Məhkəmə qərarları › İş №1(012)-197/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-197/2021

13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-197/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi4 iştirakı ilə, xx.xx.1987-ci ildə Saatlı rayonu, Bəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olan və Abşeron rayonu Masazır kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Abşeron rayonu, Masazır kəndi, «Araz» marketin yaxınlığında olarkən piyada evinə doğru gedən Zərərçəkmiş şəxs çiynindən asılmış əl çantasını açıq talama qərarına gəlmiş, bu məqsədlə Hüseyn Arif küçəsi ilə hərəkətini davam etdirən Zərərçəkmiş şəxs arxasınca gedib ona yaxınlaşaraq qışqırmaması üçün bir əli ilə ağzından möhkəm tutub sıxaraq ona üst dodağın sağ hissəsinin selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək digər əli ilə içərisində 51 manat pul olan 25 manat dəyərində çantasını dartıb ələ keçirmək istəmiş, lakin Zərərçəkmiş şəxs ucadan qışqırıb ətrafda yaşayanları köməyə çağırdığından və səsə yaxınlıqda yaşayan sakinlərin gəldiyini görüb tutulacağından qorxaraq sonuncunu buraxaraq hadisə yerindən qaçmış, beləliklə soyğunçuluq törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməmiş, yəni zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 6 ilə yaxındır ki, Abşeron rayonu Masazır kəndində kirayə yaşayıb fəhləlik edib dolanışığı üçün pul qazanır, həmçinin ailəsi Saatlı rayonunda yaşadığından qazandığı pulun bir hissəsini rayona, ailəsinə göndərir. Son vaxtlar işi olmadığından pula ehtiyacı olmuş və ailəsinə də pul göndərə bilməmişdir. 15 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində Çapayev adlanan ərazidə kafelərin birində tək oturub araq içmiş, sonra Abşeron rayonu Masazır kəndinə avtobusla kirayə yaşadığı ev istiqamətində getmişdir. 15 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Abşeron rayonu Masazır kəndi, “Araz” marketin qarşısından yaşadığı Hüseyn Arif küçəsi istiqamətində gedərkən, qarşısında isə bir xanım getdiyini görmüşdür. Həmin xanımın çiynindən aşırma formada əl çantası olmuş, həmin vaxtı həddən artıq içkili olduğundan və pula ehtiyacı olduğu üçün fikirləşmişdir ki, xanımın çiynində olan əl çantasını oğurlayıb qaçsın. Xanımın arxası ilə getmiş, qaranlıq küçəyə daxil olanda ətrafda heç kimin olmadığını görmüş və buna görə xanıma arxadan yaxınlaşıb, əli ilə xanımın əl çantasını dartmağa başlamış, bu zaman həddən artıq içkili olduğu üçün müvazinətini itirmiş və yıxılmamaq üçün əlini xanımın çantasından buraxmışdır. Həmin xanım qışqırmış və küçədən bir nəfər şəxs ona tərəf gəldiyini görmüş və oradan uzaqlaşmaq istəmişdir. Lakin sərxoş olduğu üçün qaça bilməmiş yavaş yavaş hərəkət etmişdir ki, yıxılmasın. Daha sonra “Araz” marketin qarşısına getmiş, bir az orada dayanmışdır. Həmin xanım bədəncə onadan canlı olmuş və həddən artıq içkili olduğundan xanımdan əl çantasını almağa gücü çatmamışdır. Xanıma hər hansı bir xəsarət yetirməmiş, yetirmək niyyətində olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı zərərçəkmişin şikayət və tələbi yoxdur. Hazırda öz əməlindən utanır və çox peşmandır. Həmin zaman sərxoş olmuş öz hərəkətlərinə nəzarət edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, İqtisad Universitetinin yaxınlığında yerləşən "xxxx" MMC-də marketinq mütəxəssisi işləyir, həftənin altı günü hər gün saat 08:30 radələrində evdən çıxır, avtobusla işə gedir, hər gün saat 19:00-da işdən çıxıb evə avtobusla qayıdır. Evə qayıdanda, Abşeron rayonu, Masazır kəndində, “Araz” marketin və “Palma” restoranının qarşısında düşür. 15 sentyabr 2020-ci il tarixdə də saat 19 radələrində işdən çıxmış, lakin şəhərdə işi olduğu üçün evə bir az gec qayıtmalı olmuşdur. 15 sentyabr 2020ci il tarixdə saat 21:15 radələrində Abşeron rayonu Masazır kəndində “Palma” restoranının qarşısında taksidən düşmüş, “Araz” marketin qarşısı ilə tək evinə tərəf hərəkət etmiş, üzərində qara rəngli əl çantası olmuş, həmin çantasını çiynindən aşırma vəziyyətdə saxlamışdır. Piyada gedən zaman arxadan kiminsə onun arxasınca gəldiyini hiss etmiş, yaşadığı küçəyə çatanda həmin şəxs üzərində olan əl çantasını dartmağa başlamışdır. Bu zaman qışqırmış, və çantanı var gücü ilə özünə tərəf dartmışdır. Bu zaman həmin şəxs əlini şandtadan buraxmış və müvazinətini itirərək səndələmişdir. Həmin zaman həmin şəxsin sərxoş olduğun bilmişdir. Qışqırıq səsinə görə onun yaşadğı küçədə yaşayan adını bilmədiyi qonşusu onlara tərəf qaçmışdır. Geri çevrilib baxanda həmin şəxsin əlində gödəkçə olduğunu, həmçinin əynində olan yay köynəyinin sağ qolunun qırmızı rəngdə olduğunu görmüş, bundan sonra onunla eyni küçədə yaşayan şəxslər onun arxasınca getmiş, özü isə evinə getmişdir. Sonradan eşitmişdir ki, həmin şəxs tutulub polisə təhfil verilmişdir. Hadisə 15 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, Masazır kəndi, Hüseyn Arif küçəsində baş vermiş, üzərində olan əl çantasının içərisində 51 manat pul olmuş, bundan başqa hər hansı bir qiymətli əşyası olmamış, hadisə zamanı hər hansı formada xəsarət almamışdır. Lakin evə gələndən sonra dodağının qızardığın görmüş və düşünmüşdür ki, çantanı zərblə dartan zamn həmin şəxsin əlindən çıxaraq onun dodağına dəymişdir. İlkin zahatında Təqsirləndirilən şəxs cəzalandırmaq üçün ona xəsarət yetirdiyini bildirmişdir. Əslində həmin şəxs ona heç bir xəsarət yetirməmişdir və onun barəsində hər hansı şikayət və tələbi yoxdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs həmin zaman sərxoş olduğundan öz hərəkətlərini idarə edə bilməmişdir. Ona görə də xahiş edir ki, ona cəza təyin edilməsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2020-ci il tarixdə saat 22:32 radələrində Azərbaycan Respublikası DİN-in 102 zəıng xidmətinə məlumatı vermişdir. Belə ki, 15 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Abşeron rayonu Masazır kəndi, Hüseyn Arif küçəsində səs-küy eşitdiyi üçün küçəyə çıxmış, küçədə adamlar toplaşdığını görmüşdür. Həmin şəxslərdən nə baş verməsi barədə maraqlandıqda ona qonşuluqda yaşayan Şahid2 qızı Zərərçəkmiş şəxs küçə ilə evinə gedən zaman naməlum şəxsin arxadan ona yaxınlaşaraq əlindəki çantasını alıb qaçmaq istədiyini, bu zaman Elnarə qışqırdığı üçün həmin şəxsin oradan qaçıb getdiyini bilmişdir. Özü və digər qonşular küçədə və ətraf yerlərdə həmin şəxsi axtarmağa başlamış, yaşadığı küçəyə yaxın ərazidə bağ olan hissədə bir nəfər şəxsin dayandığını görmüş, o, dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermiş, polis əməkdaşları gəlmiş və onların köməkliyi ilə həmin şəxs tutulmuşdur. Hadisə zamanı orada olmadığı üçün hadisənin hansı şəraitdə və necə baş verməsini görməmişdir. Həmin zaman Elnarə Niftəliyevanın hər hansı xəsarət almasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Təqsirləndirilən şəxs tanımır. Qızı Zərərçəkmiş şəxs Bakı şəhərində işləyir, hər gün saat 08:00 radələrində evdən çıxır, axşam saat 20:00 radələrində evə qayıdır. 15 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində evdə olan zaman küçədə səs gəldiyini eşitmiş və dərhal küçəyə çıxmış, küçədə adamların toplaşdığını görüb bu barədə maraqlandıqda məlum olmuşdr ki, qızı Zərərçəkmiş şəxs küçə ilə evə gələn zaman tanımadığı bir nəfər şəxs qəfildən arxadan ona yaxınlaşaraq əli ilə Elnarənin üzərində olan əl çantasını alıb qaçmaq istəyən zaman qızı qışqırmış, həmin şəxs sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs əlini çantadan buraxaraq oradan uzaqlaşmışdır. O, qızndan hər hansı xəsarət almasını soruşmuş, lakin qızı ona xəsarət almadığını bildirmişdir. Onlar ətrafı gəzmiş və həmin şəxsin dayanacaqdan birqədər aralıda dayandığını müəyyən etdikən sonra 102 zəng xidmətinə qonşusu Qənbər məlumat vermişlər. Təqsirləndirilən şəxs sərxoş olduğundan uzağa gedə bilməmişdir. Həmin zaman oraya polis əməkdaşları gələrək Elvini aparmışlar. Hadisə zamanı orada olmadığı üçün dəqiq hadisənin hansı şəraitdə və necə baş verməsini görməmişdir. Ata kimi Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil. Hesab edir ki, Təqsirləndirilən şəxs sərxoş olduğundan öz hərəkətlərini dərk etməmiş və hazırda peşmandır. Hadisədən sonra Təqsirləndirilən şəxs dəfələrlə onun yanına gələrək peşman olduğunu, həmin zaman sərxoş olduğu üçün hərəkətlərinə nəzarət edə bilmədiyini bildirərərk ondan və qızından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid3 Asif oğlu ifadəsində göstərmişdir ki, 15 sentyabr 2020-ci il tarixdə polis nəfərləri Şahid4 və Şahid5lə birlikdə 1 saylı marşrutla Masazır qəsəbəsi ərazisində xidmət aparırmış, həmin tarixdə saat 22:35 radələrində Abşeron rayon Pİ-nin növbətçi hissəsindən məlumat daxil olmuş və həmin məlumatda Masazır qəsəbəsi, Q.Nəbi küçəsində bir nəfər vətəndaşa qarşı soyğunçuluq hadisəsi törədildiyi və hadisəni törədən şəxsin də uzaqlaşmaq istəyərkən yaxınlıqda olan şəxslər tərəfindən saxlanıldığı bildirilmiş, onlar cəld hadisə yerinə yaxınlaşmış və orada olan şəxsi Abşeron rayon Polis İdarəsinə gətirib növbətçi hissəsinə təhvil vermişlər. Polis İdarəsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş və onun 1987-ci il təvəllüdlü, Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfərləri Şahid4, məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 21.09.2020-ci il tarixli, 1937 nömrəli rəyindən müəyyən edilmişdir ki, X2 məhkəmə tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarət – üst dodağın sağ tərəfli selikli qişasının səthi əzilmiş yarası – bərk küt əşyanın təyinin törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 15.09.2020-ci il tarixdə davadalaş zamanı əmlə gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası MME-dən alınmış 21 oktyabr 2020-ci il tarixli, 493 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd qara rəngli süni tərkibli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanmış, qadın üçün nəzərdə tutulan çantanın 2020-ci ilin sentyabr ayına orta bazar qiyməti təxminən 25 manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 09.10.2020-ci il tarixli tələbnamə ilə müəyyən edilir ki, hadisə törədilən zaman Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan 15.09.2020-ci il tarixli X4 Müayinəsi aktı ilə müəyyən edilir ki, hadisə olan zaman Təqsirləndirilən şəxs yüngül vəziyyətdə sərxoş vəziyyətdə olmuşdur. İş üzrə zərərçəkmiş şəxs X3 məxsus bir ədəd qara rəngli süni tərkibli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanmış, qadın üçün nəzərdə tutulan çanta və həmin çantada olmuş 51 manat nəğd pul sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Elnarə Niftəliyevaya qaytarılması nəzərə alınmışdır. 16.09.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 18.09.2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18.09.2020-ci il tarixdə MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinəəsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə, yəni insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluqa cəhd etmək əməli kimi tövsif olunmuşdur. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluqa cəhd etmək cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmiş şəxə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə 03 mart 2005-ci il tarixdə qəbul etdiyi “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu təhlil edilən məsələyə məhz bu mövqedən yanaşmışdır. Həmin Qərarın 23-cü maddəsində izah edilmişdir ki, Həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmiş şəxsin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq cinayətinin olması, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmiş şəxsin ağzı bağlı otaqda saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Cinayət qanunvericiliyinə görə, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. Plenum qərarının izahlarına əsasən məhkəmə qeyd edir ki, özgənin əmlakını açıq talamış (soyğunçuluq cinayəti törətmiş) zərərçəkmişş şəxsə zor tətbiq olması sübut edilməmişdirsə onda onun bu əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə deyil CM-nin 180.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Belə ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluqa cəhd etməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs zor tətbiq etmədən əl çantasını talamaq məqsədilə əlindən almağa cəhd etməsi həmin əməl zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayəti kimi tövsif oluna bilməz. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz zərərçəkmiş şəxsin ağzından möhkəm tutub sıxaraq ona üst dodağın sağ hissəsinin selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək digər əli ilə içərisində 51 manat pul olan 25 manat dəyərində çantasını dartıb ələ keçirməyə cəhd etməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində hadisə baş verən zaman təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirilmədiyini, həmin vaxt təqsirləndirilən şəxs həddən artıq içkili olduğundan onun əl çantasını ala bilməyib, hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Bu halı məhkəmə iclasında dindirilmiş şahidlər də təsdiq edərək, zərərçəkmiş şəxsin səsinə hadisə yerinə yaxınlaşdıqlarını və təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə zor tətbiq edilməsini görmədiklərini bildirmişlər. Soyğunçuluq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yəni döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etməkdir. Əgər qeyd olunanlar sübuta yetirilərsə, bu əməl CM-nin 180.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmədən törədilmişdirsə, yəni zərərçəkmiş şəxsi döymədən və ya digər zorakı hərəkətlər etmədən törədilmişdirsə, əməl CM-nin 180.2.4-cü maddəsi ilə tövsif oluna bilməz. Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyə bədən xəsarəti ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin dərəcəsi təyin edilməyən xəsarətlər təqsirləndirilən şəxs tərəfindən yetirilməmişdir. Belə ki, həmin hadisə vaxtı Zərərçəkmiş şəxs ucadan qışqırıb ətrafda yaşayanları köməyə çağırmış və səsə yaxınlıqda yaşayan sakinlər gəlmişlər. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs ağız nahiyyəsindən dərəcəsi təyin edilməyən xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən deyil, digər səbəblərə görə həmin xəsarətləri aldığını təsdiqləmişdir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluğa cəhd etməsi cinayətini törədərkən zərərçəkmiş şəxsi döymə və ya digər zorakı hərəkətlərlə zərərzəkmiş şəxsə fiziki ağrı yetirməsi ilə bağlı hərəkətlər etməsi məhkəmə iclasında sübut olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı ittiham irəli sürərkən zərərçəkmiş şəxsin ehtimal xarakterli ifadəsinə əsaslanmışdır. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, “.təqsirləndirilən şəxsin bir əli ilə onun ağzından möhkəm tutub sıxması, digər əli ilə içərisində 51 manat pul olan 25 manat dəyərində çantasını dartıb ələ keçirmək istəmişdir”. Halbu ki, məhkəmə istintaqı zamanı zərərçəmiş şəxsin və şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində sərxoş vəziyyətdə Abşeron rayonu, Masazır kəndi, «Araz» marketin yaxınlığında olarkən piyada evinə doğru gedən Zərərçəkmiş şəxs çiynindən asılmış əl çantasını açıq talama qərarına gəlmiş, bu məqsədlə Hüseyn Arif küçəsi ilə hərəkətini davam etdirən Zərərçəkmiş şəxs arxasınca gedib ona yaxınlaşaraq, arxadan əli ilə içərisində 51 manat pul olan 25 manat dəyərində çantasını dartıb ələ keçirmək istəmiş, lakin Zərərçəkmiş şəxs ucadan qışqırıb ətrafda yaşayanları köməyə çağırdığından və səsə yaxınlıqda yaşayan sakinlərin gəldiyini görüb hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsinin qeyd edilənlərlə, yəni soyğunçuluq hadisəsi zamanı ona zor tətbiq edilməsi ilə bağlı hissəsi cinayət qanunvericiliyinə əsasən mötəbər sübut kimi qiymətləndirilə bilməz, bununla bağlı digər sübutlarla tam təkzib olunur. Ona görə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsi ilə ittiham verilməsi açıq-aşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29, 180.2.4-cü maddəsində onun təqsirliliyi sübut olunmur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etmədən əmlakının talanmasına cəhd etdiyindən həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özgənin əmlakını açıq talama, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsi cinayətinin nəzərdə tutulduğu 29,180.2.4-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.09.2020-ci il tarixdən 18.09.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə bir ədəd qara rəngli süni tərkibli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanmış, qadın üçün nəzərdə tutulan çanta və həmin çantada olmuş 51 manat nəğd pul sübut kimi tanınmış və saxlanılması üçün sahibi Elnarə Niftəliyevaya qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Müstəqil Məhkəmə Ekspertizası MMC-nin hesabına keçirilməlidir. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29,180.2.4-cü maddəsindən CM-in 29,180.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.09.2020-ci il tarixdən 18.09.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə bir ədəd qara rəngli süni tərkibli dəridən tikilmiş, üst hissəsi zəncirbəndlə bağlanmış, qadın üçün nəzərdə tutulan çanta və həmin çantada olmuş 51 manat nəğd pul sübut kimi tanınmış və saxlanılması üçün sahibi Elnarə Niftəliyevaya qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məhkəmə əmtəəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Müstəqil Məhkəmə Ekspertizası MMC-nin hesabına keçirilsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar