Məhkəmə qərarları › İş №1(011)-266/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-266/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-266/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi – “Femida” Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədilə dəfələrlə həmin kişi müştərilərlə 400 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin oktyabr ayında ünvan 3 ünvanında Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu tanışı olan kişi müştərisi ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və 150 manat məbləğində gəlir əldə etmək üçün həmin kişi müştəri ilə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2021-ci ilin fevral ayının sonlarından 2022-ci ilin may ayınadək olan müddət ərzində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə həmin kişi müştərilərlə 200-250 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər fizioterapevt işləyərək həmin işlə bağlı müxtəlif klinikalarda işləmiş, həmçinin Bakı şəhəri, Nəsimi rayonu ərazisində ona məxsus “Vuska shopping” geyim mağazası da olmuşdur. 2022-ci ilin yay aylarından etibarən “X6” şirkətində bilet satışı ilə bağlı mütəxəssis işləmiş, Zərərçəkmiş şəxs1 təxminən 4 ildir ki, tanımış, Pərvanə 2019-cu ildə ona məxsus mağazaya müştəri kimi gələn zaman Pərvanə ilə tanış olmuş, həmin vaxtdan etibarən Pərvanə ilə münasibəti yaranmışdır. Lakin onu fahişəliyə cəlb etməmişdir. Zərərçəkmiş şəxs2 2020-ci ildən etibarən tanımışdır. Nigar Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən gözəllik salonunda oq işləmiş, o, həmin salona gedib-gələn zaman Nigar ilə tanış olmuşdur. Nigarla yaxşı münasibəti olmuşdur. 2021-ci ilin sonlarından etibarən Nigar həmin gözəllik salonundan ayrıldığından Nigarla hər hansı münasibəti olmamışdır. Həmçinin Nigarı da fahişəliyə cəlb etməmişdir. Zərərçəkmiş şəxs3 o, tanımamış, Aysel ilə heç bir əlaqəsi olmamış, Ayseli ilk dəfə istintaq orqanına gəldiyi zaman görmüşdür. O, ilkin izahat verən vaxt həyəcanlı olduğundan ilkin izahatında nə qeyd etdiyini belə hazırda xatırlamır. O, heç vaxt fahişəliklə məşğul olmamış, həmçinin hər hansı bir şəxsi də fahişəliyə cəlb etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr ayından tanımışdır. Vüsalə ilə hazırda xatırlamadığı məclislərin birində tanış olmuş, həmin məclisdə Vüsalə ilə bir qədər söhbət etdikdən sonra münasibətlərinin yaxşı alındığını görüb bir-birilərinin mobil telefon nömrələrini götürmüşlər. Vüsalə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Vüsalə isə ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, Vüsalədən həmin işin nə olduğunu soruşduqda Vüsalə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini bildirmişdir. O isə maddi vəziyyətinin düzəlməsi üçün onunla razılaşmışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq Vüsalə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, Vüsalə onunla ancaq “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Vüsalə ilə aralarında olan razılaşmaya əsasən Vüsalə onu 400 manat pul müqabilində müştərilərinə təqdim etməli, o isə pulu müştəridən aldıqdan sonra hər dəfə Vüsaləyə 100 manat pul verməli imiş. Vüsalə üç dəfə onu öz müştəriləri ilə cinsi əlaqədə olmağını təşkil etmişdir. İki dəfə Vüsalənin kirayə yaşadığı “Koroğlu” parkının yaxınlığında yerləşən bina evində yerləşən mənzilinə çağıraraq orada müştəriləri ilə cinsi əlaqədə olmağını təşkil etmişdir. Vüsalə müştəridən ona görə 400 manat alıb 300 manatını ona verib qalan 100 manatı isə qazanc olaraq özünə götürmüşdür. 2021-ci ilin təxminən oktyabr ayının sonlarında Vüsalə onunla əlaqə saxlayıb müştərinin olduğu ünvanı bildirərək onun həmin ünvana getməyini qeyd etmiş, o, hazırda xatırlamadığı ünvana gedib orada Vüsalənin müştərisi ilə cinsi əlaqədə olmuşdur. Həmin vaxt müştəri ona 300 manat pul vermiş, Vüsaləyə çatacaq 100 manatı isə müştərinin özü Vüsaləyə göndərmişdir. Bundan sonra Vüsalə ilə xatırlamadığı səbəbdən mübahisələri düşmüş və o, bir daha Vüsalə ilə əlaqə saxlamamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin sentyabr ayında “Glam Style” gözəllik salonunda dırnaq ustası kimi işləməyə başlamışdır. 2021-ci ilin təxminən may ayında Təqsirləndirilən şəxs müştəri kimi həmin salona gəlib-getməyə başlamışdır. Vüsalə ilə münasibəti həmin salonda yaranmışdır. Yaxın münasibət yarandıqdan sonra Vüsalə ona təklif etmişdir ki, tanışları ilə pul müqabilində cinsi əlaqədə olmağını təşkil etsin. Bu görüşlərə görə ona pul söz vermişdir. 2021-ci ilin oktyabr ayında maddi cəhətdən vəziyyəti pisləşdiyindən danışıqlarından birində Vüsaləyə razılıq vermişdir ki, onu tanışı ilə pul müqabilində görüşdürsün. Vüsalə bundan sonra onu özünün kirayə yaşadığı “Koroğlu” parkının yaxınlığında yerləşən mənzilinə aparmışdır. Bir müddət sonra özünü Elçin kimi təqdim edən şəxs də mənzilə gəlmişdir. Vüsalənin təşkilatçılığı ilə həmin mənzildə Elçinlə cinsi əlaqədə olmuşdur. Elçin ilə cinsi əlaqədə olmağa görə Elçin 300 manat pul vermiş, həmin pulun yarısın o, yarısın isə Vüsalə götürmüşdür. Bir daha bu işlə məşğul olmaq istəmədiyindən Vüsalə ilə münasibəti soyumuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin fevral ayının əvvəllərindən tanıyır. Vüsalə ilə tanış olduqdan sonra mobil telefon əlaqəsi saxlamağa başlamışlar. Vüsalə ilə söhbət əsnasında Vüsaləyə maddi vəziyyətinin yaxşı olmadığını bildirdikdə Vüsalə ona müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demişdir. Maddi vəziyyəti pis olduğundan Vüsalə ilə razılaşmışdır. Vüsalə ondan müştərilərə göndərməsi üçün şəkillərini istəmiş və o, mobil telefonun “Whatsapp” proqramı vasitəsilə Vüsaləyə öz şəkillərini göndərmişdir. 2022-ci ilin fevral ayının sonlarında Vüsalə ona zəng edib görüşmək üçün müştərinin olduğunu, müştərinin ona 250 manat verəcəyini, onun da həmin puldan 50 manatını Vüsaləyə göndərməli olduğunu bildirmişdir. O, Vüsalə ilə razılaşmışdır. O müştəri olan ünvana gedib müştəri ilə cinsi əlaqədə olmuş, müştəri ilə mənzildə cinsi əlaqədə olduqdan sonra həmin şəxs ona 250 manat pul vermişdir. O, 250 manat puldan 50 manatını Vüsaləyə göndərmişdir. Vüsalə onunla əlaqə saxladığı zaman o, hazırda yaşadığı ünvan 5 ünvanında olmuşdur. Bundan sonra 2022-ci ilin may ayında yenidən Vüsalə onunla əlaqə saxlayıb müştərisinin olduğunu və müştərinin yerini bildirmiş, o, Vüsalənin tapşırığı ilə müştərinin olduğu yerə getmiş, müştərinin yanında olduğu zaman Vüsalə onunla əlaqə saxlamış və o, həmin vaxt bilmişdir ki, müştəri onunla cinsi əlaqədə olmağına görə 200 manat pul verəcək. Vüsalə də həmin puldan 50 manatını özünə göndərməli olduğunu bildirmiş, bu zaman o, Vüsalə ilə mübahisə etmiş və görə müştəri ilə cinsi əlaqədə olmayıb çıxıb getmiş, Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək üçün taksi fəaliyyəti ilə məşğul olur. Ona məxsus olan **- ML-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı avtomobillə taksi işləmiş, anket məlumatlarında qeyd edilən mobil telefon nömrələri onun özünə məxsusdur. Həmin mobil telefonları daimi olaraq özü istifadə etmiş, Təqsirləndirilən şəxs təxminən iki il əvvəl tanımış, ilk dəfə Vüsalə onun idarə etdiyi avtomobilə müştəri kimi oturmuş, sonradan Vüsalə bir neçə dəfə onunla əlaqə saxlayaraq taksi kimi özünü müxtəlif ünvanlara aparmağı bildirmişdir. Bundan başqa onun Vüsalə ilə hər hansı digər münasibəti olmamış, Vüsalə bir qayda olaraq onun avtomobilinə tək əyləşmişdir. İbtidai istintaq dövründə “Vulkan” otelə Vüsaləni bir qadınla aparmasını qeyd etsə də, bu halı dəqiq yadına sala bilmir. Vüsalənin fahişəliklə məşğul olmasından, hər hansı qadını fahişəliyə cəlb etməsindən onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 7-8 ildir tanıyır. Həmin vaxtdan Vüsalə ilə münasibəti olmuşdur. Vüsalənin yanına gedən vaxtlar Vüsalə özü ona qız təşkil edə biləcəyini təklif etmişdir. O, Vüsalənin nömrəsini həmin vaxtdan özündə saxlamış, təxminən 2019-2021-ci illər ərzində müxtəlif vaxtlarda Vüsalə ilə ***-***-**-** rəqəmli mobil telefon nömrəsi ilə danışaraq Vüsaləyə cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini demiş, Vüsalə qadınları təşkil etməyin qiymətinin xatırladığı qədərilə hər bir qadın üçün 150-200 manat olduğunu bildirmiş, o da razılıq verdikdən sonra hazırda xatırlamadığı otellərin birinə qızı göndərməsini demişdir. Bundan sonra Vüsalənin göndərdiyi adını xatırlamadığı qadın onun olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən dörd-beş il olar ki tanışdır. Həmin vaxt Vüsaləni o, masaj xidməti göstərən şəxs kimi tanımış, buna görə də Vüsalənin mobil telefon nömrəsini öz telefonuna qeyd etmiş, Vüsalə ilə arabir masaj xidməti ilə bağlı zəng edib görüşmüşdür. Vüsalənin kirayə yaşadığı və ünvanını dəqiq bilmədiyi evində o, bir neçə dəfə olmuş, həmin vaxt Vüsalə ona masaj xidməti göstərmişdir. Bundan başqa bir neçə dəfə Vüsalə ilə Bakı şəhərində müxtəlif restoranlarda görüşüb çörək yemiş, bir-iki dəfə olmuşdur ki, həmin vaxt Vüsalənin yanında qadın görmüş, Vüsalə həmin qadınları ona rəfiqəsi kimi təqdim etmiş, həmin məclislərdə Vüsalə yanında olan adlarını xatırlamadığı həmin qadınları onunla tanış etmişdir. Sonradan həmin şəxslərlə 150-200 manat pul müqabilində cinsi əlaqədə olmuş, lakin həmin puldan Vüsaləyə nə qədər verildiyini o, bilməmiş və həmin qadınları onunla Vüsalə tanış etmişdir. O, Vüsalənin onunla tanış etdiyi qadınları tanımamış, sadəcə Vüsalənin rəfiqəsi kimi tanıdığı Pəri adlı qadını xatırlamış, o, Pəri ilə pul müqabilində görüşüb cinsi əlaqədə olmuş, lakin buna görə Vüsaləyə hər hansı məbləğdə pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); Təqsirləndirilən şəxs DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində verdiyi ilkin izahatından görünür ki, o, təxminən 5 ildir ki, pul qarşılığında kişi müştərilərlə görüşərək cinsi əlaqədə olduğunu, tanıdığı qızları tanış kişi müştərilərlə cinsi əlaqədə olmaq üçün pul qarşılığında görüşdürdüyünü, həmin görüşlərdən əldə edilən qazancın bir hissəsini özünə götürdüyünü etiraf etmiş və “izahatı özüm yazdım, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd etmişdir (i.v. 13-14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 46); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 53); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 62); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 74); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdir etmişlər (i.v. 100-104); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdir etmişlər (i.v. 105-108); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdir etmişlər (i.v. 125-128); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 129-131); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 140-142); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 147-153); Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial xidmətlər X3 Şəxsinin 6 saylı filialı tərəfindən verilmiş 042727 nömrəli vəsiqədən görünür ki, X2 ümumi gözdən əlil olması səbəbindən 01 qrup əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməməsi barədə və heç vaxt hər hansı bir şəxsi fahişəliyə cəlb etməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Həmçinin, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində verdiyi ilkin izahatından məlum ki, o, təxminən 5 ildir ki, pul qarşılığında kişi müştərilərlə görüşərək cinsi əlaqədə olduğunu, tanıdığı qızları tanış kişi müştərilərlə cinsi əlaqədə olmaq üçün pul qarşılığında görüşdürdüyünü, həmin görüşlərdən əldə edilən qazancın bir hissəsini özünə götürdüyünü etiraf etmiş və izahatını öz imzası ilə təsdiqləmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxslərin ifadələri şahidlər Şahid2 və Şahid3 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmış zərərçəkmiş şəxslər öz ifadələrində bildirmişlər ki, kişi müştərilərlə onları məhz Təqsirləndirilən şəxs görüşdürmüş və cinsi əlaqədə olduqdan sonra əldə etdikləri pulun bir qismini sonuncu özünə götürmüşdür. Həmçinin, iş üzrə ifadələri alınmış şahidlər də öz ifadələrində onlarla cinsi əlaqədə olan qadınların Təqsirləndirilən şəxs tərəfindən onların dedikləri ünvanlara göndərildiklərini və bunun müqabilində tərəflərindən müəyyən məbləğdə ödəniş olunduğunu bildirmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 01 qrup gözdən əlil olan atasının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktında onun cinayəti tamah məqsədilə törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınsa da, hazırki cinayət əməlinin dispozisiyasında sözügedən ağırlaşdıran hal öz əksini tapdığından, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar