Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-122/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1972-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu ödənilməmiş, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 saylı ünvanın qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb əlində olan içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, “xxxx" ASC-yə məxsus əmək haqqı kartı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məxsus iş vəsiqəsi, yaşadığı mənzilə məxsus açar dəsti və 45 manat nağd pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə əsasən 100 manat dəyərində pul kisəsini əlindən dartıb qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 145 manat maddi ziyan vuraraq özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər iki dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Birinci məhkumluğu 2004cü il tarixdə, ikinci məhkumluğu isə həmin maddə ilə 2018-ci il tarixdə olmuşdur. 2019-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin o, 1993-1994-cü il tarixlərdə Qarabağ döyüşlərində iştirak etmişdir. İstintaq zamanı ifadəsi alınan gündən təxminən 1 ay əvvəl Bakı şəhərinə usta kimi işləməyə gəlmişdir. Cinayət törətdiyi gündən təxminən 10 gün əvvəl işlədiyi işdən çıxmış və işsiz qalmışdır. İşsiz olduğundan narkotik vasitə ala bilməmiş və bu səbəbdən xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən saat 19 radələrində pul axtarmaq üçün Nəsimi rayon, S.Vurğun küçəsində yerləşən “Təzə Bazar” adlanan Ticarət Mərkəzinin qarşısına gəlmişdir. Bazarın qarşısında piyada gəzən zaman bir nəfər tanımadığı qadının tək bazarın qarşısından keçdiyini görmüşdür. Həmin qadının əlində pul kisəsini görüb pul kisəsini həmin qadının əlindən alıb qaçmaq qərarına gəlmişdir. Həmin qadının arxasınca düşərək qəflətən arxadan yaxınlaşmış və əlində olan pul kisəsini götürüb qaçaraq həmin yerdən uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra həmin pul kisəsini açıb içərisinə baxmışdır. Pul kisəsinin içərisində olan 45 manat pulu götürmüş, pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsini isə özündə saxlamış, digər iş vəsiqəsini, açar dəsti olan açarları, xxxxa məxsus maaş kartını pul kisəsinin içərisinə qoyaraq “Kubinka” deyilən ərazidə yolun kənarında yerə atmışdır. Əldə etdiyi 45 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Şəxsiyyət vəsiqəsini isə özündə saxlamış ki, nə vaxtsa şəxsiyyət vəsiqəsində adı yazılan Zərərçəkmiş şəxs yaşadığı ünvanı taparaq həmin ərazidə yerə atsın. O, həmin şəxsiyyət vəsiqəsindən istifadə etmək niyyətində olmamışdır. O, Arzu Mövsümoavaya hədə qorxu və ya başqa zor tətbiq etməmişdir. O, pul kisəsinin içərəisində olan maaş kartı və digər kartlardan heç bir formada istifadə etməyərək atmışdır. Halhazırda törətdiyi cinayəti etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 19 radələrində Nəsimi rayonu, 28 may metrostansiyası yaxınlığında dükandan övladına kitab almaq üçün piyada yaşadığı Nəsimi rayonu, Abay döngəsi 360, mənzil 31 ünvanına gəlmişdir. Saat təxminən 19:30 radələrində o, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanda Təzə Bazar adlanan Ticarət Mərkəzinin qarşısından keçən zaman tanımadığı sonradan istintaq zamanı adı ona məlum olan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs arxadan gələrək içərəsində ona məxsus şəxsiyyət vəsiqəsini, xxxxa aid maaş kartını, Maliyyə Nazirliyinə məxsus iş vəsiqəsini və 45 manat nağd pul olan pul kisəsini əlindən dartıb qaçıb getmişdir. Adı sonradan ona məlum olan Etibar çox sürətli qaçdığı üçün arxasınca gedə bilməmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin şəxsin zahiri görünüşü alçaq boylu olmuş, əynində qara rəngli qolsuz gödəkçə olmuşdur. Sonradan istintaq zamanı ona məlum olmuşdur ki, pul kisəsini əlindən alıb qaçan şəxs Təqsirləndirilən şəxsdur. Pul kisəsinin qiyməti 100 manat dəyərində olmuşdur. Pul kisəsinin markası yadında qalmamışdır. Ümumilikdə ona 145 manat dəyərində maddi ziyan dəymişdir. Maliyyə nazirliyinə məxsus maaş kartı, iş vəsiqəsi, yaşadığı mənzilə məxsus açar dəstlərini dəyərsiz kimi qiymətləndirmişdir. xxxxa məxsus maaş kartının içərisində pul olmamışdır, maaş kartı və iş vəsiqəsi ona iş tərəfindən verilmiş, eləcə də mənzilinə məxsus ehtiyat açarlar evində olmuşdur. Ona görə də həmin əşyalara görə ona heç bir maddi ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əlindən pul kisəsini alıb qaçan zaman əlində heç bir əşya və ya yad cism olmamışdır. Sadəcə anidən əlində olan pul kisəsini alıb qaçmış və ona da heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs pul kisəsini əlindən alıb qaçan zaman ona qarşı heç bir zor tətbiq etməmiş və onu ölümlə hədələməmişdir. Ona məxsus xxxxa aid maaş kartının içərəsində pul olmadığını və həmin kartdan istifadə edilmədiyini bildirmişdir. Əmək haqqı kartının və açar dəstinin dəyəri olmamış, nəticədə ona yalnız 145 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığından ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan “Maddi sübut kimi tanımaq haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs saxlanılması qərara alınmışdır. (i/v 54). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bərdə rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 87-92, 93-95). İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i/v 32, 83-84). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 403 nömrəli otaqda təhvil almışdır. (i/v 56). İş materiallarında olan arayışdan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Altay Məmmədov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs iş üzrə maddi sübut olan 01 ədəd şəxsiyyət vəsiqəsi təhvil alınmışdır. (i/v 109). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Altay Məmmədovdan ona məxsus şəxsiyyət vəsiqəsini təhvil götürmüşdür. (i/v 112). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Ona qarşı tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanımış 01 ədəd Zərərçəkmiş şəxs məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxxx 2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-380/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat və X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-122/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-122/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver