Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-387/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 `Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yerləşən 201 saylı məktəbin inzibati binasında məktəbin müəllim heyətinin iştirak etdiyi ümumi zalda 2025-ci ilin aprel ayının 25-də keçirilmiş məktəb kollektivinin iştirak etdiyi pedaqoji şuranın iclasında X4 hər kəsin içərisində əsassız və qanunsuz olaraq məktəbdə uşaqlardan rüşvət aldığını bildirmişdir. O, dəqiqləşdirmək məqsədilə ondan “uşaqlardan pul almışam?” deyə soruşduqda “hə, niyə almamısan ki, Yeganənin sinfindən də almısan” deyərək hər kəsin içərisində onun rüşvət aldığını bildirmiş, böhtan atmışdır. X4 xx.xx.2025-ci il tarixdə kütləvi çıxış hesab edilən məktəbin pedaqoji şurasının iclasında onun uşaqlardan rüşvət aldığını deyərək yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymışdır. Kəmalə Mönsümova onun heç bir uşaqdan pul almadığını bilir, 2023-cü ilin noyabr ayında işdən qanunsuz çıxarıldıqdan sonra o məhkəməyə iddia vermiş və qalib gələrək 2025-ci ilin aprel ayında işinə bərpa olunmuşdur. Məhkəmə prosesləri zamanı da Kəmalə Mönsümova onun barəsində eyni məzmunlu qanunsuz fikirlər bildirmişdir. Ancaq həmin vaxt prioritet məsələ onun işə bərpa olunmağı idi deyə o böhtanla bağlı xüsusi ittiham qaydasında şikayət etməmişdir. Eyni zamanda məhkəmə prosesində onun rüşvət almağı ilə bağlı hər hansı şübhəli xüsusat olardısa, məhkəmə öz qərarı ilə həmin məsələ barəsində prokurorluğa məlumat verərdi. Bütün bu məsələlər əvvəlki məhkəmə iclaslarında müzakirə olunmuşdur. İşdən çıxarılmağı ilə bağlı əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir və bütün bunlar onu sübut edir ki, onun barəsində səsləndirilmiş ittihamlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. X4 törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etmir və bunu adi bazar söhbəti hesab edərək hər kəsin içərisində açıqca ifadə edir. Bu isə özlüyündə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərini yaradır. Yəni şəxs dediyi sözün mahiyyətini və hüquqi nəticələrini dərk etməli, onun törətdiyi arzuolunmaz hallara görə cavabdehlik daşımalıdır. Qeyd edilən cinayət fiziki təmasla deyil, sözlə, məlumatların yayılması ilə baş verir ki, X4 bunu etmişdir. Dediklərini təsdiq edən təkzibedilməz dəlilləri məhkəmə prosesi zamanı təqdim edəcəkdir. CM-nin 3-cü maddəsinin tələblərinə uyğun olaraq X1 törətdiyi cinayət əməlində CM-nin 147-ci maddəsinin cinayət tərkibinin bütün elementləri mövcuddur, Cinayətin obyekti onun şərəf və ləyaqəti, nüfuzudur, cinayətin obyektiv cəhəti - onun şərəf və ləyaqətinə xələl yetirən, nüfuzunu ləkələyən məlumatların kütləvi çıxışda yayılmasıdır. Cinayətin subyekti - bu cinayəti törədən fiziki şəxs X2r və yetkinlik yaşına çatmaqla anlaqlıdır. Cinayətin subyektiv cəhəti - X1 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi çıxış zamanı iclasda yaymasıdır ki, bunu birbaşa qəsdlə etmişdir. Qeyd edilənləri nəzərə alaraq ünvan 2 ünvanında qeydiyyatda olan X1 (AA 0703438) Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, onun da həmin iş üzrə xüsusi ittihamçı qismində tanınmağı barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X5 bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi X4 ilə barışmışdır, ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina edir və icraata xitam verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 bildirmişdir ki, həmin an əsəbi olmuş, fikrini düzgün ifadə etməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X5 ilə barışmışdır. Məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsini xahiş etmişdir Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətdən imtina etdiyindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-387/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-387/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver