Məhkəmə qərarları › İş №1(012)-742/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-742/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-742/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin: nümayəndəsi Zərərçəkmiş şəxs Sadiq oğlunun Müdafiəçi: Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1974-ci ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Sirab kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 2016-cı ildə Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07/173 saylı qərarı ilə ayrılmış 0,1105 ha torpaq sahəsinin ümumi istifadədə olan giriş yolu kimi nəzərdə tutulmuş Abşeron rayon Məmmədli kənd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində mülkiyyət, icarə və ya istifadə hüququ olmadan özbaşına 63 kv metr sahədə qaraj inşa etməklə torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 2012-ci ildə Məmmədli kəndi ərazisində Şahid2 adlı şəxsdən 44 sot torpaq sahəsi almışdır. Həmin torpağın 12 sotun çıxarışı olmuş, 10 sotuna Aqrar İslahat Komissiyasının sənədi olmuş digər sahələrə sənəd alınması üçün Bələdiyyəyə dəfələrlə müraciət etsə də ona sənəd verilməmişdir, hazırda isə həmin torpaq sahələri faktiki olaraq onun istifadəsindədir. O, Fərmandan torpaq sahəsi alanda orada qaraj formalı yarım tikili olmuş və həmin tikilinin üzərinin şiferlərini yeniləmişdir. Bununla bağlı Bələdiyyə işçiləri gəlib irad bildirdikdə həmin vaxt Bələdiyyə sədri olan Vaqif adlı şəxsə torpaq sahəsini sənədləşdirilməsi üçün pul vermiş, pulunu geri istədikdə Vaqif vermədiyinə görə təxminən 2013-cü ildə o da qarajın üzərini bağlamışdır. Qarajın umumi sahəsi 63 kv metrdir. 2024cü ildə mənim torpaq sahənin qonşuluğunda torpaq alıb ev tikib satmaqla məşğul olan Rüfət Xalıqov adlı şəxs ona tikdiyi evə yol üçün həmin qarajı sökməsini istəmiş, o, isə etiraz etdmiş sonra Rüfət polisə şikayət etmişdir. Həmin qaraj olan torpaq sahəsi Rüfətə məxsus olmamışdır. Və Rüfət həmin əraziyə gələnə qədər artıq mövcud olmaqla onun torpaq sahəsinin içərisində olmuşdur. Məmmədli Bələdiyyəsi də Rüfətlə əlbir olub onun qarajı sökməsin istəmiş, o, dəfələrlə Bələdiyyəyə müraciət edib qarajın yerləşdiyi həmin torpaq sahəsinə ona sənəd verilməsini istəsə də Bələdiyyə tərəfindən ona rədd cavabı verilmişdir. İş məhkəməyə verildikdən sonra artıq həmin əraziyə ona sənəd verilməyəcəyi ona aydın olmuşdur. Elə buna görə də, həmin tikili onun tərəfindən sökülmüş və ərazi Bələdiyyə fonduna geri qaytarılmışdır. Onun həmin ərazini qanunsuz zəpd etmək, orada tikinti işi aparmaq kimi niyyəti olmamışdır, bunun üçün ona şifahi də olsa icazə verilmişdir. Əməlində cinayət tərkibi olmamasını nəzərə alaraq barəsində bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Abşeron rayon Məmmədli Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilmişdir ki, 19 avqust 2024-cü ildə kənd sakini Şahid1 bələdiyyəyə ərizə ilə müraciət edib Mehrac adlı qonşusu tərəfindən ona məxsus torpaq sahəsinin qarşısının qanunsuz olaraq kəsildiyini bildirmişdir. Bundan sonra Bələdiyyə tərəfindən araşdırma aparılmış, yerində baxış keçirilmiş, Təqsirləndirilən şəxs bələdiyyə dəvət edilmiş, sənədləri yoxlanılmışdır. Təqsirləndirilən şəxs şifahi olaraq, həqiqətəndə həmin torpaq sahəsinin əvvəllər 3 torpaq sahəsinin çıxışı olaraq qapı yeri kimi saxlanıldığını, sonradan onun tərəfindən tikinti altına salındığını bildirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətəndə bələdiyyə ərazisində ümumi istifadədə olan yol kimi nəzərdə tutulmuş torpaq sahəsini zəbt edərək tikili altına salmışdır. Belə ki, həmin sahə Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07/173 saylı qərarı ilə ayrılmış 0,1105 ha torpaq sahəsinin giriş yolu kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə həmin torpaq sahəsinin ümumi yol üçün boşaldılmalı olduğu izah olunmasına baxmayaraq bundan imtina etmişdir. Buna görə də Bələdiyyə tərəfindən Abşeron rayon Polis İdarəsinə məktub ünvanlanmışdır. Qeyd etdiyi xüsusatları təsdiq edəcək zəruri sənədlər istintaq orqanına təqdim etmişdir. Lakin iş məhkəmənin icraatına daxil olduqdan sonra, M. Bağışov könüllü olaraq həmin torpaq sahəsində tikdiyi tikilini tam şəkildə sökmüş, ərazini boşaldaraq bələdiyyə fonduna geri qaytarmışdır. Ona görə də ona qarşı bələdiyyənin şikayəti yoxdur. Bələdiyyə tərəfindən bu barədə məhkəməyə yazılı məlumat verilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildə X4 kəndi ərazisindən Məmmədli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07/173 saylı qərarı ilə ayrılmış 0,1105 ha torpaq sahəsini almış, həmin ərəfələrdə digər işlərlə başı qarışıq olduğundan həmin torpaq sahəsinin giriş-çıxış yolunda Mehrac adlı şəxs qaraj tikmişdir. O, Mehraca yolu açmasını bildirdikdə, Mehrac ondan bir müddət gözləməsini xahiş etmiş, daha sonra həmin tikilini sökəyəcəyini bildirmişdir. Həmin vaxt hələki torpaq sahəsində ev tikmək üçün imkanı olmadığından, Mehraca inanıb gözləmişdir. 2024-cü ildə həmin torpaq sahəsində oğlu üçün ev tikmiş və Mehracdan zəbt etdiyi giriş-çıxış yolundakı tikilini sökməyini tələb etmişdir. Artıq bu dəfə Mehrac vədinə əməl etməyərək, guya yüksək vəzifəli şəxslərlə qohum olduğunu əsas gətirib, tikilini sökməyəcəyini bildirmişdir. Mehrac həmin sahəni sökmək üçün ondan 15.000 manat pul tələb etmiş, o, bundan sonra qanuni yolla Mehracın hərəkətlərinin qarşısını almaq üçün Məmmədli Bələdiyyəsinə ərizə yazmış və Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bələdiyyə sədri Zərərçəkmiş şəxs Mehrac Bağırovu dəfələrlə xəbərdar edərək, ümumi istifadədə olan yol kimi nəzərdə tutulmuş torpaq sahəsini boşaltmasını istəsə də Mehrac yenə buna məhəl qoymamışdır. O, artıq məcbur olub Abşeron rayon prokurorluğuna müraciət etmişdir. Lakin bir neçə gün öncə həmin ərazidə tikdiyi tikilini tam şəkildə sökərək, yolu bərpa etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1999-cu ildə atam Balaquluya icra hakimiyyəti tərəfindən torpaq sahəsi verilmişdi. Həmin torpağa Aqrar İslahatın qərarı olmuşdur. 2012-ci ildə həmin torpaq sahəsini Təqsirləndirilən şəxs satmışdır. Həmin torpaq sahəsində 2 ev və bir ədəd əldamı kimi istifadə olunan tikili sahə olmuşdur. Sonradan Rüfət adlı şəxs qonşuluqda yerləşən torpaq sahəsini almış və Mehracla yol üstündə mübahisələri başlamşıdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, qaraj kimi qeyd edilən tikilinin bir hissəsi Təqsirləndirilən şəxs tərəfindən tikilmiş və üstü bağlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 oktyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilmiş, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

2. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması barədə” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və sonuncuya mülkiyyət üzərində sahiblik, sərəncam və istifadə hüquqları ilə bağlı mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir;

3. Azərbaycan Respublikası Abşeron rayonu Məmmədbəyli Bələdiyyəsi tərəfindən tərtib edilmiş 23 sentyabr 2024-cü il tarixli akta əsasən torpaq sahəsinə giriş yolu kimi istifadə olunan boş torpaq sahəsi digər qonşu X2 tərəfindən qanunsuz tikinti altına salınaraq zəbt edilmişdir;

4. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir;

5. “Zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” 03 yanvar 2025ci il tarixli qərara əsasən ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs Sadiq oğlu zərərçəkmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin nümayəndəsi qismində tanınmışdır;

6. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsindən, həmin məcəllənin 188.2.2-ci maddəsinə tövsif edilmişdir;

7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

8. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

9. Azərbaycan Respublikası DİN BƏSİİ-nin 27 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs barədə məlumat aşkar edilməmişdir.

10. “Sübutların qiymətləndirilməsi” haqqında 10 mart 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs istifadəsində torpaq sahəsini zəbt etməməsi, həmin sahənin uzunn müddətdir ki, onun istifadəsində olmaması barədə göstərdikləri özünü müdafiə xarakterli olduğundan sübut növü kimi qiymətləndirilməmiş, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadəsi, 4 saylı Abşeron Ərazi idarəsindən alınmış məktub işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır;

11. Abşeron rayonu Məmmədli Bələdiyyəsindən daxil olmuş 20 iyun 2025-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bələdiyyənin tələbinin yerinə yetirildiyi, cinayət işi üzrə şikayətin olmadığı müəyyən edilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 30 mart 2015-ci il tarixli Qərarında qeyd olunur ki, torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də, torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı elementlərinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. (Torpaq Məcəlləsinin 2-ci maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110 cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Beləliklə, torpaq qanunvericiliyinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq kateqoriyaları dövlət tərəfindən müdafiə olunur. Belə müdafiə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki və cinayət məsuliyyəti növlərində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs özbaşına tikinti işləri aparmaqla zərərçəkmiş hüquqi şəxsin mülkiyyət hüququnu pozması əməlini törətməməsini bildirərək, sözügedən ərazinin onun sərəncamına verilməyi üçün tərəfindən edilmiş müraciətləri, həmçinin həmin torpaq sahəsini başqasından aldığını, qarajın bir hissəsinin onun tərəfindən tikildiyini qeyd etsə də, lakin iş üzrə toplanmış mötəbər sübutlarla, o cümlədən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə qeyd olunan əməlinin sonuncu tərəfindən törədilməsi sübuta yetirilir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmə istintaqı zamanı bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, ona bələdiyyə tərəfindən dəfələrlə xəbərdarlıq edilərək mülkiyyət hüququnu pozduğu, qanunsuz tikinti işləri apardığı bildirilərək ərazini könüllü təhvil verməsi təklif edilsə də, o, qanunvericiliyin tələblərinə əməl etmədən bundan imtina etmiş, qanunsuz davranışını davam etdirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, o sözügedən torpaq sahəsinin bələdiyyəyə məxsus olduğu halda həmin torpaq sahəsində müəyyən tikinti və tamamlama işləri apararaq qeyd olunan əməli törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla mülkiyyət hüququnu pozması əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ərazidə olan tikilinin tam şəkildə sökülməsi, torpaq sahəsinin bələdiyyə fonduna qaytarılması, Məhəmmədi kənd Bələdiyyəsinin şikayətinin olmamasını əməlində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, sonuncunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirləndirilən şəxs tərəfindən ərazidə olan tikilinin tam şəkildə sökülməsi, torpaq sahəsinin bələdiyyə fonduna qaytarılması, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə edərək, sonuncunun şikayət və tələbinin olmamasını əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, maddi sübutun, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar