Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-156/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs1, 09 avqust 1982-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, balıqçılıq fəaliyyəti ilə məşğul olan, Şabran şəhəri, Təqsirləndirilən şəxs3 prospekti, 28 nömrəli evdə qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 1980-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, balıqçılıq fəaliyyəti ilə məşğul olan, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 41 nömrəli evdə qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs3, xx xxxxxx 1993-cü ildə Siyəzən rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, balıqçılıq fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişlər. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan qrup şəklində cinayət əlaqəsinə girərək, Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilən balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədilə 07 yanvar 2021-ci il tarixdə təxminən saat 07 radələrində Xaçmaz rayonu, Nabran qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə gələrək özüyeriyən və özüüzən nəqliyyat vasitəsi hesab edilən 1 ədəd bort nömrəsi olmayan taxta qayıqdan istifadə etməklə təxminən 3 kilometr dənizə üzdükdən sonra “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 4 ədəd tor quraraq balıq ehtiyatlarına külli miqdarda ziyan vurmaqla qanunsuz balıq tutmuş, həmin gün saat 15:10 radələrində qanunsuz tutduğu balıqları qayıqla sahilə çıxararkən Nəqliyyatda Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq NBPİ-nin inzibati binasının həyətinə gətirilmiş və orada qayığa baxış zamanı həmin şəxslərdən “jilka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 60 metr, eni 4 metr, gözlərinin ölçüsü 28x28 mm, 30x30 mm və 35x35 mm olan 4 ədəd tor, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 602 S nömrəli sərəncamı ilə təsdiq edilmiş 2021-ci il üçün “Balıq və digər su bioresurslarmm ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, ümumilikdə 14520 (on dörd min beş yüz iyirmi) manat məbləğində balıq ehtiyatlarına külli miqdarda ziyan vurmaqla qanunsuz tutulmuş balıq növlərindən olan 64 ədəd nərə balıqları və 2 ədəd qızıl balıq aşkar edilərək müvafiq qaydada sənədləşdirilərək götürülmüşdür. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. İttiham aktından göründüyü kimi təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək balıqovlama bileti olmadan, özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən istifadə etməklə Xaçmaz rayonu, Nabran qəsəbəsində, Xəzər dənizində qanunsuz balıq tutmaqla balıq ehtiyatlarına külli miqdarda ziyan vurmuşlar. Göründüyü kimi cinayət Xaçmaz rayonu, Nabran qəsəbəsində, Xəzər dənizində törədilsə də ibtidai istintaq orqanı cinayət işini cinayətin törədildiyi yer üzrə deyil, ibtidai istintaqın aparıldığı ərazi üzrə məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılır. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Qeyd olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-156/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-156/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver