Məhkəmə qərarları › İş №1(011)-584/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-584/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-584/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, hüquqverən və vəzifədən azad edən digər rəsmi sənədi saxtalaşdırmaqla, qanunsuz hazırlama və istifadə etmə barədə qohumu Şahid1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxs faktiki mövcud olmayan Bakı şəhəri Səbail Rayon Hərbi Prokurorluğu tərəfindən guya barəsində axtarış elan olunmasına dair xx.xx.2017-ci il tarixli C/İ İş 26023 saylı yalan məlumatları özündə əks etdirən iki ədəd saxta qərarı, eləcə də, Bakı şəhəri Səbail Rayon Hərbi Komissarlığının real gerçəkliyə uyğun olmayan tarixsiz 689 və 996 nömrəli və bir ədəd nömrəsiz çağırış vərəqələrinin mətnini istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz hazırlayıb, 2017-ci ilin aprel ayının əvvəllərində Şahid1 istifadəsində olan “İphone 6” markalı, ***-***-**-** nömrəli mobil telefonuna “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmiş, sonuncu yuxarıda qeyd olunan axtarış elan olunmasına dair qərarları və çağırış vərəqələrinin mətnlərini öz mobil telefonundan yaddaş kartına köçürüb, istintaqa məlum olmayan vaxtda və şəraitdə qrafik proqram təminatından istifadə etməklə, elektrofotoqrafik çap üsulu ilə saxtalaşdırıb, qanunsuz hazırlamış, hüquqverən və vəzifədən azad edən həmin iki ədəd saxta qərarları və üç ədəd çağırış vərəqələrini 10 aprel 2017-ci il tarixdə Təqsirləndirilən şəxs faktiki olaraq yaşadığı Fransa Respublikasının Metz şəhərində olan “3 rue du bearn 57070” ünvanına ünvan 2i ilə sonuncu tərəfindən istifadə edilməsi məqsədi ilə göndərilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Bakı şəhərində "xxxx" MMC-də, həyat yoldaşı isə “Azərbaycan Beynəlxalq Bankı”nda işləmişlər. Lakin, anası Fransa Respublikasında tək olduğu üçün, ondan dəfələrlə xahiş etmişdir ki, ailəsi ilə birlikdə yanına Fransa Respublikasının Metz şəhərinə köçsün. Ona Fransa Respublikasına getdikdə, işlə də təmin olunacağı deyilmişdir. Lakin, o anasının dəvəti ilə ailəsi ilə birlikdə Fransaya getsə də, orada iş tapa bilməmiş və müvəqqəti qeydiyyata da düşə bilməmişdir. Fransada yaşadığı müddətdə, yəni 2015-ci ildə ikinci övladı dünyaya gəlmişdir. Həmin uşağın da xəstəliyi olduğu üçün, yenidən Azərbaycana qayıtmaq istəmişdir. Lakin, ikinci uşağı xəstə doğulduğu və daimi olaraq qulluq lazım olduğu üçün, həyat yoldaşı onunla razılaşmamışdır. O, isə hərbi xidmətə getmədiyi üçün düşünmüşdür ki, poçt vasitəsilə Bakı şəhərindən ona çağırış məktubu və axtarışa verilməsi barədə sənəd gələrsə, ailəsini razı salıb, Bakı şəhərinə qayıda bilər. Buna görə də, internet vasitəsilə axtarıb çağırış məktubunun nümunəsinı, həm də axtarış qərarırı tapıb, onları qrafik proqram təminatında hazırlayıb, nümunədə olan şəxslərin əvəzində öz ad-soyadını yazıb, möhürü saxtalaşdırmışdır. Daha sonra, Bakı şəhərində yaşayan xalası oğlu Şahid1 zəng edib xahiş etmişdir ki, ona göndərəcəyi sənədləri rəngli printerdən çap edib, poçt vasitəsilə Fransada yaşadığı ünvana göndərsin. Onun əsas məqsədi oradan öz vətəninə qayıtmaq olmuşdur. O, Nicata saxta iki ədəd axtarış elan edilməsi barədə qərarı və bir neçə çağırış məktubu göndərmişdir. Həmin sənədləri Nicat onun dediyi kimi, rəngli printerdən çap edib, sonra poçt vasitəsilə onun yaşadığı ünvana göndərməsi üçün poçt şöbəsinə vermişdir. Lakin, sonradan eşitmişdir ki, poçt məntəqəsində həmin məktub açılmış, saxta sənədlər müəyyən edilmiş və bu səbəbdən Nicatın barəsində cinayət işi başlanmışdır. Daha sonra ona məlum olmuşdur ki, 2018-ci ildə Xətai Rayon Məhkəməsinin hökmü ilə Nicatın barəsində cərimə cəzası təyin olunmuşdur. Sonradan onun şəxsiyyət vəsiqəsinin və pasportunun vaxtı bitdiyi üçün, əvəzlənməsi üçün Azərbaycan Respublikasının Fransada yerləşən səfirliyinə müraciət etmişdir. Orada isə onun axtarışda olduğunu bildirmişlər və o, saxta sənəd düzəltməyi ilə bağlı axtarışda ola biləcəyini başa düşmüşdür. Buna görə də, özü könüllü olaraq Bakı şəhərinə qayıtmışdır. Axtarışda olduğu üçün, hava limanında onu polis əməkdaşları saxlayıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Zeynal təxminən 5 il olar ki, həyat yoldaşı və anası ilə birlikdə Fransanın Metz şəhərində yaşayır. 2017-ci ilin mart ayının axırlarında Zeynal mobil telefonda ‘Whatsapp” proqramı vasitəsi ilə danışaraq, ona göndəcəyi sənədləri rəngli printerdən çıxardaraq, poçt vasitəsi ilə onun Fransada olan ünvanına gördərməsini xahiş etmişdir. O, Zeynaldan həmin sənədlərin nə üçün lazım olduğunu soruşduqda, Zeynal ona həmin sənədlərin ona hərbi çağırışla bağlı lazım olduğunu və həmin sənədlərin ona yaşadığı Fransada zəruri olduğunu bildirmişdir. O, Zeynalın göndərdiyi 5 sənədi rəngli printerdən çap edərkən, həmin sənədlərin iki ədədi Təqsirləndirilən şəxs barəsində müstəntiq tərəfindən axtarış elan olunması barədə qərarlardan və üç ədədi Təqsirləndirilən şəxs barəsində hərbi komissarlığının çağırış vərəqələrinin olmasını bilmişdir. O, həmin vaxta qədər Zeynalın axtarışda olması barədə hər hansı bir məlumatı olmamışdır. Zeynalın göndərdiyi sənədləri yaşadığı Fransada deyil, məhz Azərbaycanda onun vasitəsilə çap edilərək, yenidən Fransaya göndərilməsi ona qaranlıq qalmışdır. Zeynalın xahişi ilə həmin sənədləri printerdən çap edib, özü ilə götürmüş və sənədləri xalası oğlu Zeynalın yaşadığı Fransanın Metz şəhərində olan ünvanına göndərilməsi üçün 10 aprel 2017-ci il tarixdə Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən poçt şöbəsində sənədləri zərfə qoyub, üzərini Zeynalın bildirdiyi yaşayış ünvanını qeyd etməklə, göndərilməsi üçün poçt əməkdaşlarına təqdim etmişdir. O, bundan sonra Zeynal ilə yazışarkən, sonuncu ona sənədlərin çatmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin X4 əməkdaşıdır. 2017-ci ilin aprel ayında 25 saylı poçt şöbəsində qəbul edilmiş kisə X4 çeşidləmə sexində açılarkən, içərisində olan bir məktuba baxış zamanı, məktubun ləkəli olması müəyyən edilmişdir. Həmin ləkəli məktubu qeyd olunan ünvan üzrə göndərmək üçün, onu başqa bir zərfə qoymaq istəmişlər. Lakin, həmin vaxt məktub başqa bir zərfə qablaşdırılarkən, məktubun içərisində olan bir qərarın iki nüsxədən olması, hər iki nüsxəsində möhürün olmasına baxmayaraq, qərarın birinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, bundan əlavə məktubun içərisində olan “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səbail Rayon Hərbi Kommisarlığı” tərəfindən verilən çağırış vərəqəsinin üç nüsxəsindən birində nömrənin olmaması onü və yanında olan işçilərin diqqətini cəlb etmişdir. Əldə olunan sənədlərin saxta olmaqla, Azərbaycan Respublikasından Fransa Respublikasına göndərilməsi şübhə doğurduğundan, bu barədə rəhbərliyə məlumat verilməklə, şübhələrin yoxlanılması üçün, aşkar olunan halla bağlı təlimata uyğun olaraq Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verilməsi qərara alınmışdır. Məktubda olan bir qoşa vərəqdən ibarət olan əlyazma məktub qanunvericiliyin tələbinə uyğun olaraq, vətəndaşlar arasında aparılan yazışmaların sirr olmasını nəzərə alaraq, məktubun məzmunu onlar tərəfindən oxunulmamışdır. Nəticədə bu barədə X4 əməkdaşlarının iştirakı ilə akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin X4 əməkdaşı Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin X4 əməkdaşları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, 10 aprel 2017-ci il tarixdə Bakı şəhəri 25 saylı poçt şöbəsində qəbul edilmiş AZ1025AZ909570711K042 saylı kisə çeşidləmə sexində açılarkən, onun içərisində olan məktuba baxış zamanı, məlum olmuşdur ki, həmin məktub ləkəlidir. Məktub ünvan üzrə göndərmək üçün başqa bir zərfə qablaşdırılarkən, bir qərarın iki nüsxədən olması, hər iki nüsxədə möhürün olmasına baxmayaraq, qərarın birinin məsuliyyətli şəxs tərəfindən imzalanmaması, “Azərbaycan Respublikası Müdafiyyə Nazirliyi Səbail rayon Hərbi Komissarlığı” tərəfindən verilən çağırış vərəqəsinin üç nüsxəsindən birində nömrənin olmaması diqqəti cəlb etmişdir. Buna görə sənədlərin saxta olması və Azərbaycandan xaricə göndərilməsi onlarda şübhə yaratmışdır. Şübhələrin yoxlanılması üçün aşkar olunan məktubun Dövlət Təhlükəsizlik Xidmətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan arayışın surətində qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinə "xxxx" MMC-nin X6 tərəfindən məktub daxil olmuşdur. Məktub Şahid1 tərəfindən Fransanın Metz şəhərində yaşayan Təqsirləndirilən şəxs ünvanlanmışdır. X6 tərəfindən məktubu çeşidləyərkən, zərfin ləkəli olduğundan, yollanması üçün yenidən qablaşdırılarkən, onun içində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səbail rayon Hərbi Komissarlığının üç ədəd çağırış vərəqi, həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səbail rayon Hərbi Komissarlığının axtarış elan olunması barədə qərarda bəzi şübhəli məqamlar olduğundan, sənədin saxtalığına dair şübhələr yaranmış və bu səbəbdən araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir. Keçirilmiş texniki-kriminalistik yoxlama tədbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səbail rayon Hərbi Komissarlığının xx.xx.2016-cı il tarixli nömrəsiz, 689 və 996 nömrəli, xx.xx.2016-cı il tarixli çağırış vərəqi, həmçinin C/İş 260.23 saylı, xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səbail rayon Hərbi Komissarlığının axtarış elan olunması barədə qərarı saxtadır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2018-ci il tarixli, 736 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş 30 yanvar 2017-ci il tarixli C/İ iş-260.23 seriya və nömrəli Axtarış elan olunması barədə qərarın yuxarı sağ tərəfindəki “təsdiq edirəm” qrafasındakı imza və möhür əksi, C/İ iş-260.23 seriya və nömrəli Axtarış elan olunması barədə tarixsiz qərardakı möhür əksi və imza hər hansı bir eyni növ sənəddən texniki qurğusu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə elektrofotoqrafik çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 30 yanvar 2017-ci il tarixli C/İ iş-260.23 seriya və nömrəli Axtarış elan olunması barədə qərardakı “yanvar, 17” əlyazılar və “Vəliyev N” sözünün qarşısındakı imza və tədqiq olunan çağırış vərəqələrindəki “689 və 996” rəqəmlər hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş 30 yanvar 2017-ci il tarixli C/İ iş-260.23 seriya və nömrəli Axtarış elan olunması barədə qərardakı, C/İ iş-260.23 seriya və nömrəli Axtarış elan olunması barədə tarixsiz qərardakı, 689 və 996 nömrəli çağırış vərəqələri və tarixsiz çağırış vərəqəsinin çap mətnində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla sirmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və sairə) müəyyən edilmədi. Tədqiqata təqdim edilmiş sənədlərdə əks olunmuş möhür əksində “Azərbaycan Respublikası Müdafiyyə Nazirliyi Səbail rayon hərbi komisarlığı” məzmunlu mətn vardır. İş materiallarından görünür ki, 30 yanvar 2017-ci il tarixli C/İ iş-260.23 seriya və nömrəli axtarış elan olunması barədə qərarın, C/İ iş-260.23 seriya və nömrəli axtarış elan olunması barədə tarixsiz qərarın, 689 və 996 nömrəli çağırış vərəqələri, tarixsiz çağırış vərəqəsinin və üzəri əlyazma ilə yazılmış poçt zərfinin surətləri iş üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmündən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşıb, cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan İttiham elan etmək üçün şəxsin tutulması və axtarış elan etmək haqqında qərardan görünür ki, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, iş üzrə Şahid1 əlbir olduğu Təqsirləndirilən şəxs barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Cinayət işi üzrə icraatın dayandırılması haqqında 03 fevral 2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə olan cinayət işinin icraatı Təqsirləndirilən şəxs axtarılıb tapılana və istintaqa cəlb edilənə qədər dayandırılmışdır. İş materiallarında olan Şəxsin tutulması haqqında protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qayıdarkən, 03 noyabr 2022-ci il tarixdə hava limanında X3 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. İş materiallarından görünür ki, 03 noyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013 və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 03 noyabr 2022-ci il tarixdə tutularaq, həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən, məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – 30 yanvar 2017-ci il tarixli C/İ iş-260.23 seriya və nömrəli axtarış elan olunması barədə qərarın, C/İ iş-260.23 seriya və nömrəli axtarış elan olunması barədə tarixsiz qərarın, 689 və 996 nömrəli çağırış vərəqələri, tarixsiz çağırış vərəqəsinin və üzəri əlyazma ilə yazılmış poçt zərfinin surətləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4000 (dörd min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş 5000 (beş min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 4800 (dörd min səkkiz yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – 30 yanvar 2017-ci il tarixli C/İ iş-260.23 seriya və nömrəli axtarış elan olunması barədə qərarın, C/İ iş-260.23 seriya və nömrəli axtarış elan olunması barədə tarixsiz qərarın, 689 və 996 nömrəli çağırış vərəqələri, tarixsiz çağırış vərəqəsinin və üzəri əlyazma ilə yazılmış poçt zərfinin surətləri cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar