Məhkəmə qərarları › İş №1(011)-365/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-365/2020

13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-365/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 12:45-də “BC“ kateqoriyalı, AD seriyalı 309267 nömrəli sürücülük vəsiqəsi ilə tanışı Şahid1 məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, qırmızırəngli “Vaz 21013 minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə üzü Bakı şəhəri, Xətai rayonu. Zığ şosesi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun bu tələbinə əməl etməyərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanında yerləşən “Panorama Park" yaşayış binasının yaxınlığında hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada X3 avtomobilin sol qabaq yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona qapalı kəllə beyin travması, başın hər iki alın-təpəgicgah nahiyələrində yumşaq toxumaların əzilməsi ilə qeyd olunan geniş ölçülü dərialtı qansızmalar, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi sıxılma ilə, baş beynin diffuz travması, iki tərəfli travmatik subdural qansızma, sağ təpə-gicgah nahiyəsinin kəskin epidural və subdural hematoması, sol təpə-alm-gicgah nahiyəsinin kəskin epidural və subdural hematoması, sağ və sol təpə sümüklərinin, alın sümüyünün xətti sınıqları, sağ tərəfli periorbital hematoma, ikitərəfli dekompressiv kranioektomiya və hematomalarm xaric olunması kimi başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar ölümünə səbəb olan həyat üçün ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı çıxışında məhkəmə baxışının təyin edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ittiham aktının ona təqdim edildiyini, lakin barəsində yüz min manat mülki idia verilməsi barədə məlumatının olmamasını mülki cavabdeh kimi tanınmamasını, bu səbəbdən onun müdafiə hüququnun pozulduğunu, zərərçəkmişin müalicəsi üçün 7000 manat pul ödəməsinin ittihamda göstərilmədiyini qeyd edərək cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışında bildirmişdir ki, istintaq zamanı təqsirləndirilən şəxsin mülki cavabdeh kimi tanınmaması müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.4-cü maddəsinə əsasən mülki cavabdehin ona qarşı verilmiş iddia üzrə izahat və ifadə vermək, sübutlar və digər materiallar təqdim etmək, iddia hissəsində öz etirazlarını vermək, mülki iddianı qəbul etmək kimi hüquqları vardır. Göstərilən hüquqların təmin edilməməsi ciddi hüquq pozuntusudur. Bu səbəbdən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Cinayət işi araşdırılarkən (iş vərəqi 125) müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində 53.444 manat maddi və 50000 manat mənəvi ziyan vurulması səbəbindən zərərçəkmişin hüquqi varisi F.Məmmədova Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmışdır. Bakı şəhər Xətai RPİ-nin baş müstəntiqi polis mayoru Tofiq Namazov xx xxxxxxxx 2020-ci il tarixli qərarla ərizə nəzərə alınaraq zərərçəkmişin hüquqi varisi X1 mülki iddiaçı qismində tanımışdır. Buna baxmayaraq verilmiş mülki iddia təqsirləndirilən şəxsə təqdim edilməmiş və tanış edilməmişdir. Mülki iddia ilə tanış etmə barədə cinayət işində heç bir bildiriş və protokol mövcud deyildir. Cinayət işi üzrə maddi məsuliyyət daşıyan şəxs mülki iddia ərizəsində göstərilsə də mülki cavabdeh kimi tanınmamış və ona hüquq və vəzifələr izah edilməmişdir. Həmçinin ittiham aktında mülki iddia haqqında heç bir xüsusat öz əksini tapmamışdır.(CPMnin 289.8.4-cü maddə) Belə ki, Azərbaycan Respublikası CPM-in 93.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır. Bundan sonra mülki cavabdehin ona qarşı verilmiş iddia üzrə izahat və ifadə vermək, sübutlar və digər materiallar təqdim etmək, iddia hissəsində öz etirazlarını vermək, mülki iddianı qəbul etmək kimi hüquqları yaranmış olur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 93.4cü maddəsində göstərilmiş mülki cavabdehin subyektiv prosessual hüquqlarından öz iradəsindən asılı olmayan səbəbdən məhrum olmuşdur. Həmin hüquqlar cinayət prosesini həyata keçirən orqan tərəfindən heç bir məhdudiyyət qoyulmadan təmin olunmalı idi. Qanunvericilik şəxsin mülki cavabdeh kimi tanınmasını mülki iddia verildiyi anda, yəni mülki iddiaçı qismində tanınma haqqında qərarla eyni vaxta tanınmasını zəruri hesab etmişdir (CPM-in Kommentariyası). Azərbaycan Respublikası CPM-nin 303.1-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.1-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması üçün əsasdır . Qeyd olunanlar isə, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin Məcəllənin 303.2-ci maddəsinə görə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Qeyd edilən Məcəllənin 307.1-ci maddəsinin müddəasına görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Cinayət Prosessual Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Elgiz Məmmədov barəsində xüsusi qərar çıxarılaraq təsir tədbirləri görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və ********* nömrəli cinayət işiibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar