Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-301/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kardioloji sanatoriyanın çimərliyində qumun üzərindəki Zərərçəkmiş şəxs3 məxsus əl çantasının içindən 430 manat pulu, 1 ədəd 650 manat dəyərində “İphone-11 Pro” markalı **********29581, **********92623 imei kodlu və 01 ədəd 680 manat dəyərində Samsung A 41 markalı **********19255 imel kodlu mobil telefonları, 01 ədəd 250 manat dəyərində “Airpots” markalı ağ rəngli qulaqcıqları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2010 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kardioloji sanatoriyanın çimərliyində Zərərçəkmiş şəxs2 məxsus 20 manat dəyərində olan idman çantası ilə birlikdə, çantanın içərisindən sonuncuya məxsus hər birinin dəyəri 5 manat olan 02 ədəd 051- ***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan 01 ədəd 640 manat dəyərində “Samsung A52” markalı, **********79544 İMEİ kodlu mobil telefonu, 15 manat dəyərində qolsuz köynək və 20 manat dəyərində idman şalvarından ibarət geyim əşyalarını, çantanın içindəki 185 manat nağd pulu, 01 ədəd 70 manat dəyərində optik eynəyi, 01 ədəd 30 manat dəyərində naqilsiz qulaqcığı və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 150 manat dəyərində “Samsung A50” markalı, üzərində 5 manat dəyərində olan ***- ***-**-** mobil nömrəsi olan mobil telefonunu, 20 manat dəyərində qolsuz köynəyi və 20 manat dəyərində idman şalvarından ibarət geyim əşyalarını, çantanın içərisindən 20 manat nəğd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 990 manat, Zərərçəkmiş şəxs1 isə 215 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kardioloji Sanatoriyanın çimərliyində Zərərçəkmiş şəxs4 məxsus bel çantasından sonuncuya məxsus əl çantasından 22 manat pulu, qiyməti 10 manat olan bir ədəd üzərində "Neza Collection” markalanma göstəriciləri olan, 44 ölçülü, yaşıl-ağ rəngli donu, qiyməti 5 manat olan bir ədəd üzərində "U.S Army” yazıları olan, yaşıl rəngli şortu, qiyməti 3 manat olan bir ədəd üzərində "X7" markalı, 3XL ölçülü qara rəngli, qısa qol köynəyi, qiyməti 2 manat olan bir ədəd üzərində “Ben10” yazıları olan, böyük ölçülü dəsamalı, qiyməti 1 manat olan bir ədəd üzərində "Sweet Princess" yazıları olan kosmetik əşyanı, qiyməti 80 manat olan bir ədəd "Samsung" markalı, SM-A106F/DS modelli mobil telefonu qara rəngli kabura ilə birlikdə, qiyməti 1 manat olan bir ədəd üzərində "Seven Cool" markalanma göstəriciləri olan kosmetik vasitəni, qiyməti 8 manat olan bir ədəd üzərində "Adidas" markalanma göstəriciləri olan zəncirbəndlə açılıb-bağlanan, qara rəngli orta ölçülü çantanı, qiyməti 0,2 manat olan bir ədəd üzərində “Mengsiman” markalanma göstəriciləri olan kosmetik qələmi, qiyməti 2 manat olan bir ədəd üzərində “Mark Rose” markalanma göstəriciləri olan çəhrayı rəngli günəş eynəyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 134,20 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin yay aylarında işsiz olduğundan bir neçə oğurluq cinayətləri törətmiş və bu səbəbdən xırda oğurluqlarına görə Sabunçu rayon məhkəməsinin qərarına əsasən inzibati qaydada 2 ay həbs edilmiş və xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Bundan başqa Bilgəh qəsəbəsində Kardiologiya çimərliyində bir neçə çanta və telefonlar oğurlamışdır. Belə ki, vətəndaş Zərərçəkmiş şəxs3 müraciəti ilə əlaqədar bildirir ki, qeyd edilən oğurluq hadisəsini o törətmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrındə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” çimərliyində olarkən qumun üzərindəki idman çantasını yiyəsinin xəbəri olmadan götürüb oğurlamış və çantanın içində olan 01 ədəd “Samsung A 41” markalı, 01 ədəd “İphone 11 Pro” markalı mobil telefonları və içində olan 430 manat pulu, bank kartlarını oğurlamış və çantanı çimərliyin çıxışında atmışdır. Həmin “Samsung A41 makalı mobil telefonu 20 Yanvar metrosunun yanında Əkbər adlı şəxsə 70 manata, “İphone 11 Pro” markalı telefonu isə 28 May metrosunun yaxınlığındakı telefon mağazasına 100 manata satıb pulları özü xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində dəniz kənarına getmiş və orada bir qədər istirahət etmişdir. Bir qədər ərazidə gəzdikdən sonra dəniz kənarında qara-sarı rəngli əl çantasının yerdə olduğunu və ətrafında kiminsə olmadığını görmüş və maddi ehtiyacı olduğundan həmin çantanı içərisindəki əşyalarla birlikdə oğurlamaq qərarına gəlmişdir. Çantanı həmin yerdən götürmüş və ərazidən uzaqlaşmışdır. Kənar bir yerdə əl çantasını açdıqda əl çantasının içərisində, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 20 manat dəyərində qulaqcıq, 01 ədəd gün eynəyi, 01 ədəd 200 manat dəyərində “Samsung A52”, 90 manat nağd pulu, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 90 manat dəyərində “Samsung A50” markalı, 20 manat nağd pulu, şəxsiyyət vəsiqələri olan cüzdanlar olduğunu görmüşdür. Oğurladığı əl çantasının içərisindən mobil telefonları, qulaqcığı və 110 manat pulu götürmüş və əl çantasını içərisindəki əşyalarla birlikdə şəxsiyyət vəsiqələri də daxil olmaqla yol kənarında bir yerə atmışdır. Əldə etdiyi mobil telefonları və qulaqcığı isə 20 Yanvar metrosu yaxınlığında adını sonradan öyrəndiyi Əkbər adlı şəxsə ümumilikdə təxminən 150 manata satmış və pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” çimərliyinə getmişdir. Çimərliyin sahilində 1 ədəd qara çantanın nəzarətsiz şəkildə olduğunu görmüşdür. Ətrafa baxdıqda yaxınlıqda heç kimin olmadığını müşahidə etmiş və həmin çantanı oğurlamaq qərarına gəlmişdir. Sözügedən qara çantanı həmin yerdən gizli götürüb oradan uzaqlaşaraq çimərlikdən çıxmaq istəyən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib etdiyi əmələ görə onu polis şöbəsinə dəvət etmişlər. O heç bir narazılıq etmədən polis əməkdaşları ilə şöbəyə gəlmişdir və orada etdiyi oğurluq əməllərini etiraf etmişdir, oğurluq yolu ilə əldə etdiyi mobil telefonları və digər əmlakları satan zaman həmin telefonların və sair əşyaların oğurluq olmasını bildirməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində qohumu Zərərçəkmiş şəxs2 ilə birlikdə Bilgəh qəsəbəsində “Kardioloji” sanatoriya çimərliyinə istirahət üçün gəlmişlər. Bu zaman onlar özü ilə gətirdiyi qohumu Azərə məxsus qara-sarı rəngli bel çantasına öz əşyalarını yığaraq dənizə girmişlər. Bir müddət sonra qeyd olunan əşyalarını qoyduğu yerə qayıdan zaman Azər və onun şəxsi əşyaları, paltarları olan çantanın yerində olmadığını və oğurlanmasını aşkar etmişlər. Həmin çantanın içində ona məxsus təxminən bundan öncə işlənmiş vəziyyətdə 150 manata aldığı “Samsung A50” markalı, İMEİ kodunu bilmədiyi, üzərində ona məxsus 5 manat dəyərində olan ***-***-**-** mobil nömrəsi olan mobil telefonunun, bundan başqa 20 manat dəyərində qolsuz köynəyi və 20 manat dəyərində idman şalvarından ibarət geyim əşyalarının, çantanın içərisinə qoyduğu 20 manat nəğd pulunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və 14-cü PŞ-nə gedərək ərizə və izahat vermişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 215 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda zərərçəkmiş şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2023cü ıl tarixdə saat 12:30 radələrində Bilgəh qəsəbəsində yerləşən “Ay İşığı” istirahət mərkəzinə dənizdə çimmək üçün getmişdir. O dəniz kənarında özünə məxsus əl çantasını yanında qoymuşdur. Həmin tarixdə onun başının qarışıq olmasından naməlum şəxs istifadə edərək əl çantasının içindən 430 manat pul, bank kartları, 1 ədəd 1800 manat dəyərində İphone 11 Pro markalı **********29581, **********92623 imei kodlu və 01 ədəd 680 manat dəyərində “Samsung A-41” markalı **********19255 imei kodlu mobil telefonları, 01 ədəd 250 manat dəyərində “Airpots” markalı ağ rəngli qulaqcıqları oğurladıqlarını aşkar etmişdir, əl çantası isə boş vəziyyətdə paltarlarının yanına atılmışdır. O da bu barədə DİNin 102 xidmətinə zəng etmişdir və Sabunçu RPİ-nin 14-cü PB-nə gedib ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi zamanı ona təxminən 3160 manat maddi ziyan dəymişdir. Bank kartlarını isə həmin hadisədən dərhal sonra blokladığı üçün heç bir məbləğdə pul oğurlanmamışdır. Ona yalnız İphone 11 Pro markalı telefon polis idarəsində qaytarılmışdır, qalan ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 09:30 radələrində yaşadığı Zabrat qəsəbəsindən çıxaraq Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriya çimərliyinə az yaşlı oğlu 2010-cu il təvəllüdlü X4 ilə birlikdə gəlmişdir. Həmin gün saat 10:55 radələrində oğlu Elnur ilə birlikdə dənizə, suya girmişlər və ona məxsus olan içərisində geyim əşyaları, kosmetik ləvazimatları, 22 manat nəğd pul, eynək, Kapital Banka məxsus Bir Bank kartı və ona məxsus olan “Samsung Galaxy A10” mobil telefon olan əl çantasını dənizin sahilinə qoymuşdur. Həmin vaxt əl çantasının yanında heç kim olmamış, yəni nəzarətsiz qalmışdır. Həmin gün saat 11:40-da oğlu Elnur ilə sudan çıxıb sahilə oturduğu yerə yaxınlaşan zaman əl çantasının yerində olmadığını müəyyən edib naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Sonradan əl çantasının oğurlanması barədə ətrafda olan şəxslərə məlumat verdikdə orada olan tanımadığı oğlan ona həmin oğurluğu edən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. O polis əməkdaşlarının yanına getmiş və əl çantasını polis əməkdaşları götürüb onu də 14-cü PŞ-nə dəvət etmişlər. O 14-cü PŞ-də şikayət ərizəsi ilə müraciət etmiş və izahatını vermişdir. Həmin hadisə zamanı ona məxsus olan 01 ədəd 15 manat dəyərində olan “Adidass” markalı idman çantası, içində olan 01 ədəd 8 manat dəyərində kosmetik qab, 01 ədəd 3 manat dəyərində plastik qabda kosmetikası, 01 ədəd 10 manat dəyərində eynəyi, 01 ədəd 9 manat dəyərində oğlunun qara rəngli qolsuz köynəyi, 01 ədəd 12 manat dəyərində oğlunun şortiki, 01 ədəd 20 manat dəyərində hamam dəsmalı, 25 manat dəyərində özünə məxsus 01 ədəd yaşıl donu və 01 ədəd 460 manat dəyərində “Samsung A10” markalı mobil telefonu sonradan tanıdığı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 562 manat dəyərində maddi ziyan dəymişdir. Bütün əşyaları ona qaytarılmışdır, hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş edərək, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. O “Soyuz M” mebel şirkətində anbarda fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində qohumu Zərərçəkmiş şəxs1la birlikdə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Kardioloji” sanatoriya çimərliyinə istirahət üçün gəlmişlər. Bu zaman onlar özü ilə gətirdiyi əşyalarını ona məxsus qara-sarı rəngli bel çantasına yığaraq qumluqda çantasını qoyub dənizə girmişlər. Bir müddət sonra qeyd olunan əşyaları qoyduqları yerə qayıdan zaman içərisində ona məxsus olan Niyaməddinin və onun şəxsi əşya və paltarları olan çantasının yerində olmadığını və oğurlanmasını aşkar etmişlər. Təxminən, üzərində ona məxsus hər birinin dəyəri 5 manat olan iki ədəd ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan 01 ədəd 640 manat dəyərində “Samsung A52” markalı, **********79544 İMEİ kodlu mobil telefonu, 15 manat dəyərində qolsuz köynək və 20 manat dəyərinda idman şalvarından ibarət geyim əşyalarının çantanın içərisində qoyduğu qara rəngli içərisində 185 manat nəğd pulunun, özünə məxsus şəxsiyyət vəsiqəsinin, 01 ədəd 70 manat dəyərində optik eynəyi, 01 ədəd 30 manat dəyərində naqilsiz qulaqcığı 20 manat dəyərində olan idman çantası ilə birlikdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona təxminən 990 manat maddi ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, lakin, həmin şəxs törətdiyi oğurluqlarla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirildikdə onu görmüş və xatırlamışdır ki, əmlakları oğurlanmamışdan əvvəl qohumu Niyaməddinlə Bilgəh qəsəbəsindəki çimərlikdə paltarlarını çıxaran zaman həmin şəxs də yanında palpaltarını çıxarmışdır və o da onlarla bir vaxtda dənizə girmiş, lakin, dənizdən onlardan əvvəl çıxmışdır və oğurluğun onun tərəfindən törədilməsini ehtimal edir (i.v.123-125); Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu “Park 20 Shoping” TM-də 20 Yanvar metrosunun çıxışının yaxınlığında yerləşən telefon mağazasında satıcı və telefon ustası kimi işləyir. Təqsirləndirilən şəxs əvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O əvəllər heç bir cinayət törətməyə görə məhkum olunmamışdır. O, 2-ci Qarabağ müharibəsində Tovuz rayonunda könüllü-yardımçı kimi yaralı və cənazələrin daşınmasında iştirak etmiş və həmin vaxt “bruselyoz” xəstəliyi tapmışdır, bu barədə tibbi sənədlərində qeydiyyat vardır. Təxminən 25 iyul 2023-cü il tarixində əvvələr tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs işlədiyi telefon mağazasına gəlib “Samsung A12” markalı mobil telefonu pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmiş, o da həmin mobil telefona baxdıqdan sonra telefonu ondan 50 manata alacağını demişdir, o da razılaşmışdır. Həmin vaxt mağazadakı printer aparatı qırıldığı üçün telefonu ilə X1 şəxsiyyət vəsiqəsinin və aldığı telefonun şəklini bir yerdə çəkmiş və İsmayıla 50 manat ödəmişdir. Bundan sonra o həmin telefonu bir gün sonra telefon mağazasına gələn tanımadığı başqa bir şəxsə 70 manata satmışdır. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində onun işlədiyi telefon mağazasına gələrək “Samsung A52” markalı mobil telefonu gətirərək uşağına dərman almaq üçün pula ehtiyacı olduğunu deyərək satmaq istədiyini bildirmişdir. Həmin telefona baxdıqda görmüşdür ki, qara kənarlı, metal rəngli, aşağı kant hissəsində qırıq izi vardır. Təqdim etdiyi şəxsiyyət vəsiqəsi ilə birlikdə həmin mobil telefonun şəklini telefonunun kamerası ilə çəkərək 130 manata telefonu ondan almışdır. Təqsirləndirilən şəxs bir dəfə də təxminən 2023-cü ilin avqust ayının təxminən 10-da 01 ədəd “Samsung A12”, 01 ədəd “Samsung A30S” və “iphone XS MAX” markalı işlənmiş xarab olan mobil telefonları gətirərək həmin telefonların ailə üzvlərinə aid köhnə telefonlar olmasını bildirərək yenə uşağı xəstə olduğundan lazımdırsa ona almasını təklif etmişdir. O da həmin telefonlara birbir baxmış və özü telefon ustası olduğundan, ehtiyyat hissəsi ona lazım olduğundan telefonları almağa razılaşmış, lakin ucuz alacağını ona izah etmiş, İsmayıla ümumilikdə 3 telefona görə 100 manat pul ödəmişdir. Yenə həmin aldığı telefonların və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini telefonunun kamerası ilə çəkmişdir. Bundan sonra həmin ehtiyyat hissələrini mobil telefon təmirində istifadə etmiş və telefonlar artıq onda qalmamışdır. O Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin telefonları İsmayıldan alan zaman həmin mobil telefonların oğurluq olmasını bilməmiş və oğurluq telefonların ona satılması barədə əvvəlcədən heç bir sövdələşməsi olmamışdır. Sonradan Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqda və onun işlədiyi mağazaya gətirildikdə ona məlum olmuşdur ki, İsmayıl ona oğurluq telefonlar satıb və o 14-cü PŞ-də təhqiqatçıya bu barədə izahatını vermişdir. Qeyd edir ki, onun sonradan mobil telefonunda nazaslıq olduğundan, yəni, yaddaş prosessoru yandığı üçün araşdırma üçün Təqsirləndirilən şəxs ona satdığı mobil telefonların və şəxsiyyət vəsiqəsinin şəklini təqdim edə bilməmişdir, sonradan da telefonunun yaddaşını nə qədər çalışsa da əvvəlki şəkillər hamısı silindiyi üçün bərpa edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: baxış keçirilməsi və götürmə haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kardioloji Sanatoriyanın çimərliyinə baxış keçirilmişdir (i.v.9-10); təqdim edilmiş maddi sübutun götürülməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bilgəh qəsəbəsində çimərlikdən oğurladığı Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “Adidas” markalı idman çantası, 01 ədəd kosmetik qabı, 01 ədəd 3 manat dəyərində plastik kosmetik qabını, 01 ədəd eynəyi, 01 ədəd qara rəngli qolsuz köynəyi, 01 ədəd şortik, 01 ədəd hamam dəsmalı, 01 ədəd yaşıl don və 01 ədəd “Samsung A10” markalı mobil telefon maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür (i.v.13-14); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Ay işığı” çimərliyinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v.55- 57); təqdim etmə və maddi sübutun götürülməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bilgəh qəsəbəsində yerləşən çimərlikdən Zərərçəkmiş şəxs3 məxsus olan oğurladığı “İphone 11 Pro” markalı mobil telefon satıldığı X2 işlədiyi mağazadan maddi sübut əhəmiyyətli olduğundan götürülmüşdür (i.v.73-74); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kardioloji Sanatoriyanın çimərliyinə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur(i.v.84-86); şübhəli şəxsin tutulması haqqında 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.142); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərar alınmışdır (i.v.173-175); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v.176-177); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 9/6365 saylı rəyindən görünür ki, qiyməti 10 manat olən 01 ədəd üzərində “Neza Collection” markalanma göstəriciləri olan, 44 ölçülü, yaşıl-ağ rəngli don, qiyməti 5 manat olan 01 ədəd üzərində “U.S Army” yazıları olan, yaşıl rəngli şort, qiyməti 3 manat olan 01 ədəd üzərində “X7” markalı, 3XL ölçülü qara rəngli, qısa qol köynək, qiyməti 2 manat olan 01 ədəd üzərində “Ben 10” yazıları olan, böyük ölçülü dəsmal, qiyməti 1 manat olan 01 ədəd üzərində “Sweet Princess” yazıları olan kosmetik əşya, qiyməti 80 manat olan 01 ədəd “Samsung” markalı SM- A108F/DS modelli mobil telefon qara rəngli kabura ilə birlikdə, qiyməti 1 manat olan 01 ədəd üzərində “Seven Cool” markalama göstəriciləri olan kosmetik vasitə, qiyməti 8 manat olan 01 ədəd üzərində “Adidas” markalama göstəriciləri olan zəncirbəndlə açılıb-bağlanan, qara rəngli orta ölçülü çanta, qiyməti 0,2 manata olan 01 ədəd üzərində “Mengsiman” markalama göstəriciləri olan kosmetik qələmi, qiyməti 2 manata olan 01 ədəd üzərində “Mark Rose” markalama göstəriciləri olan çəhrayı rəngli günəş eynəyin 2023-cü ilin avqust ayına orta bazar qiyməti ümumi dəyəri 112,20 manat müəyyən edilir (i.v.181-184); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 09 ay islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasının çəkilməmiş hissəsi 10 ay 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdir (i.v.188- 189); Əşyaların tanınması haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş mobil telefonu nəzərdən keçirdikdən sonra bildirdi ki, “mənə təqdim edilən 01 ədəd İphone 11 Pro markalı **********29581, **********92623 imei kodlu mobil telefon əlamətlərindən tanıdım. Məhz həmin mobil telefon Bilgəh qəsəbəsindəki “Ay işığı” çimərliyindən əl çantamın içindən xx.xx.2023-cü il tarixdə oğurlanmış telefonumdur” (i.v.190); Əşyaların tanınması haqqında 05 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş əmlakları nəzərdən keçirdikdən sonra bildirdi ki, “mənə təqdim edilən 01 ədəd “Adidass” markalı idman çantamı, 01 ədəd kosmetik qabımı, 01 ədəd plastik kosmetik qabımı, 01 ədəd eynəyimi, 01 ədəd qara rəngli qolsuz köynəyi, 01 ədəd şortiki, 01 ədəd hamam dəsmalımı, 01 ədəd yaşıl donumu və 01 ədəd “Samsung A10” markalı mobil telefonumu əlamətlərindən, markalarından tanıdım. Məhz həmin əmlaklar mənim Bilgəh qəsəbəsindəki çimərlikdən xx.xx.2023-cü il tarixdə oğurlanmış çantam və içindəki əşyalarımdır” (i.v.200-201); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 noyabr 2023-cü il tarixli, 9/8080 saylı rəyindən görünür ki, 01 ədəd “İphone 11 Pro” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar insensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablanma yolu ilə təxminən 650,00 manat müəyyən olunur (i.v.208-211); Sübutların qiymətləndirilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Ayxan Eyyubzadədən götürülmüş Təqsirləndirilən şəxs ona satdığı xx.xx.2023-cü il tarixdə Bilgəh qəsəbəsində yerləşən çimərlikdən Zərərçəkmiş şəxs3 məxsus olan oğurladığı “İphone 11 Pro” markalı mobil telefon və həmin telefonu alarkən ona təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus üzərində əlyazma yazılar olan şəxsiyyət vəsiqəsinin surəti cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı təqdim etməsinə əsasən xx.xx.2023-cü il tarixdə Bilgəh qəsəbəsində çimərlikdən oğurladığı Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “Adidass” markalı idman çantası, 01 ədəd kosmetik qabı, 01 ədəd 3 manat dəyərində plastik kosmetik qabı, 01 ədəd eynəyi, 01 ədəd qara rəngli qolsuz köynəyi, 01 ədəd şortik, 01 ədəd hamam dəsmalı, 01 ədəd yaşıl don və 01 ədəd “Samsung A10” markalı mobil telefon cinayət işi üzrə maddi sübut qismində tanınmışdır (i.v.224-231); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilərək dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərnaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon məhkəməsinin 1(004)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Yasamal rayon məhkəməsinin 1(004)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(008)-45/2023 saylı hökmü ilə təyin edilmiş 03 il müdətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) il hissəsi ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli(CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar- “İphone 11 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması, 01 ədəd “Adidass” markalı idman çantasının, 01 ədəd kosmetika qabının, 01 ədəd plastik kosmetik qabının, 01 ədəd eynəyin, 01 ədəd qara rəngli qolsuz köynəyin, 01 ədəd şortikin, 01 ədəd hamam dəsmalının, 01 ədəd yaşıl donun və 01 ədəd “Samsung A10” markalı mobil telefonun Zərərçəkmiş şəxs4 qaytarılması, Təqsirləndirilən şəxs məxsus üzərində əlyazma yazılar olan şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02(iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar- “İphone 11 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması, 01 ədəd “Adidass” markalı idman çantasının, 01 ədəd kosmetika qabının, 01 ədəd plastik kosmetik qabının, 01 ədəd eynəyin, 01 ədəd qara rəngli qolsuz köynəyin, 01 ədəd şortikin, 01 ədəd hamam dəsmalının, 01 ədəd yaşıl donun və 01 ədəd “Samsung A10” markalı mobil telefonun Zərərçəkmiş şəxs4 qaytarılması, Təqsirləndirilən şəxs məxsus üzərində əlyazma yazılar olan şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-301/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-301/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver