Məhkəmə qərarları › İş №1(011)-162/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-162/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-162/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şabran Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonu, Maralyan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Dənizçilər küçəsi, ev 15 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,098 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə, saat 11:30-da Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılıb, ünvan 2 yerləşən Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilərək, videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkisi 1,098 qram olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, Dənizçilər küçəsində yerləşən yaşayış sahəsində yaşayır. O, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğuna görə, narkotik vasitədən istifadə edərək, ağrıların qarşısını almağa çalışır. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alırmış. 13 yanvar 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evin qarşısında küçədə olduğu zaman, polis əməkdaşları onu saxlamış və daha sonra onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35ci Polis Bölməsinə aparmışlar. Polis bölməsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümdə olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamağını etiraf etmişdir. Əslində isə ibtidai araşdırmada verdiyi ifadələri həqiqəti əks etdirmir, məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 idi. 13 yanvar 2022-ci il tarixdə, saat 11:30-da zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, Dənizçilər küçəsi 15 ünvanının qarşısında görüb onu saxlamışlar. Onlar xidməti vəsiqələrini göstərərək, özlərini həmin şəxsə təqdim etmişlər və həmin şəxsi 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1993-cü ildə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə vəkil dəvət olunmuş və videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı ilk əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya olduğu təqdirdə, könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra, həmin bükümdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, 13 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, üzərində digər qanunsuz əşya və predmet olduğu soruşulmuş və üzərinə şəxsi axtarış aparılmışdır. Narkotik vasitəyə bənzər maddədən başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü onların qarşısında zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 13 yanvar 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, mum şəkilli, spesifik iyli maddəni çıxardıb təqdim edərək, həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, 13 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 40 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 6/239 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154” dairəvi möhür əksləri olan, “vətəndaş Təqsirləndirilən şəxs aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə, təmiz çəkisi 1,098 qram qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 1,048 qramdır. İş materiallarından görünür ki, 1,048 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 14 fevral 2022-ci il tarixli, 712 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 27 yanvar 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şabran Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş institutlardan biri olan cəzadan azad etmənin əsasları həmin Məcəllənin bir neçə maddəsində nəzərdə tutulmuşdur. Bu əsaslara cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə, amnistiya və əfvetmə aiddir (Cinayət Məcəlləsinin 76-82-ci maddələri). İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,048 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,048 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar