Məhkəmə qərarları › İş №1(012)-497/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-497/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-497/2021 30.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi3 və vəkil Müdafiəçi4 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, Türkiyə Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən ittiham üzrə özünü təqsirli bilmir. Həmin iş üzrə tərtib edilmiş ittiham aktı, hüquq və vəzifələrin izah edilməsi haqqında protokol və digər sənədlər türk dilinə tərcümə edilərək ona təqdim edilməmişdir. Cinayət işinə əlavə edilmiş qəbzlər ona izah edilmədən imza etdirilmişdir. Uzun müddətdir ki, Azərbaycanda yaşamasına, azərbaycan dilində kifayət qədər yaxşı danışmasına və başa düşməsinə baxmayaraq, azərbaycan dilində bəzi sözləri və hüquq terminlərini başa düşmədiyini, ibtidai araşdırma zamanı ona heç bir sənədin türk dilinə tərcümə olunaraq verilmədiyini, ona tərcüməçi təyin edilsə də, həmin tərcüməçinin iştirakının formal olduğunu bildirmiş və əlavə etmişdir ki, bu səbəbdən ozünün müdafiəsinə hazırlaşa bilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq işə hazırda məhkəmədə baxılmasına etiraz edir. Qeyd olunanlarla bağlı təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi3 məhkəmədə vəsatət verərək bildirdi ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasına və milliyətcə türk olmasına baxmayaraq, nə cinayət işi üzrə ittiham aktı, nə hüquq və vəzifələrin izah edilməsi haqqında protokol, nə də digər sənədlər türk dilinə tərcümə edilərək ona təqdim edilməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etdi. Qeyd olunanlarla bağlı dövlət ittihamçısı məhkəmədə bildirdi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə tərtib edilmiş ittiham aktı, hüquq və vəzifələrin izah edilməsi haqqında protokol, həm də digər sənədlər türk dilinə tərcümə edilərək ona təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, təqsirləndirilən şəxsə tərtib edilmiş ittiham aktının tərcümə edilmiş surəti 31.08.2021-ci il tarixdə təqdim edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək və cinayət işini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı və digər sənədlər türk dilinə tərcümə edilərək cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə təqdim edilmədiyindən istintaq hərəkətlərinin aparılması kobud qanun pozuntuları kimi qiymətləndirilməli və cinayət işi üzrə icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatına 27.08.2021-ci il tarixdə daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktının tərcümə edilmiş kserosürəti sonuncuya 31.08.2021-ci il tarixdə təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlər təhlil edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanından məhrum edilmişdir. Sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatına daxil olduqdan sonra tərtib edilmiş ittiham aktının tərcümə edilmiş kserosurəti sonuncuya müdafiəçinin və tərcüməçinin iştirakı olmadan təcridxananın nəzarətçiləri tərəfindən təqdim edilmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə daxil olan cinayət işinin materiallarında ittiham aktının türk dilinə tərcümə edilmiş surəti olmamış, sonradan dövlət ittihamçısı tərəfindən məhkəməyə təqdim edilən surət isə kserosurət olmaqla tərcüməçi tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 27.09.2021-ci il tarixli 17/38-6702 saylı məktubu ilə müəyyən edilir ki, 09.07.2021-ci il tarixli sorğuya cavab olaraq məhkəməyə bildirilmişdir, Abşeron MSY-nin əməkdaşları tərəfindən gətirilən azərbaycan və türk dilində tərtib olunmuş ittiham aktı, Türkiyyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında Müdafiəçinin iştirakı olmadan təcridxananın nəzarətçisi tərəfindən təqdim edilmişdir. İttiham aktı çox mühüm prosessual sənəd kimi ittihamın formulunu və həmin formulun isbat edilməsi (sübut olunması) qaydasını və hallarını, eləcə də səciyyəvi xüsusiyyətlərini ehtiva edir. İttiham aktı təqsirləndirilən şəxsin barəsində ittihamın tam sübuta yetirilməsi və istintaqın tamamlanması barədə müstəntiqin daxili inamıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu və ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 91.5.29-cu maddəsinə əsasən hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq təqsirləndirilən şəxsin hüquqlarından biridir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. Cinayət prosesinin həyata keçirilməsində dil xüsusi vasitələrdən biridir. Cinayət mühakimə icraatının aparıldığı dili bilmək şübhəli və ya təqsirləndirilən şəxs üçün öz mövqeyini və hüquqlarını müdafiə etmək imkanı yaradır. İcraatın aparıldığı rəsmi dili kifayət qədər yaxşı bilməmək isə müdafiə tərəfi üçün müəyyən qədər çətin şərait yaradır. Bu baxımdan CPM-in 26-cı maddəsində göstərilən cinayət mühakimə icraatının aparıldığı dil prinsipi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi (CPM-in 11-ci maddəsi), hüquqi yardım almaq, müdafiə hüququnun təmin edilməsi (CPM-in 19-cu maddəsi) və s. prinsiplərinə uyğun həyata keçirilməlidir. İnsan hüquqları sahəsində beynəlxalq hüquqi aktlar cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin icraat dilini bilməsini onun öz müdafiəsini faydalı həyata keçirmək üçün əhəmiyyətli və vacib vasitələrdən biri kimi göstərir. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndinin “a” və “f” yarımbəndlərində qeyd edilir ki, hər bir kəs ona irəli sürülmüş ittihama baxılmasında tam bərabərlik əsasında ən azı aşağıdakı təminatlara malikdir: elan olunmuş ittihamın xarakteri və əsası barədə öz bildiyi dildə təcili və ətraflı məlumatlandırılmaq; məhkəmədə istifadə olunan dili başa düşmədikdə və yaxud həmin dildə danışa bilmədikdə tərcüməçinin köməyindən pulsuz istifadə etmək. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilməlidir. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. Beynəlxalq normaların dillə bağlı cinayət-prosessual tələbləri cinayətdə ittiham olunan hər bir şəxsin müdafiə vasitələrindən tam və faydalı şəkildə istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Müdafiə hüququnun həyata keçirilməsi üçün Cinayət-Prosessual Məcəllədə təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (91.5.2-ci, 91.5.3-cü, 91.5.18-ci, 91.5.20-91.5.23-cü və s. maddələr). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, həmçinin cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 303-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin CPM-in 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Beləliklə şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai araşdırma zamanı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən Təqsirləndirilən şəxs ittiham aktı və digər sənədlər türk dilinə tərcümə edilərək təqdim edilmədiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. 159.10cu maddəsinə əsasən Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Azərbaycan Respublikası CPM-in 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Abşeron Rayon Məhkəməsinin 10.05.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, 30.10.2021-ci il tarixədək uzadılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300-cü və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi3 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, 30.10.2021-ci il tarixədək uzadılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar