və izahatı alınmış, inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh növü tətbiq olunmuşdur. 2023-cü ildə Yasamal Rayonu Məhkəməsinin inzibati binasında Yasamal Rayonu icra və probasiya xidmətinin əməkdaşı Rəhman Atamoğlanovun və Mühafizə polislərinin yanında X19 və anası tərəfindən təhqirə məruzə qalmışlar. Şəfiyeva Fəridəni və ailə üzvlərinin 2022-ci ildən təhqir, təhdid və şantajlarına bugünə kimi məruz qalırlar. Bu şəxislər barəsində Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyatın, Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və B.Ş.B.Polis idarəsinin bu şəxslərin əməllərindən xəbərləri vardır. xx.xx.2024-cü il saat 11.00-da keçirilən Məhkəmə prosesində Hakim Mirsadiq Seyidovun başçılığı ilə, Hakim içəri qərar qəbul etməyə gedərkən X26, X12, X27 tərəflərindən o və valideyinləri təhqir olunmuş, şantaj olunmuş, zaldan çıxsınlar gözləyin deyərək aralarında söhbət etmiş, onlar çıxmamış, onlar zaldan çıxıb çöldə gözləmişlər. Qarşı tərəfdən Şəhla yavaşcadan onlara qarşı təhqirlər işlətmişlər. 2023-cü ildə verdikləri Qızıl və zinyət əşyalarının tələbinə dair məhkəmə işinə 2023-cü ildə X31 qərar verməyinə baxmayaraq anasına oğurluq damğası vurub oğurluqda ittiham edir heçbir əsas olmadan. Azərbaycan Respublikasının adından çıxmış qərarı diqqətə almır qərar qüvvəyə mindiyi təqdirdə. Qardaşı avropada yaxşı edib oturum alıb deyə qarşı tərəf Şəhla bildirir o da edəcək deyir. Bu Reketlər dövlət işində dövlət qurub avropadakı mühacir qohumuna güvənib onları təhqir edirlər. Zal katibinə bu barədə demiş, o da şahid olmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X8 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, özü ilə məhkəməyə heç bir sənəd-sübut gətirməmişdir, çünki hakimə etirazının təmin olunacağına və işə Mirsadiq Seyidovun baxmayacağını ümid etmişdir. Digər məhkəmə iclasında hakim Mirsadiq Seyidov müşavirəyə gedən kimi iclas katibi video-yazını dayandırmış, beləcə qarşı tərəfin ona qarşı təhqirləri video-yazıya düşməmişdir. İclas katibi icra məmurunu zamanında çağırmamışdır. Hazırkı ittiham ilə bağlı qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin sədrliyi ilə keçən məhkəmə iclasında çıxarılmış qətnamə ilə qızılların onlarda olmadığı müəyyən edilmişdir. Lakin barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər onu və anasını oğurluqda ittiham etməkdə davam etmişlər. Bu şəxslərin qardaşı da ölkə xaricində Azərbaycan dövlətinə qarşı provokativ addımlar atmaqdadır. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X31nin sədrliyi ilə keçirilən iclasda Yasamal Rayon Prokurorluğuna və Daxili İşlər Nazirliyinə də şər atmışlar. O, hüquqi dövlətdə yaşayır və bütün hüquqları tam təmin edilməlidir. Ancaq əksinə, bu şəxslər onu Azərbaycan dövlətinin yaratdığı məhkəmənin ortasında söyürlər. Əgər hüquqları müdafiə olunmayacaqsa, o, vətəndaşlıqdan imtina edir. Prokurorluğun və Daxili İşlər Nazirliyinin ona ünvanlanmış məktubları var ki, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur, ancaq məhkəmədə isə fikri dinlənilmir. Ona möhlət verilməsini xahiş etmişdir. Əgər hakim Mirsadiq Seyidov qanuni hakimdirsə, ona sübut yığmağa imkan yaratmalı olduğunu bildirmişdir. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 xüsusi ittihamçının dediklərinin şər-böhtan olduğunu, onun bu dediklərinin heç bir sübutu olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, xüsusi ittihamçı ittihamlarını sübut etməlidir. Xüsusi ittihamçının polis orqanlarını, məhkəmə orqanlarını əsassız ərizə və iddialarla məşğul etdiyini, onun xüsusi ittihamçını təhqir etmədiyini, xüsusi ittihamçının onlardan əl çəkmədiyini bildirmişdir. Xüsusi ittihamçının onun qızından boşandığını, qızının başqa bir insanla ailə həyatı qurduğunu, X3 bundan sonra onlara qarşı iddialar qaldırmağa başladığını, işin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X26 qadın olduğu üçün heç kimi söyə və ya təhqir edə bilmədiyini, əksinə, xüsusi ittihamçının onlara qarşı nalayiq hərəkətlər etdiyini, onlara əziyyət verdiyini, qızı ayrılandan 7 ay ərzində xüsusi ittihamçı X1, ancaq qızının ailə həyatı qurduğunu eşidən kimi fəaliyyətə başladığını, elə yaxın günlərdə qızının 2 məhkəməsi olduğunu, X3 şər-böhtanlarla ailələrini təhqir etdiyini qeyd edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X27 valideynlərinin izahatına əlavəsinin olmadığını, xüsusi ittihamçı X3 onları replikalar atmaqda günahlandırdığını, ancaq məhkəmədə atası izahat verərkən yerdən replikalar ataraq, atasının çıxışına mane olduğunu, eyni zamanda Möhtərəm Hakimlərə “Siz” əvəzinə “sən” deyə müraciət etdiyini, dediklərinin hamısının şər-böhtan olduğunu, onun haqqında dediklərinin də həqiqəti əks etdirmədiyini qeyd edərək işə xitam verilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi Müdafiəçi1 məhkəməyə müraciət edərək şikayətin CPM-in tələblərinə uyğun hazırlanmadığını, xüsusi ittihamçı uzun danışsa da, tələbinin nə olması barədə ətraflı izah vermədiyini, hansı cinayət hadisəsindən söhbət getdiyi, cinayətin harada, necə və nə zaman baş verməsi barədə Elimdar İsmayılovun onlara məlumat vermədiyini, eyni zamanda cinayət əməlinin hansı faktlarla sübut olunduğunu, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığını və müdafiə tərəfi olaraq onların da sübutlarla tanış olmadığını, məhkəmə başlanana qədər müvəkkili ilə söhbət zamanı ona hadisənin Abşeron rayonu ərazisində baş verməsini bildirdiyini, belə olan halda hadisənin həqiqətən baş verməsi, veribsə harada baş verməsinin sual altında olduğunu qeyd edərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmiş, əks halda iclasın təxirə salınması və müdafiəçilərin iş materialları ilə tanış olmaqlarına şərait yaradılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 müdafiəçisi Müdafiəçi2 məhkəməyə müraciət edərək həmkarının fikri ilə razı olduğunu, iş materialları ilə tanış olmaqları üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsinin giriş hissəsində doğulduğu ili, məşğuliyyət növü və vəzifəsini göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bundan başqa, şikayət ərizəsinin giriş hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən əməlin məhz həmin şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmiş və məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayətin məzmunundan da görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin konkret hansı cinayətin törədilməsində böhtan atdığı, hansı əməlin (söz, ifadə və s.) təhqir hesab edildiyi dəqiqləşdirilməmişdir. Barəsində şikayət verilən şəxslərin böhtan və təhqir hesab edilən cinayətin harada, nə vaxt, hansı formada, hansı şəraitdə, hansı üsulla, hansı ifadə və ya hərəkətlə, hansı formada xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən törədilməsi, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin böhtan və təhqir hesab etdiyi və onun tərəfindən törədilməsinə dair barəsində şikayət verilən şəxs tərəfindən yayılması iddia edilən məlumatı özündə əks etdirən konkret əməlin harada, nə vaxt, necə, hansı şəraitdə törədilməsinə (nə vaxt, harada, hansı formada yayılma, yayılmanın nədə ifadə edilməsi) dair məlumat dəqiqləşdirilməmişdir. Hansı cinayəti törətməkdə böhtan atıldığı və hansı ifadəni işlətməklə təhqir edildiyi (həmçinin hansı hərəkətlə təhqir edildiyi) şikayətdə göstərilməmişdir. Şikayətdə ümumi sözlərlə qeyd edilmişdir ki, təhqir edilib və böhtan atılıb. Bundan əlavə şikayətdə şəxsin CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, nəzərə alınmalıdır ki, CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CMnin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini dəqiq göstərməmişdir. Bundan əlavə CM-nin 147.1 və ya 147.2-ci maddələr göstərilməsə də, məlumatın hansının və ya hansı hissəsinin CM-nin 147 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm 147.1, 147.2, həm də 148-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X26, X12 və X20 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X21 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. X9 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Prospekt” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar