Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-63/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Kəlbəcər rayonu, Nadirxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində inşa edilən sosial evlər layihəsindən mənzil alınmasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, 02 may 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs 30.000 manat, 23 may 2022-ci il tarixdə həmin ünvanda 5.000 manat, ümumilikdə 35.000 manat vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında bacanağı Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, bacanağı Arifin arvadı Şahid3 ilə Çingizin Təhminə adlı qızı ilə tanış olduqlarını bilirdi. Bacanağı Arif ona söhbət əsnasında demişdir ki, Çingiz qızına sosial evlər layihəsindən mənzil almaq istəyir. O, da Arifə Sabunçu rayonu Ramana qəsəbəsində Azərbaycan Respublikasının Mənzil X1 tərəfindən inşa edilən çoxmənzilli Yaşayış Kompleksində sosial mənzil almaqda köməklik göstərə biləcəyni demişdir. Belə ki, həmin kompleksdə komendant işləyən, anket məlumatlarını bilmədiyi, adının '‘Məhəmməd” olduğunu bildiyi şəxsin vasitəsi ilə bunu həll edə biləcəyini demişdir. “Məhəmməd” adiı şəxslə həmin kompleksdə işləyən zaman tanış olmuş, “Məhəmməd” ona bu işlərdə köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, bacanağı Arif, baldızı Elnarə, Çingiz və Çingizin qızı Təhminə ilə Ramana qəsəbəsində yerləşən həmin Yaşayış Kompleksində görüşmüşlər. Orada Məhəmməddən xahiş etmişdir ki, boş evləri onlara göstərsin. Məhəmməd onlara 3 və 4 otaqlı mənzilləri göstərmişdir. Məhəmməd 4 otaqlı mənzil üçün 20.000, 3 otaqlı mənzil üçün 15.000 manat ilkin ödəniş edilməli olduğunu demişdir. Çingiz və Təhminə razılaşmış və gedib pulu gətirəcəklərini demişlər. Təxminən 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şuşa şəhərciyi” adlanan ünvanda yerləşən evində Arif və Çingizlə görüşmüş, evdə Çingiz ona 4 otaqlı ev üçün 20.000 manat, 3 otaqlı ev üçün 15.000 manat olmaqla ümumilikdə 35.000 manat pulun 20.000 manatını vermiş, qalan 15.000 manatı isə hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra 2022-ci ilin may ayının sonlarında yenə də onun yaşadığı evdə Arifin yanında Çingiz ona 10.000 manat vermişdir. Bundan sonra isə 2022-ci ilin iyun ayının sonlarında yenə onun yaşadığı evin həyətində Çingiz ona 5.000 manat vermişdir. Həmin vaxtı yanlarında heç kim olmamışdır. Həmin vaxtı maddi durumu aşağı olduğuna görə və pula ehtiyacı olduğundan Çingizgilə 35.000 manat müqabilində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində inşa edilən binalardan ona ev verilməsinə yalandan köməklik göstərəcəyini demişdir. Pulu aldıqdan sonra ev almaqla bağlı heç bir iş görməmişdir. Yalandan Çingizə 3-4 ay ərzində evlərinin veriləcəyinə dair yalandan vəd vermiş, lakin verdiyi vədə əməl etməyərək ondan aldığı pulları borclarına ödəmişdir. Çingiz pulu 20.000, 10.000 və 5.000 manat olmaqla üç dəfəyə ona yaşadığı evdə vermiş, pulu Elnarəyə verməmişdir, Elnarə və əri Arif sadəcə olaraq onları tanış etmişlər. Onun Çingizi aldadıb pulunu ələ keçirmək niyyətində olması barədə Arif və Elnarənin xəbəri olmamışdır. Qurban Sadıqov onun qayını olsa da, onunla heç bir əlaqəsi yoxdur. Qurbana digər şəxslər üçün də sosial evlər alınmasında köməklik edəcəyinə dair 100.000 manat verdiyini deməmişdir. Sadəcə olaraq Çingizdən vaxt almaq məqsədi ilə özündən uydurduğu “Müəllimə" 100.00 manat verdiyini demişdir. Çingizdən aldığı 35.000 manat pulun hamısını öz ehtiyaclarına xərcləmişdir. Dəymiş ziyan ailəsi tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Həyat yoldaşı onkoloji xəstədir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022ci ilin aprel ayında qızı Şahid1 ev almaq qərarına gəlmiş və hissə-hissə ödənişli şərtlərlə ev satışı ilə maraqlanmışdır. Qızı bu barədə tanışı Elnarə adlı qadın ilə söhbət edərkən Elnarə özünü qızına Nazirlər Kabinetində məsul vəzifədə çalışan Qurban Sadıqov adlı şəxsin bacısı kimi təqdim edərək, onun vasitəsilə Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilən sosial evlərdən mənzil alınmasına köməklik göstərə biləcəyini demişdir. Qızı bu barədə ona məlumat verdikdən sonra o, Elnarə ilə qızının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evində görüşmüşdür. Görüşə Elnarə əri Arif ilə birlikdə gəlmişdir. Elnarə bacısı Nailənin əri Bəhruzun ona Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilən sosial evlərdən mənzil alınmasına köməklik göstərəcə biləcəyini deyib, onları Ramana qəsəbəsində yaşayan bacısı Nailənin evinə aparmış, oradan isə Bəhruz adlı şəxslə birlikdə Ramana qəsəbəsində inşa edilən sosial evlərə getmişlər, qeyd olunan ünvanda inşa edilən binadan 3 və 4 otaqlı mənzillər göstərmişlər. Mənzilləri bəyəndikdən sonra Bəhruz həmin mənzilin verilməsi müqabilində 35.000 manat pul tələb etmişdir. Həmin pulu iki dəfəyə vermişdir. İlkin olaraq 20.000 manatı vermişdir. Pulun digər hissəsini, yəni 15.000 manatı isə sonra vermişdir. Birinci dəfə pulu verəndə Arif də orada olmuşdur. İkinci dəfə isə tək olmuşdur. Pulu Bəhruza onun evində vermişdir. Ailə üzvləri də həmin vaxt orada olmuşdur. Bəhruz pulu aldıqdan sonra 2022-ci ilin may ayının sonunadək telefonlarına mesaj gələcəyini və bundan sonra mənzilin ona təhvil veriləcəyini demişdir. Bir müddət keçdikdən sonra mənzilin verilmə prosesinin gecikdiyini gördükləri üçün Bəhruza dəfələrlə zəng etsələr də, hər dəfəsində müxtəlif bəhanələr gətirərək mənzilin yaxın günlərdə veriləcəyinə dair yalan vədlər vermişdir. Evin verilmədiyini görüb Bəhruzdan pulunu tələb etməyə başlamışdır. Bəhruzdan verdiyi pulu geri tələb etməsi ilə bağlı aralarında olan danışıqların səs yazısı mövcuddur, onun bir nüsxəsini araşdırmaya təqdim etmişdir. Danışıqlarda pulu “müəllim” dediyi şəxsə verdiyini bildirmişdir. Ondan başqa digər şəxslərin pullarını da “müəllim” dediyi şəxsə verdiyini, həmin şəxsə 100.000 manata yaxın pul verdiyini bildirmişdir. Ona dəymiş ziyan tam ödənilib, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Buna görə məhkəməyə təqdim etdiyi mülki iddiasından imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında atası Zərərçəkmiş şəxs ona ev almaq qərarına gəlmiş və onlar hissə-hissə ödənişli ev satışları ilə maraqlanmağa başlamışlar. Bu barədə tanışı Elnarə adlı qadın ilə söhbət edərkən o yüksək vəzifədə çalışan qohumu vasitəsi ilə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilən sosial evlərdən mənzil alınmasına köməklik göstərə biləcəyini vəd vermişdir. Bu barədə atasına demiş və atası Elnarə ilə onun Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evində görüşmüşdür. Görüş zamanı, Elnarə oraya həyat yoldaşı Arif ilə birlikdə gəlmişdir. Elnarə bacısı Nailə adlı qadının həyat yoldaşı Bəhruzun vasitəsi ilə onlara Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilən sosial evlərdən mənzil alınmasına köməklik göstərəcə biləcəyini deyərək, onları Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan bacısı Nailənin evinə aparmış və oradan bacısının əri Bəhruz adlı şəxs ilə birlikdə onlar Ramana qəsəbəsində inşa edilən sosial evlərə getmişlər. Orada onlara Bəhruz 3 və 4 otaqlı mənzillər göstərmiş və onlar mənzili bəyənmişlər. Onlardan həmin mənzilin verilməsi müqabilində 35.000 manat pul tələb etmiş və onlar razılaşdıqdan sonra atası həmin pulu iki dəfəyə Bəhruzun Ramana qəsəbəsində yaşadığı evdə ona vermişdir. O, pulu aldıqdan sonra 2022-ci ilin may ayının sonunadək telefonlarına mesaj gələcəyini və bundan sonra mənzilin ona təhvil veriləcəyini demişdir. Bir müddət keçdikdən sonra mənzilin verilmə prosesinin gecikdiyini gördükləri üçün Bəhruza dəfələrlə zəng etsələr də, hər dəfəsində müxtəlif bəhanələr gətirərək mənzilin yaxın günlərdə veriləcəyinə dair yalan vədlər vermişdir. Atası dəfələrlə Bəhruza zənglər edərək pullarını geri tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və iş icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Yaddaş daşıyıcısında olan məlumatlara baxış keçirilməsi haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən araşdırmaya təqdim edilmiş 01 ədəd CD yaddaş daşıyıcında olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 3 ədəd səs yazısını özündə əks etdirən qovluq mövcuddur. “WhatsApp Audio 2024-07-18 at 10.58.44” adlı qovluq açılıb dinlənildikdə iki nəfər şəxsin danışdığı, ümumi olaraq söhbətin məzmunu mənzil alınmasına dair verilmiş pulun geri qaytarılması ibarət olmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin səs yazısı onun tərəfindən Təqsirləndirilən şəxs tərəfindən aldadılıb pulunun ələ keçirildiyini başa düşdükdən sonra Təqsirləndirilən şəxsla aparılmış telefon danışığı zamanı tərəfindən qeydə alınmışdır. Həmin danışıqda, o, Təqsirləndirilən şəxs mənzil alınmasında köməklik göstərəcəyi adı ilə onu aldadıb ələ keçirdiyi pulu tələb edir. Təqsirləndirilən şəxs da pulu aldığını təsdiq etməklə, yaxın zamanlarda pulu qaytaracağına söz verir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq edib, sonuncudan həqiqətən mənzil alınmasında köməklik göstərəcəyini vəd edib 35.000 manat pul alıb ələ keçirdiyini etiraf etmişdir. “WhatsApp Audio 2024-07-18 at 11.00.04” adlı və “WhatsApp Audio 2024-07-18 at 11.00.34” adlı qovluq açılıb dinlənildikdə danışığın məzmunu bir nəfər şəxsin verdiyi pulu yaxın zamanlarda qaytarılmasını tələb etdiyi, əks təqdirdə hüquq mühafizə orqanına şikayət edəcəyindən ibarət olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən aldadılıb pulunun ələ keçirildiyini başa düşdükdən sonra o, Təqsirləndirilən şəxs “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə səsli mesaj göndərməklə pulunu geri tələb etmişdir. axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-605/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmaqla 01 ay 08 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD yaddaş daşıyıcısı cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs Nuşrəvan oğlundan 35000 manat pulun tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təbiq olunur və bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, onun şəxsiyyətini, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin ediləcək cərimə cəzası yüngülləşdirilməli (CM-69.4), barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən mülki iddiadan imtina edilməsi dedikdə cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı verdiyi mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 6000 manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınmaqla barəsində təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs cinayət mühakimə icraatı zamanı verdiyi mülki iddiadan imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-63/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-63/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver