Məhkəmə qərarları › İş №1(009)-173/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-173/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-173/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 vəkili X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10, dövlət hesabına təyin edilmiş müdafiəçisi X11 və müqavilə üzrə vəkili X8 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməsi onunla təsdiq olunur ki, o, müxtəlif tarixlərdə öz sosial şəbəkə profillərində açıq-aşkar öz fikrincə ağır cinayət əməli törətmiş, lakin barəsində heç bir məhkəmə hökmü olmayan qardaşı Əli Abdullayevi gizlətməyi, insanları öldürməkdə, məhv etməkdə onun da əlbir olmağı, insanları aldatmağı barədə, həmçinin ailə üzvlərinin də guya qatil adlandırdığı şəxsi və törədilmiş cinayət əməlini gizlətməsi barədə xəbər tipli yazılar dərc etdirmiş, həmin yazılarda həm onu, həm də ailə üzvlərini ağır formada təhqir etmişdir. X33 hüquqmühafizə orqanlarına guya onu təhqir etməyi, alçaltmağı və hədələməyi barədə də şikayətlər ünvanlamışdır. Belə ki, həmin şikayətlərdə və tərəfindən dərc edilmiş xəbər tipli yazılarda barəsində heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqətini alçaldan, onu cinayət törətməkdə əsassız yerə ittiham edən və işgüzar nüfuzunu ləkələyən məlumatlar dərc edilmişdir. Belə ki, X25 oğlu Cavid Hacıyevin 2019-cu ilin oktyabr ayında Ukrayna Respublikasının Kiyev şəhərində qətlə yetirilməsində şübhəli şəxs olan qardaşı Əli Abdullayevin guya onun və digər qohumların vasitəsi ilə gizlədildiyi, bütün qohumların öz deyimi ilə “qan içində” olmaqlarını öz paylaşımlarında açıqca ifadə etməkdədir. Belə ki, qoşma vasitəsi ilə şikayətə də əlavə etdiyi yazılarda ona və ailəsinə qarşı yönəlmiş təhqirlərin sayı dözülməz həddədir. Yazılmış təhqir və böhtanlara ayrı-ayrılıqda qiymət verdikdə Mina Hacıyevanın aşağıda qeyd olunan yazıları nəzərə çarpır: “Yalan danışan qohumlar Abdullayev Rüstəm, Abdullayev İbrahim, Abdullayeva Güldanə mənfur qatili gizlədib sevinirlər, camaatı dolayırlar.”, “X5 azadlıqdadır. X13, İbrahim, Güldanə faşist cinayətkarı gizlədirlər.”, “Qanın içində üzən, dələduz, insanları aldadan Abdullayevlər ailəsi. Rüstəm, İbrahim, Əli.”, X5 azadlıqdadır. X13, İbrahim, Güldanə və başqaları vəhşiliklə dəstəkdədirlər.”, “Bu mənfur X41. Yeni ildə sənə qohumların milyonları kömək etməyəcək, onlara da. Abdullayevlər nəsili qatil nəsilidir. Şərəfsizlər. Yeriviz cəhənnəmdir. “Altesin qanlı pulları, qatilin əlbirləri Abdullayevlər ailəsi Rüstəm, İbrahim Güldanədir. Siz şərəfsiz vəhşi qulduru Qatil Əlini üzə çıxardın. Sizi hamı lənətləyir. “Şərəfsiz qatil Abdullayevlər ailəsi altesin pulları tökür ki, vəhşi heyvan Əlini gizlətsinlər. Qatil nəsli çürüməlisiniz.” “Yəqin ki, əmisi rüstəm, anası güldanə belə böyüdüblər, indi isə bu şərəfsizlər onu gizlədirlər.” “Şərəfsiz, Quldur, Mənfur qatili yetişdirən Abdullayevlər Rüstəm, İbrahim, Güldanə, Əli ailəsi.” “Yalan danışan qohumlar Abdullayev Rüstəm, Abdullayev İbrahim, Abdullayeva Güldanə mənfur qatili gizlədib sevinirlər, camaatı dolayırlar.”, “X1 şərəfsiz qohumları gizlədirlər. X20, qardaşı Abdullayev İbrahim, əmisi Abdullayev Rüstəm.”, “Abdullayevlər cavab verməlidir”, “Qatil Əli öz əlbir qohumların, onların uşaqlarının basına bu işgəncələr, vəhşiliklər gətirsin, X21 Güldanə.”, “Cavidin qatili X26 və gizlədən şərəfsiz ailəsi”,“X5. Vəhşi Heyvan” , “Vəhşi X5. Qohumları gizlədirlər onu: Abdullayeva Güldanə, qardaşı Abdullayev İbrahim, əmisi Abdullayev Rüstəm.”, “Abdullayev Əli, Rüstəm, İbrahim Güldanə qan içindədir.”,“X1 axtarmırlar, X43, İbrahim, Güldanə, qatilin əlbirləri ailəsi kef çəkir.” Yuxarıda qeyd edilən yazılar Mina Hacıyeva tərəfindən bu uzun müddət ərzində paylaşılan böhtan xarakterli və təhqiredici məlumatların yalnızca bir hissəsidir. Demək olar ki, hər gün bu şəxs tərəfindən həm o, həm də ailə üzvləri təhqir edilir. Mina Hacıyeva bu yazılarda həm onu və ailə üzvlərini təhqir edir, həm onları ağır cinayət törətməkdə ittiham edir, həm də barəsində heç bir rəsmi məhkəmə və ya hüquq-mühafizə orqanının qərarı olmayan qardaşı Əli Abdullayevin barəsində dayanmadan qatil olması barədə məlumatlar yayır. Həmin şəxs birbaşa olaraq onun ağır cinayət törədərək guya Cavid Hacıyevin qətlində əlbir olmağını, qatili gizləməyini bütün sosial şəbəkələrə və kütləvi informasiya vasitələrinə yaymaqdadır. Həmin bu qaralama təbliğatı o qədər dözülməz həddə çatmışdır ki, artıq həm o, həm də ailə üzvləri Mina Hacıyevanın bu əməllərindən bezmişlər. Artıq edilən təhqirlər yalnızca onlara yox bütün nəsillərinə yönəlməkdədir. Hər paylaşımda “Abdullayevlər” ailəsini şərəfsiz, alçaq adlandıran bu şəxs barəsində mütləq formada tədbir görülməlidir. Edilən təhqir və böhtan dolu bu yazılar paylaşılanda qardaşı Əli Abdullayevin foto şəkillərinin üzərinə müxtəlif dillərdə “qatil” sözləri yazılmışdır. X29 doğurdan da sözügedən cinayət əməlini törətməsini təsdiq edən heç bir rəsmi qərar və ya açıqlama mövcud deyildir. Həmçinin ailə üzvlərinə məxsus şəxsi foto şəkilləri hər hansı qeyri-qanuni yolla əldə edib paylaşmaq da vətəndaşların şəxsi həyatının toxunulmazlığını pozmaq deməkdir. Həmin yazılarda Mina Hacıyeva dəfələrlə Allahverdiyevlər İbrahim, Güldanə və başqalarının qatili vəhşiliklə dəstəklədiklərini bildirməkdədir. Dəfələrlə onu əsassız formada cinayət törətməkdə ittiham etmiş Mina Hacıyeva bu formada kütləvi informasiya vasitələrində aktiv propaqanda fəaliyyəti ilə məşğuldur. Belə ki, həmin şəxs davamlı olaraq həm sosial şəbəkələr, həm də xəbər saytları vasitəsi ilə onu cinayətkar kimi cəmiyyətə təqdim etmiş və onu əsassız yerə ittiham etmişdir. Bu isə birbaşa olaraq X10 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibinin olduğunu açıq-aşkar göstərməkdədir. Belə ki, qoşma vasitəsi ilə şikayətə əlavə etdiyi materiallardan da əyani surətdə müşahidə edilir ki, Mina Hacıyeva onu, qatil adlandırdığı qardaşı Əli Abdullayevi gizlətmək və qanuni cəzasından yayındırmaqda təqsirləndirir. Əslində isə qeyd edilən bütün xüsusatlar tamamilə şər və böhtandan ibarətdir. X37 sözügedən hadisə baş verdikdən sonra heç bir əlaqəsi olmamışdır. X22 yalnızca şübhəli şəxs kimi axtarışı elan edilmiş Əli Abdullayev barəsində kütləvi informasiya vasitələrində qatil kimi təbliğat aparması özü də ayrılıqda hüquqi məsuliyyət yaratmaqdadır. Belə ki, Mina Hacıyeva “facebook” və “instagram” sosial şəbəkələrində “Cavid Hacıyeva görə susma” adı ilə səhifə və profillər açaraq barəsində heç bir qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan Əli Abdullayevi dəfələrlə qatil adlandırmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində açıq-aşkar göstərilmişdir ki, heç kəs məhkəmə hökmü olmadan cinayətdə təqsirli sayıla bilməz. Mina Hacıyevanın bütünlükdə ailələrinə qarşı başlatdığı bu böhtan xarakterli məlumatların yayılması ilə müşayiət edilən fəaliyyətin qarşısı mütləq formada alınmalıdır. Həmin məlumatların yayılması nəticəsində onun şərəf və ləyaqətinə olduqca ağır zərər vurulmuş və cəmiyyət içində nüfuzdan salınmışdır. Mina Hacıyeva tərəfindən olduqca geniş auditoriyalara etdiyi şər böhtan xarakterli paylaşımlarda dəfələrlə Əli Abdullayev “qatil”, “şərəfsiz” “erməni” kimi ağır təhqiredici ifadələrlə təqdim edilmiş və həmin şəxsin guya qohumları tərəfindən gizlədildiyi də qeyd olunmuşdur. Həmçinin həmin paylaşımların rəy bölmələrində də həm Əli Abdullayev, həm də qohumları ağır formada küçə söyüşlərinə məruz qalmışdır. Bu yolla Mina Hacıyeva həm özü onları təhqir etmiş, həm də digər şəxslərin onları təhqir etməsinə şərait yaratmışdır. Mina Hacıyevanın cinayət törətməkdə təqsirləndirdiyi və ağır təhqirlərə məruz qoyduğu şəxslər yalnızca o və Əli Abdullayevlə yekunlaşmır. Həmin şəxs dəfələrlə anası Güldanə Abdullayevanı və mərhum atası Aydın Abdullayevi də öz paylaşımlarında təhqir etmiş və özünün qatil olduğu qənaətinə gəldiyi Əli Abdullayevi gizlətməkdə ittiham etmişdir. Qoşma vasitəsi ilə şikayətə əlavə etdiyi yazılarda birbaşa olaraq “şərəfsiz qohumları Abdullayev İbrahim, Güldanə onu gizlədirlər” kimi ağır ittiham edici ifadələrdən istifadə edilmişdir. Hətta bu paylaşımlar o həddə çatmışdır ki, mərhum atası Aydın Abdullayev də ən ağır formada təhqir edilmişdir. Barəsində hüquq-mühafizə orqanlarına şikayət edən Mina Hacıyeva da onun atasını təhqir etməsi barədə iradını bildirməyinə dair zəngini bəhanə etmiş və guya onu hədələməyini bildirmişdir. Halbuki onun yeganə məqsədi özünün və ailə üzvlərinin Mina Hacıyeva tərəfindən təhqir edilməsinin qarşısını almaq olmuşdur. X25 hətta irəli gedərək “qatil Əli öz əlbir qohumlarının, İbrahim, Güldanənin, onların uşaqlarının başına bu vəhşilik gətirsin” tipli ağır qaralayıcı yazılar da dərc etdirmişdir. Mina Hacıyevanın yaydığı həqiqətdən uzaq məlumatlar yalnızca sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə də məhdudlaşmır. Yuxarıda da qeyd etdiyi kimi həmin şəxs barəsində bütün hüquq mühafizə orqanlarına da əsassız şikayətlər etməkdədir. Mina Hacıyevanın barəsində hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər də elə kütləvi informasiya vasitələrində yaydığı məlumatlar kimi əsassız və qanunsuzdur. Belə ki, həmin şikayətlərə görə Səbail RPİ-nin 9-cu Polis bölməsində araşdırma aparılmış və izahatı alınmışdır. Qoşma vasitəsi ilə şikayətə əlavə etdiyi Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma nəticəsində M.Haciyevanın müraciətində göstərdiyi İ.Abdullayev tərəfindən qanunsuz hallara məruz qalması barədə xüsusatlar təsdiq olunmamışdır. Göründüyü kimi barəsində edilmiş əsassız şikayətlərə görə aparılmış araşdırma nəticəsində onun hər hansı bir qanunsuz əmələ yol vermədiyi sübuta yetirilmişdir. Hesab edir ki, X10 həm onun, həm ailə üzvlərinin barəsində ağır təhqiredici ifadələr işlətməyi və onları ağır cinayət törətməkdə ittiham etməsi barədə mütləq formada tədbir görülməlidir. Əks halda Mina Hacıyeva etdiyi qanunsuz əməllərin cəzalandırılmadığını gördükcə daha da fərəhlənib onu və ailə üzvlərini təhqir etməyə, onları cinayətkar adlandırmağa davam edəcəkdir. Davamlı və gündəlik olaraq həm “facebook” sosial şəbəkəsində olan özünə məxsus “Mina Gadjiyeva” və “Cavid Haciyeve göre SUSMA” və “instagram” sosial şəbəkəsində olan “cavidhaciyevegoresusma” adlı profilləri vasitəsi ilə Mina Hacıyeva barəsində əsassız və böhtan xarakterli məlumatlar yayır və onu təhqir edir. Açılmış profil hesablarının adlarına diqqət yetirdikdə həmin hesabların birbaşa olaraq propoqanda məqsədi ilə istifadə edildiyi müşahidə olunmaqdadır. Mina Hacıyeva əslində sosial şəbəkə hesablarında bu formada onun və ailə üzvlərinin ağır küçə söyüşləri ilə təhqir edilməsinə birbaşa olaraq şərait yaradır və paylaşımların rəy bölməsində digər istifadəçilər ilə birlikdə onu təhqir etməyə davam edir. Mina Hacıyevanın qanunsuz əməlləri qardaşı Əli Abdullayevi əsassız olaraq qatil adlandırması, şikayətçi və ailə üzvlərini həm təhqir edib, həm də cinayət törətməkdə ittiham etməsi ilə yekunlaşmamaqdadır. Belə ki, həmin şəxs guya Cavid Hacıyevin qatilinin tam bəlli olduğunu, lakin hüquq-mühafizə orqanlarının guya qatilin qohumlarından rüşvət alaraq təqsirkar şəxsin azadlığına göz yumduqlarını bildirməkdədir. Bu isə artıq onları deyil, hüquq-mühafizə orqanlarını və birbaşa olaraq Respublikanın rəhbərliyini ittiham etmək deməkdir. Mina Hacıyevanın bütün sosial şəbəkələrdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının rüşvət əsasında fəaliyyət göstərməsi və cinayətkarların qaçıb gizlənməsinə şərait yaratması barədə məlumat yaymaqdadır. Ən qısa vaxt ərzində Mina Hacıyeva barəsində bu tip məlumatlar yaymasına görə ciddi tədbir görülməlidir. Həmçinin bu paylaşımlar yalnızca azərbaycan dilində deyil, rus və ingilis dillərində də edilməkdədir və bu xarici vətəndaşlara ölkəmizi və ölkəmizin hüquq sistemini olduqca pis tanıtmaqdadır. Ən əsası isə bu paylaşımlar yalnızca bir mənbə və profildən deyil, çoxsaylı təbliğat məqsədi ilə yaradılmış səhifələrdən edilməkdədir. Prosessual normalara riayət etmək məqsədi ilə məhkəməyə müraciət olunmazdan əvvəl pretenziya qaydasında Mina Hacıyevaya onu və ailə üzvlərini təhqir etməsini dayandırıb təkzib etməsini bildirmişlər. Əks halda qanuna müvafiq qaydada məhkəməyə müraciət olunacağını da nəzərinə çatdırmışlar. X44 daha əvvəl də olduğu kimi bu pretenziyaya təhqiredici formada münasibət bildirmişdir. Belə ki, qoşmaya əlavə etdiyi xx.xx.2020-ci il tarixli yazıda Mina Hacıyeva “Şərəfsizlər, hələ həqiqəti gizlətmək üçün anasını məhkəməyə vermək istəyirlər.” başlığı ilə yazı paylaşmışdır. Göründüyü kimi bu şəxsin nə məhkəmə hakimiyyətindən, nə də törətdiyi əməllərin yaratdığı məsuliyyətdən çəkinməməkdədir. X10 ona rəsmi pretenziya qaydasında bildiriş göndərildikdən sonra belə öz təhqiredici paylaşımlarına davam etməsindən həmin şəxsin məhkəmə hökmü çıxsa belə öz əməllərinə davam edəcəyi açıqaşkar görünür. Bu isə onun və ailə üzvlərinin yenidən təhqir və böhtanlara məruz qalmasına gətirib çıxardacaqdır. Buna görə də hesab edir ki, Mina Hacıyevanın gələcəkdə yenidən onun və ailə üzvlərinin barəsində təhqir edici və əsassız məlumatlar yaymasının qarşısı alınmalıdır. Mina Hacıyevanın yenidən onların barəsində böhtan xarakterli yazılar yazılmasına qadağa qoyulması olduqca zəruridir. Göründüyü kimi X25 onu və ailə üzvlərini cinayət barəsində xəbər verməməkdə, qəsdən adam öldürmə cinayətində iştirakçılıqda və bilə-bilə cinayət törətmiş şəxsi gizlətməkdə ittiham edir. Həmçinin onu və ailə üzvlərini küçə söyüşləri ilə təhqir edir. Onun bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində qadağan edilmiş əməllərə uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmədən, X4 xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu və ailə üzvlərini ağır cinayət törətməkdə ittiham edən, çoxsaylı “facebook” və “instagram” sosial şəbəkə hesablarında onun və ailəsinin barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən yuxarı həddə cəzanın təyin edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 vəkili X17 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul olunmasını və X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 müqavilə üzrə müdafiəçisi X18 xüsusi ittiham qaydasında şikayətə yazılı etiraz təqdim edərək göstərdi ki, M.T.Hacıyevanın oğlu, 1997ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı X32, xx xxxxxxx 2019cu il tarixdə Kiyev şəhərinin Çiqorin küçəsi, ev 49, mənzil 64 ünvanda, bədəninin müxtəlif hissələrinə, o, cümlədən baş-beyin nahiyyəsinə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirilməklə qəsdən öldürülmüşdür. X15 qəsdən öldürülməsi faktına görə Kiyev şəhərinin Milli Baş Polis X23 İdarəsinin istintaq şöbəsində cinayət işi başlanmışdır. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Cavidin qəsdən öldürülməsində əsaslı olaraq X26 şübhəlidir və onun barəsində Beynəlxalq axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqla həmçinin, müəyyən edilmişdir ki, X26 xx xxxxxxxx 2019-cu il tarixdə Kiyev şəhərinin Çiqorin küçəsi, ev 49, mənzil 64-ü kirayə götürmüş, xx xxxxxxx 2019-cu il tarixdə Ukraynanın dövlət sərhədini avtomobil vasitəsi ilə sərnişin qismində keçərək, Moldova Respublikasına daxil olmuşdur. Eyni zamanda, istintaq tərəfindən X12 yaxın qohumu İ.A.Abdullayevin də Ukraynanın dövlət sərhədindən keçib-keçməməsi xüsusatları yoxlanılmışdır. Qeyd olunan məlumatlar Ukrayna Respublikasının Baş Prokurorluğundan daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubunda əksini tapmışdır. Şübhəli şəxs qismində beynəlxalq axtarışa (qırmızı xəttlə) verilmiş X19 bu günə kimi aşkar olunmamışdır. M.T.Hacıyeva, oğlu Cavidin öldürülməsində şübhəli bilinən şəxsin axtarılıb tapılması, həmin cinayət işi üzrə istintaqaxtarış hərəkətlərinin və tədbirlərinin gücləndirilməsi məqsədilə dəfələrlə müxtəlif hüquqmühafizə onrqanlarına müraciətlər etmişdir. Bundan narazı qalan İ.A.Abdullayev whatsap vasitəsilə M.T.Hacıyevaya qısa yazılı müraciət göndərərək, sonuncunu nalayiq ifadələrlə təhqir etmiş və hədələmişdir. Vəziyyəti belə görən M.T.Hacıyeva məcbur olub hüquqmiihafızə orqanlarına ərizə ilə müraciət edərək təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. Həmin ərizələrdə heç bir böhtan və ya təhqiredici ifadələr işlədilməmişdir. Bununla əlaqədar İ.A.Abdullayevin müvafiq izahatı alınmışdır. Bu səbəbdən də sonuncu hesab edir ki, onun şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələnmişdir. Qeyd edilənlərə əsasən, X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25, onun müqavilə üzrə müdafiəçisi X18 və dövlət hesabına təyin edilmiş müdafiəçisi X27 şikayətin əsassız olması səbəbindən icraata qəbul olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, X2 xx xxxxxx 1948-ci il tarixli X24 Bəyannaməsində və xx xxxxxx 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş və ya fikir söyləmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.3.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X15 qəsdən öldürülməsi faktına görə Kiyev şəhərinin Milli Baş Polis X23 İdarəsinin istintaq şöbəsində başlanmış cinayət işi üzrə şübhəli şəxs X26 barəsində axtarış elan edilmişdir. Hazırda C.Hacıyevin qətlə yetirilməsinə dair cinayət işi üzrə yekun qərar qəbul edilməmiş, o cümlədən şübhəli şəxs Əli Abdullayevin təqsirli olmaması barədə məlumat məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş Ukrayna Baş Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Kiyev şəhəri Baş Polis İdarəsinin X30 İstintaq Şöbəsinin icraatında Cavid Hacıyevin qəsdən öldürməsi faktı üzrə cinayət işi var. Məhkəməyədək araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixində saat 20:38 radələrində Kiyev şəhəri, Çiqorin küçəsi, 49 mənzil 64 ünvanında hamam otağının yanında, döşəmədə Azərbaycan Respublikasının vətəndaşı X15 üzərində zorakılıq əlamətləri olan cəsədi aşkar olunub. Buna görə Kiyev şəhərinin Milli Baş Polis X23 İdarəsinin istintaq şöbəsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixində tərtib edilmiş və 6 saylı Kiyev Şəhər Prokurorluğu ilə razılaşdırılmış şübhə haqqında məlumata görə Cavid Hacıyevin qəsdən qətlində X26 əsaslı şübhələndirilir. Müstəntiqin xx xxxxxxx 2019cu il tarixli qərarı ilə X26 barəsində beynəlxalq axtarış elan olunub. Kiyev şəhəri Peçersk Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda məktubda məhkəməyədək araşdırma orqanına X31 Respublikasına qohumlarının yanına getməsi barədə məlumatın daxil olduğu qeyd olunmuşdur. Kiyev şəhəri Peçersk Şəhər Məhkəməsinin 31 oktyabr tarixli qərarından görünür ki, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli bilinən Əli Abdullayev barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək İstintaqın Vahid Reyestrindən Çıxarışdan görünür ki, xx xxxxxxx 2019-cu il 22:30 radələrində Kiyev şəhəri, Çiqorin küçəsi, 49 mənzil 64 ünvanında açıq aşkar ölüm əlamətləri, kürəyin bıçaq yaraları və başın çoxsaylı yaraları ilə kişi cinsindən olan naməlum şəxsin cəsədi aşkar edilmişdir. Şübhəli şəxs X16r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, xx xxxxxxx 1996-cı il təvəllüdlü X26 xx xxxxxx 2019-cu il tarixdən Kiyevdə İNTERPOL-un MMB-si tərəfindən Ukrayna Cinayət Məcəlləsinin 115.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışa elan olunmuşdur. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən və xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin hesab etdiyi ləkələyici məlumatlar konkret faktlarla bağlı olmadığından, habelə belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olduğundan, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrinin tərkibi yaranmadığına görə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Göründüyü kimi şikayət ərizəsində göstərilmiş xüsusatlar əsassızdır və sübuta yetirilmir. Bu səbəbdən X3 “X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmü qəbul edilməsi”nədair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 saylı qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X27 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar