Məhkəmə qərarları › İş №1(012)-405/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-405/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-405/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə, xx.xx.1988-ci ildə Abşeron rayonu Digah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 08.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 12 fevral 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən «Xudafərin» adlı kafedə olan vaxtı tanışı Zərərçəkmiş şəxs2 pul görüb ondan istəmiş, sonuncu ona pul vermədiyi üçün söhbət etmək adı ilə onu kafedən bayıra çıxartdıqdan sonra heç kimin olmadığı evlərin arasına boş sahəyə aparıb orada həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yumruqla qarnına və ayağı ilə bədəninin müxtəlif yerlərinə vuraraq aşkar vəziyyətdə əlində tutduğu ona məxsus 240 manat pulunu alıb ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 240 manat ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Digah qəsəbəsi, yeni məhəllədə yaşadığı evin qarşısında küçədə saxladığı həyat yoldaşı X2 adına olan 4000 manat dəyərində “VAZ-21061“ markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək üçün avtomobilin qapılarının açıq olduğundan istifadə edib salona daxil olmuş, sükanın kilidini qırıb 15 manat ziyan vurmaqla mühərriki işi salmış və sürüb Abşeron rayon Mehtiabad qəsəbəsində Əlillərin küçəsi adlanan yerin yaxınlığında saxlayıb getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 12 fevral 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Digah qəsəbəsində yerləşən Xudafərin kafesinə getmişdir. Tanışı Nicat adlı şəxs də orada oturmuş, spirtli içki qəbul etmişdir. Nicatın böyük qardaşı onun dostudur. Nicatın sərxoş vəziyyətdə boş yerə pul xərclədiyini görüb ona yaxınlaşmış və bayıra onunla birlikdə çıxmasını tələb etmişdir. Kafedən bayıra çıxanda ona öz iradını bildirərək demişdir ki, boş yerə pul xərcləməsin, ondan evinə getməyini tələb etmiş, lakin Nicat onu eşitməyib kafeyə qayıtmaq istədiyini demişdir. Nicata demişdir ki, cibində olan pulları ona versin ki, həmin pulları ailəsinə versin. Lakin Nicat əlində bərk saxladığı pulları ona verməkdən imtina etmişdir. Bundan sonra o, Nicatın əlindən həmin pulları almaq istəmiş, Nicat birqədər düşündükdən sonra özü 238 manat pulu ona vermişdir. Həmin puldan 8 manatı ona qaytarmış, qalan 230 manatı isə götürüb getmişdir. O, Nicata hər hansı xəsarət yetirməmiş və ya zor tətbiq etməmişdir. Oradan aralaşan zaman Nicatın qardaşı İlqar ona zəng etmiş və nə üçün onun Nicatdan pul aldığını soruşmuşdur. Nicatın içkili vəziyyətdə olduğunu və boş yerə pul xərclədiyini gördüyündən ondan pul aldığını qardaşına demişdir. 24 fevral 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında küçədə olduğu zaman bir qədər aralıdan Post patrul xidməti avtomobilinin keçdiyini görmüş, həmin polis əməkdaşlarının onu axtardıqlarını fikirləşmiş, yaşadığı küçədən qaçıb başqa küçəyə getmişdir. Həmin küçədə yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs1 özünə məxsus “VAZ 21061” markalı, **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı evin qarşısında saxladığını görmüş, həmin avtomobili sürmək üçün götürmək qərarına gəlmişdir. Ona görə də Azərin yaşadığı evin qarşısına çatmış, qapılarını bir neçə dəfə döymüş və Azəri səslənmiş, lakin Azər bayıra çıxmadığı üçün maşına yaxınlaşmış və qapıların açıq vəziyyətdə olduğunu görmüşdür. Buna görə həmin avtomobilə əyləşərək sükanı sağa və sola buraraq kilidini sındırmışdır. Bundan sonra da mühərriki işə salmaq üçün kilidi yerindən çəkib çıxararaq naqilləri bir-birinə toxundurmaqla mühərriki işə salmış və avtomobili Mehdiabad qəsəbəsinə “Əlillərin küçəsi” adlanan yerin yaxınlığında saxlayaraq, düşüb Binəqədi rayonuna getmişdir. Bundan təxminən 20-25 dəqiqə sonra Digah qəsəbəsində yaşayan tanışı Elşən adlı şəxsə zəng edərək bildirmişdir ki, avtomobilin sahibi Azərə zəng edib desin ki, avtomobili ondadır və narahat olmasın. Həmçinin bundan təxminən 1 saat sonra ona məlum olmuşdur ki, Azərə avtomobilinin onda olması barədə heç bir söz deyilməyib və o, avtomobilinin qaçırılması barədə polisə şikayət etmiş, ona görə də, Binəqədi rayonundan geri qayıdaraq avtomobili saxladığı yerdən götürmüşdür. Ertəsi gün Mehdiabad PB-dən ona zəng olunmuş və bu zaman o özü bir gün əvvəl Azərin avtomobilini yaşadığı evin qarşısından, küçədən götürüb getdiyini etiraf etmişdir. Həmin vaxt ona həmin avtomobillə birlikdə Abşeron rayonu, Mehdiabad PB-nə gəlməyi bildirilmişdir. 25 fevral 2021-ci il tarixdə Azərin avtomobilini sürüb Mehdiabad PB-nin yaxınlığına gəlmiş və avtomobili həmin bölmənin yaxınlığında küçədə saxlayaraq çıxıb getmişdir. Həmçinin bu barədə Mehdiabad PB-nə Azərin avtomobilini Polis Bölməsinin yaxınlığındakı küçədə saxlayıb getdiyini demişdir Əməlindən peşmançılıq çəkir. Hazırda hər iki zərərçəkmiş şəxslə barışmış və onlara dəyən ziyanı ödəmişdir. Onun ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə töfsif edilməsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir həmkəndli kimi tanıyır və onunla normal münasibətdə olmuşdur.12 fevral 2021-ci il tarixdə saat 16 radələri olardı o, Xudafərin kafesinə getmişdir. Orda oturub domino oynayıb pivə içirmişdir. Artıq saat 22 radələrində kafedə adam qalmamışdır, yan masada isə həmkəndlisi Tural otururmuş, Tural ona bir neçə dəfə pula ehtiyacı olduğunu demiş, qədərini isə deməmişdir. Ondan pul istədikdə bildirmişdir ki, pulu olsa da verməyəcək çünki özünə lazımdır. Tural yenə də ona demişdir ki, ona pul versin və sabah qaytaracaq. İmtina etmiş bu zaman Tural ona gəl gedək söhbət edək demişdir. Artıq kafedə adam olmamış, Tural onun oturduğu masaya oturmuş, onunla pivə içmiş və təxminən 10-15 dəqiqə oturduqdan sonra birlikdə kafedən çıxmışlar. Tural ovucunda bərk sıxıb saxladığı 240 manat pulu onun əlindən alaraq çıxıb getmiş, gedəndə də demişdir ki, sabah qaytaracaq. Onun bu hərəkətlərinə görə dərhal 102 xidmətinə zəng vurmuş və polisə getmişdir. Həmin vaxtı qardaşı İlqara zəng vuraraq, Turalın pulu gətirib ona verdiyini demişdir. Ondan pulu istəyərkən Tural onu vurmamış, zor tətbiq etməmiş, nə də ona xəsarət yetirməmişdir. Tural onun böyük qardaşının dosdu olduğu üçün ondan aldığı pulu qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Digah qəsəbəsi Yeni məhəllədə yaşayır. VAZ 21061 markalı ağ rəngli 50CV468 dövlət qeydiyyat nişanlı avtomobil arvadı Vüsalə Bayramovanın adına olsa da avtomobil ona məxsusdur.Taksi kimi istifadə edib ailəsini dolandırır.Həmin avtomobili 4000 manata almışdır. 24 fevral 2021-ci il tarixdə saat 18-19 radələrində VAZ 21061 markalı ağ rəngli 50CV468 dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Abşeron rayonu Digah qəsəbəsindəki evinin qabağında saxlamış, qapını bağlasa da kilidləməmişdir. Evdə oturub yemək yedikdən təxminən 15 dəqiqə sonra həyətə çıxmış və görmüş ki,maşın yoxdur. Ətrafa baxıb axtarmağa başlamış və tapa bilmədiyi üçün DİNnin 102 xidmətinə zəng vurmuşdur. Gecə səhərə qədər maşını axtarmış və tapa bilmədiyi üçün polisə gedərək ərizə yazmışdır. Bir neçə saat sonra polisdən ona məlumat verilmiş ki, avtomobil bölmənin həyətindədir. Polisə gedib maşını həyətdə görmüşdür. Avtomobilə baxanda yalnız mühərriki işə salmaq üçün kilidin sındırıldığını müəyyən etmişdir. Avtomobilə ziyan vurulmamışdır. Tural maşını yalnız sürmüş,heç bir yeri əzilməmiş və zədələnməmişdir. Yalnız kilid hissəsi sındırılmışdır. Kilidin sındırılması nəticəsində ona 15 manat ziyan vurulmuşdur. O evdə olan vaxtı evin qapısını döyən olmamış, Tural maşını ondan sürmək üçün istəməmiş, maşının qaçırılması barədə Elşən adlı şəxs ona bir söz deməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 17.02.2021-ci il tarixli, 327 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmadı. Şübhəli şəxsin tutulması haqqında 08.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 08.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 15.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə VAZ 21061 markalı ağ rəngli 50CV468 dövlət qeydiyyat nişanlı avtomobil maddis sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən 03.08.2021-ci tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən 03.08.2021-ci tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, onun bu əməlində CMnin 180.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə, yəni insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək əməli kimi tövsif olunmuşdur. Məhkəmənin fikrinə görə, yuxarıda bəhs olunan sübutların həcmi və ümumiyyətlə işin gerçək halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək cinayəti törətdiyini deməyə əsas vermir və bununla bağlı aşağıdakılar da qeyd olunmalıdır. Məhkəmə, yuxarıda sadalan sübutlara istinad edərək ibtidai araşdırma orqanının bu mövqeyi ilə razılaşmır. Çünki, “Soyğunçuluq cinayətində həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmiş şəxə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə 03 mart 2005-ci il tarixdə qəbul etdiyi “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu təhlil edilən məsələyə məhz bu mövqedən yanaşmışdır. Həmin Qərarın 23-cü maddəsində izah edilmişdir ki, Həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmiş şəxsin zorakılıqla azadlığı məhdullaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq cinayətinin olması, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmiş şəxsin ağzı bağlı otaqda saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Cinayət qanunvericiliyinə görə, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. Plenum qərarının izahlarına əsasən məhkəmə qeyd edir ki, özgənin əmlakını açıq talamış (soyğunçuluq cinayəti törətmiş) zərərçəkmişş şəxsə zor tətbiq olması sübut edilməmişdirsə onda onun bu əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə deyil CM-nin 180.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Belə ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 zor tətbiq etmədən 240 manat pulunu talamaq məqsədilə əlindən alması həmin əməl zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayəti kimi tövsif oluna bilməz. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz zərərçəkmiş şəxsin 240 manat pulunu ələ keçirməsi və zərərçəkmiş şəxsin ehtimal xarakterli ifadəsinə əsaslanmışdır. Halbu ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 17.02.2021-ci il tarixli, 327 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində hadisə baş verən zaman təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirilmədiyini, həmin vaxt təqsirləndirilən şəxs özünə məxsus 240 manat pulu onun iradəsi əleyhinə götürüb getdiyini bildirmişdir. Soyğunçuluq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yəni döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etməkdir. Əgər qeyd olunanlar sübuta yetirilərsə, bu əməl CM-nin 180.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmədən törədilmişdirsə, yəni zərərçəkmiş şəxsi döymədən və ya digər zorakı hərəkətlər etmədən törədilmişdirsə, əməl CM-nin 180.2.4-cü maddəsi ilə tövsif oluna bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etməsi cinayətini törədərkən zərərçəkmiş şəxsi döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə fiziki ağrı yetirməsi ilə bağlı hərəkətlər etməsi məhkəmə iclasında sübut olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı ittiham irəli sürərkən zərərçəkmiş şəxsin ehtimal xarakterli ifadəsinə əsaslanmışdır. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, “təqsirləndirilən şəxsin yumruqla onun qarın nahiyyəsindən vurmuş və ayağı ilə bədəninin müxtəlif nahiyyələrindən vurduğunu bildirmişdir”. Halbu ki, məhkəmə istintaqı zamanı zərərçəmiş şəxsin ifadəsindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Xudafərin kafesinin qarşısında ona yaxınlaşmış və bayıra onunla birlikdə çıxmasını tələb etmiş, Tural ondan cibindəki pulları ona verməsini tələb etmiş, imtina etdikdə onun əlindən pulu alaraq oradan uzaqlaşmışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsinin qeyd edilənlərlə, yəni soyğunçuluq hadisəsi zamanı ona zor tətbiq edilməsi ilə bağlı hissəsi cinayət qanunvericiliyinə əsasən mötəbər sübut kimi qiymətləndirilə bilməz, bununla bağlı digər sübutlarla tam təkzib olunur. Ona görə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ittiham verilməsi açıqaşkar əsassız olmuşdur və məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində onun təqsirliliyi sübut olunmur. Göstərilənlərə istinadən məhkəmə bir daha qeyd edir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etmədən əmlakının açıqca talanması həmin hərəkətlərin faktiki əlamətləri Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin tərkib əlamətləri olması müəyyən edilir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özgənin əmlakını açıq talama, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsi cinayətinin nəzərdə tutulduğu 180.2.4-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını və həmin Məcəllənin 59.1.3-cü maddəsinə əsasən zərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsi ilə epizod üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Cümşüd oğlu ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə olan epizod üzrə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan həmin epizod üzrə cinayət işinin icraatına xitam verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08.03.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21061 markalı ağ rəngli 50CV468 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair epizod üzrə icraata xitam verilsin və o, həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsindən CM-in 180.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış VAZ 21061 markalı ağ rəngli 50CV468 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar