Məhkəmə qərarları › İş №1(011)-309/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-309/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-309/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,604 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 02 aprel 2021-ci il tarixdə saat 14:30 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq PŞ-nə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd qızılı rəngli kağıza bükülmüş həmin 0,604 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş, 05.07.2016-cı il tarixli Xətai rayon məhkəməsinin hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. 19 mart 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Əvvəllər narkotik vasitə istifadə etməmişdir. Bir neçə aydır ki narkotik vasitə olan heroin istifadə edir. Hal-hazırda heç bir yerdə işləmir. Yaşadığı ünvan 4 ünvanının qarşısında hərgün axşam saat 19 radələrindən səhər saat 06 radələrinədək maşınların parkinq olunmasına nəzarət etmiş, bunun müqabilində vətəndaşlardan pul almışdır. Həmin pul ilə öz maddi ehtiyaclarını qarşılayırmış. Narkotik vasitə istifadəçisi olduğundan bir neçə gündən bir Əhmədli metrosu “Zoluşka“ mağazasının qarşısına getmiş, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən narkotik vasitə almışdır. Həmin şəxsi üzdən tanıyır və günorta saatlarınadək orada olduğunu bilmişdir. 02 aprel 2021-ci il tarixdə səhər saatlarında işlədiyi parkinqdən çıxıb evə getmişdir. Biraz dincəldikdən sonra narkotik vasitə almaq üçün Əhmədli metrostansiyasının yaxınlığına getmişdir. Üzdən tanıdığı şəxsi gördükdən sonra həmin şəxsə yaxınlaşmış və 10 manat pul müqabilində 01 büküm narkotik vasitə olan heroin almışdır. Heroini aldıqdan sonra yaşadığı evə gedib həmin narkotik vasitəni qəbul etməyi düşünmüşdür. X1 küçəsi 9 saylı binanın yaxınlığına çatan zaman özlərini polis əməkdaşları kimi təqdim edən 2 nəfər şəxs ona yaxınlaşmış birlikdə Xətai RPİ-nin 34-cü polis şöbəsinə getməli olduğunu bildirmişlər .O, da qaçmağın mənasız olduğunu görüb polis əməkdaşları ilə razılaşmış və birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə gəlmişlər. Polis şöbəsinə gətirildikdən sonra orada ona vəkillərin siyahısı təqdim edilmiş və siyahıda olan vəkillərdən istənilən vəkili seçə biləcəyi ona bildirilmişdir. O, dövlət hesabına istənilən vəkilin hüquqlarını müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində, paltarlarında, qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 02 aprel 2021-ci il tarixdə saat 14:30 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, Məhəmməd Hadi küçəsi 9 ünvanının yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmiş və həmin şəxsi 34-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsin gətirilməsi ilə bağlı şöbə rəhbərliyinin adına raport yazmışlar. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə təqsirli bilinərərk 03 il müddətinə azadlıqdan məhrum edilmiş və məhkumluğu ödənilmiş, subay, fərdi əməklə məşğul olan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Şöbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Elxan Qəribov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olması soruşulduqda, sonuncu, bükümün içərisində “kokos” yəni - narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı həmin narkotik vasitəni nə məqsədlə və kimdən aldığını soruşmuş, Təqsirləndirilən şəxs isə, Əhmədli metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Elxan Qəribov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar etməmişdir. Narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün bölmənin təhqiqatçısı, polis baş-leytenantı Elxan Qəribov həmin maddəni elektron tərəziyə qoymuş və çəkisini müəyyənləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülü şəxsi axtarış və götürmədə iştirak edən şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.111-114); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.01); şübhəli şəxsin tutulması haqqında 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında 02 aprel 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükülünü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir(i.v. 29-30); məhkəmə-kimyəvi ekspertizanın 03.04.2021-ci il tarixli, 6/1304 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,604 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir(i.v. 43-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, 04.04.2021ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.53-54); 04.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.73-74); qətimkan tədbirinin seçilməsi haqqında 04.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.75-76); diskə baxış keçirilmə haqqında 04.04.2021-ci il tarixli protokolun surətindən görünür ki, 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bükülünü çıxarıb masanın üzərinə qoyması, və həmin bükülüdə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır(i.v.78-79); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu məhkəməsinin 03.03.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CMnin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 05.07.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs lham oğlu CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.03.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur(i..v.85-86, 94-102); məhkəmə-narkoloji ekspertizasının 28.04.2021-ci il tarixli, 1286 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.104-105); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 05.06.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0, 604 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,554 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir (i.v. 115- 121); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs lham oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,604 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs lham oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 05.07.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən götürülmüş və ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02.04.2021-ci il tarixdən 04.04.2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,604 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,554 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdən 04 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,604 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,554 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar